Məlumatı yüklə

Muxtar respublikada infrastruktur layihələri

uğurla həyata keçirilir



Muxtar respublikada genişmiqyaslı quruculuq işlərinin aparılması, sosial obyektlərin istifadəyə verilməsi, yeni yolların salınması, ümumilikdə, iqtisadi fəaliyyətin bütün sahələrində müasir infrastrukturun yaradılması, əhalinin rahat yaşayışının təmin edilməsinə, məşğulluq səviyyəsinin yüksəldilməsinə əlverişli şərait yaradır.

“Makroiqtisadi göstəricilərin ilbəil artması, abadlıq-quruculuq işlərinin həcminin və miqyasının genişlənməsi, əhali rifahının yaxşılaşması ulu öndərimizin yoluna sədaqətin bəhrələridir”- deyən Ali Məclisi Sədrinin müəyyənləşdirdiyi inkişaf strategiyasına uyğun olaraq bu gün də muxtar respublikada infrastruktur layihələrinin həyata keçirilməsi uğurla davam etdirilir.

2022-ci ilin yanvar-oktyabr aylarında muxtar respublikada bütün maliyyə mənbələrindən əsas kapitala 885 milyon 386 min manat vəsait yönəldilmişdir ki, bunun da 94,3 faizi tikinti-quraşdırma işlərinin payına düşmüşdür.

Cari ilin ötən dövründə muxtar respublikada infrastruktur quruculuğu tədbirləri çərçivəsində 4 təhsil müəssisəsi, o cümlədən 342 şagird yerlik 1 lisey və 1048 şagird yerlik 2 ümumtəhsil məktəbi, 5 inzibati bina, o cümlədən 2 kənd mərkəzi, 1 nasos stansiyası, 10 subartezian quyusu, 4 körpü, 5 mədəniyyət müəssisəsi, 2 səhiyyə müəssisəsi, 98 istehsal və xidmət sahəsi və bir sıra digər obyektlər tikilmiş, ümumilikdə, 35 müxtəlif təyinatlı obyekt yenidən qurulmuş və ya əsaslı təmir olunmuşdur.

Bu dövrdə 6 təhsil müəssisəsinin, o cümlədən 2 ümumtəhsil məktəbinin, 15 inzibati binanın, o cümlədən 5 kənd mərkəzinin, 1 nasos stansiyasının, 1 körpünün, 5 mədəniyyət müəssisəsinin, 2 səhiyyə müəssisəsinin, 57 istehsal və xidmət sahəsinin və bir sıra digər obyektlərin tikintisi, 7 təhsil müəssisəsinin, o cümlədən 6 ümumtəhsil məktəbinin, 5 inzibati binanın, o cümlədən 1 kənd mərkəzinin, 4 mədəniyyət müəssisəsinin, 1 səhiyyə müəssisəsinin, 2 idman obyektinin və digər obyektlərin yenidən qurulması və ya əsaslı təmiri davam etdirilmişdir.

Muxtar respublikada vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərin davamı olaraq Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında “ASAN xidmət” Mərkəzinin və “DOST” Mərkəzinin tikintisi davam etdirilir.


Əhalinin rahatlığına və yaşayış səviyyəsinin yüksəlməsinə xidmət edən kommunal-məişət sistemlərinin yaxşılaşdırılması istiqamətində Babək, Kəngərli və Sədərək rayon mərkəzlərində, ətraf qəsəbə və kəndlərdə içməli su təchizatı və kanalizasiya sistemlərinin, Culfa rayonunun Yaycı, Kəngərli rayonunun Qarabağlar, Xok, Yurdçu və Qabıllı, Sədərək rayonunun Dəmirçi kəndlərində içməli su şəbəkələrinin tikintisi davam etdirilmişdir.

Muxtar respublikada 2 yaşayış binasının tikintisi, 3 yaşayış binasının yenidən qurulması başa çatdırılmış, 3 yaşayış binasının tikintisi, 12 yaşayış binasının yenidən qurulması davam etdirilir. Bundan əlavə, Uzunoba Su Anbarı ətrafında Bağ Evləri yaşayış-istirahət məntəqəsinin tikintisi başa çatdırılmış, Naxçıvan şəhərində “Gənclər Yaşayış Kompleksi”nin tikintisi davam etdirilmişdir.


Alternativ enerji istehsalı sahələrinin yaradılması və enerji infrastrukturunun yenilənməsi məqsədilə cari ilin ötən dövründə Şərur rayonunda 3 meqavat gücündə Günəş Elektrik Stansiyasının tikintisi başa çatdırılmış, Ordubad rayonunda Ordubad və Tivi su elektrik stansiyalarının tikintisi davam etdirilir.

Bundan əlavə, 0,3 meqavat gücündə Culfa Külək Elektrik Stansiyasının tikintisi başa çatdırılmış, 3 meqavat gücündə Şərur Günəş Elektrik Stansiyasının tikintisi davam etdirilir.

Ordubad rayonunun Xanağa kəndində 35/10 kilovoltluq elektrik yarımstansiyasının tikintisi başa çatdırılmış, Culfa rayonunda 132/110/35/10 kilovoltluq elektrik yarımstansiyasının tikintisi davam etdirilir.

İqtisadiyyatın dinamik inkişafının təmin olunmasında mühüm əhəmiyyətə malik olan nəqliyyat infrastrukturunun artan əhali tələbatına uyğun olaraq səmərəli idarə olunması istiqamətində tədbirlər davam etdirilmiş, 2022-ci ilin ötən dövründə 31,6 kilometr uzunluğunda avtomobil yolları yenidən qurulmuşdur.

Muxtar respublikada səmərəli məşğulluğun təmini əhalinin həyat səviyyəsinin yaxşılaşmasına və fərdi yaşayış evlərinin tikintisinə müsbət təsir göstərmiş, təkcə 2022-ci ilin yanvar-sentyabr aylarında muxtar respublikada əhalinin şəxsi vəsaiti hesabına, ümumilikdə, 364 min 717 kvadratmetr yaşayış sahəsi istifadəyə verilmişdir.

Müasir infrastuktur obyektlərinin istifadəyə verilməsi muxtar respublikanın şəhər və rayon mərkəzləri ilə yanaşı, ən ucqar dağ kəndlərinin də simasını gözəlləşdirmiş, əhalinin həyat şəraiti yaxşılaşdırılmış, rahatlığı təmin olunmuşdur. Bütün bunlar muxtar respublikanın uğurlu inkişaf konsepsiyasının və iqtisadi qüdrətinin bariz nümunəsidir.

yuxarı

BAĞLA