Məlumatı yüklə

Muxtar respublikada Çoxgöstəricili Klaster

Sorğusu (MICS) həyata keçiriləcəkdir



Naxçıvan Muxtar Respublikasında ana və uşaqların sosial rifah vəziyyətinin, insan inkişafının qiymətləndirilməsi və Dayanıqlı İnkişaf Məqsədləri ilə müəyyən edilmiş hədəflərə çatmanın ölçülməsi üçün beynəlxalq müqayisəliliyi təmin edən statistik məlumatların əldə edilməsi məqsədilə 2023-cü ilin iyun-avqust aylarında Çoxgöstəricili Klaster Sorğusu (MİCS) həyata keçiriləcəkdir.

Hazırlıq işləri çərçivəsində may ayının 18-də Çoxgöstəricili Klaster Sorğusu (MICS- Multiple Indicator Cluster Surveys) üzrə sahə işlərini həyata keçirəcək heyət üçün təlimlərə başlanılıb.

Təlimdən öncə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov və BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri Aleks Haykens Ulu Öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsinin önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad etmiş, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəsi Fuad Nəcəfli ilə görüşmüşlər.




Təlimin açılış mərasimində Tahir Budaqov və Aleks Haykens çıxış edərək iştirakçılara MICS-in ölkəmizdə keçirilməsinin məqsədi və əhəmiyyəti, MICS çərçivəsində görülmüş işlər barədə məlumat veriblər.



Vurğulanıb ki, bu təlim çərçivəsində Dövlət Statistika Komitəsinin və UNICEF-in mütəxəssisləri tərəfindən təlim iştirakçıları seçməyə düşmüş ev təsərrüfatı üzvlərinin sorğu olunması, uşaqların boy və çəkilərinin ölçülməsi, suyun keyfiyyətinin, duzun yodluluğunun yoxlanılması, eləcə də kompüter əsaslı (CAPİ) sorğunun keçirilməsi və digər məsələlərlə bağlı təlimatlandırılacaqlar.

MICS-in tarixinin ötən əsrin 90-cı illərinin ortalarından başladığı və indiyədək 118 ölkədə belə sorğular aparıldığı, uşaqların müdafiəsi, sağlamlığı və qidalanması, təhsili üzrə mühüm məlumat mənbəyi rolunu oynadığı, "Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik"lə müəyyən edilmiş Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olunmasının monitorinqində əhəmiyyətli vasitəyə çevrildiyi də qeyd olunmuşdur.






Tədbirdə Dövlət Statistika Komitəsinin və UNICEF-in əməkdaşları çıxış edərək müxtəlif məsələlərlə bağlı iştirakçıları məlumatlandırmış, “Əsas sahə işi üzrə təlimlər”in iyun ayının 18-dək davam edəcəyi bildirilmiş, təlim çərçivəsində iştirakçılar sorğunun aparılması, sorğu anketlərinin doldurulması ilə bağlı təlimatlandırılacaqları, növbəti günlərdə isə sorğu anketlərinin sınağının aparılacağı və pilot sorğuların keçiriləcəyi nəzərə çatdırılmışdır.


yuxarı

BAĞLA