Məlumatı yüklə

“Çınqıllı” suyunun istehsalı bərpa olunub - FOTOLAR



Muxtar respublikaya yerli və xarici investorların marağı günbəgün artır. Yeni cəlb edilən investisiyalar hesabına fəaliyyəti dayanan müəssisələr bərpa edilir, yeni istehsal sahələri fəaliyyətə başlayır.


Şahbuz rayonunun Keçili kəndindəki “Çınqıllı” su istehsalı müəssisəsi də bu tədbirlər çərçivəsində fəaliyyətini daha müasir formada davam etdirəcək.


Açılış tədbirində iştirak edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfliyə məlumat verilib ki, mənbəyini kəndin səfalı dağlarından götürən saf bulaq suyu müəssisədə qatqısız və heç bir filtrizasiya prosesindən keçmədən təbii şəkildə qablaşdırılır.


Qabaqcıl ölkələrin istehsalı olan avadanlıqların quraşdırıldığı müəssisənin istehsal gücü gündəlik 42 tondur. Burada 4 istehsal xəttində 8 çeşiddə, 2 növdə - şüşə və plastik qablarda təbii bulaq suyu istehsal olunur. Yüksək keyfiyyətlə qablaşdırılan məhsullar muxtar respublikanın satış və xidmət obyektlərinə, eləcə də ölkə bazarlarına çıxarılır. Müəssisədə Keçili kəndindən 10 sakin işlə təmin olunub. İlin sonuna işçi sayı 30 nəfərə çatdırılacaq.


Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev kənd yaşayış məntəqələrində bu cür istehsal müəssisələrinin fəaliyyətə başlamasını Naxçıvanda sosial-iqtisadi inkişafa mühüm töhfə kimi dəyərləndirib.


Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini Xəyalə Dadaşova vurğulayıb ki, yaxın günlərdə Bakı şəhərində kənd təsərrüfatı və qida sənayesi üzrə beynəlxalq sərgidə ilk dəfə “Orqanik Naxçıvan” brendi də nümayiş etdiriləcək. Naxçıvanın “Çınqıllı” suyu da həmin sərgidə öz yerini alacaq.


"Himal Holdinq"in prezidenti Hacı Ələsgərov qarşıdakı aylarda holdinqin Şərurda böyük tekstil fabriki açacağını bildirib və tikinti sektoruna da investisiya qoyduğunu vurğulayıb. Bu layihələr çərçivəsində Naxçıvanda yüzlərlə yeni iş yerləri yaradılacaq.


yuxarı

BAĞLA