Təhlil materialları və son məlumatlar
     
 

  Məlumatı yüklə

Muxtar respublikada əhalinin

dinamik artımı davam edir




Muxtar respublikada artan əhali tələbatına uyğun olaraq iqtisadiyyatın şaxələndirilməsi və sosial sahənin inkişafı diqqətdə saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Dövlətimizin ən qiymətli incisi onun vətəndaşlarıdır” prinsipi əsas götürülərək əhalinin səmərəli məşğulluğu və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən mühüm tədbirlər ümumi inkişafın təmin olunmasına şərait yaratmaqla yanaşı, demoqrafik proseslərə də müsbət təsir göstərir.

1 yanvar 2019-cu il tarixə muxtar respublikada əhalinin sayı 2008-ci ilin sonu ilə müqayisədə 58 min 746 nəfər artaraq 456 min 93 nəfər olmuşdur. Əhalinin 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edib. Əhalinin 29,5 faizi şəhər, 70,5 faizi isə kənd yerlərində yaşayır. Muxtar respublikada bir kvadratkilometrə düşən əhalinin sayı 83 nəfər olmuşdur ki, bu da 2008-ci ilin sonu ilə müqayisədə 11 nəfər çoxdur. Əhalinin ən sıx məskunlaşdığı Naxçıvan şəhərində bir kvadratkilometrə 489 nəfər düşür.

2018-ci ildə muxtar respublikada 5305 nəfər doğum qeydə alınmış, doğulanların 2795 nəfərini və ya 52,7 faizini oğlanlar, 2510 nəfərini və ya 47,3 faizini isə qızlar təşkil edib. Doğulanlardan 52-si əkiz, 1-i isə üçəm olub. 2018-ci ildə muxtar respublikada doğulan oğlanlarda Yusif, Əli, Məhəmməd, Hüseyn və Uğur, qızlarda isə Zəhra, Fatimə, Zeynəb, Damla və Məryəm adları üstünlük təşkil edib. Ümumilikdə son 10 ildə muxtar respublikada 79 min 410 uşaq doğulmuşdur.

2018-ci ildə muxtar respublikada 2600 nikah bağlanmış, nikaha girənlərdə orta yaş həddi kişilərdə 28 yaş, qadınlarda isə 23,6 yaş təşkil edib. 2009-cu ildən 1 yanvar 2019-cu il tarixə muxtar respublikada 30 min 471 nikah qeydə alınmışdır.

Əhali sağlamlığının və rifahının davamlı yüksəlişi, tibbi xidmətlərin keyfiyyətinin və əhatəliliyinin artırılması ölüm göstəricisini aşağı salmışdır. Belə ki, əgər 2008-ci ildə ölüm göstəricisi əhalinin hər min nəfərinə hesabı ilə 5,6 nəfər olmuşdursa, hazırda bu göstərici 4,5 nəfər təşkil edir.

1 yanvar 2019-cu il tarixə muxtar respublikada gənclərin sayı 140 min 477 nəfərə çatmışdır ki, bu da ümumi əhalinin 30,8 faizini təşkil edir.

Muxtar respublikada əhali haqqında demoqrafik, iqtisadi və sosial məzmunlu daha geniş məlumatların əldə edilməsi məqsədilə növbəti siyahıyaalma cari ilin oktyabr ayının 1-dən 10-dək keçiriləcəkdir. Ölkə Prezidentinin müvafiq fərmanına əsasən keçiriləcək əhalinin siyahıyaalınmasında əldə olunacaq yeni məlumatlar iqtisadi təhlillərin və sosioloji tədqiqatların aparılmasına geniş imkanlar yaradacaqdır.

BAĞLA