Məlumatı yüklə
Muxtar respublikada əhalinin səmərəli
məşğulluğu diqqət mərkəzindədir
Muxtar respublikada iqtisadi və sosial sahələrdə həyata keçirilən tədbirlər davamlı inkişafı təmin etməklə yanaşı, əhalinin səmərəli məşğulluğuna da yeni imkanlar yaratmışdır. Son dövrlər geniş vüsət almış tikinti-quruculuq işləri, istifadəyə verilən yeni istehsal və xidmət sahələri, təhsil, səhiyyə, mədəniyyət müəssisələri, müasir avtomobil yolları və digər infrastruktur obyektləri bu sahədə görülən işlərin əhatə dairəsini daha da genişləndirmişdir.
Muxtar respublikada 2007-2010-cu illərdə məşğulluq strategiyasının həyata keçirilməsi, 2014-2015 və 2016-2020-ci illərdə əhalinin məşğulluğunun artırılması üzrə dövlət proqramlarının uğurlu icrası bu sahənin inkişafında təkanverici rol oynamışdır. Bu tədbirlərin davamı olaraq cari ilin yanvar ayının 28-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri tərəfindən təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” əhalinin məşğulluğuna yönəldilən tədbirlərin davamlılığına nail olunmasına, yeni iş yerlərinin yaradılmasına və özünüməşğulluğun təmin edilməsinə, əmək bazarında real vəziyyətin təhlil edilməsinə, eyni zamanda tələbata uyğun kadr hazırlığının aparılmasına, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin məşğulluğunun təmin edilməsinə yeni imkanlar yaradacaqdır.
Ötən dövrdə yeni iş yerlərinin yaradılması diqqətdə saxlanılmış, 2011-ci ildən 1 iyul 2021-ci il tarixədək muxtar respublikada 33 min 364 yeni iş yeri açılmışdır. Açılmış iş yerlərinin 85,4 faizini daimi iş yerləri təşkil edib. Bu dövrdə ümumi açılmış iş yerlərinin 47,2 faizi Naxçıvan şəhərinin, 15 faizi Şərur, 11,2 faizi Babək, 7,1 faizi Ordubad, 9 faizi Culfa, 3,9 faizi Kəngərli, 4,3 faizi Şahbuz, 2,3 faizi Sədərək rayonlarının payına düşüb.
2021-ci ilin ilk yarım ilində muxtar respublikada sahibkarlara 18 milyon 253 min manat kredit verilmişdir. Verilmiş kreditin 7 milyon 690 min manatı yeni istehsal sahələrinin yaradılmasına və ya genişləndirilməsinə, 10 milyon 563 min manatı isə fərdi sahibkarlığın inkişafına sərf olunmuşdur. Bu dövrdə 28 hüquqi və 1342 fiziki şəxs qeydiyyata alınmışdır.
2021-ci ilin yanvar-iyun aylarında muxtar respublikada dövlət dəstəyi ilə iqtisadi fəaliyyətin müxtəlif sahələrində 55 layihə üzrə istehsal və xidmət obyektləri yaradılmış, 54 layihə üzrə istehsal və xidmət obyektlərinin yaradılması isə davam etdirilmişdir.
Ümumi inkişafın təmin edilməsi məqsədilə həyata keçirilən tədbirlər demoqrafik proseslərə də müsbət təsir göstərmiş, muxtar respublikada əhalinin sayı 2011-ci ilin sonu ilə müqayisədə 10,5 faiz artaraq 1 iyul 2021-ci il tarixə 462,3 min nəfər olmuşdur. Ümumi əhalinin 252,1 min nəfərini məşğul əhali təşkil etmişdir ki, bu da 2011-ci ilin sonu ilə müqayisədə 16,4 faiz çoxdur.
Sahibkarlığın inkişafı, yeni istehsal və xidmət sahələrinin yaradılması əmək bazarında əhəmiyyətli dərəcədə müsbət dəyişiklik yaratmışdır. Belə ki, 2011-ci ildə muxtar respublikada dövlət sektorunda çalışanların sayı iqtisadiyyatda çalışanların ümumi sayının 18,5 faizini təşkil etmişdirsə,2021-ci ilin yanvar-iyun aylarında bu göstərici 15 faiz olmuşdur.
Cari ilin yanvar-iyun aylarında muxtar respublikada muzdla işləyənlərin sayı 98 min nəfər təşkil etmişdir ki, bunun da 37,8 min nəfəri dövlət sektorunda, 60,2 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Muzdla işləyənlərin 6,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 17,3 faizi sənaye, 12,1 faizi tikinti, 19,6 faizi topdan və pərakəndə ticarət, 5,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3 faizi yaşayışın təşkili və ictimai iaşə, 1,2 faizi informasiya və rabitə, 0,4 faizi maliyyə və sığorta fəaliyyəti, 0,8 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar, 1,3 faizi peşə, elmi və texniki fəaliyyət, 1,3 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 5,8 faizi dövlət idarəetməsi və icbari sosial təminat, 14,4 faizi təhsil, 5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 3,5 faizi istirahət, əyləncə və incəsənət, 2 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.
Yüksək əməktutumlu iş yerlərinin yaradılması əhali rifahının davamlı yüksəlişinə əsaslı zəmin yaratmış, 2021-ci ilin yanvar-iyun aylarında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 540,8 manat olmuşdur ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz çoxdur. 2011-ci ildə isə bu göstərici 341,4 manat təşkil etmişdir. Hazırda bir işçiyə hesablanmış orta aylıq əməkhaqqının məbləği dövlət sektorunda 560,1 manat, qeyri-dövlət sektorunda isə 528,7 manat təşkil edir. Bir işçiyə hesablanmış ən yüksək orta aylıq əməkhaqqı göstəricisi dövlət idarəetməsi və icbari sosial təminat, maliyyə və sığorta fəaliyyəti, topdan və pərakəndə ticarət sahələrində çalışan işçilərdə qeydə alınmışdır.
Qəbul edilmiş dövlət proqramlarının uğurlu icrası, həyata keçirilən mühüm layihələr, insan kapitalının inkişafı, rəqabətədavamlı və ixracyönümlü yeni məhsullar istehsal edən müəssisələrin yaradılması əmək ehtiyatlarından səmərəli istifadəni, əhalinin məşğulluq imkanlarını daha da artıracaqdır.
yuxarı
BAĞLA