Məlumatı yüklə

Muxtar respublikada arıçılığın inkişafı

üzrə davamlı tədbirlər görülür



Aqrar sektorun gəlirli sahələrindən biri olan arıçılığın inkişafı məqsədilə həyata keçirilən kompleks tədbirlər bu sahədə yeni təsərrüfat subyektlərinin yaradılmasına, əhalinin məşğulluğuna və keyfiyyətli yerli məhsullarla təminatına müsbət təsir göstərib.

Sahibkarlara dövlət tərəfindən hər arı ailəsinə görə subsidiyaların və pulsuz dərman preparatlarının verilməsi, beynəlxalq və yerli əhəmiyyətli elmi-praktik konfransların keçirilməsi, muxtar respublikanın əlverişli təbii iqlim şəraiti və zəngin yem ehtiyatı, həmçinin “Naxçıvan Muxtar Respublikası Arıçıları” İctimai Birliyinin təsis olunması və sahibkarların maliyyə resurslarına çıxış imkanlarının yaxşılaşdırılması arıçılığın inkişafını təmin edib.

Görülən tədbirlərin nəticəsidir ki, təkcə 2021-ci ildə arıçılıqla məşğul olan təsərrüfat subyektlərinə 505 min manat məbləğində kredit verilmişdir. 2021-ci ildə 15 arıçılıq təsərrüfatının yaradılması, 2 arıçılıq təsərrüfatının genişləndirilməsi başa çatdırılmış, 1 arıçılıq təsərrüfatının yaradılması, 1 arıçılıq təsərrüfatının genişləndirilməsi davam etdirilmişdir. Ümumilikdə, son beş ildə təsərrüfat subyektlərinə 2 milyon 27 min manat kredit verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 noyabr 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın uğurlu icrası bu sahədə həyata keçirilən tədbirlərin davamlılığını təmin etmişdir. Həmçinin, “Arıçılıq məhsulları - bal satış yarmarkası”nın keçirilməsi bu sahənin inkişafına ciddi təsir göstərib.

Həyata keçirilən tədbirlərin nəticəsi olaraq 1 yanvar 2022-ci il tarixə muxtar respublikada 100 min 86 arı ailəsi mövcud olmuşdur ki, bu da 2017-ci ilin sonu ilə müqayisədə 40,8 faiz çoxdur.


Arı ailələrinin sayı

2021-ci ilin sonuna ümumi arı ailələrinin 12978-i Şərur, 14984-ü Babək, 18939-u Ordubad, 18658-i Culfa, 2206-sı Kəngərli, 26920-si Şahbuz,  906-sı Sədərək rayonlarının, 4495-i isə Naxçıvan şəhərinin payına düşüb.

Arı ailələrinin artımı məhsul istehsalına müsbət təsir göstərmiş, 2021-ci ildə muxtar respublikada 1506 ton bal istehsal olunmuşdur ki, bu da   2017-ci illə müqayisədə 5,8 faiz artmışdır.

BAĞLA