Məlumatı yüklə

Rəsmi statistikanın inkişafına

hərtərəfli qayğı göstərilir


Rəsmi statistika cəmiyyət həyatının idarə olunmasında, demoqrafik proseslərin, ümumilikdə, iqtisadi fəaliyyətin bütün sahələrində baş verən dəyişikliklərin qeydə alınmasında və təhlil olunmasında mühüm rol oynayır.

Muxtar respublikada digər sahələrlə yanaşı, rəsmi statistikanın inkişafına da hərtərəfli qayğı göstərilir, statistik məlumatların hazırlanması, statistika sahəsində işlərin daha da təkmilləşdirilməsi, maddi-texniki bazanın gücləndirilməsi, müasir infrastrukturun yaradılması diqqətdə saxlanılır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri rəsmi statistikanın önəmini vurğulayaraq demişdir: “Statistika vacib sahədir. Ona görə də muxtar respublikada bu sahənin inkişafına xüsusi diqqət yetirilir. Çünki statistik məlumatların düzgünlüyü muxtar respublikanın inkişaf perspektivlərini müəyyənləşdirməyə imkan verir”.

Rəsmi statistikanın davamlı qaydada təkmilləşdirilməsini, statistika sisteminin müasir tələblərə uyğun inkişaf etdirilməsini, maddi-texniki bazanın və kadr potensialının möhkəmləndirilməsini təmin etmək üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 2 mart tarixli Sərəncamı ilə “2018-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı” təsdiq edilib.

Dövlət proqramının tədbirlər planı 5 bölmədən ibarətdir. Bölmələrə sosial statistika, iqtisadi statistika, çoxsahəli statistika, rəsmi statistika materiallarının istehsalının hüquqi, inzibati və informasiya təminatı, maddi-texniki bazanın və kadr potensialının gücləndirilməsi daxildir. Tədbirlər planının aidiyyəti strukturlarla əlaqələndirilməsi və icrasının yekunu Dövlət Statistika Komitəsinə tapşırılıb.

Müvafiq dövlət proqramının icrası istiqamətində 2018-2021-ci illərdə nəzərdə tutulmuş bütün tədbirlər tam icra olunmuş, 2022-ci il ərzində təqvim üzrə yerinə yetiriləcək tədbirlərin icrası istiqamətində işlər davam etdirilir.

Yerli statistika orqanlarında iş şəraitinin yaxşılaşdırılması istiqamətində də müəyyən işlər görülmüş, 2018-2022-ci illər ərzində Babək, Ordubad, Culfa və Şahbuz rayon statistika idarələri yeni iş otaqları ilə təmin olunmuşlar. Hazırda Dövlət Statistika Komitəsinin Aparatı, Naxçıvan Şəhər Statistika İdarəsi müasir inzibati bina ilə, Şərur, Kəngərli və Sədərək rayon statistika idarələri isə müasir iş otaqları ilə təmin olunmuş inzibati binalarda fəaliyyət göstərirlər. Həmçinin Komitə Aparatı, şəhər və rayon statistika idarələri kompüter və digər informasiya texnologiyaları avadanlıqları ilə təchiz olunmuşlar.

Dövlət proqramının icrası istiqamətində həyata keçirilən tədbirlər muxtar respublikada rəsmi statistika materiallarının istehsalı proseslərinin səmərəliliyinin yüksəldilməsinə, müxtəlif sahələr üzrə dolğun və dəqiq məlumatlara tələbatın ödənilməsinə əsaslı zəmin yaradır.

yuxarı

BAĞLA