Məlumatı yüklə

2020-ci ilin yanvar-fevral aylarında

Naxçıvan Muxtar Respublikasının

sosial-iqtisadi inkişafı



Muxtar respublikada 2020-ci ilin yanvar-fevral aylarında 361 milyon 857 min 800 manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz çoxdur.

Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,8 faiz artaraq 786,8 manat olmuşdur.

* * *

Muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 175 milyon 957 min manat dəyərində məhsul istehsal edilmişdir ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz çoxdur.

* * *

Vəsait qoyuluşları çərçivəsində 2020-ci ilin yanvar-fevral aylarında muxtar respublikada bütün maliyyə mənbələrindən əsas kapitala 73 milyon 750 min 800 manat vəsait yönəldilmişdir ki, bu da bir il öncəki göstəricidən 0,8 faiz çoxdur. Əsas kapitala yönəldilmiş vəsaitin 70 milyon 471 min 700 manatı və ya 95,6 faizi tikinti-quraşdırma işlərinin payına düşmüşdür.

* * *

2020-ci ilin yanvar-fevral aylarında 15 milyon 746 min 700 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2,4 faiz çoxdur. Bu dövr ərzində diri çəkidə ət istehsalı 3694,3 ton, süd istehsalı 5228 ton olmuşdur. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 2,2 faiz, süd istehsalı isə 1,7 faiz artmışdır.

* * *

2020-ci ilin yanvar-fevral aylarında informasiya və rabitə xidmətlərinin dəyəri 9 milyon 372 min 500 manat olmuşdur ki, bu da 2019-cu ilin müvafiq dövründəki xidmətlərin dəyəri ilə müqayisədə 1,1 faiz çoxdur. Bu dövr ərzində mobil rabitə xidmətinin dəyəri 7 milyon 637 min 500 manat təşkil etmiş və bir il öncəyə nisbətdə 2,7 faiz artmışdır.

* * *

Təsərrüfat subyektlərinin kredit resurslarına çıxış imkanları davamlı olaraq yaxşılaşdırılmış, 2020-ci ilin yanvar-fevral aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 27 milyon 661 min 900 manat məbləğində kreditlər verilmişdir ki, bu da bir il öncəki göstəricidən 3,4 dəfə çoxdur. Verilmiş kreditlərin 2 milyon 417 min 600 manatı və yaxud 8,7 faizi qısamüddətli, 25 milyon 244 min 300 manatı və yaxud 91,3 faizi uzunmüddətli kreditlər olmuşdur.

* * *

Sahibkarlıq fəaliyyətinin davamlı olaraq dəstəklənməsi, yeni istehsal müəssisələrinin yaradılması nəticəsində muxtar respublikada 383 növdə məhsul istehsal olunur ki, bunun da 126 növü ərzaq, 257 növü isə qeyri-ərzaq məhsullarıdır. Hazırda əhalinin 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla 350 növdə məhsula olan tələbatı tamamilə yerli imkanlar hesabına ödənilir.

* * *

Muxtar respublikada bank sektorunun normal fəaliyyəti təmin edilmişdir.

1 mart 2020-ci il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 85869-a çatmışdır ki, bunun da 75476-sı və ya 87,9 faizi aktiv hesablardır. 2020-ci ilin yanvar-fevral aylarında açılmış 6392 bank hesabının 6389-u aktiv hesablar olmuşdur.

Muxtar respublikada quraşdırılmış POS-terminalların sayı 1 mart 2020-ci il tarixə 1280-ə çatmışdır.

* * *

Muxtar respublikada iqtisadiyyatın dinamik inkişafı xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət şərait yaratmış, 2020-ci ilin yanvar-fevral aylarında 51 milyon 156 min 200 ABŞ dolları dəyərində xarici ticarət dövriyyəsi qeydə alınmışdır. İxracın dəyəri 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə artaraq 37 milyon 44 min 600 ABŞ dolları təşkil etmiş, 22 milyon 933 min ABŞ dolları dəyərində müsbət saldo yaranmışdır.

* * *

2020-ci ilin yanvar ayında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 503,9 manat təşkil etmişdir ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 16,3 faiz çoxdur.

* * *

1 fevral 2020-ci il tarixə muxtar respublika əhalisinin sayı bir il öncəyə nisbətdə 3515 nəfər artaraq 459 min 831 nəfər olmuşdur.

< yuxarı >

BAĞLA