Ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında mühüm tədbir olan əhalinin siyahıyaalınmasına başlanılmışdır. Siyahıyaalma oktyabr ayının 1-dən 10-dək vahid prinsiplər və proqram əsasında bütün ərazidə, eyni zamanda adbaad, mərkəzləşdirilmiş qaydada aparılacaqdır.
Müstəqil Azərbaycan Respublikasında əhalinin birinci siyahıyaalınması ümummilli lider Heydər Əliyevin 1996-cı il 22 fevral tarixli Sərəncamı ilə 1999-cu ildə, ikinci siyahıyaalma Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 7 iyun tarixli Fərmanı ilə 2009-cu ildə keçirilib. Növbəti siyahıyaalma isə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 sentyabr tarixli Fərmanına əsasən keçirilir.
Naxçıvan Muxtar Respublikasında əhalinin siyahıyaalınmasının təşkili məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 26 dekabr tarixli Sərəncamı ilə əhalinin siyahıyaalınmasına yardım komissiyası yaradılmış və Komissiyanın qərarı ilə iş planı təsdiq edilmişdir.
Muxtar respublikanın şəhər və rayonlarında siyahıyaalma ilə əlaqədar hazırlıq işlərinin və nəzərdə tutulmuş digər tədbirlərin vaxtında yerinə yetirilməsi, qarşıya çıxan çətinliklərin operativ surətdə aradan qaldırılması və onun mütəşəkkil keçirilməsini təmin etmək məqsədilə şəhər və rayon icra hakimiyyəti başçısı müavinlərinin sədrliyi ilə əhalinin siyahıyaalınmasına yardım komissiyaları yaradılmışdır.
İş planına əsasən muxtar respublikanın şəhər və rayonlarının yaşayış məntəqələri üzrə sxematik plan və xəritələrin hazırlanması təmin edilmiş, hər bir inzibati ərazi vahidi üzrə təşkilati planlar hazırlanmışdır. Təşkilati plana əsasən şəhər, qəsəbə və kənd yerləri üzrə siyahıyaalma məntəqələrinin, təlimatçı və sayıcı məntəqələrinin tərkibləri müəyyənləşdirilərək siyahıyaalmanın rayonlaşdırılması başa çatdırılmışdır.
Mövcud qanunvericiliyə uyğun olaraq muxtar respublika üzrə 9 şəhər, 24 kənd siyahıyaalma məntəqəsi, 91 şəhər, 218 kənd təlimatçı məntəqəsi, 455 şəhər və 1088 kənd sayıcı məntəqəsi yaradılmışdır. İş planında nəzərdə tutulan bütün tədbirlərin icrası müəyyən olunmuş vaxtda başa çatdırılmışdır.
Siyahıyaalma ev təsərrüfatlarında yaşayan şəxslərin yaşayış yeri haqqında 6, hər bir şəxs üçün isə 46 sual olmaqla, ümumilikdə, 52 sualı əhatə edib.
Əməkdaşlarımız Naxçıvan şəhəri, Şərur və Ordubad rayonlarında ailələrdə siyahıyaalmanın gedişatı ilə tanış olublar.
Mühüm dövlət tədbirinin əsas icraçısı kimi əhalinin siyahıyaalınması ilə bağlı hazırlıq işlərinin görülməsi və onun keçirilməsi, yekunlarının işlənilməsi, nəticələrinin dərc edilərək yayılması Dövlət Statistika Komitəsinə həvalə olunub.
Siyahıyaalmanın nəticələri əhalinin demoqrafik və sosial vəziyyətinə dair vacib məlumat mənbəyi olmaqla bərabər, qarşıdakı illərdə muxtar respublikanın sosial-iqtisadi inkişafı üzrə həyata keçiriləcək tədbirlərin müəyyənləşdirilməsində mühüm rol oynayacaqdır. |