İqtisadi inkişafın təmin olunmasında nəqliyyat sahəsi mühüm rol oynayır. Muxtar respublikada bu sahənin inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü siyasət müasir nəqliyyat sisteminin yaradılmasını təmin etməklə yanaşı, ümumi inkişafı da sürətləndirmişdir.
Son dövrlər müasir avtomobil yolları şəbəkəsinin yaradılması istiqamətində, həmçinin muxtar respublikanın xarici ticarət əlaqələrinin genişlənməsində, beynəlxalq yük və sərnişin daşımalarında mühüm rol oynayan uzunluğu 87 kilometr olan Naxçıvan-Sədərək və uzunluğu 32,4 kilometr olan Naxçıvan-Culfa magistral avtomobil yolları yenidən qurularaq istifadəyə verilib. Bundan əlavə, ötən dövrdə uzunluğu 88,8 kilometr olan Naxçıvan-Şahbuz-Batabat magistral avtomobil yolu da yenidən qurulmuşdur.
Culfa rayonunda uzunluğu 57,6 kilometr olan, 20 kəndi əhatə edən Çeşməbasar-Boyəhməd avtomobil yolu, Kəngərli rayonunda uzunluğu 39,2 kilometr olan, 5 kəndi əhatə edən Naxçıvan-Sədərək magistralı-Təzəkənd-Çalxanqala-Qıvraq dairəvi avtomobil yolu, Babək rayonunda uzunluğu 25,6 kilometr olan, 13 yaşayış məntəqəsini birləşdirən Hacıvar-Vayxır-Sirab avtomobil yolu, uzunluğu 25,4 kilometr olan, 7 yaşayış məntəqəsini birləşdirən Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolu olmaqla, ümumilikdə, 2009-cu ildən 1 sentyabr 2019-cu il tarixədək muxtar respublikada 1198 kilometr uzunluğunda avtomobil yolları yenidən qurulmuşdur. Bundan əlavə, 65 körpünün tikintisi və ya yenidən qurulması başa çatdırılmış, 27 körpü isə təmir olunmuşdur.
Əhaliyə göstərilən nəqliyyat xidmətinin səviyyəsinin yüksəldilməsi və bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində Naxçıvan şəhərində şəhərdaxili marşrutlara yeni avtobuslar buraxılmış, rayon mərkəzlərinə və kəndlərə iritutumlu və rahat avtobuslarla gediş-gəliş təmin edilmişdir. Həmçinin ötən dövrdə Naxçıvan, Şərur, Ordubad, Culfa və Şahbuz şəhərlərində müasir avtovağzal kompleksləri, Naxçıvan şəhərində Avtobus Parkı istifadəyə verilmişdir.
Muxtar respublikada hava nəqliyyatının inkişafı istiqamətində ardıcıl tədbirlər aparılmış, yeni inzibati bina inşa olunmuşdur. Əhaliyə göstərilən xidmətlərin səviyyəsinin daha da yaxşılaşdırılması, təyyarə uçuşlarının təhlükəsizliyinin tam təmin edilməsi məqsədilə Şərq və Qərb terminalları istifadəyə verilmişdir. Yenidənqurma işlərindən sonra hava limanının illik sərnişin və yükdaşıma dövriyyəsi xeyli artmış, aerovağzal binasından istifadə edən sərnişinlərin sayı saatda 600 nəfərə çatdırılmışdır. Bundan əlavə, ötən dövrdə Şərur və Ordubad şəhərlərində aviakassa binaları istifadəyə verilmişdir.
Beynəlxalq Hava Limanında yüklərin təhlükəsiz daşınması və qəbulu istiqamətində karqo terminalı yenidən qurulmuş, maşın və mexanizmlər üçün qaraj kompleksinin yaradılması başa çatdırılmışdır.
Muxtar respublikada nəqliyyatın digər bir sahəsi olan dəmir yolunun inkişafı da diqqətdə saxlanılmış, infrastruktur yenidən qurulmuşdur. Bundan əlavə, dəmir yolu təsərrüfatı yeni sərnişin vaqonları ilə təmin olunmuşdur.
Həyata keçirilən tədbirlərin nəticəsi olaraq 2019-cu ilin yanvar-avqust aylarında muxtar respublikada nəqliyyat sektorunda 10 milyon 809 min 300 ton yük, 69 milyon 936 min 700 nəfər sərnişin daşınmışdır ki, bu da 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə 78,9 və 88,2 faiz çoxdur.