Məlumatı yüklə

Əhalinin səmərəli məşğulluğu təmin edilib


Muxtar respublikada iqtisadi və sosial sahələrdə həyata keçirilən mühüm tədbirlər, yeni istehsal və xidmət sahələrinin istifadəyə verilməsi, iş yerlərinin açılması əhalinin səmərəli məşğulluğunu təmin etmiş, həyat səviyyəsini daha da yaxşılaşdırmışdır.

Əhali artımına uyğun olaraq iqtisadi və sosial sahələrin kompleks inkişafı məqsədilə 2005-2018-ci illəri əhatə edən üç dövlət proqramının, əsasən yerli istehsalın inkişafını təmin edən digər dövlət proqramlarının uğurlu icrası həyata keçirilən tədbirlərin effektivliyini daha da artırmış, “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda və digər dövlət proqramlarında qarşıya qoyulmuş vəzifələrin icrası isə görülən işlərin davamlılığına stimul yaratmışdır.

İqtisadiyyatın çoxşaxəli inkişafının təmin edilməsi, infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması tədbirləri demoqrafik proseslərə də müsbət təsir göstərmiş, əhalinin sayı 2005-ci ilin sonu ilə müqayisədə 20,5 faiz artaraq 1 iyul 2020-ci il tarixə 460,6 min nəfər təşkil etmişdir.

Muxtar respublikada 2007-2010-cu illərdə məşğulluq strategiyasının həyata keçirilməsi, 2014-2015 və 2016-2020-ci illərdə əhalinin məşğulluğunun artırılması üzrə dövlət proqramlarının icrası da işaxtaran vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə, səmərəli məşğulluğun və özünüməşğulluğun təmin edilməsinə, əmək bazarının tələbinə uyğun peşə hazırlığının təşkilinə geniş imkanlar yaratmışdır. Belə ki, təkcə 2020-ci ilin ilk yarımilində əmək bazarının tələblərinə uyğun olaraq Naxçıvan Regional Peşə Tədris Mərkəzində təşkil olunmuş peşə hazırlığı və ixtisasartırma kurslarına 120 nəfər cəlb edilmişdir. Bundan əlavə, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin tabeliyindəki peşə-ixtisas təhsili müəssisələrində 849 gənc müxtəlif peşələrə yiyələnmişdir.


2020-ci ilin yanvar-iyun aylarında muxtar respublikada dövlət dəstəyi ilə iqtisadi fəaliyyətin müxtəlif sahələrində 69 layihə üzrə istehsal və xidmət obyektləri yaradılmış, 624 nəfər ailə üzvü olan 133 aztəminatlı ailənin özünüməşğulluğu təmin edilmişdir.

Sahibkarlara bu dövr ərzində 18 milyon 879 min 100 manat kredit verilmişdir ki, bunun da 11 milyon 336 min 100 manatı yeni istehsal sahələrinin yaradılmasına və ya genişləndirilməsinə, 7 milyon 543 min manatı isə fərdi sahibkarlığın inkişafına sərf olunmuşdur.

2020-ci ilin ilk yarımilində 638, ümumilikdə, 2005-ci ildən 1 iyul 2020-ci il tarixədək muxtar respublikada 69 min 895 yeni iş yeri açılmışdır. İş yerlərinin 44,5 faizi Naxçıvan şəhərində, 14,7 faizi Şərur, 12,4 faizi Babək, 7,1 faizi Ordubad, 8,4 faizi Culfa, 5,6 faizi Kəngərli, 4,8 faizi Şahbuz, 2,5 faizi Sədərək rayonlarında qeydə alınıb.

Aparılmış məqsədyönlü tədbirlərin nəticəsi olaraq muxtar respublikada məşğul əhalinin sayı 2005-ci ilin sonu ilə müqayisədə 1,4 dəfə artaraq 1 iyul 2020-ci il tarixə 249,6 min nəfərə çatmışdır.

Sahibkarlığın inkişafı, yeni istehsal və xidmət sahələrinin yaradılması əmək bazarında əhəmiyyətli dərəcədə müsbət dəyişiklik yaratmışdır. 2005-ci ildə muxtar respublikada dövlət sektorunda çalışanların sayı iqtisadiyyatda çalışanların ümumi sayının 23,6 faizini təşkil etdiyi halda, 2020-ci ilin yanvar-iyun aylarında bu göstərici 15,2 faiz səviyyəsində olmuşdur.


Cari ilin yanvar-iyun aylarında muxtar respublikada muzdla işləyənlərin sayı 96,5 min nəfər təşkil etmişdir ki, bunun da 37,9 min nəfəri dövlət sektorunda, 58,6 min nəfəri isə qeyri-dövlət sekto¬runda fəaliyyət göstərib. Muzdla işləyənlərin 6,8 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 17,4 faizi sənaye, 12,2 faizi tikinti, 19,5 faizi topdan və pərakəndə ticarət, 5,7 faizi nəqliyyat və anbar təsərrüfatı, 2,9 faizi yaşayışın təşkili və ictimai iaşə, 1,2 faizi informasiya və rabitə, 0,4 faizi maliyyə və sığorta fəaliyyəti, 0,7 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar, 1,2 faizi peşə, elmi və texniki fəaliyyət, 1,2 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 5,7 faizi dövlət idarəetməsi və icbari sosial təminat, 14,4 faizi təhsil, 5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 3,7 faizi istirahət, əyləncə və incəsənət, 2 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.

2020-ci ilin yanvar-iyun aylarında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 524,8 manat təşkil etmişdir ki, bu da ölkənin digər iqtisadi rayonları ilə müqayisədə daha yüksəkdir.

Bir işçiyə hesablanmış ən yüksək orta aylıq əməkhaqqı göstəricisi maliyyə və sığorta fəaliyyəti, dövlət idarəetməsi və icbari sosial təminat, topdan və pərakəndə ticarət sahələrində çalışan işçilərdə qeydə alınmışdır.

Rəqabətədavamlı və ixracyönümlü məhsullar istehsal edən yeni müəssisələrin yaradılması və özünüməşğulluğun təmin edilməsi istiqamətində aparılan uğurlu siyasət əmək ehtiyatlarından səmərəli istifadəni, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsini daha da artırmaqdadır.

yuxarı

BAĞLA