Məlumatı yüklə

Naxçıvanda Heydər Əliyev adına Hərbi Lisey

kursantlarının buraxılış mərasimi keçirilir



İyunun 24-də Heydər Əliyev adına Hərbi Liseyin 23-cü buraxılışı münasibəti ilə tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli kursantları salamlayıb, ulu öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.



Səlahiyyətli nümayəndə Heydər Əliyev adına Hərbi Liseyin növbəti buraxılışı münasibətilə kursantları təbrik edərək vurğulayıb ki, Ümummilli lider Heydər Əliyev Azərbaycanda milli ordu quruculuğunun əsasını qoyub, siyasi və dövlətçilik fəaliyyətinin bütün dövrlərində peşəkar hərbçi kadrların hazırlanmasına xüsusi diqqət yetirib.

“Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev ulu öndərin yolunu uğurla davam etdirərək ordumuzun döyüş qabiliyyətinin artırılması və peşəkar komandan-zabit heyətinin formalaşdırılması sahəsində ardıcıl tədbirlər görür”, -deyən Fuad Nəcəfli Vətən müharibəsində qazanılan zəfəri dövlət-xalq-ordu birliyinin məntiqi nəticəsi kimi dəyərləndirib. Qeyd edib ki, Vətən müharibəsində Naxçıvan hərbi liseyinin də məzunları böyük qəhrəmanlıq və şücaət göstərib, bacarıqlı komandirlər kimi ən çətin döyüş tapşırıqlarını yerinə yetirib, Azərbaycanın zəfər salnaməsinə öz adlarını qızıl hərflərlə yazdırıb, şəhid, qazi olublar. Vurğulanıb ki, Naxçıvandan Şuşayadək zəfər yolu keçən hərbçilərimizin, eləcə də bütün ordu birliklərimizin istifadə etdiyi peşəkar döyüş taktikası dünya hərb tarixində yenilik kimi bu gün qabaqcıl ali hərbi məktəblərdə öyrənilir.

Səlahiyyətli nümayəndə məzunları təbrik edib, onlara ali hərbi məktəblərdəki tədris illərində uğurlar arzulayıb.

Heydər Əliyev adına Hərbi Liseyin rəisi, polkovnik Elşad Həsənov buraxılış mərasimində çıxış edərək hərbi liseyin məzunlarının Vətən qarşısında vəzifə borclarını bu gün də şərəflə yerinə yetirdiyini vurğulıb, göstərilən diqqət və qayğıya görə, hərbi liseyin şəxsi heyəti adından dövlətimizin başçısına minnətdarlıq edib.


Heydər Əliyev adına Hərbi Liseyin məzunu Röyal Rzazadə bildirib ki, Heydər Əliyev adına Hərbi Liseyin kursantları olaraq Vətənimizin xoşbəxt gələcəyi və müstəqilliyimizin qorunub saxlanması yolunda var gücümüzlə çalışacaq, ali hərbi məktəblərdə təhsilimizi yüksək səviyyədə davam etdirəcək, istənilən döyüş tapşırığını yerinə yetirməyə daim hazır olacağıq.

Sonra kursantlara attestat və hədiyyələr təqdim edilib.

Kursant Anar Məmmədli təhsil ocağının rəmzi kötüyünə xatirə lövhəsi vurub.


Orkestrin müşayiəti ilə “Hərbi lisey marşı” ifa edilib, şəxsi heyət təntənəli marşın sədaları altında nizami addımlarla tribunanın önündən keçib.



Liseyin müəllimləri və məzun valideynləri ilə görüşən Fuad Nəcəfli hərbi liseyin buraxılışı münasibəti ilə təbriklərini çatdırıb, onlara uğurlar arzulayıb.



Sonra ümummilli lider Heydər Əliyevin hərbi liseydəki büstü önündə kursantlarla xatirə şəkli çəkdirilib, liseydəki muzeyə və tədris şəraitinə baxış olub.




yuxarı

BAĞLA