Məlumatı yüklə

Naxçıvanda enerji və sərinləşdirici içkilər zavodu açılıb




İyulun 11-də “Cahan Holding”ə məxsus ENNA şirkətinin Naxçıvanda yerləşən enerji və sərinləşdirici içkilər zavodunun açılışı olub.

Açılış tədbirində qonaqları salamlayan “Cahan Holding”in prezidenti, Naxçıvan Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov bildirib ki, müəssisə ölkəyə idxal edilən məhsulların yerli istehsalla əvəz edilməsi, Naxçıvanda yeni iş yerlərinin açılması, regionda yaşayan əhalinin məşğulluğunun təmin edilməsi, əhalinin maddi rifahının yaxşılaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Vurğulayıb ki, müəssisə hazırda 300 nəfərlik heyətlə çalışır və yaxın illərdə işçi sayının iki dəfə artırılması planlaşdırılır.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ulu öndər Heydər Əliyevin əsasını qoyduğu sosial-iqtisadi inkişaf strategiyasının bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla icra edildiyini vurğulayıb. Bildirib ki, dövlət başçısının təsdiq etdiyi “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində bundan sonra da Naxçıvanda yeni müəssisələr yaradılacaq. Müəssisələrin kadr potensialı məsələsinə toxunan səlahiyyətli nümayəndə, muxtar respublikada fəaliyyət göstərən ali, orta ixtisas və peşə təhsili müəssisələrinin potensialından istifadə edərək müasir peşə bacarıqlarına malik savadlı kadrların yetişdirilməsinin vacibliyini vurğulayıb.

Çıxışlardan sonra istehsal müəssisəsinin Keyfiyyət və Prosesə Nəzarət şöbəsinin sınaq laboratoriyası ilə tanışlıq olub.

Daha sonra istehsal müəssisəsi işə salınıb.

Müəssisə ilə tanışlıq zamanı bildirilib ki, müasir avadanlıqlarla təchiz edilən zavod istehsal həcminə görə Qafqazın ən böyük enerji və sərinləşdirici içkilər müəssisəsidir. Burada 3 növbəli iş rejimində il ərzində 230 milyon dəmir tənəkə məhsul istehsal etmək mümkündür. Əl dəymədən, tam innovativ texnologiyalarla istehsal edilən məhsullar Orta Asiya və Ərəb ölkələrinə ixrac ediləcək.









yuxarı

BAĞLA