Təhlil materialları və son məlumatlar
     
 


Dinamik əhali artımı demoqrafik siyasətin səmərəliliyini təsdiqləyir

Muxtar respublikanın tarixində ilk dəfə olaraq il ərzində doğulan körpələrin sayı 10,000 nəfəri ötüb
      Naxçıvan Muxtar Respublikasında ailə-nikah, doğum, ölüm, təbii artım, insanların sağlamlılığının mühafizəsi və möhkəmləndirilməsi, əhalinin məşğulluq və həyat səviyyəsinin yaxşılaşdırılması, ömrünün uzadılması, miqrasiya və sair bu kimi prosesləri özündə birləşdirən demoqrafiya siyasətində məqsəd demoqrafik hadisələrə təsir göstərən ən mühüm amilləri nəzərə alaraq, cəmiyyətin və onun hər bir üzvünün mənafeyinə uyğun olan, normal əhali artımını təmin edən şəraitin yaradılmasına nail olmaqdan ibarətdir.
Demoqrafik siyasətin əsas istiqamətləri

      Demoqrafik proseslər cəmiyyətin həyatına bir çox tərəfləri ilə qarşılıqlı surətdə bağlı olduğundan bu əlaqə sosial-iqtisadi hadisələrin demoqrafik proseslərə və öz növbəsində demoqrafik proseslərin də sosial-iqtisadi hadisələrə təsirinin təzahürüdür. Məhz bu baxımdan muxtar respublikamızda reallaşdırılan demoqrafik siyasətin səmərəliliyi təşviq olunur. Hal-hazırda bu məqsədlə aşağıdakı istiqamətlər üzrə zəruri tədbirlər həyata keçirilməkdədir.
  • ölüm səviyyəsinin azaldılması, əhalinin sağlamlığının və həyatının yaxşılaşdırılması hesabına ömür müddətinin uzadılmasına ciddi səy göstərilməkdədir;
  • nikah və boşanma proseslərinin bütünlükdə cəmiyyətin və ayrılıqda hər bir ailənin mənafeyinə uyğun tərzdə nizamlanması həyata keçirilir;
  • ictimai tərəqqinin həm yaxın, həm də uzaq gələcəyə perspektivləri nəzərə alınmaqla miqrasiya proseslərinin səmərəli tənzimlənməsi reallaşdırılır;
  • muxtar respublikanın sosial-iqtisadi, siyasi və demoqrafik mənafelərini rəhbər tutaraq inzibati ərazidə, o cümlədən sərhədyanı yaşayış məntəqələrində əhalinin məskunlaşması prosesi daha da yaxşılaşdırılır;
  • ailə institutunun mənəvi-əxlaqi dəyərləri təbliğ olunur, sağlam həyat tərzinin daha da yaxşılaşdırılması təşviq edilir;
  • əhalinin, xüsusilə ana və uşaqların və əmək qabiliyyətlilərin ölüm səviyyəsinin ardıcıl sürətdə azaldılması yolu ilə cinslər və yaşlar üzrə ömür müddəti uzadılmaqdadır;
  • aztəminatlı, uşaqlı ailələrə ünvanlı sosial yardımlar göstərilməkdədir;
  • əhalinin bütün sosial-demoqrafik qrupları və təbəqələri üçün sağlam həyat tərzi təmin olunur;
  • ana və uşaqların sosial müdafiəsi və mühafizəsi gücləndirilir;
  • əhalinin sağlamlığı və həyat səviyyəsi davamlı olaraq yaxşılaşdırılır;
  • qida məhsullarının keyfiyyəti yaxşılaşdırılır, suyun, havanın çirklənməsinin qarşısı alınır, ətraf mühit sağlamlaşdırılır, yoluxucu xəstəliklərin qarşısı alınır;
  • əhalinin reproduktiv sağlamlığının yaxşılaşdırılmasına yönəldilmiş tədbirlər həyata keçirilir, ailənin planlaşdırılması xidməti inkişaf etdirilir;
  • tam məhsuldar və dəyərli həyat tərzinin təmin edilməsi məqsədi ilə təhsil və məşğulluq sistemi inkişaf etdirilir;
  • səhiyyə xidmətinin keyfiyyəti artırılır
Demoqrafik yüksəliş müqayisəli təhlildə

      Həyata keçirilən iqtisadi islahatların səmərəliliyi, əhalinin yaşayış səviyyəsinin və güzəranının daha da yaxşılaşması öz növbəsində demoqrafik vəziyyətin qənaətbəxş mənzərəsini təmin etmişdir.
      Muxtar respublikanın keçmiş sovetlər birliyi dönəmindəki demoqrafik göstəriciləri ilə hazırkı demoqrafik vəziyyətin təhlili bu sahədə ciddi inkişaf meyllərinin mövcudluğunu sübuta yetirməkdədir.
      01 dekabr 2010-cu il tarixə muxtar respublikada əhalinin sayı 01 yanvar 1989-cu il tarixə olan göstəriciyə nisbətən 115,6 min nəfər artaraq 409,5 min nəfərə çatmışdır. Əgər 1988-ci ilin sonuna muxtar respublikada bir kvadratkilometrə düşən əhalinin sayı 55 nəfər təşkil edirdisə, hazırda bu göstərici 76-ya çatmışdır.
      1988-ci ildə gün ərzində muxtar respublikada orta hesabla 18 körpə doğulurdusa, hazırda bu göstərici 28-ə çatmışdır.
      Ötən dövr ərzində ölümün göstəricisi xeyli azalmış və əhalinin hər min nəfərinə hesabı ilə 1988-ci ildəki 7,3 nəfərə qarşı hazırda 4,6 nəfərə düşmüşdür.
      Əgər 1988-ci ildə muxtar respublikada 2120 nikah bağlanmışdırsa, 2010-cu ilin yanvar-noyabr ayları ərzində bu göstərici 1,5 dəfə artaraq 3172 nikah olmuşdur.
      1988-ci ildə uşaq və gənclərin sayı ümumi əhalinin 42 faizini təşkil edirdisə, hazırda bu göstərici 55 faizə çatmışdır. 01 dekabr 2010-cu il tarixə muxtar respublikada uşaq və gənclərin sayı 1988-ci illə müqayisədə 101,3 min nəfər artaraq 224,8 min nəfər təşkil etmişdir.
      Muxtar respublikamızda əhali sağlamlığının və rifahının davamlı yüksəlişi, tibbi xidmətlərin keyfiyyətinin və əhatəliliyinin artırılması öz növbəsində 1 yaşa qədər ölən uşaqların sayı üzrə göstəricini kəskin şəkildə aşağı salmışdır. Belə ki, hər 1000 nəfər doğulana hesabı ilə 1 yaşa qədər ölən uşaqların sayı 1988-ci ildə 28,3 nəfər olmuşdursa, 2010-cu ilin yanvar-noyabr aylarında bu göstərici azalaraq 1,2 nəfər təşkil etmişdir.
1 yaşa qədər uşaq ölümü
(hər 1000 nəfər doğulana hesabı ilə)
     Əhalinin rifah halının və tibbi xidmətlərin davamlı yüksəlişinin nəticəsidir ki, doğuşdan sonrakı dövrün, doğuşun və hamiləliyin ağırlaşmasından ölüm halları muxtar respublikada son illər ərzində sıfır səviyyəsinə endirilmişdir.
Ana ölümü, nəfər
     Muxtar respublikada reallaşdırılan səmərəli demoqrafik və sosial-iqtisadi siyasət nəticəsində 1988-ci illə müqayisədə əhalinin orta ömür müddəti artaraq 74,4 ilə çatmışdır.

Doğumun rekord səviyyəsi : ildə 10000 nəfər

     28 dekabr 2010-cu il tarixdə - muxtar respublikanın tarixində ilk dəfə olaraq il ərzində doğulan körpələrin sayı 10000 nəfəri ötüb keçdi. Bu göstərici demoqrafik siyasətinin və əhali sakinliyi sisteminin muxtar respublikanın sosial-iqtisadi inkişafının məqsəd və vəzifələrinə uyğun olaraq ciddi şəkildə təkmilləşdiyini sübut etməkdədir.
     Keçmiş sovetlər birliyi dönəmində, məsələn 1988-ci ildə muxtar respublikada il ərzində doğulanların sayı 6570 nəfər təşkil edirdi ki, bu da hazırkı göstəricidən (28 dekabr 2010-cu il tarixə 10000 nəfər) 34,3 faiz azdır.
     Bu gün dünyada yeni qlobal problem özünü göstərməkdədir. Bir çox ölkələr artıq demoqrafik böhranla üzləşib və əhalinin sayının kəskin şəkildə azalması tendensiyası bu ölkələrdə dərinləşməkdədir. Avropa ölkələrində demoqrafik situasiya daha da ciddi xarakter alıb. Bu ölkələrin əksəriyyətində doğumun səviyyəsi son illərdə xeyli azalıb və insan ölümü doğumu iki dəfə üstələyib. Müstəqil Dövlətlər Birliyi ölkələri arasında isə doğumun səviyyəsinin ən çox azaldığı ölkə Ermənistandır. Ermənistanın Əmək və Sosial Məsələlər Nazirliyinin "Armeniya today" saytına verdiyi rəsmi məlumatda göstərilir ki, 1986-cı illə müqayisədə 2008-ci ildə ölkədə doğumun səviyyəsi yarıbayarı azalmışdır. Belə ki, 1986-cı ildə Ermənistanda 81200 uşaq dünyaya gəlmişdirsə, 2008-ci ildə bu rəqəm 41185-ə bərabər olub.
     Bütün bunların fonunda Naxçıvan Muxtar Respublikasında əhalinin kəmiyyət və keyfiyyət artımının müşahidə olunması demoqrafik siyasətin uzunmüddətli inkişaf strategiyasına tam uyğunluğunu sübut etməkdədir.

Demoqrafik siyasətin əsas prinsipi: hər ailədə 3 uşaq

     İnkişaf etmiş, vətəndaş cəmiyyətini formalaşdırmış ölkələrdə demoqrafik siyasətin əsas prinsipi kimi hər ailədə 3 uşaq formatı məqbul sayılır. Belə ki, gələcəkdə say baxımından uşaqlardan biri atanı, biri ananı, biri isə artımı təmin etməlidir.
     Təcrübədə özünü doğrultmuş bu demoqrafik mənzərə bu gün muxtar respublikamızda da müşahidə olunmaqdadır. Hazırda muxtar respublikada ailələrin orta ölçüsü - yəni ailə üzvlərinin sayı 5 nəfərə bərabərdir ki, bu da hər ailədə 3 uşaq prinsipinin təmin olunduğunu göstərir.

Qlobal demoqrafik problemlər və biz

     10 il bundan əvvəl 2000-ci ilin sentyabr ayında Birləşmiş Millətlər Təşkilatının Minilliyin İnkişaf Məqsədlərinə həsr edilmiş Sammitinə toplaşmış dövlətlər yoxsulluq, aclıq və xəstəliklərə qarşı mübarizə aparmaq üçün 15 il ərzində birgə ciddi cəhdlər göstərəcəklərinə söz verdilər. Bir çox ölkələrin yoxsulluğu azaltmaq, demoqrafik vəziyyəti yaxşılaşdırmaq, uşaqların təhsilə cəlb olunması və uşaq sağlamlığının inkişafı, malyariya, vərəm və QİÇS-ə qarşı mübarizə sahələrində əsaslı uğurlar əldə etməsinə baxmayaraq, ümumilikdə bu günədək keçilən inkişaf yolu müvazinətsiz olmuşdur.
     Minilliyin İnkişaf Məqsədləri çərçivəsində iki əsas istiqamət demoqrafik vəziyyətlə bağlı öhdəlikləri əhatə edir:
1, Uşaq ölümü hallarını azaltmaq - beş yaşınadək uşaqlar arasında ölüm hallarının mövcud dərəcəsini üçdə iki dəfə azaltmaq
2, Ana sağlamlığını yaxşılaşdırmaq - ana ölümü hallarının dərəcəsini dörddə üç dəfə azaltmaq
     Hazırda Naxçıvan Muxtar Respublikasında analoji qaydada birinci göstərici sıfır səviyyəsinə yaxınlaşmaqda, ikinci göstərici, yəni ana ölümü göstəricisi isə son onillik ərzində sıfır həddində müşahidə olunmaqdadır.
     Ümumiyyətlə demoqrafik vəziyyətin qənaətbəxş mənzərəsi ilk növbədə iqtisadi inkişafın və sosial vəziyyətin ürəkaçan olmasından daha çox asılı olan bir prosesdir. Bu mütənasiblik muxtar respublikamızda da özünü qabarıq şəkildə büruzə verməkdədir. Heç şübhəsiz ki, durmadan artan əhali sayı, günbəgün yüksələn doğum səviyyəsi muxtar respublikada əldə olunmuş dinamik sosial iqtisadi inkişafın məntiqi nəticəsidir.
Bəs dünya ölkələri üzrə statistikada bu sahədə vəziyyət necədir? Ümumiləşdirilmiş cavab aşağıdakı kimidir:
  • dünyada hər bir dəqiqədə 1 kasıb ana doğuş zamanı həyatını itirir;
  • yoxsulluq üzündən hər 3 saniyədə 1 körpə məhv olur;
  • dünyada hər gün 50 min insan qarşısı alına biləcək xəstəliklərdən dünyasını dəyişir;
  • dünyada hər il 11 milyon uşaq 5 yaşı tamam olmadan vəfat edir;
  • 1,1 milyard adam gündə 1 dollardan az vəsaitlə dolanmaq məcburiyyətindədir.
Vətəndaş cəmiyyətinin əsas demoqrafik prinsipi:
iqtisadi müstəqilliyi təmin olunmamış ailə dünyaya uşaq gətirməz

     Bu gün muxtar respublikada demoqrafiya siyasəti vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsinə tam uyğun şəkildə qurulmuş və hər kəsin millətindən, cinsindən, yaşından, dini etiqadından və digər bu kimi fərqliliklərdən asılı olmadan həyata keçirilir. Hazırkı demoqrafik siyasətimiz sabit və məqsədyönlü olmaqla uzunmüddətli dövrə hesablanmışdır. Bu siyasət bütün sosial-demoqrafik qruplardan və təbəqələrdən olan əhalinin (qadınların, kişilərin, gənclərin, pensiyaçıların, əlillərin, qocaların, qaçqın və məcburi köçkünlərin və sair) mənafelərinin qorunmasına xidmət etməkdədir. Bu sahədə görülən tədbirlər ayrı-ayrılıqda deyil, sistem halında, maksimum mümkün olan demoqrafik nəticələr almaq məqsədilə təhsil, səhiyyə, miqrasiya, məşğulluq, məhsuldar qüvvələrin yerləşdirilməsi, ətraf mühitin mühafizəsi və sair bu kimi proqramlarla qarşılıqlı əlaqə və asılılıqda həyata keçirilir.
     Vətəndaş cəmiyyətinə xas olan mühüm bir xüsusiyyət ondan ibarətdir ki, ailələrin əksəriyyəti yalnız iqtisadi müstəqilliklərinin təmin olunduğu şəraitdə dünyaya övlad gətirirlər. Bu gün bu hal muxtar respublikamız üçün də xarakterikdir. İlbəil yüksələn doğum səviyyəsi daha da yaxşılaşmaqda olan əhali rifahına paralel olmaqla onun məntiqi nəticəsi kimi çıxış edir. Bu isə Azərbaycan Respublikasında, o cümlədən muxtar respublikamızda iqtisadi, sosial və demoqrafiya sahəsində həyata keçirilən siyasətin səmərəliliyini təsdiq edən mühüm faktordur.