Məlumatı yüklə

Ağbulaqda təşkil edilən “Diabet mənim dostumdur” düşərgəsi başa çatıb




Ağbulaq İstirahət Mərkəzində bu münasibətlə təşkil edilən tədbirdə rəsmi şəxslərlə yanaşı, Bakı şəhərindən dəvət olunmuş həkimlər, uşaqlar və onların valideynləri də iştirak ediblər.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli tədbir iştirakçılarını salamlayaraq bildirib ki, Naxçıvanda 2023-cü il ərzində səhiyyə sahəsində aparılan islahatlar öz bəhrəsini verməkdədir. Səlahiyyətli nümayəndə diabetli uşaqlara müraciət edərək deyib: “Diabet heç bir şəkildə sizin həyatınızda maneəyə çevrilməməlidir. Yaxşı oxumalısınız, dərslərinizdə hər zaman uğurlar qazanmalısınız ki, biz və valideynləriniz də sizinlə fəxr edək”.

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”ndan bəhs edən Fuad Nəcəfli proqramın şəhər və rayonlarımızda xidmətin keyfiyyətinin, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, sağlamlığının qorunması istiqamətində həyata keçiriləcək tədbirlərdə əhəmiyyətli rol oynayacağını diqqətə çatdırıb. Bildirib ki, Naxçıvanda ilk dəfə təşkil edilən düşərgə uşaqlara, onların sağlamlığına verilən dəyərin ifadəsidir və belə layihələr ardıcıl olaraq davam etdiriləcək.

Naxçıvan Muxtar Respublikasının səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrinin müvəqqəti icraçısı Samiq Sadıxov, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev, Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Ceyhun Cəlilov, “Naxçıvan Muxtar Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsin direktoru Elnur İbrahimov çıxış edərək keçirilən tədbirin əhəmiyyətinə toxunub, dövlətin sosial sahəyə göstərdiyi diqqət və qayğının davamlı xarakter almasından bəhs ediblər.

Türkiyənin Qoç Universiteti Tibb fakültəsinin uşaq endokrinoloqu, Diabet kafedrasının müdiri, professor Şükrü Hatun tədbirdə onlayn çıxış edib.

Uşaq endokrinoloqu Azad Əkbərzadə, valideyn Rahilə Kazımova və diabetli uşaqlar çıxış edərək təşkil olunan düşərgəni yüksək qiymətləndirib, göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər.

Tədbirdə uşaqlara hədiyyələr təqdim olunub.

Qeyd edək ki, Naxçıvanda ilk dəfə keçirilən tədbirdə ilkin olaraq 34 diabetli uşaq valideynləri ilə birgə iştirak edib. Üç gün davam edən düşərgədə şəkərli diabetdən əziyyət çəkən uşaqlar Bakı şəhərindən dəvət olunmuş 4 uşaq endokrinoloqu və yüksəkixtisaslı tibbi heyətin nəzarəti altında istirahət edib, müayinə olunublar. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən düşərgə təlimləri, fərdi məsləhətlər və psixoterapiya, tibbi müayinə və müalicə, qrup diskussiyaları, oyun terapiyası, rəsm, idman və intellekt yarışları keçirilib.

Düşərgə çərçivəsində Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən şəkərli diabetdən əziyyət çəkən uşaqlara “Glükoz Sensor” cihazları hədiyyə edilib. Bununla da qanda şəkər səviyyəsinin ölçülməsi zamanı barmaqların zədələnməsinin qarşısı birdəfəlik alınıb.

Düşərgənin sonuncu günündə uşaqlar üçün musiqili proqram təşkil olunub, onlar havaya dilək şarları buraxıb, xatirə fotoları çəkdiriblər.

Sonra tədbir iştirakçıları uşaqlarla birlikdə nahar ediblər.







yuxarı

BAĞLA