Muxtar respublikada taxıl biçini başa çatıb
     
 

  Məlumatı yüklə

Muxtar respublikada taxıl

biçini başa çatıb



Muxtar respublikanın etibarlı ərzaqla təminatında taxılçılıq mühüm sahələrdən biridir. Taxılçılıq əhalinin çörək və digər unlu məmulatlara olan tələbatını ödəməklə yanaşı, həm də heyvandarlığın inkişafında mühüm rol oynayır.

Kənd təsərrüfatının, o cümlədən taxılçılığın inkişafına göstərilən diqqət və qayğı, məhsul istehsalçılarına sərf etdikləri yanacaq və motor yağlarına görə yardımların, əkilən hər hektara görə gübrələrin, güzəştli şərtlərlə kreditlərin verilməsi və digər mühüm tədbirlər bu sahənin dinamik inkişafını təmin edib.

Görülən işlərin nəticəsi olaraq 2019-cu ilin məhsulu üçün muxtar respublikada 62970 hektar sahədə əkin aparılmışdır ki, bunun da 33308 hektarını və ya 52,9 faizini taxıl zəmiləri təşkil edib. 2018-ci illə müqayisədə taxıl əkini sahələri 825 hektar və yaxud 2,5 faiz artıb. Sahələrin 24729 hektarında buğda, 8579 hektarında isə arpa əkilmişdir. Ümumi əkin sahəsinin 4127 hektarı və yaxud 12,4 faizi Şərur, 10610 hektarı və yaxud 31,8 faizi Babək, 1685 hektarı və yaxud 5,1 faizi Ordubad, 6553 hektarı və yaxud 19,7 faizi Culfa, 5210 hektarı və yaxud 15,6 faizi Kəngərli, 1616 hektarı və yaxud 4,9 faizi Şahbuz, 2472 hektarı və yaxud 7,4 faizi Sədərək rayonlarının, 1035 hektarı və yaxud 3,1 faizi isə Naxçıvan şəhərinin payına düşüb.

Cari ildə taxıl sahələrindən 102984 ton məhsul tədarük olunmuşdur ki, bu da 2018-ci ilin göstəricisi ilə müqayisədə 5295 ton və ya 5,4 faiz çoxdur. Yığılan məhsulun 77261 tonu buğda, 25723 tonu isə arpadır. Məhsuldarlıq orta hesabla hər hektardan 30,9 sentner olmuşdur.

Əldə olunan məhsulun 13947 tonu və ya 13,6 faizi Şərur, 33707 tonu və ya 32,7 faizi Babək, 4785 tonu və ya 4,6 faizi Ordubad, 18993 tonu və ya 18,5 faizi Culfa, 15316 tonu və ya 14,9 faizi Kəngərli, 4437 tonu və ya 4,3 faizi Şahbuz, 8788 tonu və ya 8,5 faizi Sədərək rayonlarının, 3011 tonu və ya 2,9 faizi isə Naxçıvan şəhərinin payına düşüb.



Naxçıvan Muxtar Respublikasının şəhər və rayonları üzrə taxıl yığımının bölgüsü



Cari ilin taxıl biçinində orta hesabla 86 kombayn iştirak etmişdir ki, bunun da 77-si sahibkarlara, 9-u isə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə məxsus olmuşdur.

Tədarük olunan buğdanın bir kiloqramının cari ildə 35, arpanın isə 30 qəpikdən mərkəzləşmiş qaydada satın alınması taxıl əkininə və onun vaxtında itkisiz yığılmasına marağı daha da artırmışdır.

Muxtar respublikada məhsul istehsalçılarının texnika ilə təmin olunması məqsədilə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 309 ədədi 2019-cu ilin yanvar-iyul aylarında olmaqla, ümumilikdə, 2684 ədəd müxtəlif adda kənd təsərrüfatı texnikası və avadanlığı alınaraq muxtar respublikaya gətirilmişdir. Cari ilin yanvar-iyul aylarında 182 ədəd müxtəlif adda kənd təsərrüfatı texnikası və avadanlığı lizinq yolu ilə məhsul istehsalçılarına verilmiş, 2 ədədi nağd yolla satılmışdır.

Əkinçiliyin inkişafında başlıca şərtlərdən olan məhsuldar toxum sortlarının yetişdirilməsidir. Yerli və rayonlaşdırılmış toxum sortlarından istifadə olunmaqla yetişdirilən toxum sortları muxtar respublikanın torpaq mülkiyyətçiləri və fermer təsərrüfatları tərəfindən istifadə olunmaqdadır. Hazırda muxtar respublikada 5 toxumçuluq təsərrüfatı fəaliyyət göstərir.

Taxılçılığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər, məhsuldar toxum sortlarından istifadə, suvarma şəbəkələrinin genişləndirilməsi və əkin sahələrinin şırım üsulu ilə suvarılması bu sahənin inkişafına yeni imkanlar yaratmaqdadır.

BAĞLA