Məlumatı yüklə

Muxtar respublikada bank sistemi

hərtərəfli qayğı ilə əhatə olunub


Bazar münasibətlərinə əsaslanan milli iqtisadiyyatın formalaşdırılmasında və makroiqtisadi sabitliyin qorunmasında bank sistemi mühüm rol oynayır.

İqtisadi aktivliyin təmin olunması məqsədilə Naxçıvan Muxtar Respublikasında da bank sisteminin inkişafı və normal fəaliyyəti diqqətdə saxlanılmış, maddi-texniki baza gücləndirilmiş, yeni bank və filiallar yaradılmışdır.

2019-cu ilin sonuna muxtar respublikada 17-si bank və bank filialları, 2-si bank olmayan kredit təşkilatı, 1-i isə kredit ittifaqı olmaqla 20 müəssisə fəaliyyət göstərmişdir.

Muxtar respublikanın banklarında hesablaşma və kassa xidmətləri, depozitlər, əmanətlər, kredit, bankomat, pos-terminal və lizinq əməliyyatları həyata keçirilir. Bundan əlavə, banklar tərəfindən müştəri ödənişlərinin idarəetmə sistemi, sürətli pul köçürmələri, kommunal və dövlət rüsumlarının ödənişi, internet və mobil bankçılıq, SMS məlumatlandırma və xarici valyuta mübadiləsi əməliyyatları da aparılır.

Azərbaycan Respublikasının ilk regional bankı olan “Naxçıvanbank” 11 sentyabr 2008-ci il tarixdə fəaliyyətə başlayıb. Milli və beynəlxalq banklararası ödəniş sistemlərinin üzvü olan bankın Bakı və Naxçıvan şəhərlərində, Şərur, Ordubad və Culfa rayonlarında filialları fəaliyyət göstərir. Bank tərəfindən kənd təsərrüfatında əkinçilik üzrə verilən kreditlərin faiz dərəcəsi 13, heyvandarlıq və biznes üzrə verilən kreditlərin faiz dərəcəsi 15 faizədək endirilmiş, kiçikhəcmli kreditlərin verilməsi qaydaları sadələşdirilmişdir.

2019-cu ildə muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 143 milyon 185 min 300 manat kredit verilmişdir ki, bu da 2010-cu ildəki göstəricidən 4 dəfə çoxdur.

İqtisadiyyata kredit qoyuluşu, min manat

2019-cu ildə verilmiş kreditlərin 14 milyon 767 min 900 manatı və yaxud 10,3 faizi qısamüddətli, 128 milyon 417 min 400 manatı və yaxud 89,7 faizi uzunmüddətli kreditlər olmuşdur. 2019-cu ildə ümumi kreditlərin 29 milyon 16 min 300 manatı sahibkarlıq subyektlərinə verilmişdir ki, bunun da 12 milyon 131 min 600 manatı yeni istehsal sahələrinin yaradılmasına və ya genişləndirilməsinə, 16 milyon 884 min 700 manatı isə fərdi sahibkarlığın inkişafına sərf olunmuşdur.

Naxçıvan Muxtar Respublikasında ölkənin digər iqtisadi rayonları ilə müqayisədə bank sektoru üzrə verilən kreditlərin ən aşağı orta faiz dərəcəsi tətbiq edilir ki, bu da özəl sektorun inkişafında ciddi amillərdən biridir.

1 yanvar 2020-ci il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 84936-ya çatmışdır ki, bunun da 74781-i və ya 88 faizi aktiv hesablardır. 1 yanvar 2011-ci il tarixə isə bu göstəricilər müvafiq olaraq 8087 və 6218 vahid olmuşdur.

2019-cu ilin sonuna muxtar respublikada quraşdırılmış POS-terminallarının sayı 1278-ə çatdırılmışdır ki, bu da 1 yanvar 2011-ci il tarixə olan göstəricidən 1231 vahid çoxdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri tərəfindən təsdiq edilmiş 2013-2015-ci illəri əhatə edən “Naxçıvan Muxtar Respublikasında elektron ödəniş məkanının formalaşdırılması və nağdsız hesablaşmaların həcminin artırılması” üzrə Tədbirlər Planının, “2016-2018-ci illərdə Naxçıvan Muxtar Respublikasında müasir elektron ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”ın uğurlu icrası, “2019-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında rəqəmsal ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”ın icrası məqsədilə həyata keçirilən mühüm tədbirlər maliyyə sabitliyinin və ümumi inkişafın təminatında mühüm rol oynamışdır.

Nağdsız ödənişlərin həcminin artırılması məqsədilə kart sahibləri arasında həvəsləndirici tədbirlərin və digər infrastruktur layihələrinin icrasının nəticəsidir ki, 2019-cu ildə POS-terminal, internet və digər ödəniş vasitələri daxil olmaqla cəmi nağdsız ödənişlər 45 milyon 550 min manatdan çox olmuşdur ki, bu da 2015-ci ildəki müvafiq göstəricini 2,4 dəfə üstələmişdir.

Muxtar respublikada bank sektorunda əldə olunmuş uğurlu nəticə kimi 2019-cu ildə dövriyəyə buraxılan pul kütləsi ilə bankların kassalarına daxil olan pul kütləsi arasında fərq azalmış, məxaricdə emissiyanın xüsusi çəkisi 29,2 faiz təşkil etmişdir. 2015-ci ildə bu göstərici 38,8 faiz, 2010-cu ildə isə 62,4 faiz səviyyəsində olmuşdur.

2019-cu ilin sonuna muxtar respublika ərazisində fəaliyyət göstərən bank strukturlarında 9 milyon 788 min 600 manat əhali əmanəti mövcud olmuşdur ki, bu da 1 yanvar 2011-ci il tarixə olan göstəricidən 2,5 dəfə çoxdur. Əhali əmanətlərindəki artım muxtar respublikada səmərəli məşğulluğun və sahibkarlığın inkişafını xarakterizə edən mühüm göstərici olmaqla yanaşı, həm də bank sektoruna inamın təzahürüdür.

İqtisadiyyatın, o cümlədən bank sektorunun kompleks inkişafının təmin olunması məqsədilə həyata keçirilən mühüm tədbirlər əldə olunmuş uğurların davamlılığına, muxtar respublikanın iqtisadi qüdrətinin daha da gücləndirilməsinə yeni imkanlar yaradır.

< yuxarı >

BAĞLA