Məlumatı yüklə

2020-ci ildə

Naxçıvan Muxtar Respublikasının

sosial-iqtisadi inkişafı


Muxtar respublikada çoxşaxəli iqtisadiyyatın formalaşdırılması və sosial sahənin inkişafı istiqamətində həyata keçirilən tədbirlər 2020-ci ildə də davam etdirilmişdir.

2020-ci ildə inkişafı xarakterizə edən əsas göstərici kimi ümumi daxili məhsul istehsalı 2 milyard 907 milyon 810 min 500 manat olmuşdur ki, bu da bir il öncəki göstəricidən 1,1 faiz çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsul isə əvvəlki ilə nisbətən 1,8 faiz artaraq 6310,4 manat olmuşdur. Ümumi daxili məhsulun tərkibində ilk yeri 27,6 faizlik payla sənaye sahəsi tutmuş və maddi istehsalın payı 59,3 faiz təşkil etmişdir.

2019-cu illə müqayisədə 2020-ci ildə sənaye məhsulu 1,4 faiz, əsas kapitala yönəldilən vəsaitlər 1,1 faiz, kənd təsərrüfatı məhsulu 4,6 faiz, informasiya və rabitə xidmətləri 5,2 faiz artmışdır.


Makroiqtisadi göstəricilər

Müqayisə predmeti
2020-ci il, faktiki
2019-cu ilə nisbətən, faizlə
  Ümumi daxili məhsul, min manat
2 907 810,5
101,1 *
  Hər bir nəfərə düşən ümumi daxili məhsul, manat
6 310,4
101,8
  Sənaye məhsulu, min manat
1 040 475,9
101,4 *
 Əsas kapitala yönəldilən vəsaitlər, min manat
1 041 017,7
101,1
  Kənd təsərrüfatı məhsulu, min manat
537 584,8
104,6 *
  Nəqliyyat sektorunda yük daşınması, min ton
16 757,6
98,8
  İnformasiya və rabitə xidmətləri, min manat
55 491,3
105,2
 o cümlədən mobil rabitə, min manat
43 345,6
101,4
  Pərakəndə əmtəə dövriyyəsi, min manat
1 737 755,2
99,8*
  Əhaliyə göstərilən ödənişli xidmətlər, min manat
243 489,3
99,5*
  Xarici ticarət dövriyyəsi, min ABŞ dolları
510 547,4
102,7
  o cümlədən ixrac
428 520,4
100,7
  Bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı, manat
531,7**
111,9
        *) müqayisəli qiymətlər üzrə
        **) yanvar-noyabr ayları göstəricisi

Sənaye

Muxtar respublikada həyata keçirilən uğurlu iqtisadi siyasət sənayeləşmə prosesini daha da sürətləndirmiş, rəqabətədavamlı və ixracyönlü məhsullar istehsal edən yeni müəssisələr yaradılmışdır.

2020-ci ildə muxtar respublikada 1 milyard 40 milyon 475 min manatdan artıq sənaye məhsulu istehsal olunmuşdur ki, bu da bir il öncəki göstəricini 1,4 faiz üstələmişdir.

Sənaye məhsulu istehsalının 95,7 faizi malların, 4,3 faizi isə xidmətlərin payına düşmüşdür. İstehsal olunan sənaye məhsulunda özəl bölmənin payı 93,4 faiz təşkil etmişdir ki, bu da ölkənin digər iqtisadi rayonları ilə müqayisədə ən yüksək göstəricidir.


Sənaye məhsulu istehsalının dinamikası, min manat

2020-ci ildə muxtar respublikada dövlət dəstəyi ilə iqtisadi fəaliyyətin müxtəlif sahələrində 138 layihə üzrə istehsal və xidmət obyektləri yaradılmış, 42 layihə üzrə istehsal və xidmət obyektlərinin yaradılması davam etdirilmişdir.

Sənayenin inkişafı məqsədilə bank və kredit təşkilatları tərəfindən təsərrüfat subyektlərinə 2020-ci ildə 18 milyon 561 min manat kredit verilmişdir ki, bu da bir il öncəki göstəricidən 69,6 faiz çoxdur.

Sənayedə istehsalın həcminin artması nəticəsində 2020-ci ildə 325 milyon 362 min 200 ABŞ dolları dəyərində sənaye məhsulları ixrac olunmuşdur.



Hərbi quruculuq

Muxtar respublikada ordu quruculuğu istiqamətində tədbirlər davam etdirilir.

2020-ci ildə Naxçıvan şəhərində qərargah binasının, anbarın və istirahət parkının tikintisi, yataqxananın əsaslı təmiri, poliqona su xəttinin çəkilişi başa çatdırılmış, qərargah binasının, iki əsgər yataqxanasının, üç anbarın, istirahət parkının, hərbi zavodun, mərkəzi hərbi xəstəxananın tikintisi, əsgər yataqxanasının əsaslı təmiri davam etdirilmişdir.

Babək rayonunda avtomobil saxlancının və vertolyot meydançasının tikintisi, beş avtomobil saxlancının əsaslı təmiri başa çatdırılmış, bir avtomobil saxlancının və iki yeraltı saxlancın, Şərur rayonunda bir avtomobil saxlancının tikintisi davam etdirilmişdir.

Sədərək rayonunun Heydərabad qəsəbəsində əsgəri-yaşayış kompleksinin yenidən qurulması, Culfa rayonunda retranslyasiya məntəqəsinin tikintisi, əsgər yataqxanasının əsaslı təmiri başa çatdırılmış, əsgər yataqxanasının əsaslı təmiri davam etdirilmişdir.

Şahbuz rayonunda üç anqarın tikintisi başa çatdırılmış, yaşayış binasının tikintisi, əsgər yataqxanasının əsaslı təmiri davam etdirilmişdir.

Şərur rayonunda 3-cü, 8-ci Sərhəd Zastavaları və “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının Şərur Əməliyyat Taboru üçün xidmət və yaşayış komplekslərinin tikintisi başa çatdırılmış, 6-cı Sərhəd Zastavası üçün infrastruktur obyektlərinin tikintisi davam etdirilmişdir.

Hərbi qulluqçuların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Naxçıvan hərbi şəhərciyində və Sədərək rayonunda zabit-gizir ailələrinə yeni xidməti mənzillər təqdim edilmişdir.

2020-ci ildə mərkəzi hərbi xəstəxanaya tibbi avadanlıqlar, Əlahiddə Ümumqoşun Ordunun hərbi hissələrinə 10 “Qazel” markalı yük, “Ford” və “Volkswagen” markalı 2 minik, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasına “Niva” markalı 2 xidməti avtomobil, Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasına 1 “URAL”, 1 “Zil-131” və 2 “Mitsubishi L-200” markalı avtomobillər təqdim olunmuşdur. Bundan əlavə, Əlahiddə Ümumqoşun Orduya hərbi infrastrukturun yenilənməsi işlərinin daha keyfiyyətlə aparılması məqsədilə xüsusi tikinti-inşaat texnikaları verilmişdir.



Tikinti-quruculuq və su təchizatı tədbirləri

Ümumi inkişafın təmin edilməsində vəsait qoyuluşları mühüm rol oynayır. Bu istiqamətdə muxtar respublikada 2020-ci ildə bütün maliyyə mənbələrindən əsas kapitala 1 milyard 41 milyon 17 min manatdan artıq vəsait yönəldilmişdir ki, bu da bir il öncəki göstəricidən 1,1 faiz çoxdur. Bu göstərici ölkənin digər iqtisadi rayonları ilə müqayisədə Naxçıvan Muxtar Respublikasında əsas kapitala vəsait qoyuluşlarının həcminin daha çox olduğunu deməyə əsas verir.


Əsas kapitala yönəldilmiş vəsaitlər, min manat

Vəsait qoyuluşlarının 985 milyon 683 min manatı və ya 94,7 faizi tikinti-quraşdırma işlərində istifadə edilmişdir ki, bu da bir il öncəki göstəricidən 2,1 faiz çoxdur.

2020-ci ildə muxtar respublikada 323 müxtəlif təyinatlı obyekt tikilmiş, yenidən qurulmuş və ya əsaslı təmir olunmuş, 163 müxtəlif təyinatlı obyektin tikintisi, yenidən qurulması və ya əsaslı təmiri davam etdirilmişdir.

Muxtar respublikada tikinti-quraşdırma işlərində şəffaflığın və qiymət intizamına nəzarətin daha effektiv və çevik şəkildə təmin edilməsi məqsədilə “Elektron nəzarət portalı” yaradılmışdır.

2020-ci ildə muxtar respublikanın yaşayış məntəqələrində kommunal xidmətlərin səviyyəsinin yaxşılaşdırılması məqsədilə Naxçıvan Şəhər Sanitar Təmizlik İdarəsinə, Şərur, Babək, Ordubad, Culfa rayon kommunal müəssisələr kombinatlarına və muxtar respublikanın 13 bələdiyyəsinə müxtəlif təyinatlı 14 kommunal nəqliyyat vasitəsi, 10 traktor və qoşqusu, eləcə də Naxçıvan Şəhər Sanitar Təmizlik İdarəsinə və muxtar respublikanın bütün rayon bələdiyyələrinə 275 məişət tullantısı konteyneri verilmişdir.

Yaşayış məntəqələrinin abadlaşdırılması, səmərəli idarəetmənin və əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi tədbirlərinə uyğun olaraq 2020-ci ildə 6 kənd mərkəzi istifadəyə verilmiş, 5 kənd mərkəzinin inşası davam etdirilmişdir.

Naxçıvan şəhərində “Gənclər Yaşayış Kompleksi”nin və 1 yaşayış binasının tikintisi, 10 yaşayış binasının yenidən qurulması, Ordubad rayonunda 1 yaşayış binasının tikintisi, Şərur rayonunda 1, Culfa rayonunda 2 yaşayış binasının yenidən qurulması başa çatdırılmışdır.

Naxçıvan şəhərində 1 yaşayış binasının tikintisi, 4 yaşayış binasının və tələbə yataqxanasının yenidən qurulması, Şərur və Şahbuz rayonlarının hər birində 1 yaşayış binasının tikintisi, Şərur və Culfa rayonlarının hər birində 1 yaşayış binasının yenidən qurulması davam etdirilmişdir.

Əhalinin həyat səviyyəsinin yaxşılaşması fərdi yaşayış evlərinin tikintisinə də müsbət təsir göstərmiş, 2020-ci ildə muxtar respublikada əhalinin şəxsi vəsaiti hesabına ümumilikdə 376 min 426 kvadratmetr yaşayış sahəsi istifadəyə verilmişdir.

Şərur rayonunda Şərur Şəhər Sutəmizləyici Qurğular Kompleksinin, Cəlilkənddə içməli su şəbəkəsinin tikintisi başa çatdırılmış, Babək, Ordubad, Kəngərli və Sədərək rayon mərkəzlərində, ətraf qəsəbə və kəndlərdə içməli su təchizatı və kanalizasiya sistemlərinin, Şərur rayonunun Sərxanlı, Kəngərli rayonunun Qarabağlar, Xok, Yurdçu və Qabıllı kəndlərində içməli su şəbəkələrinin tikintisi davam etdirilmişdir.

Şərur rayonunun Dəmirçi kəndinə, Babək rayonunun Sirab, Qahab və Naxışnərgiz kəndlərində içməli su xətlərinin çəkilişi başa çatdırılmış, Ordubad rayonunun Nüsnüs və Yuxarı Əndəmic kəndlərində içməli su xətlərinin çəkilişi davam etdirilmişdir.



Kənd təsərrüfatı və yaşıllaşdırma tədbirləri

Muxtar respublikada əhalinin ərzaq məhsulları ilə etibarlı təminatında mühüm yer tutan kənd təsərrüfatının inkişafı üzrə ardıcıl tədbirlər həyata keçirilir.

2020-ci ilin məhsulu üçün muxtar respublikada 63405 hektar sahədə əkin aparılmışdır ki, bu da 2019-cu ilin məhsulu üçün əkilmiş sahədən 435 hektar çoxdur.


Cəmi əkin sahələri, hektarla

Muxtar respublikada taxılçılıq əsas istiqamət kimi diqqətdə saxlanılmış və 2020-ci ilin məhsulu üçün 36879 hektar sahədə taxıl əkilmişdir ki, bunun da 36099 hektarı payızlıq, 780 hektarı isə yazlıq taxıldır. Taxıl zəmilərinin 26293 hektarında buğda, 10586 hektarında isə arpa əkilmişdir. Bir il öncəyə nisbətən taxıl əkini sahəsi 3571 hektar artmışdır. 2020-ci ildə taxıl zəmilərindən 115 min 649 ton məhsul tədarük edilmişdir ki, bu da bir il öncəki göstəricidən 12665 ton çoxdur.

Tələbata uyğun olaraq kartofçuluğun inkişafında müsbət dinamika saxlanılmış və 2020-ci ildə 3241 hektar sahədə kartof əkini aparılmışdır ki, bu da bir il öncəyə nisbətən əkilmiş sahədən 13 hektar çoxdur. 2020-ci ildə sahələrdən 50668 ton kartof yığılmışdır ki, bu da bir il öncəki göstəricini 1,1 faiz üstələyir.

2020-ci ildə muxtar respublikada tütünçülüyün inkişafı üçün də tədbirlər görülmüş, Şərur, Babək və Kəngərli rayonlarında ümumilikdə 45,1 hektar sahədə tütün əkini aparılmışdır. 2020-ci ildə 45,1 hektar sahədən 58,4 ton qurudulmuş tütün tədarük edilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 8 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası da muxtar respublika əhalisinin meyvə və tərəvəz məhsullarına olan tələbatının yerli istehsal hesabına təmin edilməsinə və tələbatdan artıq mövsümi məhsulların ixracına geniş imkanlar yaratmışdır.

Üzümçülüyün inkişafı məqsədilə yerli resurslardan istifadə olunmaqla üzüm bağlarının salınması davam etdirilmişdir.

Muxtar respublikada əkinçiliyin inkişafında və ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinin yenidən qurulması başa çatdırılmışdır.

Əhalini təzə və keyfiyyətli ərzaq məhsulları ilə təmin etmək məqsədilə tutumu 100, 200, 250 və 2500 ton olan 4 soyuducu anbar yaradılmış, 1 soyuducu anbar genişləndirilmişdir. 2 soyuducu anbarın yaradılması davam etdirilmişdir. Bundan əlavə 9 istixana təsərrüfatı yaradılmış, 1 istixana təsərrüfatı genişləndirilmiş, 1 istixana təsərrüfatının fəaliyyəti bərpa edilmişdir.

Kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılması və yeni torpaq sahələrinin əkin dövriyyəsinə daxil edilməsini təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılmasına dair Tədbirlər Planı” təsdiq edilmişdir.

Məhsul istehsalçılarının kənd təsərrüfatı maşın və mexanizmləri ilə təchizatı davamlı olaraq yaxşılaşdırılır. “Naxçıvan Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 336-sı 2020-ci ildə olmaqla, ümumilikdə 3075 müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq alınaraq muxtar respublikaya gətirilmişdir. 2020-ci ildə 238 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq lizinq yolu ilə, 14 ədədi nağd yolla satılmışdır. Bu dövrdə məhsul istehsalçıları 9191,8 ton mineral gübrə ilə təmin olunmuşdur.

2020-ci ildə 118 min ton dənli və dənli-paxlalılar, 14753 ton dən üçün qarğıdalı, 367 ton dən üçün günəbaxan, 76703 ton tərəvəz, 31798 ton ərzaq üçün bostan məhsulları, 52518 ton meyvə, 16885 ton üzüm tədarük edilmişdir.

Kənd təsərrüfatının əsas sahələrindən olan heyvandarlığın inkişafı 2020-ci ildə də diqqətdə saxlanılmış, 68 heyvandarlıq təsərrüfatının yaradılması, 28 heyvandarlıq təsərrüfatının genişləndirilməsi başa çatdırılmış, 7 heyvandarlıq təsərrüfatının yaradılması, 2 heyvandarlıq təsərrüfatının genişləndirilməsi, 1 heyvandarlıq kompleksində yenidənqurma işləri davam etdirilmişdir. Ümumilikdə bank və kredit təşkilatları tərəfindən bu sahəyə 2020-ci ildə 11 milyon 204 min manat kredit verilmişdir ki, bu da bir il öncəki göstəricidən 12,2 faiz çoxdur.

Muxtar respublikada heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması və məhsuldarlığın yüksəldilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə yaradılmış Naxçıvan Muxtar Respublikasının Süni Mayalanma Mərkəzinə məxsus müasir infrastruktur obyektlərinin tikintisi davam etdirilmişdir.

2020-ci ildə heyvandarlıq təsərrüfatlarında 11841 baş inək, düyə və camış süni yolla mayalandırılmış, bu dövrdə 8217 baş sağlam bala alınmışdır.

1 yanvar 2021-ci il tarixə muxtar respublikanın bütün təsərrüfat kateqoriyalarında qaramalın sayı 117 min 689 baş, qoyun və keçilərin sayı 717 min 880 baş olmuşdur ki, bu da 1 yanvar 2020-ci il tarixə olan göstəriciləri 1,8 və 2 faiz üstələmişdir.

Daxili bazarda yerli istehsalın həcminin artırılması məqsədilə 1 quşçuluq təsərrüfatı yaradılmış, 1 quşçuluq təsərrüfatı yenidən qurulmuşdur. 1 quşçuluq təsərrüfatının yaradılması, 1 quşçuluq təsərrüfatının genişləndirilməsi işləri davam etdirilmişdir.

2020-ci ildə muxtar respublikada diri çəkidə 29214 ton ət, 87334 ton süd istehsal olunmuşdur ki, bu da 2019-cu illə müqayisədə 2,8 və 2 faiz çoxdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 18 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın icrası diqqətdə saxlanılmış, 2020-ci ildə bu sahədə müvafiq tədbirlər görülmüş, 20 arıçılıq təsərrüfatının yaradılması, 2 arıçılıq təsərrüfatının genişləndirilməsi başa çatdırılmış, 3 arıçılıq təsərrüfatının yaradılması işləri davam etdirilmişdir. Təsərrüfat subyektlərinə 2020-ci ildə 528 min manat kredit verilmişdir.

Arıçılıqla məşğul olan hüquqi və fiziki şəxslərə saxladıqları hər arı ailəsinə görə subsidiyaların verilməsi bu sahəyə marağı artırmış, 2020-ci ilin sonuna muxtar respublikada arı ailələrinin sayı 99 min 935-ə çatdırılmışdır. Son illər təşkil olunan “Arıçılıq məhsulları – bal festivalı” da arıçıların fəaliyyətinə geniş stimul yaratmışdır.

Muxtar respublikada əhalinin keyfiyyətli və təhlükəsiz heyvandarlıq məhsulları ilə təminatını qoruyub saxlamaq məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 17 fevral tarixli Sərəncamı ilə “2020-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında baytarlıq təbabətinin inkişafı üzrə Dövlət Proqramı” təsdiq edilmiş, Babək Rayon Baytarlıq İdarəsinin yeni binası istifadəyə verilmişdir. Bundan əlavə, Şərur rayonunun Muğancıq-Mehrab, Məmmədsabir və Qarabürc, Babək rayonunun Nəcəfəlidizə, Ordubad rayonunun Vənənd və Culfa rayonunun Camaldın kəndlərində istifadəyə verilən kənd mərkəzlərində baytarlıq məntəqələri üçün müasir iş şəraiti yaradılmışdır.

2020-ci ildə baytarlıq təbabəti sahəsində görülən işlərin davamlılığının təmin olunması məqsədilə yeni avtomobil və süni mayalanma dəstlərinin təqdimatı olmuşdur.

2020-ci ildə kənd təsərrüfatı sahəsi ilə məşğul olan təsərrüfat subyektlərinə ümumilikdə 13 milyon 357 min manat kredit verilmişdir ki, bu da bir il öncəki göstəricidən 7,4 faiz çoxdur.

Muxtar respublikada özünüməşğulluğun və daxili bazarın keyfiyyətli yerli məhsullarla təmin olunmasında xüsusi yer tutan ailə təsərrüfatlarının davamlı inkişafı diqqətdə saxlanılmış, təsərrüfatlar tərəfindən istehsal olunmuş məhsulların satışına dəstək göstərilməsi məqsədilə “Ailə təsərrüfatı məhsulları” yarmarkası keçirilmişdir.

Həyata keçirilmiş tədbirlərin nəticəsi olaraq 2020-ci ildə bir il öncəyə nisbətən 4,6 faiz çox, yəni 537 milyon 584 min manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur.


Kənd təsərrüfatının ümumi məhsulu, min manat

Etibarlı ərzaq təminatı sisteminin yaradılması ixrac potensialını artırmış, 2020-ci ildə muxtar respublikadan 103 milyon 158 min ABŞ dolları dəyərində kənd təsərrüfatı, o cümlədən meyvə və tərəvəz məhsulları ixrac olunmuşdur.

2020-ci ildə meliorasiya və irriqasiya sistemlərinin yenidən qurulması diqqətdə saxlanılmış, Sədərək rayonunda işğaldan azad edilmiş 73 hektar torpaq sahəsində meliorativ tədbirlər aparılaraq əkin dövriyyəsinə daxil edilmişdir.

Şahbuz rayonunun Türkeş, Sələsüz, Mərəlik kəndlərinin ərazisində 275, Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində 810 hektar sahədə qapalı suvarma şəbəkələrinin tikintisi, Naxçıvan şəhərində su kanalının bərpası, Ordubad rayonunda Biləv su kanalından Culfa rayonunun Dizə kəndinə suvarma xəttinin çəkilişi başa çatdırılmış, Araz Su Anbarından qidalanan nasos stansiyasının və təzyiqli boru xəttinin, Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində qapalı suvarma şəbəkəsinin, Şahbuz rayonunun Külüs kəndində nasos stansiyasının və təzyiqli boru xəttinin tikintisi davam etdirilmişdir.

Meliorasiya və irriqasiya sahəsində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi, bu sahədə maddi-texniki bazanın gücləndirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 17 adda 67 müxtəlif təyinatlı yeni maşın, texnika və avadanlıq təqdim olunmuşdur.

Meşə fondunun mühafizə olunması, bərpası, yeni yaşıllıqların salınması istiqamətində tədbirlər görülmüş, 2020-ci ildə 586 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılmış, 404 min ağac və gül kolu əkilmişdir.



Nəqliyyat, informasiya - rabitə və energetika

Artan əhali tələbatına uyğun olaraq muxtar respublikada müasir nəqliyyat sisteminin qurulması, nəqliyyat sektorunun səmərəli idarə olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

2020-ci ildə Şərur rayonunda Qarxun-Muğancıq-Mehrab-Məmmədsabir, Qarabürc, Təzəkənd, Ordubad rayonunda Xanağa-Ağrı-Dizə-Vənənd kənd və Darkənd, Babək rayonunun Nəcəfəlidizə kəndində, Culfa rayonunda Camaldın-Ərəzin kənd və Culfa şəhərində avtomobil yollarının yenidən qurulması başa çatdırılmışdır.

Naxçıvan şəhərində avtomobil yolunun, Culfa-Ordubad magistral avtomobil yolunun, Şərur rayonunda Xanlıqlar-Şərur şəhəri-Yengicə-Şəhriyar-Kürçülü-Kərimbəyli-Dəmirçi, Xanlıqlar-Aşağı Daşarx-Yuxarı Daşarx kənd avtomobil yollarının, Şərur şəhərinə giriş və daxili avtomobil yollarının, Şəhriyar, Ordubad rayonunun Nüsnüs, Unus və Yuxarı Əndəmic kəndlərində avtomobil yollarının, Şərur şəhərində yeraltı piyada keçidinin yenidən qurulması davam etdirilmişdir.

Naxçıvan Beynəlxalq Hava Limanında uçuş-enmə zolağının yenidən qurulması başa çatdırılmış, Naxçıvan şəhərində 400 yerlik avtomobil parkının tikintisi davam etdirilmişdir.

“Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin Naxçıvan stansiyasında alçaq sərnişin platformasının və dartı yarımstansiyası binasının yenidən qurulması başa çatdırılmış, polis şöbəsi üçün inzibati binanın tikintisi, rabitə qovşağının anbarının əsaslı təmiri, Şərur rayonunda Elektrik Təmas Şəbəkəsi binasının, Dövriyyə Deposunun inzibati binasının və təmir sexinin yenidən qurulması davam etdirilmişdir.

Babək rayonunda Təhlükəsizlik Komandası binasının yenidən qurulması, Culfa stansiyasında Park İdarəetmə Mərkəzinin əsaslı təmiri başa çatdırılmış, Culfa rayonunda İstismar Vaqon Deposunun təmir sexinin tikintisi, inzibati binasının və Babək rayonunda Təhlükəsizlik Komandası binasının yenidən qurulması davam etdirilmişdir.

Əhaliyə göstərilən nəqliyyat xidmətlərinin səviyyəsinin yüksəldilməsi məqsədilə Naxçıvan şəhərində marşrutlara 6 yeni avtobus buraxılmış, 10 nömrəli marşrut xətti istifadəyə verilmiş, 6 nömrəli marşrut xəttinin hərəkət istiqaməti Babək şəhərinədək müəyyənləşdirilmişdir.

Əhaliyə göstərilən taksi xidmətinin səviyyəsinin yüksəldilməsi, eləcə də operativ və keyfiyyətli fəaliyyətinin təmin edilməsi məqsədilə elektron taksi xidməti yaradılmışdır.

2020-ci ildə muxtar respublikada nəqliyyat sektorunda 16 milyon 757 min 600 ton yük, 103 milyon 568 min 400 sərnişin daşınmışdır.

Muxtar respublikada informasiya və rabitə sahəsinin inkişafı diqqətdə saxlanılmış, Culfa rayonunda Yeni Nəsil Telekommunikasiya Sisteminin yaradılması, rabitə evinin yenidən qurulması başa çatdırılmışdır.

Kəngərli rayonunda telekommunikasiya sisteminin yaradılması və rabitə evinin, Ordubad rayonunda Dəstə Radio-Televiziya Ötürücü Stansiyası üçün binanın tikintisi başa çatdırılmış, Sədərək rayonunda Radio-Televiziya Ötürücü Stansiyası üçün binanın tikintisi davam etdirilmişdir. Bu dövr ərzində 3 yeni poçt bölməsi yaradılmış, 2 rayon poçt filialı və 3 poçt bölməsi isə yeni bina ilə təmin olunmuş, 3 avtomat telefon stansiyası quraşdırılmışdır. Bundan əlavə, Naxçıvan şəhərində “Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyəti yeni bina ilə təmin olunmuşdur.

2020-ci ildə informasiya və rabitə xidmətlərinin dəyəri 2019-cu ildəki göstəricini 5,2 faiz üstələyərək 55 milyon 491 min manat olmuşdur. Ümumi xidmətlərin 78,1 faizi mobil rabitənin payına düşmüş, mobil rabitə xidmətlərinin dəyəri 2019-cu illə müqayisədə 1,4 faiz artmışdır.

Muxtar respublikada alternativ enerji istehsalı sahələrinin yaradılması məqsədilə Kəngərli rayonunda 3 meqavat gücündə Günəş Elektrik Stansiyasının tikintisi başa çatdırılmış, Ordubad rayonunda 36 meqavat gücündə Ordubad Su Elektrik Stansiyasının, 15,6 meqavat gücündə Tivi Su Elektrik Stansiyasının, Şərur rayonunda 5 meqavat gücündə Günəş Elektrik Stansiyasının, Culfa rayonunda 1 meqavat gücündə Külək-Günəş Hibrid Elektrik Stansiyasının tikintisi davam etdirilmişdir.

Enerji sistemini daha da müasirləşdirmək məqsədilə Şərur rayonunda “Çomaxtur” yarımstansiyasının tikintisi başa çatdırılmışdır.

Muxtar respublikada 89,7 kilometr uzunluğunda 35, 10 və 0,4 kilovoltluq yeni elektrik xətləri çəkilmiş, 31 müxtəlif gərginlikli transformator yarımstansiyası quraşdırılmışdır.

Şərur və Culfa rayonlarının transformator təmiri sexlərində 104 transformator təmir olunmuş, Naxçıvan şəhərində iki transformator binasının tikintisi başa çatdırılmış, Şərur şəhərində yüksək gərginlikli elektrik xətti üçün tunelin tikintisi davam etdirilmişdir.

Energetika sahəsində maddi-texniki bazanın gücləndirilməsi istiqamətində muxtar respublikaya 4 adda 828 dəstdən ibarət yeni texnika və avadanlıqlar gətirilmişdir. Bundan əlavə Dövlət Energetika Xidmətinə 1 ədəd “Hyundai İoniq” markalı elektriklə işləyən avtomobil, 4 ədəd “Qazel” markalı avtomobil, 1 ədəd “BKM-317A” markalı yerqazan qurğu və 2 ədəd xüsusi təyinatlı “Ford” markalı avtomobil verilmişdir.

Şərur rayonu ərazisində maye qazdoldurma və Culfa şəhərində yanacaqdoldurma stansiyalarının tikintisi başa çatdırılmış, Naxçıvan şəhərində Naxçıvan Qaz-Kompressor stansiyasının tikintisi, Şərur rayonu ərazisində yanacaqdoldurma stansiyasının yenidən qurulması davam etdirilmişdir.

1 yanvar 2021-ci il tarixə muxtar respublikada 88 min 434 əhali abonenti təbii qazla təmin olunmuşdur.

Naxçıvan şəhərində smartkart tipli elektrik və qaz, Babək rayonunda və Şərur şəhərində isə smartkart tipli elektrik sayğaclarının quraşdırılması davam etdirilmişdir.



Sahibkarlıq fəaliyyəti və məşğulluq məsələləri

Muxtar respublika iqtisadiyyatının aparıcı qüvvəsi olan sahibkarlığın inkişafı üçün ardıcıl tədbirlər həyata keçirilir.

2020-ci ildə muxtar respublikada sahibkarlara 37 milyon 676 min manat kredit verilmişdir. Verilmiş kreditin 16 milyon 860 min manatı yeni istehsal sahələrinin yaradılmasına və ya genişləndirilməsinə, 20 milyon 816 min manatı isə fərdi sahibkarlığın inkişafına sərf olunmuşdur. Bu dövrdə 37 hüquqi və 2404 fiziki şəxs qeydiyyata alınmışdır.

Sahibkarlığa göstərilən diqqət və qayğının nəticəsidir ki, bu gün muxtar respublikada 384 növdə məhsul istehsal olunur. Bu məhsulların 127-si ərzaq, 257-si qeyri-ərzaq məhsullarıdır. 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatın tamamilə yerli imkanlar hesabına ödənilməsi təmin edilmişdir.

2020-ci ilin yanvar-noyabr aylarında orta aylıq əməkhaqqının məbləği 531,7 manat təşkil etmişdir ki, bu da 2019-cu ilin müvafiq dövründəki göstəricidən 11,9 faiz çoxdur və Naxçıvan Muxtar Respublikası üzrə orta aylıq nominal əməkhaqqının səviyyəsi ölkənin digər iqtisadi rayonları ilə müqayisədə daha yüksəkdir.

2020-ci ildə muxtar respublikada 955 yeni iş yeri yaradılmışdır. Əmək bazarının tələblərinə uyğun olaraq Naxçıvan Regional Peşə Tədris Mərkəzində təşkil olunmuş aşpaz köməkçisi, bərbər, xalçaçı, dərzi, toxucu, bərbər-manikürçü, traktorçu-maşinist, elektrik montyoru, qazanxana maşinisti, dəmir yolu nəqliyyatında elektrik və rabitə montyoru üzrə peşə hazırlığı, qaz avadanlıqılarının istismarı və təmiri üzrə çilingər peşəsi üzrə ixtisasartırma, cəzaçəkmə müəssisəsində isə qazanxana maşinisti üzrə peşə hazırlığı kurslarına ümumilikdə 374 nəfər cəlb edilmişdir. Bundan əlavə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyindəki peşə ixtisas təhsili müəssisələrində 1994 nəfər müxtəlif peşələrə yiyələnmişdir.

Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilmiş müsabiqədə uğur qazanmış 66, ehtiyat kadrlar siyahısından 6 nəfər olmaqla, ümumilikdə 72 nəfər aidiyyəti dövlət orqanları tərəfindən dövlət qulluğu vəzifələrinə təyin olunmuşdur.

Müəllimlərin dövlət ümumi təhsil müəssisələrinə işə qəbulu üçün elan edilmiş müsabiqədə 260, dövlət musiqi təhsili müəssisələrinə işə qəbulu üçün elan edilmiş müsabiqədə isə 31 nəfər müvafiq vəzifələrə təyin olunmuşdur. Bununla yanaşı elan edilmiş digər müsabiqələrlə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsində 4, prokurorluq orqanlarında 9, ədliyyə orqanlarında 5 nəfər müvafiq vəzifələrə təyin olunmuşdur.



İstehlak bazarı

Səmərəli məşğulluq imkanlarının yaradılması əhalinin alıcılıq qabiliyyətini yüksəltmiş, əmtəə dövriyyəsinin həcmini genişləndirmişdir.

2020-ci ildə muxtar respublikanın istehlak bazarında əhaliyə 1 milyard 981 milyon 244 min manat dəyərində istehlak malları satılmış və ödənişli xidmətlər göstərilmişdir. Satılmış istehlak mallarının 96,3 faizi pərakəndə ticarət dövriyyəsinin payına düşmüşdür.

Bir nəfərə düşən pərakəndə ticarət dövriyyəsinə və məişət xidmətlərinə görə Naxçıvan Muxtar Respublikası ölkənin digər iqtisadi rayonları arasında ilk yerdədir.

Əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi məqsədilə Naxçıvan şəhərində alış-veriş mərkəzinin yenidən qurulması, Şərur rayonunun Muğancıq-Mehrab, Məmmədsabir və Qarabürc, Babək rayonunun Nəcəfəlidizə, Ordubad rayonunun Vənənd, Culfa rayonunun Camaldın kəndlərində xidmət mərkəzlərinin, Babək şəhərində bazarın tikintisi başa çatdırılmışdır.

Şərur rayonunun Şəhriyar, Ordubad rayonunun Nüsnüs, Kələki və Yuxarı Əndəmic kəndlərində xidmət mərkəzlərinin, Culfa rayonunun Əbrəqunus kəndində və Culfa şəhərində xidmət sahələrinin tikintisi davam etdirilmişdir.



Xarici ticarət, bank işi və sığorta fəaliyyəti

Muxtar respublikanın dinamik inkişafı, ən əsası yerli istehsalın şaxələndirilməsi xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət təsir göstərmişdir.

2020-ci ildə muxtar respublikanın xarici ticarət dövriyyəsi 510 milyon 547 min ABŞ dolları təşkil etmişdir. Xarici ticarət dövriyyəsinin 428 milyon 520 min ABŞ dollarını ixrac, 82 milyon 27 min ABŞ dollarını idxal təşkil etmiş və 346 milyon 493 min ABŞ dolları dəyərində müsbət saldo yaranmışdır.

Bank sektorunun inkişafı üzrə ardıcıl tədbirlər həyata keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 9 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “2019-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında rəqəmsal ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”ın icrası muxtar respublikada elektron ödəniş infrastrukturunun inkişafına, maliyyə vəsaitləri dövriyyəsinin sürətləndirilməsinə, nağd ödənişlərin azalmasına səbəb olmuşdur.

1 yanvar 2021-ci il tarixə muxtar respublikada quraşdırılmış POS-terminalların sayı 1410-a çatdırılmışdır. 2020-ci ildə internet və POS-terminallar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 89 milyon 398 min manat təşkil etmişdir.

1 yanvar 2021-ci il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 92338-ə çatmışdır ki, bunun da 80436-sı və ya 87,1 faizi aktiv hesablardır. 2020-ci ildə açılmış 36544 bank hesabının 36519-u aktiv hesablar olmuşdur.

2020-ci ildə muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 179 milyon 473 min manat kredit verilmişdir ki, bu da bir il öncəki göstəricidən 25,3 faiz çoxdur. Verilmiş kreditlərin 18 milyon 893 min manatı və yaxud 10,5 faizi qısamüddətli, 160 milyon 580 min manatı və yaxud 89,5 faizi uzunmüddətli kreditlər olmuşdur.

Naxçıvan Muxtar Respublikasında ölkənin digər iqtisadi rayonları ilə müqayisədə bank sektoru üzrə verilən kreditlərin ən aşağı orta faiz dərəcəsi tətbiq edilir ki, bu da özəl sektorun inkişafında ciddi amillərdən biridir.

Muxtar respublikada əhaliyə göstərilən bank xidmətlərinin səviyyəsinin yüksəldilməsi istiqamətində “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Şərur və Kəngərli rayonlarında inzibati binalarının tikintisi başa çatdırılmış, Kapital Bankın Ordubad filialının və “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Şahbuz rayon filialının inzibati binalarının tikintisi davam etdirilmişdir.

Muxtar respublikada sığorta sisteminin inkişafı istiqamətində həyata keçirilən tədbirlər 2020-ci ildə də davam etdirilmiş, aqrar sahənin potensial risklərdən zərər görmədən dayanıqlı inkişafının təmin olunması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 8 yanvar tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikasında “Aqrar Sığorta Fondu” yaradılmışdır.

Muxtar respublikada sığorta işi sahəsində fəaliyyətin təkmilləşdirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 22 aprel tarixli Fərmanı ilə “Naxçıvan Muxtar Respublikasının Dövlət Sığorta Xidməti” publik hüquqi şəxsi yaradılmışdır. Bundan əlavə, “Naxçıvansığorta” Açıq Səhmdar Cəmiyyəti yeni bina ilə təmin olunmuşdur.

Muxtar respublikada sığorta növləri üzrə daxilolmalar 2020-ci ildə 8 milyon 865 min manat olmuşdur ki, bu da bir il öncəki göstəricidən 5,6 faiz çoxdur. Könüllü sığorta daxilolmaları ötən illə müqayisədə 23,8 faiz artmışdır.



Elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət və turizm

Muxtar respublikada elmin inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. 2020-ci ildə bu istiqamətdə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinə laboratoriya və nəşriyyat avadanlıqları, şüşə qablar və kimyəvi reaktivlər təqdim olunmuş, muxtar respublikanın zəngin təbiətindən, faydalı qazıntılarından alınan, eləcə də aparılan elmi-tədqiqat işləri nəticəsində əldə olunan məhsulların satışını təşkil etmək məqsədilə “Yaşıl aptek” yenidən qurulmuşdur.

Təhsil sahəsi üzrə infrastruktur quruculuğu tədbirləri istiqamətində Naxçıvan Dövlət Universitetinin Xarici Dillər fakültəsinin binasının yenidən qurulması davam etdirilmişdir. Universitetdə tibb sahəsi üzrə təhsil alan tələbələrin təcrübi peşə bacarıqlarının artırılması məqsədilə əczaçılıq və simulyasiya kabinəsi istifadəyə verilmiş, universitet ərazisində külək və günəş hibrid qida qurğusu quraşdırılmışdır.

Muxtar respublikada elmlə istehsalat arasında qarşılıqlı əlaqənin qurulması, istehsalatın yeni elmi ideyalar əsasında inkişafı, elmi tədqiqatlara olan xərclərin səmərəliliyinin yüksəldilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri tərəfindən “Naxçıvan Dövlət Universitetində Texnologiyalar Parkının yaradılması haqqında” 2020-ci il 14 dekabr tarixdə Sərəncam imzalanmışdır.

Şərur rayonunun Qarabürc kəndində 120, Babək rayonunun Nəcəfəlidizə kəndində 78 şagird yerlik tam orta məktəb binalarının tikintisi, Ordubad rayonunun Vənənd kəndində 432, Şərur rayonunun Muğancıq-Mehrab kəndində 224, Culfa rayonunun Camaldın kəndində 252 şagird yerlik tam orta məktəb binalarının yenidən qurulması başa çatdırılmışdır.

Şərur rayonunun Şəhriyar, Ordubad rayonunun Nüsnüs kəndlərində məktəb binalarının və Ordubad şəhərində 1 nömrəli məktəb binasının yenidən qurulması davam etdirilmişdir.

Ordubad rayonunun Vənənd kəndində uşaq musiqi məktəbi binasının tikintisi başa çatdırılmış, Şərur rayonunun Şəhriyar kəndində uşaq musiqi məktəbi binasının yenidən qurulması, Naxçıvan şəhərində uşaq bağçasının tikintisi davam etdirilmişdir. Bundan əlavə Culfa Rayon Təhsil Şöbəsinin və məktəbdənkənar təhsil müəssisələrinin inzibati binasının yenidən qurulması başa çatdırılmışdır. Muxtar respublikada kimya-biologiya fənlərinin səmərəli tədrisini təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 4 avqust tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseyi yaradılmış, tədris ocağının tikintisi davam etdirilmişdir.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin İmtahan Mərkəzi, Şərur və Culfa rayonlarında yeni innovativ dərnəklər yaradılmış, muxtar respublikanın ümumtəhsil məktəblərində STEAM tədris metodunun tətbiqinə başlanılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 9 iyul tarixli Sərəncamı ilə 2020-ci ildə muxtar respublikada xüsusi istedadı olan 2 məktəblinin adı Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na yazılmış və onlar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülmüşlər.

Təhsilin inkişafı sahəsində görülən işlər nəticəsiz qalmamış, qəbul imtahanlarında iştirak edən abituriyentlərdən 2381-i ali və orta ixtisas məktəblərinin tələbəsi adını qazanmışdır. Ali məktəblərə qəbul olanlardan 1108-i ixtisas seçimi zamanı muxtar respublikanın ali təhsil müəssisələrinə üstünlük vermişdir. Qəbul imtahanlarının nəticələrinə əsasən 275 nəfər 500-dən yuxarı bal toplamış, onlardan 4-ü Prezident təqaüdünə layiq görülmüşdür.

Əhaliyə göstərilən səhiyyə xidmətlərinin daha da yaxşılaşdırılması istiqamətində Ordubad Rayon Gigiyena və Epidemiologiya Şöbəsinin, Şərur rayonunun Məmmədsabir, Ordubad rayonunun Vənənd, Culfa rayonunun Camaldın, Şahbuz rayonunun Ağbulaq kəndlərində həkim ambulatoriyası binalarının, Şərur rayonunun Muğancıq-Mehrab və Qarabürc, Babək rayonunun Nəcəfəlidizə kəndlərində feldşer-mama məntəqələrinin tikintisi başa çatdırılmışdır.

Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinin, Şərur rayonunun Şəhriyar, Ordubad rayonunun Nüsnüs və Yuxarı Əndəmic kəndlərində həkim ambulatoriyası binalarının tikintisi, Culfa Rayon Gigiyena və Epidemiologiya Şöbəsinin yenidən qurulması davam etdirilmişdir. Bundan əlavə, Naxçıvan “Duzdağ” Fizioterapiya Mərkəzinin inzibati binasının tikintisi başa çatdırılmışdır.

Ordubad rayonunda əhalinin sayının 50 min nəfəri keçməsi ilə əlaqədar olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 7 yanvar tarixli Sərəncamı ilə Ordubad Rayon Uşaq Xəstəxanası yaradılmış və səhiyyə müəssisəsi üçün binanın yenidən qurulması davam etdirilmişdir. İnfrastruktur quruculuğu ilə yanaşı, səhiyyə müəssisələrinə 12 təcili tibbi yardım avtomobili və tibbi avadanlıqlar verilmişdir.

Sosial layihələr çərçivəsində 2020-ci ildə yüksəkixtisaslı həkim heyəti tərəfindən ümumilikdə 19 cərrahi əməliyyat aparılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 26 dekabr tarixli Sərəncamı ilə 2020-ci ilin yanvar ayından Naxçıvan şəhərində, “Culfa rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbirlər haqqında” 2020-ci il 16 yanvar tarixli Sərəncamı ilə Culfa rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən muxtar respublikada icbari tibbi sığortanın tətbiqinin təmin olunması və əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması məqsədilə 2020-ci il 5 fevral tarixdə Sərəncam, icbari tibbi sığorta sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə 2020-ci il 1 dekabr tarixdə Fərman imzalanmışdır.

Səhiyyə sahəsində həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsidir ki, 2019-cu ildə muxtar respublikada ilk dəfə diaqnozla qeydə alınmış xəstələrdə bütün xəstəliklərin əhalinin hər 10000 nəfərinə düşən sayı ölkədə qeydə alınmış ən aşağı göstəricilərdəndir.

Muxtar respublikada səhiyyənin inkişafında mühüm xidmətləri olan tanınmış həkim və ictimai xadim - Əqil Mehdiyevin 100 illik yubileyinin keçirilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri tərəfindən 2020-ci il 17 sentyabr tarixdə Sərəncam imzalanmışdır.

Dünyada pandemiya halını alan virusun muxtar respublikada yayılmasının qarşısının alınması sahəsində tədbirlər görülmüş, Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılmış, müasir laboratoriya qurulmuş və lazımi tibbi ehtiyatlar yaradılmışdır. Virusla mübarizə məqsədilə səhiyyə müəssisələrinə ümumi dəyəri 4 milyon 700 min manatdan artıq olan tibbi avadanlıqlar, dərman və ləvazimatlar, həmçinin dezinfeksiya məhlulu alınmışdır.

Karantin dövründə Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında yaşayan tənha ahıl, ünvanlı dövlət sosial yardımı alan, çoxuşaqlı ailə və xüsusi qayğıya ehtiyacı olan 3955 nəfərə ərzaq payları, muxtar respublikada təhsil alan və pandemiyaya görə ölkələrinə gedə bilməyən 257 əcnəbi tələbəyə ərzaq və maddi yardım verilmiş, sosial qayğıya ehtiyacı olan 258 ailənin özünüməşğulluğu təmin olunmuşdur. İşsiz kimi qeydiyyata alınan vətəndaşlara 190 manat birdəfəlik vəsait ödənilmiş, vergiödəyicisi kimi qeydiyyatda olan sahibkarlıq subyektlərinə 7 milyon 279 min manat maliyyə yardımı göstərilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 20 aprel və 23 iyun 2020-ci il tarixli Sərəncamlarına əsasən dövlət tibb müəssisələrində çalışan tibb işçilərinə, həmçinin Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinin və digər dövlət qurumlarının pandemiya ilə mübarizədə profilaktik dezinfeksiya tədbirləri həyata keçirən işçilərinə aylıq vəzifə maaşlarının 1-3 misli məbləğində mükafat və müddətli əlavələr ödənilmişdir.

Hesabat dövrünün sonuna muxtar respublikada hər bir nəfərə düşən aylıq gəlirləri ehtiyac meyarından aşağı olan 442 ailəyə ünvanlı dövlət sosial yardımı ödənilmişdir. Bundan əlavə 2 şəhid ailəsinə, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə sağlamlığını itirmiş 6 nəfərə, hərbi xidmət vəzifələrini yerinə yetirərkən sağlamlıq imkanları məhdudlaşmış 2 nəfərə olmaqla, ümumilikdə 10 ailəyə fərdi yaşayış evləri və mənzillər, eyni zamanda Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda sağlamlığını itirmiş 8 nəfər, hərbi xidmət vəzifələrinin icrası zamanı sağlamlığını itirmiş 11 nəfər və Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında sağlamlığını itirmiş 6 nəfər, ümumilikdə 25 nəfər minik avtomobilləri ilə təmin olunmuşdur.

Muxtar respublikada aztəminatlı 204 ailəyə 408 baş iribuynuzlu, 47 ailəyə 940 baş xırdabuynuzlu, 23 ailəyə mini yerşumlayan aqreqat, 3 ailənin hər birinə 10 arı ailəsi, 3 ailəyə dərzi avadanlığı və ləvazimatları, 1 ailəyə təndir çörəyi, kətə və digər unlu məmulatların hazırlanması üçün ləvazimatlar, 1 ailəyə şirniyyat hazırlanması üçün avadanlıq və ləvazimatlar, 2 ailəyə 200 baş quş və quş yemi, 1 ailəyə mebellərin təmiri və üzlənməsi avadanlıqları, 2 ailəyə döşəmə hamarlayan dəzgah, 3 ailəyə qaynaqçı avadanlığı və ləvazimatları, 1 ailəyə inkubator və quş tükü təmizləyən aparat verilmişdir. Ümumilikdə 2020-ci ildə 1289 nəfər ailə üzvü olan 291 aztəminatlı ailənin özünüməşğulluğu təmin edilmişdir. Bundan əlavə, özünüməşğulluğun təmin edilməsi istiqamətində sosial qayğıya ehtiyacı olan ailələrlə görüş keçirilmiş, təsərrüfatlarını nümunəvi inkişaf etdirən 7 ailəyə süd sağımı, 8 ailəyə otdoğrayan, 4 ailəyə isə arpa-buğda qıran aqreqatları verilmişdir. Bundan əlavə əlilliyi olan qadınlarla müqavilə bağlanaraq 4100 cüt yun corab, 2900 ədəd yun boyunluq və 920 ədəd yun şərf haqqı ödənilməklə təhvil alınmışdır.

Hesabat dövründə 305 tənha ahıl və əlil vətəndaşa evlərində sosial xidmət göstərilmiş, Naxçıvan Əlillərin Bərpa Mərkəzində 149 nəfərin, Naxçıvan Uşaq Bərpa Mərkəzində 173 uşağın müalicəsi təşkil edilmişdir. Bundan əlavə müalicə məqsədilə 51 nəfər yollayışlarla, 339 nəfər 435 texniki reabilitasiya, 167 nəfər 392 köməkçi rebilitasiya vasitələri ilə təmin olunmuş, 276 nəfərə protez-ortopediya xidmətləri göstərilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 19 fevral tarixli Sərəncamı ilə yaradılmış Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında “ASAN xidmət” Mərkəzinin tikintisi davam etdirilmişdir.

Muxtar respublikada arxiv işi sahəsində həyata keçirilən islahatların davamlılığını, dövlət arxiv təşkilatlarının fəaliyyətinin təkmilləşdirilməsini, cəmiyyətdə arxiv işinin rolunun artırılmasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 14 mart tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasında arxiv işinin inkişafına dair 2020-2025-ci illər üçün Dövlət Proqramı” təsdiq edilmişdir.

Muxtar respublikada əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi, öz növbəsində, demoqrafik vəziyyətə müsbət təsir göstərmiş, əhalinin sayı bir il öncəyə nisbətdə 2,3 min nəfər artaraq 1 dekabr 2020-ci il tarixə 461 min 658 nəfər olmuşdur. Əhali artımının təmin olunmasında yeni doğulanlar və müsbət miqrasiya ilə yanaşı, insanların uzunömürlü yaşaması da mühüm rol oynayır. Belə ki, 2020-ci ilin ötən dövründə əhalinin hər 1000 nəfərinə hesabı ilə ölənlərin sayı muxtar respublikada 5,4 nəfər təşkil etmişdir ki, bu da ölkənin digər iqtisadi rayonları və Bakı şəhəri ilə müqayisədə ən aşağı göstəricidir. Bu dövr ərzində əhalinin hər 1000 nəfərinə hesabı ilə ən az boşanma halı da muxtar respublikada qeydə alınmışdır.

“Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” 2020-ci il 12 iyun tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Babək qəsəbəsinə şəhər, Cəhri və Nehrəm kəndlərinə qəsəbə statusu verilmiş, təqdimat keçirilmişdir.

Muxtar respublikada pensiya və müavinətlərin dayanıqlı maliyyə təminatı formalaşdırılmışdır. Dövlət Sosial Müdafiə Fondu tərəfindən 2020-ci ildə pensiya və müavinətlərin ödənilməsinə 180 milyon 696 min manatdan çox vəsait yönəldilmişdir ki, bu da bir il öncəki göstəricidən 21,1 faiz çoxdur.

Muxtar respublikada idmanın inkişafı 2020-ci ildə də diqqətdə saxlanılmış, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 14 fevral tarixli Sərəncamı ilə “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı” təsdiq edilmişdir. Müvafiq Dövlət proqramının icrası davam etdirilmiş, Naxçıvan şəhərində idman festivalı keçirilmişdir.

Uzunoba Su Anbarı ərazisində çimərlik futbolu meydançasının yaradılması başa çatdırılmış, təlim-məşq kompleksinin və Ordubad Şəhər Stadionunun tikintisi davam etdirilmişdir.

Milli dəyərlərimizin təbliği, onun daha da zənginləşdirilərək gələcək nəsillərə ötürülməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.

2020-ci ildə Naxçıvan şəhərində buzxananın yenidən qurulması, Yusif Küseyir oğlu türbəsinin və Kəngərli rayonunda Şahtaxtı hamamının bərpası başa çatdırılmışdır.

Naxçıvan şəhərində Naxçıvançay sahilində “Sahil Parkı”nın, Şərur şəhərində musiqili fəvvarənin tikintisi, Təqaüdçülər Klubunun yenidən qurulması başa çatdırılmış, Şərur Rayon Mədəniyyət Sarayının və “Saat Meydanı”nın, Şahbuz rayonunda Tarix-Diyarşünaslıq Muzeyinin tikintisi davam etdirilmişdir. Bundan əlavə Ordubad rayonunda “Bayraq Meydanı”nın tikintisi başa çatdırılmış, Şərur və Sədərək rayonlarında bayraq meydanlarının tikintisi davam etdirilmişdir.

Şərur şəhərində Mərasim evi və dini icma üçün iş otaqlarının yenidən qurulması, Culfa rayonunun Qazançı kəndində məscidin tikintisi, Milax kəndində məscidin, Ərəfsə kəndində pirin əsaslı təmiri başa çatdırılmış, Naxçıvan şəhərində və Babək rayonunun Cəhri qəsəbəsində hər birində bir məscidin tikintisi, Ordubad Cümə məscidinin yenidən qurulması davam etdirilmişdir.

Naxçıvanda musiqi sənətinin və təhsilinin inkişafında xüsusi xidmətləri olan bəstəkar Məmməd Məmmədovun 100 illik yubileyinin keçirilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən 2020-ci il 28 yanvar tarixdə Sərəncam imzalanmışdır.

2020-ci ildə muxtar respublikada kütləvi informasiya vasitələrinin inkişafı diqqətdə saxlanılmış, Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinə yeni avadanlıqlar və avtomobillər təqdim edilmişdir. Naxçıvan Dövlət Teleradiosunun efir vaxtı 1 saat artırılmış, yeni internet saytı yaradılmışdır. “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyinin binasında yenidənqurma işləri aparılmış, yeni rəngayırma avadanlığı alınmışdır. Milli Mətbuatın 145 illiyi muxtar respublikada qeyd olunmuş, media işçiləri mükafatlandırılmış, səmərəli fəaliyyətləri və gənc ailə olmaları nəzərə alınaraq bir ailə mənzillə təmin olunmuşdur.

Muxtar respublikada turizmin inkişafı istiqamətində tədbirlər davam etdirilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı” görülən işlərin davamlılığının təmin edilməsinə geniş imkanlar yaradıb. Culfa rayonunda Darıdağ arsenli su müalicə və istirahət kompleksinin tikintisi muxtar respublikanın turizm imkanlarının genişlənməsinə öz töhfəsini verəcəkdir. Muxtar respublikanın tanıdılması məqsədilə hazırlanmış “Azərbaycanın ürəyidir Naxçıvan” sənədli filmi Bolqarıstanda keçirilmiş turizm film festivalında “Turizm məkanı” kateqoriyası üzrə “Reportaj və ya sənədli film” alt kateqoriyasında qalib gəlmişdir.



Hüquq-mühafizə orqanları ilə iş

Muxtar respublikada hüquq-mühafizə orqanlarının maddi­texniki bazasının gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.

2020-ci ildə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinə yeni xidməti avtomobillər və avadanlıqlar təqdim olunmuş, muxtar respublikada aparılan tikinti-quraşdırma işlərində tikinti norma və qaydalarının tələblərinə əməl olunmasına nəzarəti daha da gücləndirmək məqsədilə Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsinin yeni laboratoriyası fəaliyyətə başlamışdır.

Sədərək rayonunda Sədərək sərhəd gömrük-buraxılış məntəqəsinin tikintisi davam etdirilmiş, Culfa Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsi üçün yeni xidmət kompleksi qurulmuş, Yanğın Təhlükəsizliyi Şöbəsinə “İVECO” və “Kamaz” markalı 4 müasir yanğınsöndürmə avtomobili, “Niva” markalı əməliyyat minik maşını və “Zil-131” markalı avtomobilin bazasında yığılmış 30 metr uzunluğunda avtopilləkən təqdim olunmuşdur.

Aparılan təhlillər deməyə əsas verir ki, bütün sahələrdə əldə olunmuş uğurlar muxtar respublikanın davamlı və dinamik inkişafına, əhalinin həyat səviyyəsinin yüksəldilməsinə yeni imkanlar yaratmaqdadır.



yuxarı

BAĞLA