Məlumatı yüklə
Naxçıvanda rəsmi statistikanın
inkişafına xüsusi diqqət yetirilir
Naxçıvan Muxtar Respublikasında statistika işinin müasir tələblər səviyyəsində qurulması sosial-iqtisadi göstəricilərin real faktlar əsasında düzgün müqayisəsinə və müxtəlif sahələr üzrə məlumatların sistemləşdirilməsinə şərait yaradır. Məhz bu fəaliyyətin planlı şəkildə həyata keçirilməsi ilə əldə edilən nəticələr cəmiyyətin ictimai-iqtisadi həyatının mühüm istiqamətlərini müəyyənləşdirmək üçün baza rolunu oynayır. Aparılan tədqiqatlar nəticəsində yayımlanan analitik məlumatlar muxtar respublikamızda inkişaf tempinin artaraq davam etdiyinin əyani sübutudur.
Son illər Naxçıvanda statistika fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində mühüm işlər görülmüşdür. Muxtar respublikada inzibati ərazi dairələri üzrə statistika işçisi ştatı yaradılmış, kənd mərkəzlərində statistika işçiləri üçün otaq ayrılmışdır. Qeyd olunanlarla yanaşı, statistika orqanlarında maddi-texniki bazanın gücləndirilməsi diqqət mərkəzində olmuş, müasir infrastrukturun yaradılması və beynəlxalq standartlara cavab verən avadanlıqların quraşdırılması ilə bağlı tədbirlər görülmüşdür. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Statistika vacib sahədir. Ona görə də muxtar respublikada bu sahənin inkişafına xüsusi diqqət yetirilir. Çünki statistik məlumatların düzgünlüyü muxtar respublikanın inkişaf perspektivlərini müəyyənləşdirməyə imkan verir”.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 2 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı” da bu sahədə əldə edilən nailiyyətlərin sayının artmasında mühüm mərhələ təşkil edir. Dövlət proqramında müxtəlif istiqamətlər üzrə siyahıyaalmaların, statistik müayinələrin keçirilməsini nəzərdə tutan tapşırıqlar müəyyən edilmişdir. Aprel-iyun aylarında proqramın icrasına uyğun olaraq 2020-ci ilin birinci rübündə aparılan işçi qüvvəsinə və ev təsərrüfatları büdcələrinin tədqiqatına dair seçmə statistik müayinələrin həyata keçirilməsi davam etdirilmişdir. Həmçinin iyun ayında ev təsərrüfatlarında informasiya və kommunikasiya texnologiyalarından istifadəyə dair seçmə statistik müayinənin keçirilməsinə başlanılmışdır.
Dövlət proqramında mühüm diqqət cəlb edən tapşırıqlardan biri də sənaye müəssisələrində istehsal avadanlıqlarının vəziyyəti və onlardan istifadəyə dair seçmə statistik müayinənin keçirilməsidir. Qeyd edilən tapşırığın icrası istiqamətində ikinci rübdə müvafiq proqram təminatı hazırlanaraq Statistik Məlumatlar Sistemində yerləşdirilmişdir. Aprel ayından keçirilməyə başlanan statistik müayinə iyun ayında yekunlaşdırılmışdır.
Proqramda təsərrüfatbaşına uçot sənədləri əsasında kənd təsərrüfatı ilə məşğul olan ailə kəndli və ev təsərrüfatlarının elektron məlumat bazasının yaradılması ilə bağlı statistika və yerli icra hakimiyyəti orqanları qarşısında tapşırıq müəyyən edilmişdir. İkinci rübdə qeyd edilən tapşırığın icrası istiqamətində müvafiq elektron məlumat bazasının yaradılması başa çatdırılmışdır. Muxtar respublika üzrə 1 yanvar 2020-ci il tarixə təsərrüfatbaşına uçot sənədləri əsasında kənd təsərrüfatı ilə məşğul olan ailə-kəndli və ev təsərrüfatlarının sayı 45 min 705 olmuşdur. Onlardan 1092-si Naxçıvan şəhərində, 17 min 813-ü Şərur, 8 min 288-i Babək, 6 min 288-i Ordubad, 4 min 794-ü Culfa, 3 min 732-si Kəngərli, 1251-i Şahbuz, 2 min 447-si isə Sədərək rayonlarında qeydə alınmışdır.
Dövlət proqramının icrasına uyğun sorğuların, seçmə statistik müayinələrin, siyahıyaalmaların vaxtında həyata keçirilməsi müxtəlif sahələr üzrə dolğun və dəqiq məlumatlara tələbatın ödənilməsinə əsaslı zəmin yaradacaqdır.
yuxarı
BAĞLA