2019-cu ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı
     
 

  Məlumatı yüklə

2019-cu ilin yanvar-iyun aylarında

Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı


Muxtar respublikada iqtisadiyyatın şaxələndirilməsi və sosial sahənin inkişafı istiqamətində həyata keçirilən tədbirlər 2019-cu ilin yanvar-iyun aylarında da davam etdirilmiş, yüksək nəticələr qazanılmışdır.

Əldə olunmuş uğurların davamlılığının qorunub saxlanılması və artan əhali tələbatına uyğun olaraq iqtisadiyyatın çoxşaxəli inkişafının təmin edilməsi, infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 29 mart tarixli Fərmanı ilə “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiq edilmişdir.

İnkişafı xarakterizə edən əsas göstərici kimi 2019-cu ilin yanvar-iyun aylarında ümumi daxili məhsul istehsalı 1 milyard 279 milyon 637 min manatdan artıq olmuşdur ki, bu da bir il öncəki göstəricidən 1,4 faiz çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsul isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,9 faiz artaraq 2801 manatı ötmüşdür. Ümumi daxili məhsulun tərkibində ilk yeri 29,9 faizlik payla sənaye sahəsi tutmuş və maddi istehsalın payı 57,6 faiz təşkil etmişdir.

2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin yanvar-iyun aylarında sənaye məhsulu 1,4 faiz, əsas kapitala yönəldilən vəsaitlər 1,2 faiz, kənd təsərrüfatı məhsulu 2,8 faiz, nəqliyyat sektorunda yük daşınması 2,3 faiz, informasiya və rabitə xidmətləri 3,9 faiz artmışdır.

Makroiqtisadi göstəricilər
Müqayisə predmeti 2019-cu ilin yanvar-iyun ayları, faktiki 2019-cu ilin yanvar-iyun ayları 2018-ci ilin yanvar-iyun aylarına nisbətən, faizlə
Ümumi daxili məhsul, min manat
1 279 637,1
101,4 *
Hər bir nəfərə düşən ümumi daxili məhsul, manat
2 801,3
101,9
Sənaye məhsulu, min manat
550 110,7
101,4 *
Əsas kapitala yönəldilən vəsaitlər, min manat
554 459,6
101,2
Kənd təsərrüfatı məhsulu, min manat
133 451,2
102,8 *
Nəqliyyat sektorunda yük daşınması, min ton
7 667,4
102,3
İnformasiya və rabitə xidmətləri, min manat
26 797,0
103,9
o cümlədən mobil rabitə, min manat
21 615,1
102,2
Pərakəndə əmtəə dövriyyəsi, min manat
713 991,8
100,6*
Əhaliyə göstərilən ödənişli xidmətlər, min manat
97 111,6
100,4*
Xarici ticarət dövriyyəsi, min ABŞ dolları
219 259,4
103,3
o cümlədən ixrac
191 612,2
100,3
Bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı, manat
440,0**
104,6
*) müqayisəli qiymətlər üzrə
**) 2019-cu ilin yanvar-may ayları göstəricisi

Sənaye

Muxtar respublikada müasir sənaye müəssisələrinin yaradılması, yeni məhsulların istehsalı bu sahədə dinamik inkişafı təmin etmişdir.

2019-cu ilin yanvar-iyun aylarında muxtar respublikada 550 milyon 110 min 700 manat dəyərində sənaye məhsulu istehsal olunmuşdur ki, bu da bir il öncəki göstəricini 1,4 faiz üstələmişdir.

Sənaye məhsulu istehsalının 96,1 faizi malların, 3,9 faizi isə xidmətlərin payına düşmüşdür. İstehsal olunan sənaye məhsulunda özəl bölmənin payı 94,3 faiz təşkil etmişdir ki, bu da ölkənin digər iqtisadi rayonları ilə müqayisədə ən yüksək göstəricidir.



Sənaye məhsulu istehsalının dinamikası, min manat



2019-cu ilin yanvar-iyun aylarında muxtar respublikada dövlət dəstəyi ilə iqtisadi fəaliyyətin müxtəlif sahələrində 11 layihə üzrə istehsal və xidmət obyektləri yaradılmış, 47 layihə üzrə istehsal və xidmət obyektlərinin yaradılması davam etdirilir.

Sənayenin inkişafı məqsədilə bank və kredit təşkilatları tərəfindən təsərrüfat subyektlərinə 2019-cu ilin yanvar-iyun aylarında 4 milyon 312 min manat kredit verilmişdir.

Sənayedə istehsalın həcminin artması nəticəsində 2019-cu ilin ilk yarımilində 151 milyon 253 min 500 ABŞ dolları dəyərində sənaye məhsulları ixrac olunmuşdur.


Hərbi quruculuq

Muxtar respublikada ordu quruculuğu istiqamətində tədbirlər davam etdirilir.

2019-cu ilin yanvar-iyun aylarında Naxçıvan şəhərində qərargah binasının tikintisi başa çatdırılmış, yeni qərargah binasının, hərbi zavodun və mərkəzi hərbi xəstəxananın tikintisi hazırda davam etdirilir.

Babək rayonunda iki əsgəri-məişət kompleksi istifadəyə verilmiş, iki qərargah binasının, start komanda, yanacaqdoldurma, texniki qulluq, texnikaların yuyulması, texniki nəzarət, təmir və texniki xidmət məntəqələrinin, avtomobil dayanacağının tikintisi davam etdirilir.

Əlahiddə Ümumqoşun Ordunun yeni Səhra Təlim Mərkəzi istifadəyə verilmiş, Babək və Şahbuz rayonlarının hər birində üç anqarın tikintisi davam etdirilir.

Kəngərli rayonunda hərbi hissədə zabit-gizir ailələri üçün yeni yaşayış binası istifadəyə verilmişdir.

Şərur rayonunda Daxili Qoşunların hərbi hissəsində infrastruktur obyektlərinin və 3 saylı Sərhəd dəstəsi binasının tikintisi davam etdirilir.

Bununla yanaşı, cari ilin ötən dövründə Naxçıvanda Azərbaycan-Türkiyə birgə hərbi təlimləri keçirilmişdir.


Tikinti-quruculuq və su təchizatı tədbirləri

Ümumi inkişafın təmin edilməsində vəsait qoyuluşları mühüm rol oynayır. Bu istiqamətdə muxtar respublikada 2019-cu ilin yanvar-iyun aylarında bütün maliyyə mənbələrindən əsas kapitala 554 milyon 459 min 600 manat vəsait yönəldilmişdir ki, bu da bir il öncəki göstəricidən 1,2 faiz çoxdur. Bu göstərici ölkənin digər iqtisadi rayonları ilə müqayisədə Naxçıvan Muxtar Respublikasında əsas kapitala vəsait qoyuluşlarının həcminin daha çox olduğunu deməyə əsas verir.

Vəsait qoyuluşlarının 535 milyon 772 min 100 manatı və ya 96,6 faizi tikinti-quraşdırma işlərində istifadə edilmişdir ki, bu da bir il öncəki göstəricidən 2,7 faiz çoxdur.

2019-cu ilin yanvar-iyun aylarında muxtar respublikada 72 müxtəlif təyinatlı obyekt tikilmiş, yenidən qurulmuş və ya əsaslı təmir olunmuş, 160 müxtəlif təyinatlı obyektin tikintisi, yenidən qurulması və ya əsaslı təmiri davam etdirilir.

Yaşayış məntəqələrinin abadlaşdırılması, səmərəli idarəetmənin və əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi tədbirlərinə uyğun olaraq 2019-cu ilin ilk altı ayında 2 kənd mərkəzi istifadəyə verilmiş, 11 kənd mərkəzinin inşası davam etdirilir.

Muxtar respublikada 2 yaşayış binasının tikintisi, 3 yaşayış binasının yenidən qurulması başa çatdırılmış, 5 yaşayış binasının tikintisi, 4 yaşayış binasının yenidən qurulması davam etdirilir. Bundan əlavə, Naxçıvan şəhərində “Gənclər Yaşayış Kompleksi”nin tikintisi davam etdirilir.

Babək, Ordubad, Kəngərli və Sədərək rayon mərkəzlərində və ətraf kəndlərdə içməli su təchizatı və kanalizasiya sistemlərinin, Şərur rayonunun Zeyvə və Düdəngə kəndlərində içməli su şəbəkəsinin tikintisi davam etdirilir.

Əhalinin həyat səviyyəsinin yaxşılaşması fərdi yaşayış evlərinin tikintisinə də müsbət təsir göstərmişdir. 2019-cu ilin yanvar-iyun aylarında muxtar respublikada əhalinin şəxsi vəsaiti hesabına, ümumilikdə, 236 min 151 kvadratmetr yaşayış sahəsi istifadəyə verilmişdir ki, bu da bir il öncəki göstəricidən çoxdur.


Kənd təsərrüfatı və yaşıllaşdırma tədbirləri

Muxtar respublikada əhalinin ərzaq məhsulları ilə etibarlı təminatında mühüm yer tutan kənd təsərrüfatının inkişafı üzrə ardıcıl tədbirlər həyata keçirilir.

2019-cu ilin məhsulu üçün muxtar respublikada 62970 hektar sahədə əkin aparılmışdır ki, bu da 2018-ci ilin məhsulu üçün əkilmiş sahədən 1035 hektar çoxdur.



Cəmi əkin sahələri, hektarla



Muxtar respublikada taxılçılıq strateji əhəmiyyətə malik istiqamət kimi diqqətdə saxlanılmış və 2019-cu ilin məhsulu üçün 33308 hektar sahədə taxıl əkilmişdir ki, bunun da 31667 hektarı payızlıq, 1641 hektarı isə yazlıq taxıldır. Taxıl zəmilərinin 24729 hektarında buğda, 8579 hektarında isə arpa əkilmişdir. Bir il öncəyə nisbətən taxıl əkini sahəsi 825 hektar artmışdır. Hazırda taxıl zəmilərindən məhsul tədarükü davam etdirilir.

Tələbata uyğun olaraq kartofçuluğun inkişafında müsbət dinamika saxlanılmış və 2019-cu ildə 3228 hektar sahədə kartof əkini aparılmışdır ki, bu da 2018-ci ildə əkilmiş sahədən 13 hektar çoxdur.

2019-cu ildə muxtar respublikada tütünçülüyün inkişafı üçün də tədbirlər görülmüşdür. Şərur, Babək və Kəngərli rayonlarında, ümumilikdə, 50,5 hektar sahədə tütün əkini aparılmışdır ki, bu da bir il öncəki göstəricidən 9 hektar çoxdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 8 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası da muxtar respublika əhalisinin meyvə və tərəvəz məhsullarına olan tələbatının yerli istehsal hesabına təmin edilməsinə və tələbatdan artıq mövsümi məhsulların ixracına geniş imkanlar yaratmışdır.

Üzümçülüyün inkişafı məqsədilə yerli resurslardan istifadə olunmaqla üzüm bağlarının salınması davam etdirilmişdir.

Muxtar respublikada əhalini təzə və keyfiyyətli ərzaq məhsulları ilə təmin etmək məqsədilə Şərur rayonunda bir soyuducu anbar genişləndirilmiş, Babək rayonunda bir, Şərur rayonunda iki soyuducu anbarın yaradılması, iki soyuducu anbarın genişləndirilməsi hazırda davam etdirilir. Bundan əlavə, Babək rayonunda bir istixana təsərrüfatı yaradılmış, Şərur və Ordubad rayonlarının hər birində bir istixana təsərrüfatının yaradılması davam etdirilir.

Məhsul istehsalçılarının kənd təsərrüfatı maşın və mexanizmləri ilə təchizatı davamlı olaraq yaxşılaşdırılır. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 309-u 2019-cu ilin yanvar-iyun aylarında olmaqla, cəmi 2684 müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq alınaraq muxtar respublikaya gətirilmişdir. 2019-cu ilin ilk altı ayında 172 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq lizinq yolu ilə icarəyə verilmiş, 2 ədədi nağd yolla satılmışdır. Bu dövrdə məhsul istehsalçıları 7079,2 ton mineral gübrə ilə təmin olunmuşdur.

Kənd təsərrüfatının əsas sahələrindən olan heyvandarlığın inkişafı cari ilin ilk altı ayında da diqqətdə saxlanılmış, 5 heyvandarlıq təsərrüfatı yaradılmış, 1 heyvandarlıq təsərrüfatı genişləndirilmişdir. Hazırda 4 heyvandarlıq təsərrüfatının yaradılması davam etdirilir. Ümumilikdə, bank və kredit təşkilatları tərəfindən bu sahəyə cari ilin yanvar-iyun aylarında 4 milyon 60 min 100 manat kredit verilmişdir ki, bu da bir il öncəki göstəricidən 59,7 faiz çoxdur.

Muxtar respublikada mal-qaranın cins tərkibinin yaxşılaşdırılması üçün süni mayalanma tədbirlərinin həyata keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 fevral tarixli “Naxçıvan Muxtar Respublikasında heyvandarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına uyğun olaraq Süni Mayalanma Mərkəzi yaradılır.

2019-cu ilin ilk altı ayında heyvandarlıq təsərrüfatlarında 6750 baş inək, düyə və camış süni yolla mayalandırılmış, əvvəlki dövrdə mayalandırılmış inək, düyə və camışlardan 5095 baş sağlam bala alınmışdır. 1 iyul 2019-cu il tarixə muxtar respublikanın bütün təsərrüfat kateqoriyalarında qaramalın sayı 124 min 240 baş, qoyun və keçilərin sayı 783 min 516 baş olmuşdur ki, bu da 1 iyul 2018-ci il tarixə olan göstəriciləri 1,8 və 1,9 faiz üstələmişdir.

Ölkənin əksər iqtisadi rayonlarında qaramalın, qoyun və keçilərin sayında bir il öncəyə nisbətən azalma olduğu halda, muxtar respublikada qeydə alınmış artım templəri bu sahədə həyata keçirilən tədbirlərin effektivliyini göstərir.

2019-cu ilin yanvar-iyun aylarında muxtar respublikada diri çəkidə 12361,5 ton ət, 49431,1 ton süd istehsal olunmuşdur ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,8 və 1,7 faiz çoxdur.

Muxtar respublikada arıçılığın inkişafının stimullaşdırılması, kiçik biznesin dəstəklənməsi və kənd yerlərində məşğulluğun təmin edilməsi üzrə də mühüm tədbirlər həyata keçirilir. İqtisadi cəhətdən yüksək gəlir gətirən, qida və müalicəvi baxımdan faydalı təsərrüfat sahəsi olan arıçılığın daha da inkişaf etdirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 18 noyabr tarixli Sərəncamı ilə “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı” təsdiq edilmişdir. 2019-cu ilin ilk altı ayında bu sahədə müvafiq tədbirlər görülmüş, 4 arıçılıq təsərrüfatının yaradılması və 2 arıçılıq təsərrüfatının genişləndirilməsi davam etdirilmişdir. Təsərrüfat subyektlərinə cari ilin yanvar-iyun aylarında 241 min 100 manat kredit verilmişdir ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 23,8 faiz çoxdur.

Cari ilin ilk altı ayında kənd təsərrüfatı sahəsi ilə məşğul olan təsərrüfat subyektlərinə, ümumilikdə, 5 milyon 83 min manat kreditin verilməsi təmin olunmuşdur ki, bu da bir il öncəki göstəricidən 66,7 faiz çoxdur.

“Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı tədbirlər haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 22 noyabr tarixli və 2019-cu il 18 yanvar tarixli sərəncamlarının icrası, 2019-cu ilin “Ailə təsərrüfatları ili” elan olunması ailə təsərrüfatlarının inkişafı istiqamətində həyata keçirilən digər tədbirlər və bu sahənin daim diqqətdə saxlanılması iqtisadiyyatın, xüsusilə də aqrar sektorun inkişafına yeni imkanlar yaratmaqdadır.

Həyata keçirilmiş tədbirlərin nəticəsi olaraq 2019-cu ilin yanvar-iyun aylarında bir il öncəyə nisbətən 2,8 faiz çox, yəni 133 milyon 451 min 200 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur.



Kənd təsərrüfatının ümumi məhsulu, min manat



Etibarlı ərzaq təminatı sisteminin yaradılması ixrac potensialını artırmış, 2019-cu ilin ilk yarımilində muxtar respublikadan 40 milyon 358 min 700 ABŞ dolları dəyərində kənd təsərrüfatı, o cümlədən meyvə və tərəvəz məhsulları ixrac olunmuşdur.

Bu dövrdə meliorasiya-irriqasiya sistemlərinin yeniləşdirilməsi diqqət mərkəzində saxlanılmış, Kəngərli rayonunun Yurdçu kəndi ərazisində 59,4 hektar sahədə qapalı suvarma şəbəkəsinin tikintisi başa çatdırılmışdır. Yurdçu kəndi ərazisində 76 və Şahbuz rayonunun Türkeş kəndi ərazisində 300 hektar sahədə qapalı suvarma şəbəkələrinin tikintisi davam etdirilir.

Şərur rayonunun Danyeri kəndində nasos stansiyasının, Kəngərli rayonunun Qabıllı kəndində subartezian quyusunun tikintisi başa çatdırılmış, Şahbuz rayonunun Külüs kəndində nasos stansiyasının tikintisi davam etdirilir.

Meşə fondunun mühafizə olunması, bərpası, yeni yaşıllıqların salınması istiqamətində də tədbirlər görülmüş, cari ilin ilk yarımilində 183,8 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılmış, 107 mindən artıq ağac və gül kolu əkilmişdir. Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq Babək rayonunda Naxçıvan Yaşıllaşdırma Xidmətinin tingçilik sahəsi üçün yeni kompleks və “İqlim otağı”, ətraf mühitin mühafizəsi məqsədilə Sədərək rayonunda Su monitorinq laboratoriyası yaradılmışdır.


Nəqliyyat, informasiya - rabitə və energetika

Artan əhali tələbatına uyğun olaraq muxtar respublikada müasir nəqliyyat sisteminin qurulması, nəqliyyat sektorunun səmərəli idarə olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

2019-cu ilin yanvar-iyun aylarında Naxçıvan şəhərdaxili, Şərur rayonunun Kərimbəyli, Ordubad rayonunun Dəstə kəndlərində avtomobil yollarının yenidən qurulması başa çatdırılmış, Culfa-Ordubad magistral avtomobil yolunun, Ordubad rayonunda Biləv-Tivi, Şərur rayonunun Şərur şəhərinə giriş, Muğanlı, Muğancıq-Mehrab, Qışlaqabbas, Havuş və Xələc, Babək rayonunun Kültəpə və Gülşənabad, Ordubad rayonunun Vənənd, Anaqut və Darkənd, Şahbuz rayonunun Badamlı və Türkeş kəndlərində avtomobil yollarının yenidən qurulması davam etdirilir.

Şahbuz şəhərində aviakassa binasının tikintisi başa çatdırılmış, Naxçıvan Beynəlxalq Hava Limanında uçuş-enmə zolağının yenidən qurulması, Naxçıvan şəhərində 400 yerlik avtomobil parkının tikintisi davam etdirilir.

Əhaliyə göstərilən nəqliyyat xidmətlərinin səviyyəsini yüksəltmək məqsədilə cari ilin yanvar ayından Naxçıvan-Bakı-Naxçıvan avtobus marşrutunda gecə reysləri fəaliyyətə başlamışdır.

Culfa stansiyasında İstismar Vaqon Deposunun tikintisi, Park “V” İdaretmə Mərkəzinin və “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin inzibati binalarının əsaslı təmiri davam etdirilir. Bundan əlavə, tələbat nəzərə alınaraq dəmiryolu təsərrüfatına bir ədəd teplovoz gətirilmişdir.

2019-cu ilin yanvar-iyun aylarında muxtar respublikada nəqliyyat sektorunda 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 2,3 faiz, sərnişin daşınması 1,4 faiz artmışdır. Yük və sərnişin daşınmasından bütövlükdə 27 milyon 603 min 500 manat gəlir əldə edilmişdir ki, bu da bir il öncəki göstəricidən 2,6 faiz çoxdur.

2019-cu ilin ilk altı ayında muxtar respublikada informasiya və rabitə sahəsinin inkişafı diqqətdə saxlanılmış, 2 poçt binası yaradılmış, 2 avtomat telefon stansiyası quraşdırılmışdır. Ordubad rayonunda Dəstə Radio-Televiziya Verici Stansiyası üçün binanın tikintisi, Culfa rayonunda rabitə evinin yenidən qurulması davam etdirilir. Bununla yanaşı, ötən dövrdə muxtar respublikada elektron statistikanın inkişafı və rəsmi statistika materiallarının istehsalı proseslərinin səmərəliliyinin yüksəldilməsi məqsədilə Dövlət Statistika Komitəsinin “Statistik Məlumatlar Sistemi”nin elektron bazası və proqram təminatı hazırlanmışdır.

2019-cu ilin yanvar-iyun aylarında muxtar respublikada informasiya və rabitə xidmətlərinin dəyəri 2018-ci ilin müvafiq dövründəki göstəricini 3,9 faiz üstələyərək 26 milyon 797 min manat olmuşdur. Ümumi xidmətlərin 80,7 faizi mobil rabitənin payına düşmüş, mobil rabitə xidmətlərinin dəyəri 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz artmışdır.

Muxtar respublikada ucuz enerji istehsalı sahələrinin yaradılması məqsədilə Kəngərli rayonunda 2 meqavat gücündə Günəş Elektrik Stansiyası istifadəyə verilmiş, 36 meqavat gücündə Ordubad Su Elektrik Stansiyasının tikintisi hazırda davam etdirilir.

2019-cu ilin yanvar-iyun aylarında muxtar respublikada istehsal olunmuş elektrik enerjisinin 72,6 faizini alternativ və bərpaolunan enerji təşkil edib. Ölkənin digər regionlarında isə bu göstərici 8 faiz təşkil edir. Muxtar respublikada bu sahədə qazanılmış uğurlar enerji təhlükəsizliyi sahəsində həyata keçirilən aktiv siyasətin bariz nümunəsidir.

Enerji sistemini daha da müasirləşdirmək məqsədilə Babək Rayon Elektrik Şəbəkəsinin inzibati binası və yarımstansiyası istifadəyə verilmiş, Şərur rayonunda “Subartezian” yarımstansiyasının tikintisi davam etdirilir.

Muxtar respublikada 18,6 kilometr uzunluğunda 10 və 0,4 kilovoltluq yeni elektrik xətləri çəkilmiş, 9 transformator yarımstansiyası quraşdırılmışdır.

Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsinin Maye-Qaz Anbarı və Qazdoldurma Stansiyasının tikintisi başa çatdırılmış, Şərur rayonunun Daşarx kəndi ərazisində maye qaz doldurma, Culfa şəhərində yanacaqdoldurma stansiyalarının tikintisi davam etdirilir.

1 iyul 2019-cu il tarixə muxtar respublikada 86 min 825 əhali abonenti təbii qazla təmin olunmuşdur.

Naxçıvan şəhərində smartkart tipli elektrik və qaz, Babək rayonunun Babək qəsəbəsində isə smartkart tipli elektrik sayğaclarının quraşdırılması davam etdirilir.


Sahibkarlıq fəaliyyəti və məşğulluq məsələləri

Muxtar respublika iqtisadiyyatının aparıcı qüvvəsi olan sahibkarlığın inkişafı üçün ardıcıl tədbirlər həyata keçirilir.

2019-ci ilin yanvar-iyun aylarında muxtar respublikada sahibkarlara 12 milyon 571 min 200 manat kredit verilmişdir. Verilmiş kreditin 5 milyon 765 min manatı yeni istehsal sahələrinin yaradılmasına və ya genişləndirilməsinə, 6 milyon 806 min 200 manatı isə fərdi sahibkarlığın inkişafına sərf olunmuşdur. Bu dövrdə 20 hüquqi və 2327 fiziki şəxs qeydiyyata alınmışdır.

Cari ilin ötən dövründə Türkiyə Respublikasının İqdır şəhərində Naxçıvan Muxtar Respublikasının Ticarət Evi istifadəyə verilmişdir ki, bu da muxtar respublikada istehsal olunan məhsulların təşviqi və satışına, eyni zamanda iş adamları arasında işgüzar görüşlərin təşkilinə və ticarət sövdələşmələrinin aparılmasına geniş imkanlar yaradacaqdır.

Sahibkarlığa göstərilən diqqət və qayğının nəticəsidir ki, bu gün muxtar respublikada 383 növdə məhsul istehsal olunur. Bu məhsulların 126-sı ərzaq, 257-si qeyri-ərzaq məhsullarıdır. 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatın tamamilə yerli imkanlar hesabına ödənilməsi təmin edilmişdir.

2019-cu ilin yanvar-may aylarında orta aylıq əməkhaqqının məbləği 440 manat təşkil etmişdir ki, bu da 2018-ci ilin müvafiq dövründəki göstəricidən 4,6 faiz çoxdur və Naxçıvan Muxtar Respublikası üzrə orta aylıq nominal əməkhaqqının səviyyəsi ölkənin digər iqtisadi rayonları ilə müqayisədə daha yüksəkdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası muxtar respublikada işaxtaranların sosial müdafiəsinin gücləndirilməsinə, səmərəli məşğulluğun və özünüməşğulluğun təmin edilməsinə, əmək bazarının tələbinə uyğun peşə hazırlığının təşkilinə geniş imkanlar yaratmışdır.

2019-cu ilin yanvar-iyun aylarında muxtar respublikada 2293 yeni iş yeri yaradılmışdır ki, bunun da 2271-i və ya 99 faizi daimi iş yerləridir. Əmək bazarının tələblərinə uyğun olaraq Naxçıvan Regional Peşə Tədris Mərkəzində qazanxana maşinisti, aşpaz köməkçisi, dərzi, bərbər-manikürçü, bərbər, elektrik montyoru, qaz avadanlıqlarının təmiri və istismarı üzrə çilingər, video-operator, cəzaçəkmə müəssisəsində daş duz üzərində oyma və xalçaçı peşələri üzrə, ümumilikdə 178 nəfər kurslara cəlb edilmişdir. Bundan əlavə, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyindəki peşə ixtisas təhsili müəssisələrində 1632 nəfər müxtəlif peşələrə yiyələnmişdir.


İstehlak bazarı

Səmərəli məşğulluq imkanlarının yaradılması əhalinin alıcılıq qabiliyyətini yüksəltmiş, əmtəə dövriyyəsinin həcmini genişləndirmişdir.

2019-cu ilin ilk yarımilində muxtar respublikanın istehlak bazarında əhaliyə 811 milyon 103 min 400 manat dəyərində istehlak malları satılmış və ödənişli xidmətlər göstərilmişdir. Satılmış istehlak mallarının 97 faizi pərakəndə ticarət dövriyyəsinin payına düşüb.

Bir nəfərə düşən pərakəndə ticarət dövriyyəsinə görə Naxçıvan Muxtar Respublikası ölkənin digər iqtisadi rayonları arasında ilk yerdədir.

Əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi məqsədilə Ordubad rayonunun Dəstə kəndində xidmət mərkəzinin tikintisi, Şərur rayonunun Kərimbəyli kəndində xidmət mərkəzinin və Şərur şəhərində ticarət mərkəzinin yenidən qurulması başa çatdırılmışdır.

Şərur rayonunun Alışar, Qışlaqabbas, Yeni Havuş, Muğanlı, Muğancıq Mehrab və Xələc, Babək rayonunun Kültəpə və Gülşənabad, Ordubad rayonunun Vənənd, Kəngərli rayonunun Böyükdüz, Şahbuz rayonunun Türkeş və Badamlı kəndlərində xidmət mərkəzlərinin tikintisi davam etdirilir.


Xarici ticarət, bank işi və sığorta fəaliyyəti

Muxtar respublikanın dinamik inkişafı, ən əsası yerli istehsalın şaxələndirilməsi xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət təsir göstərmişdir.

2019-cu ilin ilk yarımilində muxtar respublikanın xarici ticarət dövriyyəsi 219 milyon 259 min 400 ABŞ dolları təşkil etmişdir. Xarici ticarət dövriyyəsinin 191 milyon 612 min 200 ABŞ dollarını ixrac, 27 milyon 647 min 200 ABŞ dollarını idxal təşkil etmiş və 163 milyon 965 min ABŞ dolları dəyərində müsbət saldo yaranmışdır.

Bank sektorunun inkişafı üzrə ardıcıl tədbirlər həyata keçirilir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 2 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2018-ci illərdə Naxçıvan Muxtar Respublikasında müasir elektron ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”ın icrası muxtar respublikada elektron ödəniş infrastrukturunun inkişafına, maliyyə vəsaitləri dövriyyəsinin sürətləndirilməsinə, nağd ödənişlərin azalmasına səbəb olmuşdur.

1 iyul 2019-cu il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 81855-ə çatmışdır ki, bunun da 72483-ü və ya 88,6 faizi aktiv hesablardır. 2019-cu ilin yanvar-iyun aylarında açılmış 13460 bank hesabının 13412-si aktiv hesablar olmuşdur.

2019-cu ilin yanvar-iyun aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 49 milyon 160 min 700 manat kredit verilmişdir ki, bu da bir il öncəki göstəricidən 85,9 faiz çoxdur. Verilmiş kreditlərin 5 milyon 276 min 600 manatı və yaxud 10,7 faizi qısamüddətli, 43 milyon 884 min 100 manatı və yaxud 89,3 faizi uzunmüddətli kreditlər olmuşdur.

Naxçıvan Muxtar Respublikasında ölkənin digər iqtisadi rayonları ilə müqayisədə bank sektoru üzrə verilən kreditlərin ən aşağı orta faiz dərəcəsi tətbiq edilir ki, bu da özəl sektorun inkişafında ciddi amillərdən biridir.

1 iyul 2019-cu il tarixə muxtar respublikada quraşdırılmış POS-terminalların sayı 1276-ya çatdırılmışdır.

Muxtar respublikada sığorta sisteminin inkişafı istiqamətində Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinə 2 ədəd səyyar xidmət avtomobili verilmiş, Kəngərli Rayon Dövlət Sığorta Agentliyi üçün müasir iş şəraiti yaradılmışdır. Muxtar respublikada sığorta növləri üzrə daxilolmalar cari ilin ilk yarımilində 3 milyon 650 min 700 manat olmuşdur. Bir il öncəyə nisbətən könüllü sığorta ödənişləri 29,8 faiz artmışdır.


Elm, təhsil, səhiyyə, sosial təminat,mədəniyyət və turizm

Muxtar respublikada elmi potensialın artırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir, elm adamlarına diqqət və qayğı göstərilir. Qədim Naxçıvan torpağının yetirdiyi görkəmli mütəfəkkirlərindən biri olan və 1452-ci ildə Naxçıvanda doğulmuş Nemətullah Naxçıvaninin irsinin öyrənilməsi və tədqiqi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 29 oktyabr tarixli Sərəncamı muxtar respublikada elm adamlarına verilən dəyərin ifadəsidir.

Cari ilin ötən dövründə bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilmiş, Türkiyə Respublikasının Konya vilayətində Azərbaycan və Türkiyə alimlərinin iştirakı ilə beynəlxalq konfrans təşkil olunmuşdur.

Təhsil sahəsi üzrə infrastruktur quruculuğu tədbirləri çərçivəsində 2019-cu ilin ilk yarımilində Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin binası yenidən qurulmuş, Şərur rayonunun Kərimbəyli kəndində 270, Ordubad rayonunun Dəstə kəndində 900 şagird yerlik tam orta məktəb binalarının tikintisi başa çatdırılmışdır.

Şərur rayonunun Xələc, Babək rayonunun Kültəpə və Gülşənabad, Şahbuz rayonunun Türkeş kəndlərində məktəb binalarının tikintisi, Naxçıvan şəhərində 5 nömrəli, Şərur rayonunun Muğanlı və Muğancıq Mehrab, Ordubad rayonunun Vənənd, Kəngərli rayonunun Böyükdüz kəndlərində məktəb binalarının yenidən qurulması davam etdirilir. Bundan əlavə, Şərur rayonunda Yeni Havuş və Xətai kəndləri üçün məktəb binasının tikintisi davam etdirilir.

Naxçıvan şəhərində 200 yerlik uşaq bağçasının tikintisi başa çatdırılmış, Ordubad rayonunun Vənənd kəndində uşaq musiqi məktəbi binasının tikintisi davam etdirilir.

Təhsilin inkişafı istiqamətində həyata keçirilən tədbirlər öz bəhrəsini vermiş, 2018-ci ildə muxtar respublikada ümumi və tam orta təhsil bazası üzrə keçirilən buraxılış imtahanlarında əldə olunmuş nəticələr ölkə üzrə ümumi göstəricilərdən daha yüksək olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 24 iyun tarixli Sərəncamı ilə 2019-cu ilin ötən dövründə muxtar respublikada xüsusi istedadı olan 3 məktəblinin adı Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na yazılmış və onlar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülmüşlər.

Əhaliyə göstərilən səhiyyə xidmətlərinin daha da yaxşılaşdırılması istiqamətində Şərur rayonunun Kərimbəyli və Ordubad rayonunun Dəstə kəndlərində həkim ambulatoriyası binalarının tikintisi, Şərur Rayon Uşaq Xəstəxanasının yenidən qurulması, Şərur Rayon Mərkəzi Xəstəxanasının əsaslı təmiri başa çatdırılmışdır.

Şərur rayonunun Muğanlı və Məmmədsabir, Babək rayonunun Kültəpə, Ordubad rayonunun Vənənd kəndlərində həkim ambulatoriyası binalarının tikintisi davam etdirilir.

Tibbi əhəmiyyəti və səhiyyə turizminin inkişafındakı rolu nəzərə alınaraq “Duzdağ Fizioterapiya Mərkəzinin 40 illik yubileyinin keçirilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri tərəfindən 2019-cu il 16 may tarixdə Sərəncam imzalanmışdır.

“Nəxşicahan-Med” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinə yeni exokardioqrafiya avadanlığı təqdim olunmuşdur.

Sosial layihələr çərçivəsində 2019-cu ilin ilk yarımilində yüksək ixtisaslı həkim heyəti tərəfindən, ümumilikdə, 620 cərrahi əməliyyat aparılmışdır.

Muxtar respublikada əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 25 yanvar tarixli Sərəncamına uyğun olaraq 2019-cu ildən Şərur rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılmışdır. Bundan əlavə, 2020-ci ildən etibarən icbari tibbi sığorta sisteminin Naxçıvan Muxtar Respublikasının bütün ərazisində tətbiqinə imkan verəcək hazırlıq işlərinin görülməsi, tibbi xidmətlərin keyfiyyətini daha da yaxşılaşdırmaq və müasir tələblərə uyğunlaşdırmaq, habelə əhalinin sağlamlığının etibarlı qorunmasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “Naxçıvan Muxtar Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” 2019-cu il 18 mart tarixli Fərman imzalamışdır.

2019-cu ilin birinci yarımilində muxtar respublikada hər bir nəfərə düşən aylıq gəlirləri ehtiyac meyarından aşağı olan ailələrə 264 min 156 manat ünvanlı dövlət sosial yardımı ödənilmişdir. Bundan əlavə, ötən dövrdə muxtar respublikada 1 şəhid ailəsinə, 5 sağlamlıq imkanları məhdud Azərbaycan Vətən Müharibəsi iştirakçısına, Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında iştirak edən 1 nəfərə və hərbi xidmət vəzifəsini yerinə yetirərkən sağlamlığını itirmiş 1 nəfərə, ümumilikdə, 8 ailəyə yeni mənzillər verilmiş, sağlamlıq imkanları məhdud üç şəxs üçün fərdi yaşayış evlərinin tikintisi hazırda davam etdirilir.

Bununla yanaşı, 2 nəfər 1941-1945-ci illər müharibəsi iştirakçısı, 2 nəfər Azərbaycan Vətən Müharibəsi veteranı və hərbi xidmət vəzifələrinin icrası zamanı sağlamlığını itirmiş 4 nəfər, ümumilikdə, 8 nəfər yeni minik avtomobilləri ilə təmin edilmişdir.

Ötən dövrdə muxtar respublikada 33 aztəminatlı ailəyə fərdi təsərrüfatlarını qurmaq üçün iribuynuzlu və xırdabuynuzlu mal-qara, 1 şəxsə odunkəsən avadanlığı və velosiped, 1 şəxsə yer şumlayan aqreqat, 1 şəxsə pinəçi ləvazimatları, 1 şəxsə yabanı meyvə və giləmeyvələrdən mürəbbə və şirələrin hazırlanması üçün xammal və avadanlıqlar, 1 şəxsə dülgər avadanlıqları, 1 şəxsə isə inkubator aparatı təqdim edilmişdir.

Hesabat dövrünün sonuna 243 tənha ahıl və sağlamlıq imkanları məhdud şəxslərə evlərində, 8 nəfərə Ahıllar evində sosial-məişət xidmətləri göstərilmiş, Naxçıvan Əlillərin Bərpa Mərkəzində sağlamlıq imkanları məhdud 198 nəfərin, Naxçıvan Uşaq Bərpa Mərkəzində 197 uşağın müalicəsi təşkil edilmişdir. Sağlamlıq imkanları məhdud 191 nəfər sanatoriya və müalicə pansionatlarına yollayışlarla, 236 nəfər texniki reabilitasiya vasitələri ilə təmin olunmuş, 105 nəfərə protez-ortopediya xidməti göstərilmişdir.

Muxtar respublikada əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi öz növbəsində demoqrafik vəziyyətə müsbət təsir göstərmiş, əhalinin sayı bir il öncəyə nisbətdə 3,3 min nəfər artaraq 1 iyun 2019-cu il tarixə 457,3 min nəfər olmuşdur.

Muxtar respublikada pensiya və müavinətlərin dayanıqlı maliyyə təminatı formalaşdırılmışdır. Dövlət Sosial Müdafiə Fondu tərəfindən 2019-cu ilin yanvar-iyun aylarında pensiya və müavinətlərin ödənilməsinə 72 milyon manatdan artıq vəsait yönəldilmişdir ki, bu da bir il öncəki göstəricidən 4,8 faiz çoxdur.

Muxtar respublikada idmanın inkişafı məqsədilə mühüm tədbirlər həyata keçirilmiş, infrastrukturun yenilənməsi istiqamətində İlham Əliyev adına Olimpiya İdman Kompleksinin əsaslı təmiri başa çatdırılmışdır.

Milli dəyərlərimizin təbliği, onun daha da zənginləşdirilərək gələcək nəsillərə ötürülməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir. 2019-cu ilin ilk yarımilində Şahbuz Rayon Mədəniyyət Sarayı istifadəyə verilmiş, Şərur Rayon Mədəniyyət Sarayının tikintisi, Naxçıvan şəhərində Cəmşid Naxçıvanskinin ev muzeyinin, Şərur şəhərində Təqaüdçülər Klubunun yenidən qurulması, Naxçıvan şəhərində Yusif Küseyir oğlu türbəsinin və Kəngərli rayonunda Şahtaxtı hamamının bərpası davam etdirilir.

Kəngərli rayonunun Qıvraq qəsəbəsində bir istirahət parkı yaradılmış, bir istirahət parkının və Naxçıvan şəhərində Naxçıvançay sahilində bulvarın yaradılması hazırda davam etdirilir.

Naxçıvan şəhərində və Ordubad rayonunun Dırnıs kəndində hər birində bir məscidin tikintisi davam etdirilmiş, Kəngərli rayonunun dini icmasına xidməti avtomobil təqdim edilmişdir.

Azərbaycan mədəniyyətinin görkəmli şəxsiyyətlərindən olan Ərtoğrol Cavidin və Hüseyn İbrahimovun 100 illik yubileylərinin keçirilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri tərəfindən 2019-cu il 18 aprel və 13 may tarixlərində sərəncamlar imzalanmışdır.

Naxçıvan Muxtar Respublikasının mədəni həyatında və ədəbi-ictimai fikrin formalaşmasında, mədəniyyətin və incəsənətin təbliğində və memarlığın inkişafında mühüm əhəmiyyət kəsb edən yaradıcılıq ittifaqları və birliklərinin fəaliyyətinə dövlət qayğısının daha da artırılması məqsədi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 20 may tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Yazıçılar Birliyinə 25 min manat, Bəstəkarlar Təşkilatına 20 min manat, Dövlət Film Fonduna 15 min manat, Aşıqlar Birliyinə 15 min manat və Memarlar Birliyinə 12 min manat vəsait ayrılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 21 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı”nın icrası istiqamətində müəyyən tədbirlər keçirilmiş, təqvim üzrə digər tədbirlərin icrası istiqamətində işlər davam etdirilir.

Bununla yanaşı, Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyi ilə əlaqədar Rəssamlar Birliyinin fəaliyyətinin müasir tələblər səviyyəsində qurulması, Naxçıvanda rəssamlıq sənətinin inkişafına dəstək olan Rəsm Festivalının təşkili və festivala həsr olunmuş albom-kataloqların, internet resurslarının hazırlanması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 25 may tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Rəssamlar Birliyinə 15 min manat vəsait ayrılmışdır.

Muxtar respublikada turizmin inkişafı istiqamətində tədbirlər davam etdirilir. Naxçıvan şəhərində “Saat Meydanı” turistik istirahət mərkəzinin istifadəyə verilməsi, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nın, “Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin yaradılması haqqında” 2018-ci il 29 noyabr tarixli Sərəncamının icrası, Culfa rayonunda Darıdağ arsenli su müalicə və istirahət kompleksinin tikintisi görülən işlərin davamlılığının təmin edilməsinə geniş imkanlar yaradıb.

2019-cu ilin yanvar-iyun aylarında muxtar respublikamıza ölkəmizin digər bölgələrindən və xarici ölkələrdən, ümumilikdə, 196 min 474 turist gəlmişdir ki, bu da 2018-ci ilin müvafiq dövründəki göstəricidən çoxdur.


Hüquq-mühafizə orqanları ilə iş

Muxtar respublikada hüquq-mühafizə orqanlarının maddi-texniki bazasının gücləndirilməsi və ixtisaslı kadrlarla təminatı tədbirləri davam etdirilir.

2019-cu ilin yanvar-iyun aylarında Sədərək rayonunda Sədərək sərhəd gömrük-buraxılış məntəqəsinin tikintisi davam etdirilmişdir.

Muxtar respublikada daxili işlər orqanlarının ixtisaslı kadrlarla komplektləşdirilməsini təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 5 mart tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbi yaradılmışdır. Hazırda təhsil müəssisəsi üçün yeni kompleksin tikintisi davam etdirilir.

Aparılan təhlillər deməyə əsas verir ki, bütün sahələrdə qeydə alınmış uğurlu nəticələr muxtar respublikamızın davamlı və dinamik inkişafına, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına yeni imkanlar yaradır.

BAĞLA