27.07.2019  

Rəsmi statistikanın inkişafı üzrə dövlət proqramının icrası davam etdirilir


Muxtar respublikada artan əhali tələbatına uyğun olaraq həyata keçirilən mühüm tədbirlər, yaradılan istehsal və xidmət sahələri, sosial sahədə əldə olunan uğurlar iqtisadiyyatın şaxələndirilməsini, davamlı və dinamik inkişafı təmin edib.

İqtisadi və sosial sahələrdə baş verən dəyişikliklərin qeydə alınaraq təhlili və müəyyən edilmiş sosial-iqtisadi siyasət kursuna uyğun çevik idarəetmənin təmin edilməsi üçün dəqiq və dolğun statistik məlumatlara olan tələbat rəsmi statistikanın təkmilləşdirilməsini də şərtləndirir.

Bu istiqamətdə muxtar respublikada rəsmi statistikanın inkişaf etdirilməsi və statistika sahəsində işlərin daha da təkmilləşdirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 2 mart tarixli Sərəncamı ilə “2018-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı” təsdiq edilib.

Dövlət proqramının tədbirlər planı 5 bölmədən ibarətdir. Bölmələrə sosial statistika, iqtisadi statistika, çoxsahəli statistika, rəsmi statistika materiallarının istehsalının hüquqi, inzibati və informasiya təminatı, maddi-texniki bazanın və kadr potensialının gücləndirilməsi daxildir. 29 tədbiri özündə birləşdirən tədbirlər planının aidiyyəti strukturlarla əlaqələndirilməsi və icrasının yekunu Dövlət Statistika Komitəsinə tapşırılıb.

Müvafiq dövlət proqramının icrası istiqamətində 2018-ci ildə nəzərdə tutulmuş tədbirlər tam icra olunmuş, 2019-cu il ərzində təqvim üzrə yerinə yetiriləcək tədbirlərin icrası istiqamətində işlər davam etdirilir.

Cari ilin ötən dövründə dövlət proqramının müvafiq bəndinin icrası istiqamətində Dövlət Statistika Komitəsinin “Statistik Məlumatlar Sistemi” yaradılmışdır. 2018-ci ildən icrasına başlanılmış “Statistik Məlumatlar Sistemi”nin elektron bazası və proqram təminatının hazırlanması və tətbiqi istiqamətində mühüm işlər görülmüş, iyun ayının 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iştirakı ilə müvafiq sistemin təqdimatı keçirilmişdir.

İstifadəyə verilmiş yeni sistemdə tətbiqi server avadanlıqları, serverlər üçün əməliyyat və təhlükəsizlik sistemləri, köməkçi avadanlıqlar və lisenziyalar, eləcə də statistika idarələri və internet şəbəkəsi üzərindən müvafiq lokal və virtual ara bağlantılar qurulmuşdur. İqtisadi fəaliyyətin 18 istiqaməti üzrə 259 adda statistik hesabatın proqram təminatı hazırlanıb.

Statistik Məlumatlar Sistemində rəsmi statistika hesabatları təqdim edən müəssisə və təşkilatların tanınması və qeydiyyatı bölməsi yaradılmış, onların təqdim edəcəyi hesabatların sayı və vaxtı müəyyənləşdirilmişdir. Statistik Məlumatlar Sisteminin əsas üstünlüyü proqramların muxtar respublikanın statistika işçiləri tərəfindən idarə olunması və təsərrüfat subyektləri tərəfindən daxil edilmiş hesabatlar üzrə məlumatların elektron bazasının yaradılmasıdır.

Statistik Məlumatlar Sistemində proqram təminatının normal fəaliyyəti üçün hesabatların elektron təqdimat sisteminin təsnifatlarının və köməkçi məlumatlarının idarə edilməsi alt bölməsi yaradılmışdır. Alt bölmədə istifadəçilərin qeydiyyat məlumatı, statistik hesabatların təsnifatı, statistik hesabatların təqvimi, rəsmi statistikanın sahələri, hüquqi və fiziki şəxslərin reyestri öz əksini tapıb. Proqam təminatının idarə olunması məqsədilə Komitə Aparatında kadr potensialının gücləndirilməsi istiqamətində müəyyən hazırlıq işləri görülmüşdür.

Statistik Məlumatlar Sistemində proqram təminatı Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin rəsmi internet saytının (www.statistika.nmr.az) “Elektron xidmətlər” bölməsinin alt başlığı olan “Rəsmi statistik hesabatların tədqim edilməsi” menüsü ilə əlaqələndirilmişdir.

Rəsmi statistikanın inkişafı istiqamətində həyata keçirilən tədbirlər muxtar respublikada elektron statistikanın inkişafına və rəsmi statistika materiallarının istehsalı proseslərinin səmərəliliyinin yüksəldilməsinə, iqtisadiyyatın strukturunun və sahələrarası əlaqələrin təhlilinə imkan verən yeni statistik məlumatların əldə edilməsinə şərait yaradacaqdır.

Bağla