Bu günün tarixi 1987-ci ildən başlayır. 23 il əvvəl oktyabr ayının 17-də yüz minə yaxın insan 1948-ci ildə İnsan Haqları Haqqında Ümumi Deklarasiyanın imzalandığı Parisin Trokadero meydanına toplaşmışdı. Məqsəd bütün dünyadakı yoxsullara, aclıqdan əziyyət çəkən insanlara diqqət çəkməkdən ibarət idi. 1992-ci il 22 dekabr tarixində isə Birləşmiş Millətlər Təşkilatının 17 oktyabr tarixini Yoxsulluqla Mübarizə günü kimi elan etdi və bütün bəşəriyyəti bu problemlə mübarizəyə səsləmiş oldu.
Ən acı həqiqət odur ki, indi bütün dünyada milyonlarla insan yoxsulluqdan, aclıqdan əziyyət çəkir. Yer üzündə bu sahədə mənzərənin necə acınacaqlı olmasını konkret faktlarla göz önünə gətirmək mümkündür:
dünyada hər 1 dəqiqədə 1 kasıb ana doğuş zamanı həyatını itirir;
yoxsulluq üzündən hər 3 saniyədə 1 körpə məhv olur;
dünyada hər gün 50 min insan qarşısı alına biləcək xəstəliklərdən dünyasını dəyişir;
dünyada hər il 11 milyon uşaq 5 yaşı tamam olmadan vəfat edir;
1,1 milyard adam gündə 1 dollardan az vəsaitlə dolanmaq məcburiyyətindədir;
1,2 milyard insan içməyə su tapmır;
və nəhayət hər gecə 1 milyard insan ac yatır və ya ac olduğu üçün yata bilmir.
Bu gün dünya ictimaiyyətini ciddi narahat edən 2 ən aktual problemdən biri ekoloji problem, digəri isə yoxsulluqdur.
2000-ci ilin sentyabrında Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının təşkilatçılığı ilə 147 ölkənin başçısı minilliyin samitinə toplaşaraq, Minilliyin İnkişaf Məqsədlərini əks etdirən birgə Bəyannamə imzalanmış və bununla da yoxsulluğun azaldılması məsələlərini özlərinin 2015-ci ilə qədər öhdəlikləri kimi müəyyənləşdirmişlər. Bəyannamədə göstərilən vəzifələri həyata keçirmək üçün 18 hədəfi və 48 göstəricini özündə əks etdirən 8 qlobal məqsəd müəyyənləşdirilmişdir. Həmin qlobal məqsədlərdən birincisi məhz ifrat yoxsulluq və aclıq içində yaşayan dünya əhalisinin sayının yarıyadək azaldılmasını nəzərdə tutur.
Minilliyin Bəyannaməsini Azərbaycan Respublikası adından xalqımızın ümummilli lideri Heydər Əliyev imzalamışdır.
Minilliyin Bəyannaməsinə qoşulan bir ölkə kimi, Azərbaycan Respublikasında da bu öhdəliyin ölkə şəraitinə uyğun şəkildə həyata keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 20 fevral tarixli Fərmanı ilə “2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı” təsdiq edilmişdir.
Həmin Dövlət Proqramının həyata keçirilməsi nəticəsində 2003-2005-ci illərdə respublikada ümumi makroiqtisadi sabitlik qorunub saxlanılmış, dinamik iqtisadi artımın davamlılığı təmin edilmiş, inflyasiya və milli valyutanın məzənnəsi məqbul səviyyədə saxlanılmışdır. Bu isə ölkədə mövcud olan sosial problemlərin, o cümlədən yoxsulluq probleminin həlli istiqamətində təsirli tədbirlərin həyata keçirilməsinə imkan yaratmışdır. Belə ki, 2005-ci ildə yoxsulluq səviyyəsi ölkədə 2002-ci ildəki 46,7 faizdən 29,3 faizə, muxtar respublikamızda isə 23 faizə enmişdir.
Əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində əldə olunan bu müsbət meylləri davam etdirmək məqsədilə ölkə başçısı cənab İlham Əliyevin 2008-ci il 15 sentyabr tarixli Sərəncamı ilə “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” təsdiq olunmuş və konkret icra istiqamətləri müəyyənləşdirilmişdir.
Digər tərəfdən ölkə başçısının müvafiq Sərəncamları ilə təsdiq olunmuş, 2004-2008-ci və 2009-2013-cü illəri əhatə edən Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramları, 2006-2015-ci illəri əhatə edən Məşğulluq Strategiyası, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamları ilə təsdiq olunmuş, 2005-2008-ci illəri əhatə edən Naxçıvan Muxtar Respublikasının Regional İnkişaf Proqramı və 2007-2010-cu illəri əhatə edən Naxçıvan Muxtar Respublikasında Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramı ümumi iqtisadi aktivliyi xeyli artırmış və inkişafın dinamikliyinin qorunub saxlanılmasında mühüm rol oynamışdır.
Yoxsulluq sosial və institusional məsələlərlə yanaşı, iqtisadi məsələləri də əhatə edən çoxşaxəli bir problemdir. Yoxsulluğun azaldılması yalnız iqtisadi siyasət sahəsində həyata keçirilən tədbirlər nəticəsində əldə edilməsə də, iqtisadi artım və makroiqtisadi sabitlik kimi məsələlər yoxsulluğun azaldılmasına zəmin yaradaraq, çoxşaxəli və davamlı inkişaf tempinin təmin edilməsində mühüm amildir. Məhz bu baxımdan makro səviyyədə iqtisadi sabitliyin qorunub saxlanılması - bütün dövlət xərclərinin davamlı və inflyasiya yaratmayan şəkildə idarə edilməsini, davamlı olaraq iqtisadi artımın təmin edilməsini tələb edir.
Son 15 il ərzində muxtar respublikamızda aparılan uğurlu iqtisadi siyasət nəticəsində ümumi makroiqtisadi sabitlik qorunub saxlanılmış, iqtisadi artımın davamlılığı təmin edilmiş, sahibkarlığın inkişafı geniş vüsət almış, xüsusilə rayonlarımızda yeni iş yerlərinin yaradılması genişləndirilmişdir. Bütün bunlar əhalinin gəlir əldə etmək imkanlarının artmasına və rifahının əhəmiyyətli dərəcədə yaxşılaşmasına öz müsbət təsirini göstərmişdir.
* * * *
Ötən 15 il ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin məqsədyönlü fəaliyyəti nəticəsində, ilk növbədə muxtar respublikamızın hərtərəfli tərəqqisində mühüm amil olan ictimai-siyasi sabitlik qorunub saxlanılmışdır. Dəqiq müəyyənləşdirilmiş prioritetlər, elmi və təcrübi əsaslara söykənən fundamental qərarlar, muxtar respublika sakinlərinin mənafeyinə uyğun reallaşdırılan sosial-iqtisadi siyasət, mobil idarəetmə mexanizmləri, mövcud imkanlardan əhalinin rifahı naminə maksimum istifadə muxtar respublikamızın müasir tarixinin son on beş illik dövrünü səciyyələndirən ən xarakterik xüsusiyyətlərdəndir.
Bu dövr ərzində bütün iqtisadi fəaliyyət sahələrində sürətli inkişafa rəvac verən səmərəli iqtisadi siyasət muxtar respublikamızda tarazlı və davamlı inkişaf üçün başlıca vəsilə olmuş, şəhər və rayonlarımızda canlanma yaranmış, iş adamlarının normal fəaliyyəti üçün əlverişli biznes mühiti formalaşdırılmış, yeni təsərrüfat subyektlərinin yaradılması sayəsində işsizliyin səviyyəsi xeyli dərəcədə azaldılmışdır.
Muxtar respublikamızın mərkəzində olduğu kimi, rayonlarımızda, hətta ən ucqar kəndlərimizdə belə nəqliyyat-kommunikasiya sisteminin bərpası, elektrik enerjisi, rabitə, qaz, su təminatı kimi sosial məsələlərin həlli, müasir informasiya texnologiyalarının tətbiqi mədəni-intellektual yüksəlişə əsaslı zəmin yaratmışdır. Muxtar respublikada mövcud potensialdan səmərəli istifadə etməklə iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafına, istehsal müəssisələrinin fəaliyyətinin daha da genişləndirilməsinə, ixracyönümlü məhsul istehsalının stimullaşdırılmasına, yerli sahibkarlığın inkişafı yolu ilə əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına, məşğulluq səviyyəsinin, xüsusilə gənclərin faydalı əmək məşğulluğunun artırılmasına və ümumilikdə muxtar respublika iqtisadiyyatının dinamik inkişafına nail olunmuşdur.
Naxçıvan Muxtar Respublikasında son 15 ildə həyata keçirilən iqtisadi islahatlar qısa tarixi dövr ərzində makroiqtisadi sabitliyin bərqərar olmasını təmin etmiş, iqtisadiyyatın dinamik inkişafına təkan vermiş və əhalinin həyat səviyyəsini əhəmiyyətli dərəcədə yaxşılaşdırmışdır. Əsas xarakterik cəhət ondan ibarətdir ki, ötən dövr ərzində həyata keçirilən islahatlar muxtar respublikada makroiqtisadi səviyyəni xarakterizə edən göstəricilərin müəyyən qisminin deyil, ümumilikdə hamısının pozitiv meyilli yüksəlişini təmin etmişdir. 2010-cu ilin yanvar-avqust aylarında ümumi daxili məhsulun həcmi 1995-ci ilə nisbətən 17 dəfə, adambaşına düşən ümumi daxili məhsulun həcmi 14 dəfə, sənaye məhsulunun həcmi 23 dəfə, əsas kapitala yönəldilən investisiyalar 114 dəfə, kənd təsərrüfatının ümumi məhsulu 4 dəfə, nəqliyyat sektorunda yük daşınması 11 dəfə, informasiya və rabitə xidmətinin həcmi 54 dəfə, pərakəndə əmtəə dövriyyəsi 10 dəfə, əhaliyə göstərilən pullu xidmətlər 16 dəfə, dövlət büdcəsinin gəlirləri 16 dəfə, əhalinin gəlirləri 19 dəfə, adambaşına düşən gəlirlər 16 dəfə, orta aylıq əməkhaqqı isə 18 dəfə artmışdır.
* * * *
Sosial-iqtisadi proseslərin intensivliyinin təmin edilməsi, idarəetmənin, iqtisadiyyatın müxtəlif sahələrində çalışan işçilərin əmək şəraitinin müasir standartlar səviyyəsində yaxşılaşdırılması üçün mütəmadi olaraq əsas fondların yaradılması, yeniləşdirilməsi, infrastrukturun, kommunal xidmət təminatının təkmilləşdirilməsi, sosial obyektlərin inşası hazırkı iqtisadi fəaliyyətin mühüm istiqamətlərindəndir.
01 yanvar 1995-ci il tarixdən 01 sentyabr 2010-cu ilədək olan dövr ərzində muxtar respublikada bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş investisiyanın həcmi 1 milyard 835 milyon 467 min manat təşkil etmişdir. Bu investisiyanın sərfi nəticəsində ötən dövr ərzində 393 inzibati bina, mənzil-kommunal təsərrüfatı sahəsində 593 obyekt, 153 nasos stansiyası, 353 subartezian quyusu, 119 körpü, rabitə və informasiya texnologiyaları sahəsində 260 obyekt və qurğu, 2095 müxtəlif güclü transformator yarımstansiyası, 45 məişət evi və ticarət mərkəzi, 231 elm və təhsil müəssisəsi, 272 mədəniyyət müəssisəsi, 173 səhiyyə müəssisəsi, 33 idman obyekti, 312 halda su, kanalizasiya və drenaj xətləri, əlil, məcburi köçkün, qaçqın, şəhid ailələri, təbii fəlakətdən zərər çəkənlər və digər bu kimi kateqoriyalardan olan şəxslər üçün 457 fərdi ev, 3374 istehsal, xidmət və digər infrastruktur obyektləri istifadəyə verilmişdir.
* * * *
İnsanların normal qidalanması bəşəriyyəti məşğul edən ən aktual məsələlərdəndir. Naxçıvan Muxtar Respublikasında əhalinin zəruri ərzaq məhsulları ilə təmin edilməsi məqsədilə aqrar bölmədə ötən 15 il ərzində aparılan köklü islahatlar bu sahənin daha sürətli inkişafına əlverişli zəmin yaratmışdır. Muxtar respublikada ərzaq məhsulları istehsalını artırmaq, əhalini təhlükəsiz və keyfiyyətli ərzaq məhsulları ilə təmin etmək, sahibkarlıq mühitini yaxşılaşdırmaq məqsədi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2008-ci il 17 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” muxtar respublikada kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasında yeni istiqamətləri müəyyənləşdirmişdir. Yeni emal müəssisələrinin yaradılması, məhsul istehsalçılarına dövlət maliyyə yardımının göstərilməsi, güzəştli şərtlərlə gübrə satışının təşkili, məhsulun satışı üçün yarmarkaların keçirilməsi kənd təsərrüfatı sahəsində məhsul istehsalının həcminin ildən ilə artmasına səbəb olmuşdur.
Aparılan məqsədyönlü tədbirlər və əhalidə xüsusi mülkiyyətə münasibətin köklü dəyişməsi, fərdi sahibkarlıq fəaliyyətinin üstün istiqamət alması öz növbəsində muxtar respublikada il ərzində istehsal olunan kənd təsərrüfatı məhsullarının həcminin artmasını şərtləndirən əsas amillərdəndir. Belə ki, 2010-cu ilin yanvar-avqust ayları ərzində muxtar respublikada 155 milyon manatdan çox kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur ki, bu da 1995-ci ilin müvafiq göstəricisindən 4 dəfə çoxdur.
* * * *
Əhalinin yaşayış şəraitini yaxşılaşdırmaq, mənzil tikintisinin səmərəli maliyyələşdirmə mexanizmini yaratmaq, bu sahədə formalaşan təklifin alıcılıq qabiliyyətli real tələbə uyğunlaşmasını təmin etmək və ipoteka kreditləşməsinə yerli və xarici investorları cəlb etmək məqsədi ilə Azərbaycan Respublikası Mərkəzi Bankının nəzdində Azərbaycan İpoteka Fondu yaradılmışdır. Fond müvəkkil kredit təşkilatları tərəfindən verilmiş ipoteka kreditlərini maliyyələşdirir, yenidən maliyyələşdirilən ipoteka kreditlərinə dair tələbləri müəyyən edir, maliyyə vəsaitlərinin cəlb olunması məqsədilə ipoteka ilə təmin olunmuş qiymətli kağızlar emissiya edir, fəaliyyətinin sabitliyini və likvidliyini təmin etmək üçün maliyyə risklərini idarə edir və sair bu kimi funksiyaları həyata keçirir. 2007-ci ilin iyun ayının 29-da muxtar respublika rəhbərliyinin qayğısı ilə adıçəkilən qurumun müvafiq funksiyalarını həyata keçirəcək Azərbaycan Respublikası İpoteka Fondunun Naxçıvan Muxtar Respublika filialı yaradıldı və hazırda müvafiq işlərin muxtar respublikada təşkili üçün tədbirlər görülür.
Bazar iqtisadiyyatına keçidlə bağlı ilkin təcrübə göstərdi ki, özəl sektorun inkişafına nail olmadan infrastrukturu yeniləşdirmək, iqtisadi yüksəlişi, sosial məsələlərin həllini təmin etmək, əhalinin məşğulluq səviyyəsini artırmaq yoxsulluğu azaltmaq mümkün deyil. Ölkəmizin bütün regionlarında olduğu kimi muxtar respublikada da sahibkarlığın inkişafına xidmət edən kompleks tədbirlər davam etdirilərək özəl sektorun inkişafının stimullaşdırılması istiqamətində mühüm addımlar atılmışdır.
* * * *
Ölkə başçısının “Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin “bir pəncərə” prinsipi üzrə təşkilinin təmin edilməsi tədbirləri haqqında” 2007-ci il 25 oktyabr tarixli Sərəncamına uyğun olaraq sahibkarlıq subyektlərinin qeydiyyatının” bir pəncərə” prinsipi üzrə təşkili muxtar respublikada biznes mühitinin əlverişliliyinin daha da artırılmasına və biznesə başlama qaydalarının sadələşdirilməsinə şərait yaratmışdır. Belə ki, əvvəllər sahibkarlıq fəaliyyətinə başlamaq üçün vətəndaşlar 15 prosedura üzrə sənəd toplamalı, həmin sənədləri əldə etmək üçün çoxsaylı dövlət qurumlarına müraciət etməli idilər. ”Bir pəncərə” sisteminin tətbiqindən sonra biznesini qeydiyyatdan keçirmək istəyən sahibkar əvvəllər olduğu kimi 72 gün deyil, 3 gün gözləyir və 15 prosedura deyil 5 proseduradan keçərək sahibkar kimi qeydiyyata alınır. Ümumilikdə son 15 il ərzində muxtar respublikada 13811 sahibkarlıq subyektinin fəaliyyətə başlaması iqtisadi aktivliyi səciyyələndirən mühüm göstəricilərdəndir.
* * * *
Kredit qoyuluşu maliyyə fəaliyyətinin tərkib hissəsi olmaqla iqtisadiyyatın dinamik inkişafında, yeni infrastrukturun yaradılmasında, insanların sahibkarlıq sferasına daxil olmasında və sair bu kimi zəruri məqsədlərə çatmaqda mühüm vasitədir. Naxçıvan Muxtar Respublikasının inzibati ərazisində fəaliyyət göstərən bank strukturları və kredit təşkilatları tərəfindən sahibkarlara 2010-cu ilin yanvar-sentyabr ayları ərzində verilmiş kreditlərin həcmi 1995-ci illə müqayisədə 103 dəfə artaraq 25 milyon 825 min manatdan çox təşkil etmişdir. Verilmiş kreditlərin 10 milyon 419 min manatı qısamüddətli,15 milyon 406 min manatı isə uzunmüddətli kreditlərdir.
2000-ci ildən ötən müddət ərzində Naxçıvan Muxtar Respublikası Sahibkarlığa Kömək Fondu tərəfindən 923 layihənin maliyyələşdirilməsinə ümumilikdə 62 milyon manata yaxın həcmdə kredit verilmişdir.
Özəl sektorun inkişafı üçün yaradılmış münbit şəraitin nəticəsi olaraq 2010-cu ilin yanvar-avqust aylarında muxtar respublikada Ümumi Daxili Məhsul istehsalında özəl bölmənin payı 85,7 faiz təşkil etmişdir. Özəl sektor inkişaf etdikcə, ümumi daxili məhsulda bu sektorun xüsusi çəkisi artdıqca və sahibkarlıq fəaliyyəti genişləndikcə məşğulluq problemi də məhz bu sektor hesabına təmin edilir.
* * * *
Reallaşdırılan səmərəli iqtisadi siyasətin nəticəsi olaraq əhalinin gəlirləri, gəlirlərdən son istehlak xərcləri çıxıldıqdan sonra onun yığıma yönəldilən hissəsi davamlı şəkildə yüksəlməkdədir.
Muxtar respublikada əhalinin gəlirləri 2010-cu ilin yanvar-avqust aylarında 1995-ci illə müqayisədə 19 dəfə artaraq 610 milyon 457 min manat olmuş, bu dövr ərzində adambaşına gəlirlər 16 dəfə artaraq 1510 manata çatmışdır
* * * *
Aparılan məqsədyönlü iqtisadi siyasət muxtar respublikada əhali rifahının davamlı yüksəlişinə əsaslı zəmin yaratmışdır. 2010-cu ilin yanvar-avqust aylarında muxtar respublikada bir işçiyə hesablanmış orta aylıq əməkhaqqının məbləği 282 manat olmuş və 1995-ci il üzrə müvafiq göstəricini 18 dəfə üstələmişdir.
Orta aylıq əməkhaqqının artımı, digər tərəfdən isə sahibkarlığın geniş vüsət alması məcburi dövlət sosial sığorta haqlarının yığılmasına öz müsbət təsirini göstərmiş və 2010-cu ilin yanvar-avqust ayları ərzində Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən yığılmış vəsait 1995-ci ilə nisbətən 35 dəfə artaraq 22 milyon 436 min 150 manatdan çox olmuşdur. Məcburi dövlət sosial sığorta haqlarının yığımında 35 dəfəlik artım tempi ümumilikdə muxtar respublikamızda sahibkarlıq fəaliyyətinin genişlənməsindən, gəlirlərin dinamik artımından, ən əsası isə yaradılmış münbit şəraitdən səmərəli yararlanaraq inkişaf edən özəl sektordakı iqtisadi fəallıqdan xəbər verir. Bu proses isə öz növbəsində milli gəlirin təkrar bölgüsü zamanı sosial xarakterli ödənişlərin, pensiyaların məbləğini artırmağa və yoxsulluğu azaltmağa imkan yaratmaqdadır.
* * * *
Müasir dünyada işsizlik ümumbəşəri problemə çevrilməklə onun aradan qaldırılması yönündə milli və beynəlxalq səylərin gücləndirilməsini tələb edir. Təsadüfi deyildir ki, bu məsələ nəinki ayrı-ayrı dövlətlərin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların məqsədli təsir hədəfinə çevrilmişdir. Birləşmiş Millətlər Təşkilatının rəsmi məlumatlarından aydın olur ki, hazırda dünyada 1 milyarddan çox tam və ya qismən, 250 milyon isə heç bir əmək fəaliyyəti və qazancı olmayan işsiz mövcuddur. Milli və beynəlxalq səviyyələrdə yüzlərlə elmi-tədqiqat və sosial araşdırma institutları, habelə maliyyə rıçaqları vasitəsilə problemin dərinləşməsinə göstərilən müqavimət muxtar respublikamızda da davamlı xarakterə malikdir. Qətiyyətlə demək olar ki, XXI əsrin astanasında Azərbaycanda bu problemin həllinə yanaşma metodikası sürətlə təkmilləşməkdə, ümummilli liderimiz Heydər Əliyevin müəyyən etdiyi uzunmüddətli strategiyaya uyğun olaraq yeniləşməkdədir. Bu sahədə həyata keçirilən tədbirlər ilk növbədə konstitusion-hüquqi əsasa malikdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsi ilə təsbit olunmuşdur ki, dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlardan istifadə edir. Məhz bu mənbədən qaynaqlanmaqla 2001-ci ildə qəbul edilmiş “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu məşğulluq sahəsində dövlət siyasətinin məqsədlərini, hüquqi, iqtisadi, təşkilati əsaslarını, əsas istiqamətlərini, eləcə də vətəndaşların əmək və sosial müdafiəsi sahəsində dövlət təminatını müəyyənləşdirmiş, qəbul edilmiş digər normativ hüquqi aktlar və Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq konvensiyalarla vəhdətdə məşğulluğun fundamental hüquqi bazasını formalaşdırmışdır. Respublikamızda proqram təminatlı inkişaf məşğulluqdan da yan keçməmiş, 2005-ci ilin 26 oktyabrında ölkə Prezidentinin müvafiq Sərəncamı ilə “Azərbaycan Respublikasının Məşğulluq Strategiyası (2006-2015-ci illər)” təsdiq edilmişdir.
Əmək ehtiyatlarından daha dolğun istifadə etmək və əhalinin səmərəli məşğulluğunu təmin etmək məqsədilə 2007-ci il 30 may tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasında Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramı (2007-2010-cu illər)” təsdiq edilmiş, Dövlət Proqramı ilə məşğulluq strategiyasının həyata keçirilməsi üzrə iqtisadi mühitin və əmək bazarının inkişafı, yeni iş yerlərinin açılması, əmək bazarında işçi qüvvəsinin keyfiyyətinin və rəqabət qabiliyyətinin yüksəldilməsi, işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində tədbirlər müəyyənləşdirilmişdir.
Həyata keçirilmiş məqsədyönlü tədbirlərin nəticəsində 1995-ci ildən 01 sentyabr 2010-cu il tarixədək muxtar respublika üzrə 64153 yeni iş yeri yaradılmışdır. Yeni iş yerlərinin 21332-si və ya 33,3 faizi dövlət sektorunda, 42821-i və ya 66,7 faizi qeyri-dövlət sektorunda yaradılmışdır. Yeni yaradılmış iş yerlərinin 38819-u və ya 60,5 faizi daimi iş yeridir.
* * * *
Həyata keçirilən iqtisadi islahatların səmərəliliyi, əhalinin yaşayış standartlarının davamlı yüksəlişi, güzəranının daha da yaxşılaşması, ümumilikdə insanların iqtisadi müstəqillik indekslərinin normal səviyyəsi öz növbəsində demoqrafik vəziyyətin qənaətbəxş mənzərəsini təmin etmişdir.
01 sentyabr 2010-cu il tarixə muxtar respublikada əhalinin sayı 01 yanvar 1996-cı il tarixə olan göstəriciyə nisbətən 69,1 min nəfər artaraq 406,9 min nəfərə çatmışdır. Əgər 1995-ci ilin sonuna muxtar respublikada bir kvadratkilometrə düşən əhalinin sayı 63 nəfər təşkil edirdisə, hazırda bu göstərici 76 nəfərə çatmışdır.
Son 15 il ərzində muxtar respublikada 105,6 min nəfər uşaq doğulmuşdur ki, bu da hər gün orta hesabla 19-20 körpənin dünyaya gəlişi deməkdir.
Ötən dövr ərzində ölümün göstəricisi azalmış və əhalinin hər min nəfərinə hesabı ilə 1995-ci ildəki 6 nəfərə qarşı hazırda 5,1 nəfərə düşmüşdür.
Muxtar respublikamızda əhali sağlamlığının və rifahının davamlı yüksəlişi, tibbi xidmətlərin keyfiyyətinin və əhatəliliyinin artırılması öz növbəsində 1 yaşa qədər ölən uşaqların sayı üzrə göstəricini kəskin şəkildə aşağı salmışdır. Belə ki, hər 1000 nəfər doğulana hesabı ilə 1 yaşa qədər ölən uşaqların sayı 1995-ci ildə 20,6 nəfər olmuşdursa, 2009-cu ildə bu göstərici azalaraq 1,5 nəfər təşkil etmişdir.
Əhalinin rifah halının və tibbi xidmətlərin davamlı yüksəlişi ilə məntiqi bağlantısı olan mühüm bir göstərici ondan ibarətdir ki, doğuşdan sonrakı dövrün, doğuşun və hamiləliyin ağırlaşmasından zahı və hamilə qadınların ölüm halları muxtar respublikada son illər ərzində sıfır səviyyəsinə endirilmişdir.
Muxtar respublikada reallaşdırılan səmərəli demoqrafik və sosial-iqtisadi siyasətin uğurlu nəticəsidir ki, ötən 15 il ərzində əhalinin orta ömür müddəti 4,2 il yüksələrək 74,4 ilə çatmışdır.
* * * *
Yoxsulluğu şərtləndirən mühüm amillərdən biri qarşısıalınmayan inflyasiyadır. Məhz bu baxımdan muxtar respublikada qiymətlərin əmələ gəlməsinə dövlətin müdaxiləsinin zəruriliyini şərtləndirən kriteriyalar müəyyən edilir, qiymətlərin dövlət tənzimlənməsinin xüsusiyyətləri ümumiləşdirilir, istehsal qiyməti ilə istehlak qiyməti arasındakı əsası olmayan “əlavələr”in azaldılması üçün iqtisadi metod və üsullarından səmərəli istifadə yolları müəyyənləşdirilir.
Muxtar respublika ərazisində keçirilən kənd təsərrüfatı məhsullarının satış yarmarkaları artıq ictimai rəydə ciddi sosial dəstək kimi qiymətləndirilməkdədir. Keçirilən yarmarkalarda satışı təşkil edilən əsas ərzaq məhsullarının əksəriyyəti daimi satış məntəqələrindəki qiymətlərlə müqayisədə daha ucuz qiymətə satılır.
Ümumilikdə əhali gəlirlərinin mövcud artım templəri qarşısında təkrəqəmli inflyasiya hər hansı bir təhlükə formasında qəbul edilmir. Muxtar respublikamızda əməkhaqqı, pensiya və müavinətlərin ödənişinin, sahibkarlıq fəaliyyətindən gəlirlərin dinamikliyinin fonunda əhalinin gəlirləri son 15 ildə 19 dəfə artmışdır. Lakin bu pozitiv meyilli dinamikanın mövcud olmasına baxmayaraq Naxçıvan Muxtar Republikası Ali Məclisinin Sədri mütəmadi olaraq aid mərkəzi və yerli icra hakimiyyəti orqanları qarşısında bir mühüm vəzifəni qoymuşdur ki, istənilən halda, əhali gəlirlərinin cüzi qisminin belə, inflyasiyaya qurban verilməsinin qarşısı ciddi cəhdlə alınmalı, mümkün olan bütün iqtisadi rıçaqları hərəkətə gətirməklə subyektiv xarakterli, iqtisadi əsası olmayan, süni inflyasiya aradan qaldırılmalıdır.
Ötən dövr ərzində ailələrin xərclərinin strukturuna nəzər yetirsək görərik ki, ilk növbədə gəlirlərin dinamik artımı ilə əlaqədar, digər tərəfdən isə gəlirlərə nisbətdə istehlak qiymətlərinin sabitliyinin təmin edilməsinin uğurlu nəticəsi kimi muxtar respublikamızda ailələrin orta aylıq xərclərində ərzaq alışına sərf olunan xərclərin xüsusi çəki nəzərəçarpacaq dərəcədə azalmış, sosial-mədəni xərclərin xüsusi çəkisi isə artmışdır.
Ərzaq məhsullarına çəkilən xərclərin xüsusi çəkisi haqqında
Göstəricilər
2010-cu ilin yanvar- avqustayları üzrə
1995-ci il üzrə
fərq
Ailə xərclərinin tərkibində ərzaq (qida) alışına sərf olunan məbləğin xüsusi çəkisi, faizlə
48,6
68,2
-19,6 bənd
* * * *
Araşdırmalar göstərir ki, iqtisadi inkişafın yüksək templəri ilə hüquqpozmaların sayı arasında subyektiv hallar istisna olmaqla daha çox tərs mütənasiblik mövcuddur. Təcrübədə çox rast gəlinən bu tendensiyanı hazırda Naxçıvan Muxtar Respublikasının timsalında müşahidə etmək mümkündür. Gənclərin səmərəli məşğulluğunun təmin edilməsi, yüksək əməkhaqqı ödənişli yeni iş yerlərinin açılması, yeniyetmələrin təhsildən və tədrisdən yayınma hallarının aradan qaldırılması, güc strukturları və təhsil müəssisələrinin ailələrlə sıx əlaqəsi, asudə vaxtın səmərəli istifadəsinə yaradılan stimul, gənclər də daxil olmaqla müxtəlif əhali qrupları ilə individual xarakterli işin təşkili, ən başlıcası isə cari iqtisadi inkişaf səviyyəsi muxtar respublikamızda cinayətkarlıq üzrə hadisələrin minimum həddini şərtləndirməkdədir.
2010-cu ilin yanvar-avqust aylarında muxtar respublikanın ərazisində 11 cinayət hadisəsi qeydə alınmışdır ki, bu da 1995-ci illə müqayisədə 49 dəfə azalma deməkdir.
* * * *
Aparılan təhlillər və sosial-iqtisadi proseslərin yekunu göstərir ki, muxtar respublikamız sürətli inkişaf tempini qoruyub saxlamaq üçün bütün potensial imkanlarını səfərbər edir, daha uğurlu nəticələrə və yeni-yeni nailiyyətlərə doğru inamla irəliləyir. Bütün bunlar isə günbə-gün yeniləşən, ictimai tərəqqisini sürətləndirən Naxçıvan Muxtar Respublikasının daha da parlaq gələcəyindən xəbər verməkdədir.
Təhlillər göstərir ki, yaxın illər ərzində ölkəmizdə, o cümlədən muxtar respublikamızda yoxsul adı daşıyan vətəndaşımız qalmayacaq və güman edirəm ki, bu söz yeni nəsillərin leksikonundan belə çıxacaqdır. Belə ki, muxtar respublikamızda yoxsulluğun səviyyəsi hazırda cəmi 6,9 faiz həddindədir.
Bir həqiqət vardır ki, yoxsul olmamaq, varlı yaşamaq üçün ilk növbədə çalışıb varlı dövlətin vətəndaşı olmaq lazımdır.