Məlumatı yüklə

Naxçıvanda Ümummilli Liderin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev

və milli dövlətçilik məsələləri” respublika elmi konfransı keçirilib



Mayın 25-də “Naxçıvan” Universitetinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və milli dövlətçilik məsələləri” respublika elmi konfransı keçirilib.


Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri qoyub, dahi şəxsiyyətə ehtiram ifadə ediblər.


Konfrans Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin və Ulu Öndər Heydər Əliyevin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.


Konfransda çıxış edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli müasir müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinin silsilə tədbirlərlə ölkəmizin digər bölgələrində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da yad edildiyini, elmi-praktik konfransların keçirildiyini, Onun irsinin öyrənildiyini deyib. Bildirilib ki, Ümummilli Liderin həyat və fəaliyyəti hər zaman Azərbaycan xalqına və dövlətinə xidmət etmək olub. Səlahiyyətli nümayəndə dahi şəxsiyyətin ölkəmizə rəhbərliyinin hər iki dövründə çətinliklərə baxmayaraq, Azərbaycanın inkişafı istiqamətində gördüyü işlərdən, milli ruhlu kadrların yetişməsindən, 1930-cu illərdə repressiya qurbanına çevrilən, “xalq düşməni” kimi damğalanmış mədəniyyət xadimlərimizin bəraət almasındakı fəaliyyətindən ətraflı bəhs edib. 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasının ağır vəziyyətdə olmasından, mənfur qonşularımızın keçmiş Dağlıq Qarabağda olduğu kimi, Naxçıvana da hücumlar təşkil etməsindən danışan Fuad Nəcəfli bu vəziyyətdə Naxçıvan Muxtar Respublikasının xilaskarının məhz Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin olduğunu vurğulayıb. Qeyd olunub ki, hələ o dövrdə muxtar respublikada təhsil sahəsində ciddi addımlar atılıb. 1991-1992-ci illərdə Naxçıvandan tələbələrin Türkiyə Respublikasındakı universitetlərə göndərilməsi işi təşkil olunub. Bu da dahi şəxsiyyətin nə qədər dərin, uzaqgörən siyasət apardığının nümunələrindən biri idi.


“Dahi şəxsiyyətin siyasi fəaliyyətinin Naxçıvan dövrü müstəqil dövlətimizin əsas dayaqlarını təşkil edir”, - deyən səlahiyyətli nümayəndə bu dövrdə Naxçıvanın işğal təhlükəsindən qurtulması, bir sıra mühüm qərarların qəbul olunmasından, Ulu Öndərin xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdışının xalqımıza, Azərbaycana uğurlar gətirməsindən geniş danışıb, bu ilin mayın 10-da Şuşadan xalqa müraciəti zamanı ölkə Prezidenti cənab İlham Əliyevin söylədiyi “Müstəqilliyə gedən yol da məhz Naxçıvandan başlamışdır” ifadəsini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Qeyd olunub ki, bu gün Azərbaycanda aparılan siyasət də məhz Ulu Öndər Heydər Əliyev siyasətidir. Bu siyasət Müzəffər Ali Baş Komandan tərəfindən uğurla davam və inkişaf etdirilir. Heydər Əliyev Fondunun, başda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə dünyanın müxtəlif bölgələrində, dövlətlərində ümumbəşəri irs sayılan abidələrə olduqca diqqət və qayğı göstərilməkdədir. Bu, əlavə olaraq Azərbaycana beynəlxalq arenada geniş imkanlar yaradır. Bundan yüz illər ötsə də Azərbaycan xalqı Ümummilli Liderimizin irsini, fəaliyyətini, həyatını heç zaman unutmayacaq.


“İkinci dəfədir ki, gözəl diyar Naxçıvandayam”,-deyən “ADA” Universitetinin rektoru, professor Hafiz Paşayev fenomenal şəxsiyyət Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən, uzaqgörən, praqmatik siyasətindən bəhs edib. Azərbaycanın bugünkü uğurlarının təməlində Heydər Əliyev ideyalarının və siyasətinin dayandığını bildirən Hafiz Paşayev diqqətə çatdırıb ki, əgər Ulu Öndər olmasaydı, biz firavan, azad, müstəqil Azərbaycanın bugünkü vəziyyətini görə bilməzdik. Dahi şəxsiyyətin əsasını qoyduğu dövlət və ordu quruculuğunun məntiqi nəticəsinə İkinci Qarabağ müharibəsində bir daha şahid olduq. Professor Ulu Öndərlə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb, dahi liderin Amerikada keçirdiyi görüşlərdə Ermənistanın işğalçılıq siyasətini ifşa etməsindən, ölkəmizi uğurla tanıtmasından, təmsil etməsindən, ölkəmizə xarici investorların cəlbi istiqamətində gördüyü işlərdən, Ümummilli Liderin Azərbaycan-Amerika münasibətlərinin yaxşılaşmasında göstərdiyi səylərdən danışıb. Konfransın təşkilinə və dəvətə görə minnətdarlıq edən Hafiz Paşayev tədbirin universitetlər arasındakı əlaqələrin inkişaf etdirilməsində, müəllim-tələbə mübadiləsinin aparılmasında əhəmiyyətli olacağını vurğulayıb, müəllifi olduğu “Bir səfirin manifesti” və “Yüksəkliyə doğru” kitablarını “Naxçıvan” Universitetinə hədiyyə edib.


Daha sonra “Naxçıvan” Universitetinin rektoru, dosent Anar Kazımov, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq Əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova, Naxçıvan Dövlət Universitetinin rektoru, dosent Elbrus İsayev, Mingəçevir Dövlət Universitetinin rektoru, dosent Şahin Bayramov və Naxçıvan Müəllimlər İnstitutunun rektoru, dosent Azad Novruzov Ümummilli Lider Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin ayrı-ayrı istiqamətləri üzrə çıxış ediblər. Çıxışlarda Ulu Öndərin Azərbaycan dövləti və xalqı qarşısında xidmətləri, “Heydər Əliyev İli”nin işğaldan azad olunmuş ərazilərimizdə də qeyd olunması xüsusi vurğulanıb, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ərazi bütövlüyümüzü bərpa etməsini, ölkəmizin iqtisadi qüdrətini artırmasını və bütün sahələr üzrə inkişafını təmin etməsini Ümummilli Liderin siyasi kursuna sadiqliyi, bu yolu uğurla davam etdirməsinin nəticəsi kimi dəyərləndiriblər. Ümummilli Liderin 100 illiyinə həsr olunan elmi tədbirə böyük maraq göstərildiyi, ümumilikdə, konfransa 20 ali təhsil və elmi tədqiqat müəssisəsindən 240-dan çox məqalənin daxil olduğu diqqətə çatdırılıb. Ölkə Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəlik institutunun yaradılmasının muxtar respublikanın inkişafında yeni mərhələnin əsasını qoyduğu qeyd edilib.

Sonra tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirilib.

Konfrans “ADA” Universiteti və “Naxçıvan” Universitetinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Milli Dram Teatrında keçirilən konsert proqramı ilə yekunlaşıb.


yuxarı

BAĞLA