Məlumatı yüklə

İqtisadiyyatın davamlı inkişafı

istiqamətində tədbirlər davam etdirilir



Muxtar respublikada artan əhali tələbatına uyğun olaraq həyata keçirilən ardıcıl tədbirlər, yeni istehsal və xidmət sahələrinin, müasir infrastruktur obyektlərinin istifadəyə verilməsi əhalinin səmərəli məşğulluğuna, ümumilikdə, iqtisadiyyatın davamlı inkişafına yeni imkanlar yaradıb.

Əldə olunmuş uğurlar inkişafı xarakterizə edən əsas göstərici sayılan ümumi daxili məhsul istehsalının və onun komponenti olan digər makroiqtisadi göstəricilərin davamlı artımını təmin etmiş və 2022-ci ilin yanvar-avqust aylarında ümumi daxili məhsul istehsalı 2018-ci ilin müvafiq dövründəki göstəricini 10,4 faiz üstələyərək 1 milyard 939 milyon 834 min 300 manat olmuşdur.

2022-ci ilin yanvar-avqust aylarında ümumi daxili məhsulun 57,6 faizi və ya 1 milyard 117 milyon 373 min 600 manatı məhsul istehsalından, 39,5 faizi və ya 765 milyon 598 min 400 manatı xidmətlərin istehsalından, 2,9 faizi və ya 56 milyon 862 min 300 manatı isə məhsula və idxala xalis vergilərdən yaranmışdır. 2018-ci ilin yanvar-avqust aylarında bu göstəricilər müvafiq olaraq 56,9, 41,6 və 1,5 faiz qeydə alınıb.


Rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalının təşviqi, innovasiyalara əsaslanan yeni müəssisələrin qurulması məqsədilə 2022-ci ilin muxtar respublikada “Sənaye ili” elan edilməsi bu sahəyə diqqəti daha da artırmış, yeni istehsal sahələrinin yaradılması davamlı xarakter almışdır. Bu sahədə görülən işlər sənayenin şaxələndirilməsinə, yeni məhsul növlərinin istehsalına yeni imkanlar yaradıb. Şərur Sənaye Məhəlləsində bitki yağlarının istehsalı sahəsinin yaradılması istiqamətində görülən işlər də muxtar respublika əhalisinin etibarlı ərzaqla təminatına, kənd təsərrüfatı və sənayenin, ümumilikdə, muxtar respublika iqtisadiyyatının inkişafına yeni töhfə olacaqdır. Hazırda bitki yağlarının emalı üçün yerli xammal qəbuluna başlanılmışdır.

2022-ci ilin yanvar-avqust aylarında muxtar respublikada 797 milyon 859 min 700 manatlıq sənaye məhsulu qeydə alınmışdır ki, bu da 2018-ci ilin müvafiq dövründəki göstəricini 9,8 faiz üstələmişdir. Cari ilin ötən dövründə istehsal olunmuş sənaye məhsulunun 92,1 faizi emal sənayesinin payına düşüb.

Son dövrlər davamlı olaraq sənayenin ümumi daxili məhsulun tərkibində ilk yerdə təmsil olunması muxtar respublika iqtisadiyyatının istehsal potensialının yüksəldiyini göstərən mühüm göstəricidir.

Sənayenin artımı ilə yanaşı, bu dövrdə əhalinin ərzaq məhsulları ilə etibarlı təminatında mühüm yer tutan kənd təsərrüfatının inkişafı üzrə də ardıcıl tədbirlər həyata keçirilmiş, məhsul istehsalı 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 20,7 faiz artmışdır.

2022-ci ilin məhsulu üçün muxtar respublikada 64259 hektar sahədə əkin aparılmışdır ki, bu da 2018-ci ildəki müvafiq göstəricidən 2324 hekar çoxdur. Cari ilin yanvar-avqust aylarında 2018-ci ilin müvafiq dövrünə nisbətən dənli və dənli-paxlalılar istehsalı 5,2 faiz, kartof istehsalı 11,2 faiz, tərəvəz istehsalı 2,6 faiz artmışdır. Bu dövr ərzində meyvə və üzüm istehsalı isə müvafiq olaraq 15,9 və 4,6 faiz artmışdır.

Bitkiçiliklə yanaşı, əsas heyvandarlıq məhsullarının istehsalında da müsbət dinamika qorunub saxlanılmış, diri çəkidə ət istehsalı 18,6 faiz, süd istehsalı 6,1 faiz, yumurta istehsalı 22,2 faiz artmışdır.

İnfrastruktur quruculuğu tədbirləri, yeni istehsal və xidmət sahələrinin yaradılması istiqamətində 2022-ci ilin yanvar-avqust aylarında əsas kapitala vəsait qoyuluşu 2018-ci ilin müvafiq dövründəki göstəricini 4,4 faiz üstələyərək 674 milyon 786 min manat olmuşdur. Cari ilin ötən dövründə tikinti-quraşdırma işlərinə qoyulan vəsait 644 milyon 911 min 800 manat təşkil etmişdir ki, bu da əsas kapitala yönəldilmiş vəsaitin 95,6 faizini təşkil edib.

Muxtar respublikada iqtisadiyyatın hərəkətverici qüvvəsi sayılan sahibkarlığın inkişafı məqsədilə təkcə 2022-ci ilin yanvar-avqust aylarında təsərrüfat subyektlərinə 32 milyon 841 min 200 manat dəyərində kreditlər verilmişdir. Kreditlərin 12 milyon 204 min 500 manatı yeni istehsal sahələrinin yaradılmasına və ya genişləndirilməsinə, 20 milyon 636 min 700 manatı isə fərdi sahibkarlığın inkişafına sərf olunmuşdur.

2018-ci ildən 1 iyul 2022-ci il tarixədək muxtar respublikada 7603 yeni iş yeri yaradılmışdır.

Sahibkarlıq fəaliyyətinin davamlı olaraq dəstəklənməsi, yeni istehsal müəssisələrinin yaradılmasının nəticəsidir ki, bu gün muxtar respublikada 384 növdə məhsul istehsal olunur ki, bunun da 127 növü ərzaq, 257 növü isə qeyri-ərzaq məhsullarıdır. Hazırda əhalinin 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla 350 növdə məhsula olan tələbatı tamamilə yerli imkanlar hesabına ödənilir.

Sahibkarlığın inkişafı və səmərəli məşğulluq əhali gəlirlərinin artımını təmin etməklə yanaşı, xidmət sektorunun da inkişafına imkan yaratmış, 2018-ci ilin yanvar-avqust ayları ilə müqayisədə informasiya və rabitə xidmətləri 19 faiz, nəqliyyat sektorunda yükdaşınması 3,3 faiz, pərakəndə əmtəə dövriyyəsi 5,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər isə 3,5 faiz artmışdır.

Muxtar respublikada ümumi inkişafın təmin olunması istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətini qeyd edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri demişdir: “İşgüzar fəaliyyətin dəstəklənməsi, sahibkarlığın təşviq olunması və rentabelli layihələr üçün dövlət maliyyə dəstəyinin göstərilməsi yeni iş yerlərinin, əhali gəlirlərinin artımını təmin etmiş, iqtisadiyyatın müxtəlif parametrlər üzrə dinamik inkişafına şərait yaratmışdır”.

Sənayenin üstün mövqedə olduğu rəqabətədavamlı və ixrac potensiallı məhsullar istehsal edən innovativ iqtisadiyyatın qurulması muxtar respublikanın iqtisadi gücünün möhkəmləndirilməsinə, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına imkan yaratmaqdadır.


yuxarı

BAĞLA