Məlumatı yüklə

Muxtar respublikada əkinçiliyin inkişafı

istiqamətində ardıcıl tədbirlər həyata keçirilir



Əhalinin etibarlı ərzaq məhsulları ilə təminatında mühüm sahə olan kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən ardıcıl tədbirlər, qəbul olunmuş Dövlət proqramlarının uğurlu icrası, əkin dövriyyəsinə yeni torpaqların qatılması, meliorasiya və irriqasiya tədbirlərinin həyata keçirilməsi, keyfiyyətli toxum növlərinin istehsalı, məhsul istehsalçılarına güzəştli şərtlərlə kreditlərin və texnikaların verilməsi əkinçiliyin inkişafına əlverişli şərait yaradıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılmasına dair Tədbirlər Planı” yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması, mütərəqqi suvarma şəbəkələrinin qurulması və münbitliyin artırılması istiqamətində görülən işlərin davamlılığını təmin edib.

Cari ilin yanvar-may aylarında Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində nasos stansiyasının və təzyiqli boru xəttinin tikintisi başa çatdırılıb, Araz Su Anbarından qidalanan nasos stansiyasının və təzyiqli boru xəttinin, Babək rayonunun Çeşməbasar və Güznüt kəndləri ərazilərində qapalı suvarma və kollektor-drenaj şəbəkəsinin, Nehrəm qəsəbəsi, Şahbuz rayonunun Külüs, Mahmudoba, Nursu kəndləri ərazilərində qapalı suvarma şəbəkələrinin tikintisi davam etdirilib.

Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində açıq drenaj kanalının çəkilişi başa çatdırılıb, Şərur, Babək və Sədərək rayonlarında kollektor-drenaj şəbəkələrinin təmizlənməsi işləri davam etdirilir.

Şərur rayonunda “Dizə”, Babək rayonunda “Naxçıvançay”, “Sirab”, “Payız” və “Qahab” selovlarının hər birində bir istiqamətləndirici bəndin tikintisi başa çatdırılıb, Şərur rayonunda “Axura” selovunda istiqamətləndirici bəndin tikintisi davam etdirilir.

Həyata keçirilən tədbirlərin nəticəsi olaraq muxtar respublikada 2022-ci ilin məhsulu üçün ümumi əkin sahəsi 64 min 259 hektar təşkil edir ki, bu da 2018-ci illə müqayisədə 2324 hektar çoxdur.

Ümumi əkin sahəsinin 32567 hektarını və ya 50,7 faizini payızlıq əkin, 24244 hektarını və ya 37,7 faizini yazlıq əkin, 7448 hektarını və ya 11,6 faizini əvvəlki illərin çoxillik otları təşkil edib.

2022-ci ilin məhsulu üçün qeydə alınmış əkin sahəsinin 34444 hektarını və ya 53,6 faizini dənli və dənli-paxlalılar (qarğıdalısız), 1348 hektarını və ya 2,1 faizini dən üçün qarğıdalı, 190 hektarını və ya 0,3 faizini dən üçün günəbaxan, 74 hektarını və ya 0,1 faizini tütün, 3481 hektarını və ya 5,4 faizini kartof, 6215 hektarını və ya 9,7 faizini tərəvəz, 2489 hektarını və ya 3,9 faizini ərzaq üçün bostan bitkiləri, 8570 hektarını və ya 13,3 faizini cari ilin çoxillik və birillik otları, 7448 hektarını və ya 11,6 faizini isə əvvəlki illərin çoxillik otları təşkil edib.

2022-ci ilin məhsulu üçün əkin sahələrinin strukturu

Ümumi əkin sahəsinin 2248 hektarı və ya 3,5 faizi Naxçıvan şəhərinin, 16234 hektarı və ya 25,3 faizi Şərur, 16172 hektarı və ya 25,2 faizi Babək, 3937 hektarı və ya 6,1 faizi Ordubad, 8213 hektarı və ya 12,8 faizi Culfa, 10158 hektarı və ya 15,8 faizi Kəngərli, 2769 hektarı və ya 4,3 faizi Şahbuz, 4528 hektarı və ya 7 faizi Sədərək rayonlarının payına düşüb.

Muxtar respublikada torpaq mülkiyyətçilərinin məhsuldar və yerli iqlim şəraitinə uyğun toxumlarla təminatı sahəsində də ardıcıl tədbirlər görülür. “Naxçıvan Toxumçuluq Mərkəzi” publik hüquqi şəxsin yaradılması muxtar respublikada toxuma olan tələbatın yerli istehsal hesabına ödənilməsi və bu sahədə dövlət nəzarətinin gücləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir.


Kənd təsərrüfatının davamlı inkişafı torpaq mülkiyyətçilərinin və fermerlərin müasir kənd təsərrüfatı texnika və texnoloji avadanlıqları ilə təminatını zəruri edir. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 2022-ci ilin yanvar-may aylarında 93 müxtəlif adda kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq alınıb, 71 texnika lizinq və nağd yolla satılıb, məhsul istehsalçıları 8 min tona yaxın mineral gübrə ilə təmin olunub.

Əkinçiliyin inkişafı istiqamətində təsərrüfat subyektlərinə 2022-ci ilin yanvar-may aylarında 849 min 100 manat kredit verilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7 faiz çoxdur.

Aqrar sahənin əhəmiyyətini qeyd edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri demişdir: “Kənd təsərrüfatı iqtisadiyyatın lokomotividir. Hər bir ölkədə inkişafın əsas hədəfi ərzaq təhlükəsizliyinin təmin olunmasıdır. Muxtar respublikada aqrar sahədə görülən işlər həyata keçirilən islahatlar da bu məqsədə hesablanmışdır. Qarşıdakı dövrdə də bu sahədəki fəaliyyət davam etdirilməli, məhsuldarlığın artırılması sahəsində elmi-təcrübi tədbirlər görülməlidir”.

Muxtar respublikada əkinəyararlı torpaq sahələrindən düzgün istifadə olunması, müasir suvarma sistemlərinin qurulması, fermerlərin texnika və avadanlıqlarla təmin olunması bitkiçiliyin inkişafına və ümumi iqtisadi potensialın güclənməsinə zəmin yaratmaqdadır.


BAĞLA