Məlumatı yüklə

Naxçıvanda ev təsərrüfatlarının uçotunun aparılması

işinin təşkili ilə bağlı müşavirə keçirilib



Yanvarın 6-da Naxçıvan Muxtar Respublikasında ev təsərrüfatlarının uçotunun aparılması işinin təşkili ilə bağlı müşavirə keçirilib.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli müşavirədə çıxış edərək deyib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli siyasəti və ortaya qoyduğu siyasi iradə bu gün respublikamızda ən böyük infrastruktur layihələrindən biri olan Zəngəzur layihəsinin həyata keçirilməsini labüd edib. Səlahiyyətli nümayəndə Azərbaycan Respublikası və onun Naxçıvan Muxtar Respublikası, eyni zamanda region üçün Zəngəzur layihəsinin əhəmiyyətini qeyd edib. Ölkəmizdə rəsmi statistikanın inkişafı ilə bağlı görülən işlərdən danışılıb, bu sahədə müəyyənləşdirilən bir sıra vəzifələrin Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi tərəfindən düzgün icra olunmadığı vurğulanıb. Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının müəyyən etdiyi istiqamətə uyğun olaraq 28 dekabr 2022-ci il tarixdə Naxçıvanda bununla bağlı müvafiq müşavirə keçirilib, Mərkəzi Qərargah yaradılıb, Tədbirlər Planı təsdiq edilib. Tədbirlər Planına uyğun olaraq yerlərdə icra hakimiyyətləri başçılarının rəhbərliyi ilə 8 yerli qərargah da yaradılıb. Bugünkü müşavirədə təsərrüfatbaşına uçot kitablarının doldurulması işinin təşkili ilə bağlı şəhər, rayon icra hakimiyyətləri qarşısında duran vəzifələr izah olunacaq, məsul şəxslər təlimatlandırılacaqdır.


Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdir müavini İbrahim Mustafayev bildirib ki, ötən müddətdə Naxçıvan Muxtar Respublikasında ev təsərrüfatlarının uçotunun aparılması işinin təşkili ilə bağlı bir sıra tədbirlər görülüb, lakin bəzi zəruri tədbirlərin, müəyyən addımların atılması və layihənin sistemli şəkildə həyata keçirilməsi üçün əlavə tədbirlər də görülməlidir. Qeyd olunub ki, həyata keçirilən tədbirlərdən sonra muxtar respublikada statistika üzrə real göstəricilər informasiya sistemində öz əksini tapacaqdır.


Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədr müavini Yusif Yusifov “Ev təsərrüfatlarının uçotu kitabı”nın proqram təminatının üstünlükləri haqqında ətraflı məlumat verib. Bildirilib ki, proqram təminatı yerlərdə məlumatlar daxil edilən kimi hər bir qəsəbə, kənd üzrə məlumatların ölkənin digər şəhər və rayonları üzrə avtomatik rejimdə müqayisə olunmasına, təkrarçılıq halları varsa onların aradan qaldırılmasına imkan verəcək.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri Vaqif Rəsul Naxçıvan Muxtar Respublikası üzrə 2016-cı ildə təsdiq edilmiş “Ev təsərrüfatlarının uçotu kitabı”nda olan göstəricilərlə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin təsdiq etdiyi kitab arasında müəyyən fərqliliklərin olduğunu, hazırda isə bu fərqliliklərin aradan qaldırılması istiqamətində iş aparıldığını deyib.

Sonra Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin şöbə müdiri Gündüz Məmmədov rayon (şəhər) icra hakimiyyəti başçılarının şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərində “Ev təsərrüfatlarının uçotu kitabı” üzrə məlumatların elektron məlumat bazasına daxil edilməsi qaydalarını slayd vasitəsilə müşavirə iştirakçılarının diqqətinə çatdırıb.



yuxarı

BAĞLA