Təhlil materialları və son məlumatlar
     
 

  Məlumatı yüklə

Muxtar respublikada əhalinin alıcılıq qabiliyyəti artmışdır



Muxtar respublikada ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasına uyğun olaraq bütün sahələrdə həyata keçirilən tədbirlər, ümumi inkişafın təmin edilməsi üzrə qəbul olunmuş dövlət proqramlarının uğurlu icrası, yeni istehsal və xidmət sahələrinin istifadəyə verilməsi makroiqtisadi göstəricilərin pozitiv meylliliyini qoruyub saxlamış, yüksək nəticələr qazanılmışdır.

İqtisadi və sosial sahələrdə qeydə alınmış davamlı inkişafın nəticəsi olaraq Azərbaycan Respublikası Prezidentinin sədri olduğu “Caspian European Club”un hər il üçün hazırladığı investisiya reytinqində Naxçıvan Muxtar Respublikası ardıcıl olaraq 2017-ci və 2018-ci illərdə ölkənin iqtisadi rayonları arasında sosial-demoqrafik göstərici, sosial-iqtisadi vəziyyət, işgüzar mühit, infrastruktur, rifahlıq və kənd təsərrüfatı sahələri olmaqla, ümumilikdə, 18 parametr üzrə ən yüksək ümumi bal toplayaraq lider olmuşdur.

Muxtar respublikada 2008-ci illə müqayisədə 2018-ci ildə ümumi daxili məhsul istehsalı 3,5 dəfə, sənaye məhsulu 6 dəfə, əsas kapitala yönəldilən vəsaitlər 3,3 dəfə, kənd təsərrüfatı məhsulu 3,1 dəfə, nəqliyyat sektorunda yük daşınması 1,9 dəfə, informasiya və rabitə xidmətləri 2,2 dəfə, əhaliyə göstərilən ödənişli xidmətlər 3,5 dəfə artmışdır.

Əhali məşğulluğunun təmin olunması üzrə təkcə 2008-ci ildən 1 yanvar 2019-cu il tarixədək muxtar respublikada 43717 yeni iş yeri açılmışdır ki, bunun da 87,7 faizi daimi iş yerləridir. Həyata keçirilən uğurlu siyasətin nəticəsi olaraq məşğul əhalinin sayı 2008-ci ilin sonu ilə müqayisədə 22,8 faiz artaraq 237,4 min nəfərə çatmışdır. Yüksək əməktutumlu iş yerlərinin yaradılması əhalinin səmərəli məşğulluğunu təmin etmiş, bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı göstəricisi 433 manat olmuşdur. 2008-ci ildə bu göstərici 235,2 manat səviyyəsində olmuşdur.

Muxtar respublikanın sosial-iqtisadi həyatının bütün sahələrində qazanılan uğurlar əhalinin rifah halını yaxşılaşdırmış, alıcılıq qabiliyyətini yüksəltmişdir. Bunun nəticəsi olaraq 2018-ci ildə pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri 1 milyard 638 milyon manata yaxın olmuşdur ki, bu da 2008-ci ildəki göstəricidən 4,2 dəfə çoxdur.

Pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri, min manat



2018-ci ildə istehlak malları üzrə satışın 96,2 faizini pərakəndə ticarət şəbəkələri təşkil etmişdir ki, bunun da 9,8 faizi ticarət təşkilatlarının, 19,4 faizi kənd təsərrüfatı məhsulları bazarlarının, 17,2 faizi ərzaq, qeyri-ərzaq və qarışıq mallar satışı ilə məşğul olan yarmarkaların və 53,6 faizi fiziki şəxslərin payına düşmüşdür. Pərakəndə ticarət şəbəkələrində satılmış istehlak mallarının 48,8 faizini ərzaq, 51,2 faizini isə qeyri-ərzaq malları təşkil edib.

Ucuzluğu və keyfiyyəti ilə seçilən yerli məhsulların pərakəndə ticarət şəbəkələrində çoxluğu əhalinin alıcılıq qabiliyyətinin artmasına da müsbət təsir göstərmişdir. 2018-ci ilin sonuna muxtar respublikada 383 növdə məhsul istehsal olunmuşdur ki, bunun da 350-si və ya 91,4 faizi tələbatın tamamilə yerli imkanlar hesabına ödənilməsinə imkan yaradıb. Yerli istehsalın inkişafı daxili bazarın qorunmasında, xaricə valyuta axınının qarşısının alınmasında, idxaldan asılılığın azaldılmasında, ən əsası səmərəli məşğulluğun təmin edilməsində mühüm rol oynayır. 2019-cu ilin muxtar respublikada “Ailə təsərrüfatları” ili kimi qəbul olunması da yerli istehsalın həcminin artırılmasına şərait yaradacaq, əhalinin alıcılıq qabiliyyətini daha da yüksəldəcəkdir.

BAĞLA