Məlumatı yüklə

Ümummilli Liderin ölməz xatirəsi ehtiramla anılıb



Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin kollektivi “Heydər Əliyev İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin adını daşıyan muzeyi ziyarət edib.

Kollektiv əvvəlcə Ulu Öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsinin önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad edib.

Muzey ilə tanışlıq zamanı iştirakçılara məlumat verilib ki, Naxçıvan şəhərinin mərkəzində yerləşən Heydər Əliyev Muzeyi 10 may 1999-cu ildə fəaliyyətə başlayıb. Bu muzey Ümummilli Liderimizin şərəfinə Azərbaycan Respublikasında yaradılmış ilk muzeydir. Muzeyin fondunda Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən 5 mindən çox eksponat sərgilənir.

Bildirilib ki, muzeydə Ümummilli Lider Heydər Əliyevin ailəsinə, onun uşaqlıq və gənclik illərinə həsr olunmuş stendlər, istifadə etdiyi xatirə əşyaları, xüsusilə Heydər Əliyevin 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı və Ali Məclisin Sədri kimi işləyib hazırladığı, qəbul etdiyi tarixi qərar və sərəncamlar, həyata keçirdiyi tədbirlər, sənədlər, məktub və teleqramlar, Türkiyə Cümhuriyyəti və İran İslam Respublikası ilə əməkdaşlıq sahəsində imzaladığı tarixi müqavilələrin surətləri, Azərbaycan Respublikasının müxtəlif bölgələrində yaşayan vətəndaşların müraciətləri, Ulu Öndərin şərəfinə toxunmuş xalçalar, çəkilmiş portretlər, tarixi fotolar və sənədli filmlər nümayiş etdirilir.

Komitə əməkdaşları muzeyin ekspozisiyası ilə yaxından tanış olub, Ulu Öndərin zəngin dövlətçilik və ictimai-siyasi fəaliyyəti barədə ətraflı məlumat əldə ediblər.



yuxarı

BAĞLA