Məlumatı yüklə

İnformasiya və rabitə

sahəsinin inkişafı təmin edilib




Muxtar respublikada yeni texnologiyaların ictimai həyatın bütün sahələrində geniş surətdə tətbiqi davamlı inkişafı təmin etmiş, əhalinin gündəlik fəaliyyətinə nüfuz edərək onun rahatlığına və rifahına yeni imkanlar yaratmışdır.

Son dövrlərdə muxtar respublikada mobil rabitə operatorlarının fəaliyyətinin təşkili, mövcud koordinat tipli avtomat telefon stansiyaların elektron tipli avtomat telefon stansiyaları ilə əvəz edilməsi, fiber-optik kabel xətlərinin çəkilişi, 4G və “Naxtel” simsiz telefon xidmətinin istifadəyə verilməsi, Naxçıvan Dövlət Televiziya və Radiosunun internet üzərindən yayımlanması, “Universitet” televiziyasında videodərslərin hazırlanması və distant tədrisin tətbiqi məqsədilə avadanlıqların quraşdırılması, iqtisadiyyatın bütün sahələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin uğurla davam etdirilməsi bu sahənin sürətli inkişafına təkan vermişdir.

Muxtar respublikada elektron hökumətin formalaşdırılması sahəsində də ardıcıl tədbirlər aparılmış, Vətəndaşların Müraciətləri üzrə Elektron Qeydiyyat və İdarələrarası Elektron Sənəd Dövriyyəsi Sistemləri istifadəyə verilmiş, dövlət orqanlarına, vətəndaşlara və sahibkarlıq subyektlərinə elektron imzaların verilməsi davam etdirilmişdir. Bundan əlavə, “Evədək optika” layihəsi üzrə görülən işlər də telekommunikasiya sahəsində yeniliklərin əldə olunmasına şərait yaratmışdır.

Muxtar respublikanın telekommunikasiya sisteminin yenilənməsi istiqamətində Naxçıvan şəhərini, Şərur, Babək, Ordubad, Şahbuz və Sədərək rayonlarını əhatə edən yeni nəsil telekommunikasiya xidmətlərindən istifadəyə imkan verən 4-cü nəsil avtomat telefon sistemləri istifadəyə verilmişdir.




Rabitə xidmətlərindən istifadə qismində 1 yanvar 2020-ci il tarixə muxtar respublikada əsas telefon aparatlarının sayı 73 min 137 nömrəyə çatıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvanpoçt” publik hüquqi şəxsin yaradılması haqqında 2019-cu il 4 noyabr tarixli Sərəncamı bu sahədə xidmətlərin müasir tələblərə uyğun qurulmasına şərait yarat¬mışdır. Muxtar respublika üzrə ümumilikdə, 188 poçt şöbəsi mövcuddur ki, bunun da 26-sı şəhər, 162-si isə kənd yerlərində fəaliyyət göstərir.

Əhalinin maddi rifah halının yaxşılaşmasının və informasiya texnologiyaları sahəsində yaradılmış şəraitin nəticəsidir ki, 1 yanvar 2020-ci il tarixə muxtar respublikanın ev təsərrüfatlarında, müəssisə və təşkilatlarda 132,4 minə yaxın kompüter mövcud olmuşdur ki, bu da 1 yanvar 2011-ci il tarixə olan göstəricidən 1,6 dəfə çoxdur. 2019-cu ildə kompüter istifadəçilərinin sayı 352,6 min nəfər, mobil telefonlar nəzərə alınmaqla internet istifadəçilərinin sayı 391,5 min nəfər olmuşdur. 2010-cu illə müqayisədə kompüter və internet istifadəçilərinin sayı hər iki halda 2 dəfə artmışdır.

Muxtar respublikada informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı bu sahə üzrə göstərilən xidmətlərin dəyərinin dinamik artımına da zəmin yaradıb. Belə ki, informasiya və rabitə xidmətlərinin dəyəri 2020-ci ilin yanvar-oktyabr aylarında 47 milyon 323 min manat olmuşdur ki, bu da 2010-cu ilin müvafiq dövründəki göstəricidən 1,6 dəfə çoxdur.


Yanvar-oktyabr ayları üzrə informasiya və
rabitə xidmətlərinin dəyəri, min manat


Cari ilin yanvar-oktyabr aylarında muxtar respublikada informasiya və rabitə sahəsinin inkişafına 1 milyon 443 min 800 manat vəsait yönəldilmişdir.

Bu dövr ərzində Şərur rayonunun Muğancıq-Mehrab və Məmmədsabir, Babək rayonunun Nəcəfəlidizə, Ordubad rayonunun Vənənd və Culfa rayonunun Camaldın kəndlərində yaradılan kənd mərkəzlərində yeni rabitə evləri istifadəyə verilmiş, Şərur rayonunun Muğancıq-Mehrab kəndində 192, Məmmədsabir kəndində 256, Babək rayonunun Nəcəfəlidizə kəndində 32, Ordubad rayonunun Vənənd kəndində 568 və Culfa rayonunun Camaldın kəndində 320 nömrə tutumlu yeni nəsil avtomat telefon stansiyaları quraşdırılmışdır.

Culfa rayonunda Yeni Nəsil Telekommunikasiya Sisteminin yaradılması, rabitə evinin yenidən qurulması, Ordubad rayonunda Dəstə Radio-Televiziya Verici Stansiyası üçün binanın tikintisi başa çatdırılmış, Kəngərli rayonunda rabitə evinin, Sədərək rayonunda Radio-Televiziya Ötürücü Stansiyası üçün binanın tikintisi davam etdirilmişdir.

Bundan əlavə, Naxçıvan şəhərində “Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyətinin yeni binası istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Bu gün həyatı yeni texnologiyalarsız təsəvvür etmək mümkün deyil” fikrinə uyğun olaraq həyata keçirilən uğurlu siyasət davamlı və dinamik inkişafı, əhalinin müasir texnologiyalardan istifadə imkanlarını daha da artıracaqdır.


yuxarı

BAĞLA