2019-cu ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı
     
 

  Məlumatı yüklə

2019-cu ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı




Muxtar respublikada iqtisadiyyatın şaxələndirilməsi və sosial sahənin inkişafı istiqamətində həyata keçirilən tədbirlər 2019-cu ildə də davam etdirilmiş, yüksək nəticələr qazanılmışdır.

Əldə olunmuş uğurların davamlılığının qorunub saxlanılması və artan əhali tələbatına uyğun olaraq iqtisadiyyatın çoxşaxəli inkişafının təmin edilməsi, infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 29 mart tarixli Fərmanı ilə “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiq edilmişdir.

2019-cu ildə inkişafı xarakterizə edən əsas göstərici kimi ümumi daxili məhsul istehsalı 2 milyard 839 milyon 650 min manat olmuşdur ki, bu da bir il öncəki göstəricidən 1,5 faiz çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsul isə əvvəlki ilə nisbətən 1,6 faiz artaraq 6201,5 manat olmuşdur. Ümumi daxili məhsulun tərkibində ilk yeri 27,6 faizlik payla sənaye sahəsi tutmuş və maddi istehsalın payı 58,9 faiz təşkil etmişdir.

2018-ci illə müqayisədə 2019-cu ildə sənaye məhsulu 1,4 faiz, əsas kapitala yönəldilən vəsaitlər 1,2 faiz, kənd təsərrüfatı məhsulu 4,5 faiz, nəqliyyat sektorunda yük daşınması 2 faiz, informasiya və rabitə xidmətləri 2,8 faiz artmışdır.

Makroiqtisadi göstəricilər
Müqayisə predmeti 2019-cu il, faktiki 2019-cu il 2018-ci ilə
nisbətən, faizlə
Ümumi daxili məhsul, min manat
2 839 650,0
101,5 *
Hər bir nəfərə düşən ümumi daxili məhsul, manat
6 201,5
101,6
Sənaye məhsulu, min manat
1 014 971,5
101,4 *
Əsas kapitala yönəldilən vəsaitlər, min manat
1 029 283,9
101,2
Kənd təsərrüfatı məhsulu, min manat
507 641,6
104,5 *
Nəqliyyat sektorunda yük daşınması, min ton
16 961,1
102,0
İnformasiya və rabitə xidmətləri, min manat
52 762,2
102,8
o cümlədən mobil rabitə, min manat
42 760,0
102,1
Pərakəndə əmtəə dövriyyəsi, min manat
1 725 839,5
100,5*
Əhaliyə göstərilən ödənişli xidmətlər, min manat
242 776,7
100,4*
Xarici ticarət dövriyyəsi, min ABŞ dolları
497 068,6
102,8
o cümlədən ixrac
425 539,4
100,3
Bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı, manat
475,0**
110,5
*) müqayisəli qiymətlər üzrə
**) 2019-cu ilin yanvar-noyabr ayları göstəricisi

Sənaye

Muxtar respublikada son illər həyata keçirilən uğurlu iqtisadi siyasət sənayeləşmə prosesini daha da sürətləndirmiş, rəqabətədavamlı və ixracyönlü məhsullar istehsal edən yeni müəssisələr yaradılmışdır.

2019-cu ildə muxtar respublikada 1 milyard 14 milyon 971 min 500 manat dəyərində sənaye məhsulu istehsal olunmuşdur ki, bu da bir il öncəki göstəricini 1,4 faiz üstələmişdir.

Sənaye məhsulu istehsalının 95,9 faizi malların, 4,1 faizi isə xidmətlərin payına düşmüşdür. İstehsal olunan sənaye məhsulunda özəl bölmənin payı 94,1 faiz təşkil etmişdir ki, bu da ölkənin digər iqtisadi rayonları ilə müqayisədə ən yüksək göstəricidir.


Sənaye məhsulu istehsalının dinamikası, min manat



2019-cu ildə muxtar respublikada dövlət dəstəyi ilə iqtisadi fəaliyyətin müxtəlif sahələrində 84 layihə üzrə istehsal və xidmət obyektləri yaradılmış, 63 layihə üzrə istehsal və xidmət obyektlərinin yaradılması davam etdirilmişdir.

Sənayenin inkişafı məqsədilə bank və kredit təşkilatları tərəfindən təsərrüfat subyektlərinə 2019-cu ildə 10 milyon 944 min 900 manat kredit verilmişdir ki, bu da bir il öncəki göstəricidən 2,1 dəfə çoxdur.

Ölkə Prezidentinin 2019-cu il 13 sentyabr tarixli Fərmanına əsasən Şərur rayonunda Şərur Sənaye Məhəlləsinin yaradılması və bu məqsədlə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinə ilkin olaraq 5 milyon manat vəsaitin ayrılması sənayenin inkişafına yeni imkanlar yaradacaqdır.

Sənayedə istehsalın həcminin artması nəticəsində 2019-cu ildə 323 milyon 309 min ABŞ dolları dəyərində sənaye məhsulları ixrac olunmuşdur.


Hərbi quruculuq

Muxtar respublikada ordu quruculuğu istiqamətində tədbirlər davam etdirilir.

2019-cu ildə Naxçıvan şəhərində istirahət parkının tikintisi, zabit yataqxanasının yenidən qurulması, Naxçıvan Qarnizonu tam orta məktəb binasının təmiri başa çatdırılmış, iki qərargah binasının, iki əsgər yataqxanasının, hərbi zavodun, mərkəzi hərbi xəstəxananın, istirahət parkının tikintisi davam etdirilmişdir.

Babək rayonunda iki əsgəri-məişət kompleksinin, iki qərargah binasının, üç anqarın, avtomobillərə texniki qulluq, start komanda, yanacaqdoldurma, texnikaların yuyulması, texniki nəzarət, təmir və texniki xidmət məntəqələrinin və avtomobil saxlancının tikintisi başa çatdırılmış, vertolyot meydançasının tikintisi, beş avtomobil saxlancının əsaslı təmiri davam etdirilmişdir.

Culfa rayonunda Əlahiddə Ümumqoşun Ordunun Səhra Təlim Mərkəzi istifadəyə verilmiş, retranslyasiya məntəqəsinin tikintisi davam etdirilmişdir.

Şahbuz rayonunda üç anqarın tikintisi, Sədərək rayonunda tabor mərkəzinin əsaslı təmiri davam etdirilmişdir.

Kəngərli rayonunda hərbi hissədə zabit-gizir ailələri üçün 44 mənzilli yeni yaşayış binası və “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının 15-ci Sərhəd zastavası üçün yeni xidmət və yaşayış kompleksi istifadəyə verilmiş, Şərur rayonunda Daxili Qoşunların hərbi hissəsində infrastruktur obyektlərinin və 3-cü Sərhəd zastavasının tikintisi davam etdirilmişdir.


Tikinti-quruculuq və su təchizatı tədbirləri

Ümumi inkişafın təmin edilməsində vəsait qoyuluşları mühüm rol oynayır. Bu istiqamətdə muxtar respublikada 2019-cu ildə bütün maliyyə mənbələrindən əsas kapitala 1 milyard 29 milyon 283 min 900 manat vəsait yönəldilmişdir ki, bu da bir il öncəki göstəricidən 1,2 faiz çoxdur. Bu göstərici ölkənin digər iqtisadi rayonları ilə müqayisədə Naxçıvan Muxtar Respublikasında əsas kapitala vəsait qoyuluşlarının həcminin daha çox olduğunu deməyə əsas verir.


Əsas kapitala yönəldilmiş vəsaitlər, min manat



Vəsait qoyuluşlarının 965 milyon 410 min manatı və ya 93,8 faizi tikinti-quraşdırma işlərində istifadə edilmişdir ki, bu da bir il öncəki göstəricidən 1,9 faiz çoxdur.

2019-cu ildə muxtar respublikada 271 müxtəlif təyinatlı obyekt tikilmiş, yenidən qurulmuş və ya əsaslı təmir olunmuş, 159 müxtəlif təyinatlı obyektin tikintisi, yenidən qurulması və ya əsaslı təmiri davam etdirilmişdir.

Yaşayış məntəqələrinin abadlaşdırılması, səmərəli idarəetmənin və əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi tədbirlərinə uyğun olaraq 2019-cu ildə 10 kənd mərkəzi istifadəyə verilmiş, 3 kənd mərkəzinin inşası davam etdirilmişdir. Bundan əlavə, Ordubad rayonunda dövlət qurumları üçün inzibati binanın və Ordubad Rayon İcra Hakimiyyətinin inzibati binasının yenidən qurulması başa çatdırılmışdır.

Yaşayış məntəqələri 500 ədəd məişət tullantıları konteynerləri ilə təmin edilmiş, Culfa şəhərində qazanxananın tikintisi başa çatdırılmışdır.

Muxtar respublikada 2 yaşayış binasının tikintisi, 11 yaşayış binasının yenidən qurulması başa çatdırılmış, 5 yaşayış binasının tikintisi, 3 yaşayış binasının yenidən qurulması davam etdirilmişdir. Bundan əlavə, Naxçıvan şəhərində “Gənclər Yaşayış Kompleksi”nin tikintisi, tələbə yataqxanasının yenidən qurulması davam etdirilmişdir.

Əhalinin həyat səviyyəsinin yaxşılaşması fərdi yaşayış evlərinin tikintisinə də müsbət təsir göstərmişdir. 2019-cu ildə muxtar respublikada əhalinin şəxsi vəsaiti hesabına, ümumilikdə, 379 min 157 kvadratmetr yaşayış sahəsi istifadəyə verilmişdir ki, bu da bir il öncəki göstəricidən çoxdur.

2019-cu ildə Zeyvə və Düdəngə kəndlərində içməli su şəbəkəsinin tikintisi, Babək rayonunun Gülşənabad, Ordubad rayonunun Vənənd və Şahbuz rayonunun Türkeş kəndlərində içməli su xətlərinin çəkilişi başa çatdırılmışdır.

Babək, Ordubad, Kəngərli və Sədərək rayon mərkəzlərində və ətraf kəndlərdə içməli su təchizatı və kanalizasiya sistemlərinin, Şərur rayonunda sutəmizləyici qurğunun və Cəlilkənddə içməli su şəbəkəsinin tikintisi davam etdirilmişdir.


Kənd təsərrüfatı və yaşıllaşdırma tədbirləri

Muxtar respublikada əhalinin ərzaq məhsulları ilə etibarlı təminatında mühüm yer tutan kənd təsərrüfatının inkişafı üzrə ardıcıl tədbirlər həyata keçirilir.

2019-cu ilin məhsulu üçün muxtar respublikada 62970 hektar sahədə əkin aparılmışdır ki, bu da 2018-ci ilin məhsulu üçün əkilmiş sahədən 1035 hektar çoxdur.


Cəmi əkin sahələri, hektarla



Muxtar respublikada taxılçılıq strateji əhəmiyyətə malik istiqamət kimi diqqətdə saxlanılmış və 2019-cu ilin məhsulu üçün 33308 hektar sahədə taxıl əkilmişdir ki, bunun da 31667 hektarı payızlıq, 1641 hektarı isə yazlıq taxıldır. Taxıl zəmilərinin 24729 hektarında buğda, 8579 hektarında isə arpa əkilmişdir. Bir il öncəyə nisbətən taxıl əkini sahəsi 825 hektar artmışdır. 2019-cu ildə taxıl zəmilərindən 102 min 984 ton məhsul tədarük edilmişdir ki, bu da bir il öncəki göstəricidən 5295 ton çoxdur.

Tələbata uyğun olaraq kartofçuluğun inkişafında müsbət dinamika saxlanılmış və 2019-cu ildə 3228 hektar sahədə kartof əkini aparılmışdır ki, bu da 2018-ci ildə əkilmiş sahədən 13 hektar çoxdur. Sahələrdən 50092 ton kartof yığılmışdır ki, bu da bir il öncəki göstəricini üstələyir.

2019-cu ildə muxtar respublikada tütünçülüyün inkişafı üçün də tədbirlər görülmüş, Şərur, Babək və Kəngərli rayonlarında, ümumilikdə, 50,5 hektar sahədə tütün əkini aparılmışdır ki, bu da bir il öncəki göstəricidən 9 hektar çoxdur. Sahələrdən 97,2 ton qurudulmuş tütün tədarük edilmişdir ki, bu da bir il öncəki göstəricini 88,7 faiz üstələmişdir.

2019-cu ildə 6 min 246 hektar sahədə tərəvəz, 2 min 778 hektar sahədə bostan əkinləri həyata keçirilmişdir ki, bu da bir il öncəki göstəricilərdən çoxdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 8 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016- 2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası da muxtar respublika əhalisinin meyvə və tərəvəz məhsullarına olan tələbatının yerli istehsal hesabına təmin edilməsinə və tələbatdan artıq mövsümi məhsulların ixracına geniş imkanlar yaratmışdır. Meyvəçiliyin inkişafınıstimullaşdırmaq məqsədilə 2019-cu ildə muxtar respublikanın paytaxtı Naxçıvan şəhərində “Göycə” festivalı keçirilmişdir.

Üzümçülüyün inkişafı məqsədilə yerli resurslardan istifadə olunmaqla, üzüm bağlarının salınması davam etdirilmişdir.

Muxtar respublikada əhalini təzə və keyfiyyətli ərzaq məhsulları ilə təmin etmək məqsədilə 4 soyuducu anbarın yaradılması, 3 soyuducu anbarın genişləndirilməsi başa çatdırılmış, 2 soyuducu anbarın yaradılması və 1 soyuducu anbarın genişləndirilməsi davam etdirilmişdir. Bundan əlavə, 1 istixana təsərrüfatı yaradılmış, 2 istixana təsərrüfatının yaradılması və 1 istixana təsərrüfatının fəaliyyətinin bərpası davam etdirilmişdir.

Məhsul istehsalçılarının kənd təsərrüfatı maşın və mexanizmləri ilə təchizatı davamlı olaraq yaxşılaşdırılır. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 364-ü 2019-cu ildə olmaqla, cəmi 2739 müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq alınaraq muxtar respublikaya gətirilmişdir. 2019-cu ildə 234 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq lizinq yolu ilə icarəyə verilmiş, 4 ədədi nağd yolla satılmışdır. Bu dövrdə məhsul istehsalçıları 7174 ton mineral gübrə ilə təmin olunmuşdur.

2019-cu ildə 109 min 760 ton dənli və dənli-paxlalılar (qarğıdalısız), 8385,4 ton dən üçün qarğıdalı, 772 ton dən üçün günəbaxan, 86745 ton tərəvəz, 38851 ton ərzaq üçün bostan məhsulları, 52021,5 ton meyvə, 16706 ton üzüm tədarük edilmişdir.

Kənd təsərrüfatının əsas sahələrindən olan heyvandarlığın inkişafı 2019-cu ildə də diqqətdə saxlanılmış, 24 heyvandarlıq təsərrüfatının yaradılması, 7 heyvandarlıq təsərrüfatının genişləndirilməsi başa çatdırılmış, 19 heyvandarlıq təsərrüfatının yaradılması, 9 heyvandarlıq təsərrüfatının genişləndirilməsi davam etdirilmişdir. Ümumilikdə, bank və kredit təşkilatları tərəfindən bu sahəyə 2019-cu ildə 9 milyon 982 min 700 manat kredit verilmişdir ki, bu da bir il öncəki göstəricidən 2 dəfə çoxdur.

Muxtar respublikada heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması və məhsuldarlığın yüksəldilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 21 sentyabr tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Süni Mayalanma Mərkəzi yaradılmışdır. Mərkəzdə yeni infrastruktur obyektlərinin tikintisi davam etdirilmişdir.

2019-cu ildə heyvandarlıq təsərrüfatlarında 11210 baş inək, düyə və camış süni yolla mayalandırılmış, bu dövr ərzində mayalandırılmış inək, düyə və camışlardan 7530 baş sağlam bala alınmışdır. 1 yanvar 2020-ci il tarixə muxtar respublikanın bütün təsərrüfat kateqoriyalarında qaramalın sayı 115 min 620 baş, qoyun və keçilərin sayı 704 min 57 baş olmuşdur ki, bu da 1 yanvar 2019-cu il tarixə olan göstəriciləri 1,5 və 1,7 faiz üstələmişdir.

Ölkənin əksər iqtisadi rayonlarında qaramalın, qoyun və keçilərin sayında bir il öncəyə nisbətən azalma olduğu halda, muxtar respublikada qeydə alınmış artım templəri bu sahədə həyata keçirilən tədbirlərin effektivliyini göstərir.

Daxili bazarda yerli istehsalın həcminin artırılması məqsədilə 1 quşçuluq təsərrüfatı yaradılmış, 2 quşçuluq təsərrüfatının yaradılması və 1 quşçuluq təsərrüfatının genişləndirilməsi davam etdirilmişdir.

2019-cu ildə muxtar respublikada diri çəkidə 28420,6 ton ət, 85637,4 ton süd istehsal olunmuşdur ki, bu da 2018-ci illə müqayisədə 2,9 və 2 faiz çoxdur.

Muxtar respublikada arıçılığın inkişafının stimullaşdırılması, kiçik biznesin dəstəklənməsi və kənd yerlərində məşğulluğun təmin edilməsi üzrə də mühüm tədbirlər həyata keçirilir. İqtisadi cəhətdən yüksək gəlir gətirən, qida və müalicəvi baxımdan faydalı təsərrüfat sahəsi olan arıçılığın daha da inkişaf etdirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 18 noyabr tarixli Sərəncamı ilə “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı” təsdiq edilmişdir. 2019-cu ildə bu sahədə müvafiq tədbirlər görülmüş, arıçılıq məhsullarının istehsalı və qablaşdırılması sahəsinin, 7 arıçılıq təsərrüfatının yaradılması, 2 arıçılıq təsərrüfatının genişləndirilməsi başa çatdırılmış, 7 arıçılıq təsərrüfatının yaradılması, 1 arıçılıq təsərrüfatının genişləndirilməsi davam etdirilmişdir. Təsərrüfat subyektlərinə 2019-cu ildə 607 min manat kredit verilmişdir ki, bu da 2018-ci ildəki göstəricidən 80,3 faiz çoxdur.

Arıçılıqla məşğul olan hüquqi və fizikişəxslərə saxladıqları hər arı ailəsinə görə subsidiyaların verilməsi bu sahəyə marağı artırmış, 2019-cu ilin sonuna muxtar respublikada arı ailələrinin sayı 99 min 798-ə çatdırılmışdır. Son illər təşkil olunan “Arıçılıq məhsulları – bal festivalı” da arıçıların fəaliyyətinə geniş stimul yaratmışdır.

2019-cu ildə kənd təsərrüfatı sahəsi ilə məşğul olan təsərrüfat subyektlərinə, ümumilikdə, 12 milyon 434 min 300 manat kredit verilmişdir ki, bu da bir il öncəki göstəricidən 2,1 dəfə çoxdur.

“Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı tədbirlər haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 22 noyabr tarixli və 2019-cu il 18 yanvar tarixli sərəncamlarının icrası və 2019-cu ilin “Ailə təsərrüfatları ili” elan olunması bu sahənin inkişafına stimul yaratmışdır.

Muxtar respublikada ailə təsərrüfatlarının birgə koordinasiyasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ailə Təsərrüfatları İctimai Birliyi yaradılmış, 87 ailə təsərrüfatına 820 min manata yaxın güzəştli kreditlər verilmiş, ailə təsərrüfatları tərəfindən istehsal olunmuş məhsulların satışına dəstək göstərilməsi məqsədilə “Ailə təsərrüfatı məhsulları” festivalı keçirilmişdir. Ailə təsərrüfatlarının inkişafı istiqamətində həyata keçirilən mühüm tədbirlər iqtisadiyyatın, xüsusilə də aqrar sektorun inkişafına yeni imkanlar yaratmışdır.

Həyata keçirilmiş tədbirlərin nəticəsi olaraq 2019-cu ildə bir il öncəyə nisbətən 4,5 faiz çox, yəni 507 milyon 641 min 600 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur.


Kənd təsərrüfatının ümumi məhsulu, min manat



Etibarlı ərzaq təminatı sisteminin yaradılması ixrac potensialını artırmış, 2019-cu ildə muxtar respublikadan 102 milyon 230 min 400 ABŞ dolları dəyərində kənd təsərrüfatı, o cümlədən meyvə və tərəvəz məhsulları ixrac olunmuşdur.

Bu dövrdə meliorasiya-irriqasiya sistemlərinin yenilənməsi diqqət mərkəzində saxlanılmış, Kəngərli rayonunun Yurdçu kəndi ərazisində 176,4 hektar, Şahbuz rayonunun Türkeş kəndi ərazisində 343 hektar sahədə qapalı suvarma şəbəkələrinin tikintisi başa çatdırılmış, Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində qapalı suvarma şəbəkəsinin tikintisi davam etdirilmişdir.

Şərur rayonunun Danyeri kəndində nasos stansiyasının tikintisi başa çatdırılmış, Şahbuz rayonunun Külüs kəndində nasos stansiyasının tikintisi davam etdirilmişdir. Babək rayonunda iki, Şərur, Kəngərli və Şahbuz rayonlarının hər birində bir subartezian quyusunun tikintisi başa çatdırılmışdır.

Meşə fondunun mühafizə olunması, bərpası, yeni yaşıllıqların salınması istiqamətində də tədbirlər görülmüş, 2019-cu ildə 583,2 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılmış, 323 mindən artıq ağac və gül kolu əkilmişdir. Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq Babək rayonunda Naxçıvan Yaşıllaşdırma Xidmətinin tingçilik sahəsi üçün yeni kompleks və “İqlim otağı”, ətraf mühitin mühafizəsi məqsədilə Sədərək rayonunda Su Monitorinq Laboratoriyası yaradılmışdır.


Nəqliyyat, informasiya - rabitə və energetika

Artan əhali tələbatına uyğun olaraq muxtar respublikada müasir nəqliyyat sisteminin qurulması, nəqliyyat sektorunun səmərəli idarə olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

2019-cu ildə Naxçıvan şəhərdaxili, Şərur rayonunda Xətai-Yeni Havuş, Yengicə-Xələc-Çomaxtur, Ordubad rayonunda Biləv-Tivi-Nürgüt kənd avtomobil yollarının yenidən qurulması başa çatdırılmışdır.

Şərur rayonunun Kərimbəyli, Qışlaqabbas, Muğanlı və Alışar, Ordubad rayonunun Dəstə və Anaqut, Babək rayonunun Kültəpə və Gülşənabad, Kəngərli rayonunun Böyükdüz, Şahbuz rayonunun Türkeş kəndlərində və Badamlı qəsəbəsində avtomobil yollarının yenidən qurulması başa çatdırılmışdır.

Naxçıvan şəhərində avtomobil yolunun, Culfa-Ordubad magistral avtomobil yolunun, Culfa şəhərində avtomobil yolunun, Şərur şəhərinə giriş və Muğancıq Mehrab, Ordubad rayonunda Xanağa-Ağrı-Dizə-Vənənd kənd və Darkənd avtomobil yollarının yenidən qurulması davam etdirilmişdir.

Şərur rayonunun Oğuz və Xətai, Ordubad rayonunun Dırnıs kəndlərinin hər birində bir körpünün tikintisi, Şahbuz rayonunun Badamlı qəsəbəsində iki körpünün, Babək rayonunun Gülşənabad kəndində bir körpünün əsaslı təmiri başa çatdırılmışdır.

Naxçıvan şəhərində 400 yerlik avtomobil parkının tikintisi davam etdirilmişdir.

Əhaliyə göstərilən nəqliyyat xidmətlərinin səviyyəsini yüksəltmək məqsədilə 2019-cu ilin yanvar ayından Naxçıvan-Bakı-Naxçıvan avtobus marşrutunda gecə reysləri fəaliyyətə başlamışdır. Bundan əlavə, əldə olunan razılığa əsasən iyul ayından başlayaraq Naxçıvan-Bakı-Naxçıvan marşrut xətti üzrə hərəkət edən sərnişin avtobuslarına tətbiq olunan gömrük nəzarəti sadələşdirilib. Bu məqsədlə Naxçıvan Şəhər Avtovağzal Kompleksində və Bakı Beynəlxalq Avtovağzalında gömrük nəzarəti zonaları yaradılmışdır ki, bu da sərnişinlərin rahatlığının təmin edilməsinə, sərhədkeçmə prosesinin sürətləndirilməsinə və avtobusların mənzilbaşına daha tez çatmalarına geniş imkanlar yaradıb.

Şahbuz şəhərində aviakassa binasının tikintisi başa çatdırılmış, Naxçıvan Beynəlxalq Hava Limanında uçuş-enmə zolağının yenidən qurulması davam etdirilmişdir. Beynəlxalq Mülki Aviasiya Təşkilatının qəbul etdiyi qərara əsasən 2019-cu il avqust ayının 15-dən etibarən Naxçıvan MuxtarRespublikasının Türkiyə üzərindən birbaşa hava dəhlizi açılmışdır.

“Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin inzibati binasının əsaslı təmiri başa çatdırılmış, Naxçıvan stansiyasında polis şöbəsi üçün inzibati binanın, Culfa stansiyasında İstismar Vaqon Deposunun təmir sexinin tikintisi, inzibati binasının yenidən qurulması, Park İdarəetmə Mərkəzinin əsaslı təmiri davam etdirilmişdir.

Dəmir yolu təsərrüfatına bir ədəd teplovoz gətirilmiş, Ordubad, Culfa və Kəngərli rayonlarının ərazilərində sahilbərkitmə işləri davam etdirilmişdir.

2019-cu ildə muxtar respublikada nəqliyyat sektorunda 2018-ci illə müqayisədə yük daşınması 2 faiz, sərnişin daşınması 1,2 faiz artmışdır. Yük və sərnişin daşınmasından, bütövlükdə, 58 milyon 715 min 100 manat gəlir əldə edilmişdir ki, bu da bir il öncəki göstəricidən 2 faiz çoxdur.

2019-cu ildə muxtar respublikada informasiya və rabitə sahəsinin inkişafı diqqətdə saxlanılmış, 6 yeni poçt bölməsi yaradılmış, 3 poçt bölməsi isə yeni bina ilə təmin olunmuşdur. Culfa rayonunda 28 yeni nəsil telefon stansiyasının quraşdırılması davam etdirilmiş, yaşayış məntəqələrində 8 yeni nəsil avtomat telefon stansiyası istifadəyə verilmiş, muxtar respublika ərazisində, ümumilikdə, 99 min 435 metr fiberoptik, 176 min metrə yaxın rabitə xətləri çəkilmişdir.

Həyata keçirilən tədbirlərin nəticəsi olaraq bu gün muxtar respublikanın yaşayış ərazilərinin 99,5 faizində mobil internet, 99,1 faizində genişzolaqlı internet xidmətləri göstərilir. Ölkənin digər bölgələrində genişzolaqlı internet xidmətləri yaşayış ərazilərinin 75 faizini əhatə edir.

Ordubad rayonunda Dəstə Radio-Televiziya Verici Stansiyası üçün binanın tikintisi, Culfa rayonunda rabitə evinin yenidən qurulması davam etdirilmişdir.

Bununla yanaşı, muxtar respublikada elektron statistikanın inkişafı və rəsmistatistika materiallarının istehsalı proseslərinin səmərəliliyinin yüksəldilməsi məqsədilə Dövlət Statistika Komitəsinin “Statistik Məlumatlar Sistemi”nin elektron bazası və proqram təminatı hazırlanmışdır.

2019-cu ildə muxtar respublikada informasiya və rabitə xidmətlərinin dəyəri 2018-ci ildəki müvafiq göstəricini 2,8 faiz üstələyərək 52 milyon 762 min 200 manat olmuşdur. Ümumi xidmətlərin 81 faizi mobil rabitənin payına düşmüş, mobil rabitə xidmətlərinin dəyəri 2018-ci illə müqayisədə 2,1 faiz artmışdır.

Muxtar respublikada ucuz enerji istehsalı sahələrinin yaradılması məqsədilə Kəngərli rayonunda 2 meqavat gücündə Günəş Elektrik Stansiyası istifadəyə verilmiş, Ordubad rayonunda 36 meqavat gücündə Ordubad Su Elektrik Stansiyasının, Kəngərli rayonunda 3 meqavat gücündə yeni Günəş Elektrik Stansiyasının tikintisi davam etdirilmişdir.

2019-cu ildə muxtar respublikada istehsal olunmuş elektrik enerjisinin 55,4 faizini alternativ və bərpaolunan enerji təşkil edib. Ölkənin digər regionlarında isə bu göstərici 7,9 faiz təşkil edir. Muxtar respublikada bu sahədə qazanılmış uğurlar enerji təhlükəsizliyi sahəsində həyata keçirilən aktiv siyasətin bariz nümunəsidir.

Enerji sistemini daha da müasirləşdirmək məqsədilə Babək Rayon Elektrik Şəbəkəsinin inzibati binası və yarımstansiyası istifadəyə verilmiş, Şərur rayonunda “Subartezian” yarımstansiyasının tikintisi davam etdirilmişdir.

Muxtar respublikada 48,1 kilometr uzunluğunda 10 və 0,4 kilovoltluq, 3,6 kilometr uzunluğunda 35 kilovoltluq yeni elektrik xətləri çəkilmiş, 23 transformator yarımstansiyası quraşdırılmışdır.

Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsinin Maye-Qaz Anbarı və Qazdoldurma Stansiyasının tikintisi başa çatdırılmış, Şərur rayonunun Daşarx kəndi ərazisində maye qazdoldurma stansiyasının, Culfa şəhərində yanacaqdoldurma stansiyasının tikintisi davam etdirilmişdir.

1 yanvar 2020-ci il tarixə muxtar respublikada 87 min 352 əhali abonenti təbii qazla təmin olunmuşdur.

Naxçıvan şəhərində smartkart tipli elektrik və qaz, Babək rayonunun Babək qəsəbəsində və Şərur şəhərində isə smartkart tipli elektrik sayğaclarının quraşdırılması davam etdirilmişdir.


Sahibkarlıq fəaliyyəti və məşğulluq məsələləri

Muxtar respublika iqtisadiyyatının aparıcı qüvvəsi olan sahibkarlığın inkişafı üçün ardıcıl tədbirlər həyata keçirilir.

2019-cu ildə muxtar respublikada sahibkarlara 29 milyon 16 min 300 manat kredit verilmişdir. Verilmiş kreditin 12 milyon 131 min 600 manatı yeni istehsal sahələrinin yaradılmasına və ya genişləndirilməsinə, 16 milyon 884 min 700 manatı isə fərdi sahibkarlığın inkişafına sərf olunmuşdur. Bu dövrdə 39 hüquqi və 3599 fiziki şəxs qeydiyyata alınmışdır.

2019-cu ildə Türkiyə Respublikasının İqdır şəhərində Naxçıvan Muxtar Respublikasının Ticarət Evi istifadəyə verilmişdir ki, bu da muxtar respublikada istehsal olunan məhsulların təşviqi və satışına, eyni zamanda iş adamları arasında işgüzar görüşlərin təşkilinə və ticarət sövdələşmələrinin aparılmasına geniş imkanlar yaratmaqdadır.

Naxçıvan Biznes Mərkəzində “Dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında özəl sektorun rolunun artırılması” mövzusunda regional seminar keçirilmişdir.

Sahibkarlığa göstərilən diqqət və qayğının nəticəsidir ki, bu gün muxtar respublikada 383 növdə məhsul istehsal olunur. Bu məhsulların 126-sı ərzaq, 257-si qeyri-ərzaq məhsullarıdır. 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatın tamamilə yerli imkanlar hesabına ödənilməsi təmin edilmişdir.

2019-cu ilin yanvar-noyabr aylarında orta aylıq əməkhaqqının məbləği 475 manat təşkil etmişdir ki, bu da 2018-ci ilin müvafiq dövründəki göstəricidən 10,5 faiz çoxdur və Naxçıvan Muxtar Respublikası üzrə orta aylıq nominal əməkhaqqının səviyyəsi ölkənin digər iqtisadi rayonları ilə müqayisədə daha yüksəkdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası muxtar respublikada işaxtaranların sosial müdafiəsinin gücləndirilməsinə, səmərəli məşğulluğun və özünüməşğulluğun təmin edilməsinə, əmək bazarının tələbinə uyğun peşə hazırlığının təşkilinə geniş imkanlar yaratmışdır.

2019-cu ildə muxtar respublikada 3250 yeni iş yeri yaradılmışdır. Əmək bazarının tələblərinə uyğun olaraq Naxçıvan Regional Peşə Tədris Mərkəzində qazanxana maşinisti peşəsi üzrə 124, aşpaz köməkçisi peşəsi üzrə 36, dərzi peşəsi üzrə 36, bərbər-manikürçü peşəsi üzrə 40, bərbər peşəsi üzrə 37, elektrik montyoru peşəsi üzrə 18, qaz avadanlıqlarının təmiri və istismarı üzrə çilingər ixtisaslaşdırma kursu üzrə 49, video çəkilişi üzrə operator ixtisaslaşdırma kursu üzrə 24, nitq mədəniyyəti ixtisaslaşdırma kursu üzrə 20, cəzaçəkmə müəssisəsində daşduz üzərində oyma kursu üzrə 15, xalçaçı kursu üzrə 3 olmaqla, ümumilikdə, 402 nəfər kurslara cəlb edilmişdir. Bundan əlavə, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyindəki peşə ixtisas təhsili müəssisələrində 3678 nəfər müxtəlif peşələrə yiyələnmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət qulluğu vəzifələrinin tutulması üçün elan edilmiş müsabiqədə 99, ehtiyat kadrlar siyahısından 6 nəfər olmaqla, ümumilikdə, 105 nəfər, dövlət qulluğunun xüsusi növünə aid orqanlarda vakant vəzifələrin tutulması üçün elan edilmiş müsabiqələrdə 85, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsində vakant vəzifələrin tutulması üçün elan edilmiş müsabiqədə isə 2 nəfər vakant vəzifələrə təyin olunmuşdur.

Dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üçün elan edilmiş müsabiqədə 95, digər vakant vəzifələrin tutulması üçün elan edilmiş müsabiqədə 56, dövlət musiqi təhsili müəssisələrinə işə qəbul üçün elan edilmiş müsabiqədə 16 nəfər vakant vəzifələrə təyin olunmuşlar. 2019-cu ildə Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən elan edilmiş müsabiqələrdə 359 nəfər müvafiq vəzifələrə təyin olunmuşdur.


İstehlak bazarı

Səmərəli məşğulluq imkanlarının yaradılması əhalinin alıcılıq qabiliyyətini yüksəltmiş, əmtəə dövriyyəsinin həcmini genişləndirmişdir.

2019-cu ildə muxtar respublikanın istehlak bazarında əhaliyə 1 milyard 968 milyon 616 min 200 manat dəyərində istehlak malları satılmış və ödənişli xidmətlər göstərilmişdir. Satılmış istehlak mallarının 96,2 faizi pərakəndə ticarət dövriyyəsinin payına düşüb.

Bir nəfərə düşən pərakəndə ticarət dövriyyəsinə və məişət xidmətlərinə görə Naxçıvan Muxtar Respublikası ölkənin digər iqtisadi rayonları arasında ilk yerdədir.

Əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi məqsədilə Şərur rayonunun Qışlaqabbas, Muğanlı, Xələc vəAlışar, Babək rayonunun Kültəpə və Gülşənabad, Ordubad rayonunun Dəstə, Kəngərli rayonunun Böyükdüz, Şahbuz rayonunun Türkeş kəndlərində və Badamlı qəsəbəsində xidmət mərkəzlərinin tikintisi başa çatdırılmışdır.

Şərur rayonunun Yeni Havuş və Xətai kəndlərini əhatə edən xidmət mərkəzinin,Culfa rayonunun Yaycı kəndində ticarət mərkəzinin tikintisi, Şərur rayonunun Kərimbəyli kəndində xidmət mərkəzinin, Şərur şəhərində ticarət mərkəzinin yenidən qurulması başa çatdırılmışdır.

Şərur rayonunun Muğancıq Mehrab və Məmmədsabir, Ordubad rayonunun Vənənd kəndlərində xidmət mərkəzlərinin tikintisi davam etdirilmişdir.


Xarici ticarət, bank işi və sığorta fəaliyyəti

Muxtar respublikanın dinamik inkişafı, ən əsası yerli istehsalın şaxələndirilməsi xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət təsir göstərmişdir.

2019-cu ildə muxtar respublikanın xarici ticarət dövriyyəsi 497 milyon 68 min 600 ABŞ dolları təşkil etmişdir. Xarici ticarət dövriyyəsinin 425 milyon 539 min 400 ABŞ dollarını ixrac, 71 milyon 529 min 200 ABŞ dollarını idxal təşkil etmiş və 354 milyon 10 min 200 ABŞ dolları dəyərində müsbət saldo yaranmışdır.

Bank sektorunun inkişafı üzrə ardıcıl tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 9 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “2019-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında rəqəmsal ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”ın icrası muxtar respublikada elektron ödəniş infrastrukturunun inkişafına, maliyyə vəsaitləri dövriyyəsinin sürətləndirilməsinə, nağd ödənişlərin azalmasına yeni imkanlar yaradacaqdır.

1 yanvar 2020-ci il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 84936-ya çatmışdır ki, bunun da 74781-i və ya 88 faizi aktiv hesablardır. 2019-cu ildə açılmış 28767 bank hesabının 28631-i aktiv hesablar olmuşdur.

2019-cu ildə muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 143 milyon 185 min 300 manat kredit verilmişdir ki, bu da bir il öncəki göstəricidən 2,8 dəfə çoxdur. Verilmiş kreditlərin 14 milyon 767 min 900 manatı və yaxud 10,3 faizi qısamüddətli, 128 milyon 417 min 400 manatı və yaxud 89,7 faizi uzunmüddətli kreditlər olmuşdur.

Naxçıvan Muxtar Respublikasında ölkənin digər iqtisadi rayonları ilə müqayisədə bank sektoru üzrə verilən kreditlərin ən aşağı orta faiz dərəcəsi tətbiq edilir ki, bu da özəl sektorun inkişafında ciddi amillərdən biridir.

1 yanvar 2020-ci il tarixə muxtar respublikada quraşdırılmış POS-terminalların sayı 1278-ə çatdırılmışdır.

Muxtar respublikada sığorta sisteminin inkişafı istiqamətində Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinə 2 ədəd səyyar xidmət avtomobili verilmiş, Kəngərli Rayon Dövlət Sığorta Agentliyi üçün müasir iş şəraiti yaradılmışdır. Muxtar respublikada sığorta növləri üzrə daxilolmalar 2019-cu ildə 8 milyon 396 min 600 manat olmuşdur ki, bu da bir il öncəki göstəricidən 5,5 faiz çoxdur. Bir il öncəyə nisbətən könüllü sığorta daxilolmaları 48,3 faiz artmışdır.


Elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət və turizm

Muxtar respublikada elmi potensialın artırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir, elm adamlarına diqqət və qayğı göstərilir.

Nemətullah Naxçıvaninin irsinin öyrənilməsi və tədqiqi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 29 oktyabr tarixli Sərəncamına əsasən müvafiq tədbirlər həyata keçirilmiş, Türkiyə Respublikasının Konya vilayətində Azərbaycan və Türkiyə alimlərinin iştirakı ilə beynəlxalq konfrans təşkil olunmuşdur.

Muxtar respublikada fundamental elmi yeniliklərin stimullaşdırılmasını, onun təbii resurslarının, mədəni və tarixi irsinin tədqiqinin genişləndirilməsini, elmin müxtəlif sahələrində dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən innovativ layihələrin dəstəklənməsini təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 7 sentyabr tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondu yaradılmışdır.

Təhsil sahəsi üzrə infrastruktur quruculuğu tədbirləri çərçivəsində 2019-cu ildə Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin tədris kompleksinin yenidən qurulması, Şərur rayonunun Kərimbəyli kəndində 270, Xələc kəndində 360, Yeni Havuş və Xətai kəndləri üçün 120, Babək rayonunun Kültəpə kəndində 360, Şahbuz rayonunun Türkeş kəndində 66, Ordubad rayonunun Dəstə kəndində 900 şagird yerlik tam orta məktəb binalarının və Babək rayonunun Gülşənabad kəndində 144 şagird yerlik ümumi orta məktəb binasının tikintisi, Naxçıvan şəhərində 1140 şagird yerlik 5 nömrəli, Şərur rayonunun Muğanlı kəndində 224, Kəngərli rayonunun Böyükdüz kəndində 342 şagird yerlik tam orta məktəb binalarının yenidən qurulması başa çatdırılmışdır.

Şərur rayonunun Muğancıq Mehrab, Ordubad rayonunun Vənənd kəndlərində məktəb binalarının yenidən qurulması davam etdirilmişdir.

Naxçıvan şəhərində 200 yerlik 2 nömrəli uşaq bağçası binasının tikintisi başa çatdırılmış, Ordubad rayonunun Vənənd kəndində uşaq musiqi məktəbi binasının tikintisi davam etdirilmişdir. Bundan əlavə, Culfa Rayon Təhsil Şöbəsinin inzibati binasının yenidən qurulması davam etdirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamının icrası istiqamətində müəyyən işlər görülmüş, yeni layihələrə, o cümlədən startap fəaliyyətinə nəzarət mexanizmini asanlaşdırmaq məqsədilə internet portalı yaradılmışdır.

Muxtar respublikada uşaq və gənclərin maraq və bacarıqlarının, intellektual səviyyələrinin və yaradıcılıq qabiliyyətlərinin inkişafı, asudə vaxtlarının səmərəli təşkili istiqamətində Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində innovativ dərnəklər fəaliyyətə başlamışdır.

Muxtar respublikada təhsilin inkişafı istiqamətində həyata keçirilən tədbirlərin nəticəsidir ki, 2018-ci ildə ölkənin ümumtəhsil müəssisələrində II və ya III növbələrdə oxuyan şagirdlərin sayı ümumi şagirdlərin 15,2 faizini təşkil etdiyi halda, muxtar respublikada bu göstərici, sadəcə, 0,7 faiz səviyyəsində olmuşdur. 2018-ci ildə muxtar respublikada ümumi və tam orta təhsil bazası üzrə keçirilən buraxılış imtahanlarında əldə olunmuş nəticələr də ölkə üzrə ümumi göstəricilərdən daha yüksək olmuşdur.

Təhsilin inkişafı sahəsində görülən işlər nəticəsiz qalmamış, 2019-cu ilin qəbul imtahanlarında iştirak edən abituriyentlərdən 1720-si ali, 244-ü orta ixtisas məktəblərinin tələbəsi adını qazanmışdır. Ali məktəblərə qəbul olanlardan 1192-si ixtisas seçimi zamanı muxtar respublikanın ali təhsil müəssisələrinə üstünlük vermişlər. Qəbul imtahanlarının nəticələrinə əsasən 281 nəfər 500-dən yuxarı bal toplamışdır. Yüksək nəticə ilə tələbə adını qazananlardan 4-ü Prezident təqaüdünə layiq görülmüşdür.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 24 iyun tarixli Sərəncamı ilə 2019-cu ildə muxtar respublikada xüsusi istedadı olan 3 məktəblinin adı Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na yazılmış və onlar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülmüşlər.

Əhaliyə göstərilən səhiyyə xidmətlərinin daha da yaxşılaşdırılması istiqamətində Şərur rayonunun Kərimbəyli və Muğanlı, Babək rayonunun Kültəpə, Ordubad rayonunun Dəstə kəndlərində həkim ambulatoriyası binalarının tikintisi, Kəngərli rayonunun Böyükdüz kəndində həkim ambulatoriyasının yenidən qurulması başa çatdırılmışdır.

Şərur rayonunun Alışar, Babək rayonunun Gülşənabad, Şahbuz rayonunun Türkeş kəndlərində feldşer-mama məntəqələrinin və Şərur rayonunda Yeni Havuş və Xətai kəndləri üçün feldşer-mama məntəqəsinin tikintisi, Şərur Rayon Uşaq Xəstəxanasının və Xələc kəndində feldşer-mama məntəqəsinin yenidən qurulması, Şərur Rayon Mərkəzi Xəstəxanasının əsaslı təmiri başa çatdırılmışdır.

Şərur rayonunun Məmmədsabir, Ordubad rayonunun Vənənd və Şahbuz rayonunun Ağbulaq kəndlərində həkim ambulatoriyası binalarının tikintisi davam etdirilmişdir. Bundan əlavə, Naxçıvan Duzdağ Fizioterapiya Mərkəzində inzibati binanın tikintisi davam etdirilmişdir.

İnfrastruktur quruculuğu ilə yanaşı, səhiyyə müəssisələrinə 10 təcili tibbi yardım avtomobili verilmiş, Naxçıvan Diaqnostika Müalicə Mərkəzində ən müasir angioqrafiya aparatı quraşdırılmışdır. Bundan əlavə, “Nəxşicahan-Med” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinə yeni exokardioqrafiya avadanlığı təqdim olunmuşdur.

Sosial layihələr çərçivəsində 2019-cu ildə yüksəkixtisaslı həkim heyəti tərəfindən, ümumilikdə, 789 cərrahi əməliyyat aparılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Duzdağ Fizioterapiya Mərkəzinin 40 illik yubileyinin keçirilməsi haqqında” 2019-cu il 16 may tarixli Sərəncamına əsasən mərkəzin yubileyi qeyd olunmuşdur.

Muxtar respublikada əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 25 yanvar tarixli Sərəncamına uyğun olaraq 2019-cu ildən Şərur rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılmışdır. Bundan əlavə, 2020-ci ildən etibarən icbari tibbi sığorta sisteminin Naxçıvan Muxtar Respublikasının bütün ərazisində tətbiqinə imkan verəcək hazırlıq işlərinin görülməsi, tibbi xidmətlərin keyfiyyətini daha da yaxşılaşdırmaq və müasir tələblərə uyğunlaşdırmaq, habelə əhalinin sağlamlığının etibarlı qorunmasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “Naxçıvan Muxtar Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” 2019-cu il 18 mart tarixli Fərman imzalamışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 5 iyul tarixli Sərəncamına uyğun olaraq Kəngərli, 31 oktyabr tarixli Sərəncamına uyğun olaraq Şahbuz, 10 dekabr tarixli Sərəncamına uyğun olaraq Ordubad, 24 dekabr tarixli Sərəncamına uyğun olaraq Babək rayonlarında icbari tibbi sığortanın tətbiqinə başlanılmışdır.

Naxçıvan şəhərində və muxtar respublikada icbari tibbi sığortanın tətbiqinin təmin olunması, əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması və müasir tələblərə uyğunlaşdırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən 2019-cu il 26 dekabr tarixdə Sərəncam imzalanmışdır.

2019-cu ildə muxtar respublikada hər bir nəfərə düşən aylıq gəlirləri ehtiyac meyarından aşağı olan ailələrə 599 min 469 manat ünvanlı dövlət sosial yardımı ödənilmişdir. Bundan əlavə, muxtar respublikada 2 şəhid ailəsinə, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda sağlamlığını itirmiş 9 nəfərə, Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında sağlamlığını itirmiş 3 nəfərə və hərbi xidmət vəzifəsini yerinə yetirərkən sağlamlığını itirmiş 3 nəfərə, ümumilikdə, 17 ailəyə yeni fərdi ev və mənzillər verilmişdir. Bununla yanaşı, 1941-1945-ci illər müharibəsində sağlamlığını itirmiş 2 nəfər, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda sağlamlığını itirmiş 22 nəfər, hərbi xidmət vəzifələrinin icrası zamanı sağlamlığını itirmiş 9 nəfər və Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında sağlamlığını itirmiş 2 nəfər, ümumilikdə, 35 nəfər minik avtomobilləri ilə təmin edilmişdir.

Muxtar respublikada 114 aztəminatlı ailəyə fərdi təsərrüfatlarını qurmaq üçün iribuynuzlu və xırdabuynuzlu malqara, 1 ailəyə odunkəsən, 9 ailəyə yerşumlayan aqreqat, 1 ailəyə otbiçən aqreqat, 2 ailəyə pinəçi ləvazimatları, 2 ailəyə dülgər avadanlıqları, 1 ailəyə inkubator, 2 ailəyə yabanı meyvə və giləmeyvələrdən mürəbbə və şirələrin hazırlanması üçün ləvazimatlar, 1 ailəyə musiqi alətləri, 1 ailəyə fotoaparat və çap avadanlıqları, 2 ailəyə dərzi avadanlıqları, 1 ailəyə tənəkəçi-rəngsaz alətləri, 1 ailəyə 10 yeşik arı ailəsi, 1 ailəyə bərbər-manikürçü avadanlıqları, 1 ailəyə isə qənnadı məmulatlarının hazırlanması üçün ləvazimat və avadanlıqlar verilmişdir. Ümumilikdə, 2019-cu ildə 140 aztəminatlı ailənin özünüməşğulluğu təmin edilmişdir.

Hesabat dövrünün sonuna 234 tənha ahıl və sağlamlıq imkanları məhdud şəxslərə evlərində, 6 nəfərə Ahıllar evində sosial xidmət göstərilmiş, Naxçıvan Əlillərin Bərpa Mərkəzində sağlamlıq imkanları məhdud 379 nəfərin, Naxçıvan Uşaq Bərpa Mərkəzində 435 uşağın müalicəsi təşkil edilmişdir. Sağlamlıq imkanları məhdud 860 nəfər sanatoriya-kurortlara yollayışlarla, 420 nəfər texniki reabilitasiya vasitələri ilə təmin olunmuş, 212 nəfərə protez-ortopediya xidmətləri göstərilmişdir.

Məhdud fiziki imkanlıların və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgidə sağlamlıq imkanları məhdud və ahıl 37 müəllifin 288 adda rəsm və əl işi nümayiş etdirilib. Sağlamlıq imkanları məhdud qadınlarla bağlanmış müqavilələrə əsasən yun corab və şərf toxunuşuna başlanılmış, 3000 cüt yun corab və 400 ədəd yun şərf hərbi hissələrə təhvil verilmişdir.

Muxtar respublikada əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi, öz növbəsində, demoqrafik vəziyyətə müsbət təsir göstərmiş, əhalinin sayı bir il öncəyə nisbətdə 3,5 min nəfər artaraq 1 dekabr 2019-cu il tarixə 459,3 min nəfər olmuşdur. Əhali artımının təmin olunmasında yeni doğulanlar və müsbət miqrasiya ilə yanaşı, insanların uzunömürlü yaşaması da mühüm rol oynayır. Belə ki, 2019-cu ilin ötən dövründə əhalinin hər 1000 nəfərinə hesabı ilə ölənlərin sayı muxtar respublikada 4,5 nəfər təşkil etmişdir ki, bu da ölkənin digər iqtisadi rayonları və Bakı şəhəri ilə müqayisədə ən aşağı göstəricidir.

Ölkəmizdə, o cümlədən muxtar respublikada əhali haqqında demoqrafik, iqtisadi və sosial məzmunlu daha geniş məlumatların əldə edilməsi məqsədilə növbəti siyahıyaalma keçirilmişdir. Ölkə başçısının 2016-cı il 7 sentyabr tarixli Fərmanına əsasən 2019-cu ilin 1-10 oktyabr tarixləri arasında keçirilən bu mühüm dövlət tədbiri nəticəsində yeni məlumatlar əldə olunacaqdır ki, bu da qarşıdakı illərdə ölkəmizin sosialiqtisadi inkişafı üzrə həyata keçiriləcək tədbirlərin müəyyənləşdirilməsində mühüm rol oynayacaqdır.

Muxtar respublikada pensiya və müavinətlərin dayanıqlı maliyyə təminatı formalaşdırılmışdır. Dövlət Sosial Müdafiə Fondu tərəfindən 2019-cu ildə pensiya və müavinətlərin ödənilməsinə 149 milyon manatdan artıq vəsait yönəldilmişdir ki, bu da bir il öncəki göstəricidən 7,1 faiz çoxdur.

Muxtar respublikada idmanın inkişafı məqsədilə 1 ölkə və 5 beynəlxalq səviyyəli idman tədbiri keçirilmiş, infrastrukturun yenilənməsi istiqamətində Naxçıvan şəhərində İlham Əliyev adına Olimpiya İdman Kompleksinin əsaslı təmiri, Sədərək Rayon Mərkəzi Stadionunun yenidən qurulması başa çatdırılmışdır.

Milli dəyərlərimizin təbliği, onun daha da zənginləşdirilərək gələcək nəsillərə ötürülməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir. 2019-cu ildə Milli Dəyərlər Muzeyi fəaliyyətə başlamış, Şahbuz Rayon Mədəniyyət Sarayının tikintisi, Naxçıvan şəhərində Cəmşid Naxçıvanski Muzeyinin yenidən qurulması başa çatdırılmışdır.

Şərur şəhərində Təqaüdçülər Klubunun yenidən qurulması, Şərur Rayon Mədəniyyət Sarayının, musiqili fəvvarənin tikintisi, Naxçıvan şəhərində Yusif Küseyir oğlu türbəsinin və Kəngərli rayonunda Şahtaxtı hamamının bərpası davam etdirilmişdir.

Kəngərli rayonunun Qıvraq qəsəbəsində iki istirahət parkı yaradılmış, Naxçıvan şəhərində Naxçıvançay sahilində “Sahil Parkı”nın yaradılması davam etdirilmişdir.

Ordubad rayonunun Anaqut və Dırnıs kəndləri üçün məscidin tikintisi, Culfa rayonunun Ərəfsə kəndində tarixi körpünün bərpası başa çatdırılmışdır. Naxçıvan şəhərində və Culfa rayonunun Qazançı kəndində hər birində bir məscidin tikintisi davam etdirilmiş, Kəngərli rayonunun dini icmasına xidməti avtomobil təqdim olunmuşdur.

Azərbaycan mədəniyyətinin görkəmli şəxsiyyətlərindən olan Ərtoğrol Cavidin və Hüseyn İbrahimovun 100 illik yubileylərinin keçirilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən 2019-cu il 18 aprel və 13 may tarixlərində sərəncamlar imzalanmışdır.

Xalqımızın tarixi-mədəni irsinin toplanması, qorunması, tədqiqi və təbliğindəki əhəmiyyəti nəzərə alınaraq Naxçıvan Dövlət Tarix Muzeyinin 95 illik yubileyinin keçirilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən 2019-cu il 2 avqust tarixdə Sərəncam imzalanmış, muzeyin yubileyi qeyd olunmuş, film və kitab hazırlanmışdır.

Naxçıvan Muxtar Respublikasının mədəni həyatında və ədəbi-ictimai fikrin formalaşmasında, mədəniyyətin və incəsənətin təbliğində və memarlığın inkişafında mühüm əhəmiyyət kəsb edən yaradıcılıq ittifaqları və birliklərinin fəaliyyətinə dövlət qayğısının daha da artırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 20 may tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Yazıçılar Birliyinə 25 min manat, Bəstəkarlar Təşkilatına 20 min manat, Dövlət Film Fonduna 15 min manat, Aşıqlar Birliyinə 15 min manat və Memarlar Birliyinə 12 min manat vəsait ayrılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 21 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı”nın icrası istiqamətində müvafiq tədbirlər həyata keçirilmişdir.

Bununla yanaşı, Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyi ilə əlaqədar Rəssamlar Birliyinin fəaliyyətinin müasir tələblərsəviyyəsində qurulması, Naxçıvanda rəssamlıq sənətinin inkişafına dəstək olan Rəsm Festivalının təşkili və festivala həsr olunmuş albom-kataloqların, internet resurslarının hazırlanması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 25 may tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Rəssamlar Birliyinə 15 min manat vəsait ayrılmışdır.

2019-cu ildə kütləvi informasiya vasitələrinin inkişafı da diqqətdə saxlanılmış, Naxçıvan Dövlət Televiziyasında yeni studiya qurulmuş, müasir çəkiliş və yayım avadanlıqları alınmışdır. Bu sahəyə dövlət dəstəyinin həyata keçirilməsini təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 19 sentyabr tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılmışdır.

Muxtar respublikada turizmin inkişafı istiqamətində tədbirlər davam etdirilir. Naxçıvan şəhərində “Saat Meydanı” turistik istirahət mərkəzinin istifadəyə verilməsi, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nın, “Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin yaradılması haqqında” 2018-ci il 29 noyabr tarixli Sərəncamının icrası, Culfa rayonunda Darıdağ arsenli su müalicə və istirahət kompleksinin tikintisi görülən işlərin davamlılığının təmin edilməsinə geniş imkanlar yaradıb. Bununla yanaşı, Naxçıvan Muxtar Respublikası Turizm Departamenti üçün də müasir iş şəraitinin yaradılması bu sahə üzrə görülən işlərə müsbət təsir göstərəcəkdir.

2019-cu ildə muxtar respublikamıza ölkəmizin digər bölgələrindən və xarici ölkələrdən, ümumilikdə, 415 min 932 turist gəlmişdir ki, bu da 2018-ci ildəki müvafiq göstəricidən çoxdur.

Böyük Britaniyada nəşr olunan dünyanın ən məşhur səyahət jurnalı “Vanderlast” Naxçıvan şəhərini səyahət edilən 50 ən təhlükəsiz və gözəl şəhərlər sırasına daxil etmişdir.


Hüquq-mühafizə orqanları ilə iş

Muxtar respublikada hüquq-mühafizə orqanlarının maddi-texniki bazasının gücləndirilməsi və ixtisaslı kadrlarla təminatı tədbirləri davam etdirilir.

2019-cu ildə Sədərək rayonunda Sədərək sərhəd gömrükburaxılış məntəqəsinin tikintisi, Culfa rayonunda Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin inzibati binasının yenidən qurulması davam etdirilmişdir.

Muxtar respublikada daxili işlər orqanlarının ixtisaslı kadrlarla komplektləşdirilməsini təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 5 mart tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbi yaradılmış, təhsil müəssisəsi üçün yeni kompleks tikilmişdir.

Muxtar respublikada yeni iş yerlərinin açılması, gənclərin səmərəli məşğulluğunun təmin edilməsi və həyata keçirilən profilaktik tədbirlərin nəticəsi olaraq qeydə alınmış cinayət hadisələrinin sayı ölkə üzrə ümumi göstəricinin cəmi 0,2 faizini təşkil edib. Muxtar respublikada 14-17 yaşlı uşaqlar arasında isə ümumiyyətlə, son dövrlər cinayət hadisəsi qeydə alınmayıb.

Aparılan təhlillər deməyə əsas verir ki, bu gün bütün sahələrdə qeydə alınmış dinamik inkişaf templəri muxtar respublikamızın uzunmüddətli inkişafını, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasını təmin etməkdədir.

BAĞLA