Məlumatı yüklə

Səlahiyyətli nümayəndə muxtar respublika gəncləri ilə görüşüb



İyunun 13-də Naxçıvan şəhərindəki Gənclər Mərkəzində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli muxtar respublikanın bir qrup fəal gənci ilə görüşüb.

Səlahiyyətli nümayəndə çıxış edərək deyib ki, 2022-ci ilin dekabr ayından Azərbaycan Respublikası Prezidentinin müvafiq qərarlarından sonra Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəlik institutu formalaşıb. Bu, Naxçıvanın, ümumiyyətlə Azərbaycan Respublikasının həyatında yenilikdir. Yeni institutlar xalqa daha yaxın olmaq, xalqın firavanlığının təminatı kimi ali məqsədlərə xidmət edir. Hər bir görüş bizim üçün bir platformadır.

Fuad Nəcəfli Azərbaycan Respublikasında aparılan sosial-iqtisadi islahatlarla bağlı gənclərə məlumat verərək bildirib ki, Ümummilli Liderimiz Heydər Əliyevin həyat fəlsəfəsi, Onun fəaliyyəti Azərbaycan xalqının milli sərvətidir. Bu gün dahi şəxsiyyətin siyasi xətti yaşayır. Bu siyasi xətt möhkəm təməllər üzərində formalaşdırılıb. Baxın, bizim ətrafımızda nələr baş verir. Uzun müddət münaqişə şəraitində olan qonşu dövlət bu gün də öz müstəqil siyasətini heç bir şəkildə formalaşdıra, öz iqtisadi fəaliyyətini, müstəqilliyini heç bir şəkildə qura bilmir. Lakin Ulu Öndərin siyasi xəttinin nəticəsi olaraq müstəqil Azərbaycan qüdrətli dövlətə çevrilib.


Səlahiyyətli nümayəndə Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsindən və qazanılmış tarixi Qələbədən bəhs edib. Qeyd olunub ki, bu Qələbədən sonra Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası üçün böyük perspektivlər açılıb. Azərbaycan 30 ilə yaxın apardığı uğurlu xarici siyasətin bəhrələrini görür. Bu gün əsas məsələ kommunikasiyaların, nəqliyyat dəhlizlərinin açılması, xalqın daha da firavan yaşamasıdır. Müstəqilliyimizin ilk illərində “Əsrin müqaviləsi” imzalananda Xəzərin karbohidrogen ehtiyatlarının işlənməsi ilə bağlı məsələlər müzakirə olunarkən həmişə bu mövqedən çıxış edilib ki, Azərbaycan əməkdaşlıqlar üçün platformalar yaradır. Təkcə Azərbaycan xalqı deyil, eyni zamanda bütün maraqlı və pozitiv düşüncələri olan dövlətlər bu beynəlxalq platformadan istifadə etsinlər və biz ümumiyyətlə regionda əməkdaşlıq perspektivlərini inkişaf etdirək. Bunu da uğurla aparırıq. Bu gün Heydər Əliyev Fondunun apardığı siyasət var. Ölkəmizdə və ondan kənarda ümumbəşəri abidələrin qorunması ilə bağlı işlər aparılır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə bu məsələlər tam sürətlə gedir. Azərbaycan, ümumilikdə, özünü bütün dünyəvi dəyərlərin mirasçısı kimi göstərir. Cəmiyyətimizdə hər bir prinsipial mövqeyi olan gənc, fərd bu məsələni diqqətdə saxlamalı, gələcək nəsillərə ötürməlidir.

Səlahiyyətli nümayəndə muxtar respublikada bu müddət ərzində nümayəndəlik institutu tərəfindən görülən işlər və qarşıda duran hədəflərdən geniş danışıb, ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq olunan “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın əhəmiyyətini vurğulayıb, Dövlət Proqramının qəbul olunmasına görə gəncləri təbrik edib. Bildirib ki, muxtar respublikanın inkişaf etdirilməsində gənclərin potensialından istifadə edilməlidir. Buna görə də gənclərlə iş yenidən qurulur.

Sonra gənclər müxtəlif mövzular – “Gənclərin asudə vaxtının səmərəli təşkili”, “Məktəblərdə hərbi-vətənpərvərlik tərbiyəsinin təşkili”, “Yay düşərgələrinin təşkili”, “Gənc mütəxəssislərin xarici ölkələrdə təlimlərə göndərilməsi”, “Gənclərin işğaldan azad edilmiş ərazilərə səfərinin təşkili”, “Xaricdə təhsil imkanları”, “Ölkə və beynəlxalq yarışlarda iştirak etməsi üçün idmançılara maddi dəstək göstərilməsi”, “Rəqəmsallaşma”, “Ölkə üzrə keçirilən qrant müsabiqələrində muxtar respublikada fəaliyyət göstərən gənclər təşkilatlarının layihələrinin dəyərləndirilməsi”, “Tələbələrin düzgün karyera qurmasına köməklik göstərilməsi” və onları düşündürən digər məsələlər ətrafında çıxış edib, sual və təkliflərini çatdırıblar.

Səlahiyyətli nümayəndə sualları ətraflı cavablandırıb.

Gənclərlə görüşün keçirilməsinə şərait yaradıldığına görə Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev minnətdarlıq edib.


Sonda görüş iştirakçıları ilə xatirə şəkli çəkdirilib.


yuxarı

BAĞLA