Məlumatı yüklə

Muxtar respublikada aqrar sahə inkişaf etdirilir



Muxtar respublikada son dövrlər qəbul edilmiş dövlət proqramlarının uğurlu icrası iqtisadiyyatın digər sahələri ilə yanaşı, aqrar sektorun inkişafına da əlverişli şərait yaradıb. Məhsul istehsalçılarına güzəştli şərtlərlə kreditlərin və texnikaların verilməsi, müasir infrastrukturun yaradılması bu sahədə davamlı inkişafı təmin edib.

Aparılmış meliorasiya və irriqasiya tədbirlərinin nəticəsi olaraq təkcə 2019-cu ildən 1 oktyabr 2022-ci il tarixədək muxtar respublikada 35154 paqonmetr məsafədə sel və daşqınlara qarşı mübarizə tədbirləri,76140 paqonmetr məsafədə kollektor-drenaj şəbəkələrinin tikintisi, yenidən qurulması və bərpası,6057 paqonmetr məsafədə suvarma kanallarının tikintisi, yenidən qurulması və bərpası, 2431,9 hektar sahədə torpaqların meliorativ vəziyyətinin və 3254,5 hektar sahədə torpaqların su təminatının yaxşılaşdırılması tədbirləri həyata keçirilmişdir.

2022-ci ilin yanvar-oktyabr aylarında Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində nasos stansiyasının və təzyiqli boru xəttinin tikintisi başa çatdırılmış, Araz Su Anbarından qidalanan nasos stansiyasının və təzyiqli boru xəttinin, Babək rayonunun Çeşməbasar və Güznüt kəndləri ərazilərində qapalı suvarma və kollektor-drenaj şəbəkəsinin, Nehrəm qəsəbəsi, Şahbuz rayonunun Külüs, Mahmudoba və Nursu kəndləri ərazilərində qapalı suvarma şəbəkələrinin tikintisi davam etdirilmişdir.

Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində açıq drenaj kanalının çəkilişi başa çatdırılmış, Şərur, Babək və Sədərək rayonlarında kollektor-drenaj şəbəkələrinin təmizlənməsi davam etdirilmişdir.


Bundan əlavə, Babək rayonunda Uzunoba Su Anbarı yaxınlığında iki, “Əshabi-Kəhf” ziyarətgahına gedən avtomobil yolunun kənarında, Şərur rayonunun Alışar kəndində, Kəngərli rayonunda Şahtaxtı Gömrük Sərhəd-Buraxılış Məntəqəsinə gedən avtomobil yolunun kənarında və Naxçıvan şəhərində hər birində bir subartezian quyusunun tikintisi başa çatdırılmışdır.

Məhsul istehsalçılarının kənd təsərrüfatı maşın və mexanizmləri ilə təchizatı diqqətdə saxlanılmış, “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 2022-ci ilin yanvar-oktyabr aylarında 144 müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq alınaraq muxtar respublikaya gətirilmişdir. 2022-ci ilin yanvar-oktyabr aylarında 95 müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq lizinq yolu ilə icarəyə verilmiş, 41-i nağd yolla satılmışdır. Bu dövrdə məhsul istehsalçıları 13012,8 ton mineral gübrə ilə təmin olunmuşdur.

Həyata keçirilən tədbirlərin nəticəsidir ki, 2022-ci ilin yanvar-oktyabr aylarında muxtar respublikada 109880 ton dənli və dənli paxlalılar, 13136,4 ton dən üçün qarğıdalı, 453,2 ton dən üçün günəbaxan, 100,5 ton tütün, 54998 ton kartof, 80838 ton tərəvəz, 35336 ton bostan məhsulları, 45540 ton meyvə, 16028 ton üzüm istehsal olunmuşdur. 2018-ci ilin ilin müvafiq dövrü ilə müqayisədə dənli və dənli paxlalılar 5,2 faiz, qarğıdalı istehsalı 24,8 faiz, kartof istehsalı 18,1 faiz, tərəvəz istehsalı 4,1 faiz, meyvə istehsalı 5 faiz, üzüm istehsalı 3,9 faiz artmışdır.

Kənd təsərrüfatının xüsusi önəm kəsb edən sahələrindən biri də meyvəçilik və tərəvəzçilikdir. Bu sahənin inkişafı məqsədilə qəbul olunmuş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın uğurlu icrası muxtar respublika əhalisinin meyvə-tərəvəz məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsini təmin etməklə yanaşı, ixracyönümlü və ekoloji təmiz meyvə-tərəvəz məhsulları istehsalı sahələrinin yaradılmasına yeni imkanlar açmışdır. Görülən işlərin nəticəsi olaraq təkcə cari ilin yanvar-oktyabr aylarında 6 istixana təsərrüfatının və 3 soyuducu anbarın yaradılması, 5 istixana təsərrüfatının və 1 soyuducu anbarın genişləndirilməsi başa çatdırılmış, 3 soyuducu anbarın yaradılması davam etdirilmişdir.

Muxtar respublikada heyvandarlığın inkişaf etdirilməsi, əhalinin ət və süd məhsullarına olan tələbatının ödənilməsi istiqamətində də ardıcıl tədbirlər həyata keçirilmiş, cari ilin ötən dövründə 40 heyvandarlıq təsərrüfatının yaradılması, 31 heyvandarlıq təsərrüfatının genişləndirilməsi başa çatdırılmış, 10 heyvandarlıq təsərrüfatının yaradılması, 1 heyvandarlıq kompleksinin yenidən qurulması və 10 heyvandarlıq təsərrüfatının genişləndirilməsi davam etdirilmişdir. Maldarlıqda qısırlığın ləğv olunması və damazlıq heyvanların əldə olunması məqsədilə 2022-ci ilin yanvar-oktyabr aylarında 11113 baş inək, düyə və camış süni yolla mayalandırılmışdır. Bu dövr ərzində mayalandırılmış inək, düyə və camışlardan 12391 baş sağlam buzov alınmışdır.


Baytarlıq sahəsində həyata keçirilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 4 oktyabr tarixli Fərmanının icrası bu sahənin inkişafına yeni imkanlar yaradır.

Daxili bazarda yerli istehsalın həcminin artırılması məqsədilə 2 quşçuluq təsərrüfatının yaradılması başa çatdırılmış, 1 quşçuluq təsərrüfatının yaradılması, 1 quşçuluq təsərrüfatının yenidən qurulması davam etdirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 18 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın icrası diqqətdə saxlanılmış, 2022-ci ilin yanvar-oktyabr aylarında 1 damazlıq ana arı yetişdirmə təsərrüfatının və 9 arıçılıq təsərrüfatının yaradılması, 7 arıçılıq təsərrüfatının genişləndirilməsi başa çatdırılmış, 1 arıçılıq təsərrüfatının genişlindirilməsi davam etdirilmişdir.

Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması və məhsuldarlığın yüksəldilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 21 sentyabr tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının Süni Mayalanma Mərkəzi yaradılmışdır.

Əhalinin keyfiyyətli və təhlükəsiz heyvandarlıq məhsulları ilə təminatını qoruyub saxlamaq məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 17 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “2020-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında baytarlıq təbabətinin inkişafı üzrə Dövlət Proqramı”nın icrası üzrə müvafiq tədbirlər həyata keçirilmiş, 2022-ci ilin yanvar-oktyabr aylarında Kəngərli Rayon Baytarlıq İdarəsinin binasının tikintisi başa çatdırılmış, Culfa Rayon Baytarlıq İdarəsinin binasının tikintisi davam etdirilmişdir.

Mal-qaranın baş sayının artımı və cins tərkibinin yaxşılaşdırılması məhsul istehsalının davamlı artımını təmin etmiş, 2022-ci ilin yanvar-oktyabr aylarında muxtar respublikada diri çəkidə 23121,8 ton ət, 81907,5 ton süd, 99 milyon 230 min ədəd yumurta, 935,9 ton yun istehsal edilmişdir. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 16 faiz, süd istehsalı 6,1 faiz, yumurta istehsalı 24,3 faiz, yun istehsalı 4,5 faiz artmışdır.

Muxtar respublikada kənd təsərrüfatının dayanıqlı inkişafının təmin olunması, istehsal olunan məhsulların ixrac potensialının artırılması və kənd təsərrüfatı istehsalına əsaslanan emal müəssisələrinin qurulması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 29 mart tarixli Sərəncamı ilə “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracının stimullaşdırılmasına dair Dövlət Proqramı” təsdiq edilmişdir.

Məhsul istehsalçılarına dəstək məqsədilə cari ilin yanvar-oktyabr aylarında təsərrüfat subyektlərinə 15 milyon 572 min 200 manat məbləğində kreditlər verilmişdir ki, bu da 2018-ci ilin müvafiq dövründəki göstəricidən 3,1 dəfə çoxdur.

Muxtar respublikada aqrar sahədə elektron xidmətlərin tətbiqi və elektron informasiya sisteminin yaradılması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri tərəfindən 2022-ci il 27 yanvar tarixdə “Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı elektron informasiya sistemi” haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Fərman imzalanmışdır.

Həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsi olaraq 2022-ci ilin yanvar-oktyabr aylarında muxtar respublikada 475 milyon 517 min 500 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 22,9 faiz çoxdur.

Aqrar sahədə görülən işlər, yeni torpaq sahələrinin əkin dövriyyəsinə daxil edilməsi, əkinəyararlı torpaq sahələrindən düzgün və səmərəli istifadə olunması, keyfiyyətli toxum növləri ilə təminat muxtar respublikada kənd təsərrüfatının davamlı inkişafına yeni imkanlar yaratmaqdadır.

yuxarı

BAĞLA