2011-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı
Ölkə iqtisadiyyatının dayanıqlı inkişafı fonunda əhalinin rifah halının daha da yaxşılaşması, dövlətin sosial islahatları intensivləşdirməsi, sahibkarlıq subyektlərinin sayının davamlı olaraq artması, infrastrukturun təkmilləşdirilməsi, yeni iş yerlərinin yaradılması sayəsində işsizliyin minimuma endirilməsi və müşahidə olunan digər müsbət meyillər onu deməyə əsas verir ki, dünyada böhranlı proseslərin davam etməsinə baxmayaraq ölkəmiz sabit inkişafını 2011-ci ildə də davam etdirmişdir.
Ümummilli liderimiz Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasına uyğun olaraq reallaşdırılan, elmi əsaslara və liberal bazar iqtisadiyyatı prinsiplərinə söykənən, insan amilini əsas tutan çevik iqtisadi siyasət nəticəsində ötən il Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatı sosial-iqtisadi çağırışlara qarşı yüksək dayanıqlılıq nümayiş etdirmiş, real sektorun inkişafının sürətlənməsi və sakinlərin rifahının daha da yüksəlməsi istiqamətlərində yeni uğurlar təmin olunmuşdur.
Muxtar respublika tarixində ilk dəfə olaraq iqtisadi inkişafın əsas göstəricisi olan Ümumi Daxili Məhsul istehsalının həcmi 2 milyard Amerika Birləşmiş Ştatları dollarını üstələmişdir. Belə ki, 2011-ci ildə muxtar respublika da yaradılmış Ümumi Daxili Məhsulun həcmi 2010-cu ildəki səviyyəni 49,5 faiz üstələməklə 1 milyard 786 milyon 341 min 600 manata çatmışdır. Digər bir xarakterik xüsusiyyət ondan ibarətdir ki, Ümumi Daxili Məhsulun sahə strukturunda ilk yeri sənaye sahəsi tutmaqdadır. Bu isə öz növbəsində sübut edir ki, səmərəli iqtisadi siyasətin nəticəsi olaraq aqrar sektorun muxtar respublika iqtisadiyyatında ənənəvi birinciliyi başa çatmış və sənaye potensialı aparıcı mövqe qazanmışdır.
Ümumi Daxili Məhsulun sahə strukturu
2011-ci ildə hər bir nəfərə düşən Ümumi Daxili Məhsulun həcmi 49,6 faiz artaraq 4311,7 manata (5459,9 ABŞ dollara) çatmışdır. Ümumi Daxili Məhsul istehsalının 86,5 faizi qeyri-dövlət bölməsinin payına düşmüşdür ki, bu da muxtar respublikada sahibkarlığın inkişafını dəstəkləyən kompleks tədbirlərin səmərəliliyini daha aydın xarakterizə etməyə imkan verir.
Ümumi Daxili Məhsulun 65,5 faizi məhsul istehsalı, 33,1 faizi xidmətlərin göstərilməsi, 1,4 faizi isə məhsula və idxala xalis vergilər sahələrinin payına düşür.
2010-cu illə müqayisədə 2011-ci ildə sənaye məhsulunun həcmi 2,1 dəfə, əsas kapitala yönəldilən investisiyalar 62,8 faiz, kənd təsərrüfatının ümumi məhsulu 13 faiz, nəqliyyat sektorunda yük daşınması 14 faiz, informasiya və rabitə xidmətləri 7,4 faiz, o cümlədən mobil rabitə xidməti 7,1 faiz, pərakəndə əmtəə dövriyyəsi 21,7 faiz, əhaliyə göstərilən pullu xidmətlər 12,9 faiz, xarici ticarət dövriyyəsi 55,4 faiz, əhalinin gəlirləri 43,5 faiz, hər bir nəfərə düşən gəlirlər 40,7 faiz, orta aylıq əməkhaqqı isə 12,8 faiz artmışdır.
Makroiqtisadi göstəricilər
Müqayisə predmeti
2011-ci ildə (min manat)
2011-ci ildə 2010-cu ilə nisbətən, faizlə
Ümumi Daxili Məhsul
1786341,6
149,5 *
Hər bir nəfərə düşən ümumi daxili məhsul, manat
4311,7
149,6
Hər bir nəfərə düşən ümumi daxili məhsul, ABŞ dolları
5459,9
152,0
Sənaye məhsulunun ümumi həcmi
680921,2
2,1 dəfə *
Əsas kapitala yönəldilən investisiyalar
815572,6
162,8
Kənd təsərrüfatının ümumi məhsulu
296117,0
113,0*
Nəqliyyat sektorunda yük daşınması, min tonla
12717,3
114,0
İnformasiya və rabitə xidmətlərinin həcmi
39269,4
107,4
o cümlədən mobil rabitə üzrə
33681,2
107,1
Pərakəndə əmtəə dövriyyəsi
815248,6
121,7*
Əhaliyə göstərilən pullu xidmətlər
126780,6
112,9*
Xarici ticarət dövriyyəsi, min ABŞ dolları
400860,8
155,4
o cümlədən ixracın ümumi həcmi
322612,3
152,4
idxalın ümumi həcmi
78248,5
169,3
Əhalinin gəlirləri
1445748,2
143,5
Hər bir nəfərə düşən gəlirlər, manatla
3489,5
140,7
Bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı, manatla
341,4
112,8
*) müqayisəli qiymətlər üzrə
Sənaye
Hazırda muxtar respublikada sənaye sahəsinin dayanıqlı yüksəlişi müşahidə olunmaqdadır. Sənaye sahəsində həyata keçirilən çoxşaxəli islahatlar, yeni müəssisələrin yaradılması, rəqabətədavamlı və ixracyönümlü sənaye məhsullarının istehsalının dəstəklənməsi işi ötən il ərzində də intensiv aparılmışdır. Uğurlu islahatların nəticəsidir ki, 2011-ci il ərzində 680 milyon 921 min manatlıq sənaye məhsulu istehsal olunmuş və bu göstərici 2010-cu ildəki səviyyəni 2,1 dəfə üstələmişdir. Sənaye istehsalının 95,9 faizi malların, 4,1 faizi isə xidmətlərin payına düşmüşdür. Sənayenin dövlət sektorunda 56 milyon 138 min manatlıq, qeyri-dövlət sektorunda isə 624 milyon 783 min manatlıq məhsul istehsal olunmuşdur. İstehsal olunan sənaye məhsulunun 91,8 faizi özəl sektorun payına düşmüşdür.
Sənaye məhsulu istehsalının dinamikası, min manatla
Yerli istehsalın inkişaf etdirilməsi daxili bazarın qorunmasında, xaricə valyuta axınının qarşısının alınmasında və idxaldan asılılığın azaldılmasında mühüm rol oynayır. Məhz bu amil əsas götürülərək yeni sənaye müəssisələrinin yaradılması istiqamətində tədbirlər 2011-ci ildə də davam etdirilmişdir. Ötən il muxtar respublikamızda dövlət dəstəyi ilə 66 layihə üzrə istehsal və xidmət obyektləri, o cümlədən sənaye sahəsində taxıl və süd emalı, çörək, unlu qənnadı məhsulları, kartof cipsi, alma sirkəsi, araq, mineral su istehsalı, balın emalı və qablaşdırılması, dam örtüyü, sement, karton tara, plastik tara üçün kapsul və qapaq, müxtəlif geyim paltarları, plastik məişət əşyaları və qarışıq qüvvəli yem istehsalı sahələri istifadəyə verilmişdir.
İqtisadi fəaliyyətin müxtəlif sahələrində 34 layihə üzrə, o cümlədən elektrik enerjisi, güzgü, plastik lövhələr, panel radiator və PVC profil, parçadan hazırlanmış uşaq oyuncaqları, pendir, kvas, şəkər, siqaret istehsalı, qablaşdırılmış bal, ət və süd məhsullarının emalı, ətin konservləşdirilməsi, şəkər tozunun və çayın qablaşdırılması sahələri, heyvandarlıq və quşçuluq təsərrüfatları, avtomobillərə texniki baxış və digər bu kimi istehsal və xidmət sahələri qurulmaqdadır.
Hərbi quruculuq
Əvvəlki dövrlərdə olduğu kimi 2011-ci il ərzində də muxtar respublikamızın müdafiəsinin daha da gücləndirilməsi məqsədilə hərbi qurumların müasir tələblər səviyyəsində texnika və digər maddi-texniki vasitələrlə təchizatı, bu sahədə irimiqyaslı tikinti-quruculuq işləri üzrə zəruri tədbirlər həyata keçirilmişdir. Bu tədbirlərə uyğun olaraq ötən il Naxçıvan şəhərində iki anbarın tikintisi, Mənzil İstismar Hissəsi binasının əsaslı təmiri başa çatdırılmış, Qərargah binasının, hərbi xəstəxananın, üç anbarın və bir yaşayış binasının tikintisi, uşaq bağçası binasının isə əsaslı təmiri hazırda davam etdirilməkdədir.
Kəngərli rayonundakı hərbi hissədə tibb məntəqəsi binasının, əsgəri-məişət kompleksinin tikintisi, əsgər yataqxanası kompleksinin isə əsaslı təmiri başa çatdırılmış, qərargah binasının tikintisi aparılmaqdadır.
Şahbuz rayonundakı hərbi hissədə tabor mərkəzinin tikintisi başa çatdırılmış, Sədərək rayonunda sərhəd məntəqəsinin tikintisi davam etdirilir.
Culfa rayonunda sərhəd məntəqəsinin, əsgər yataqxanasının, bir yaşayış binasının və yardımçı binaların tikintisi, bir yaşayış binasının, Qərargah və qazanxana binalarının, avtomobillərin təmiri sexinin isə yenidən qurulması başa çatdırılmışdır.
Tikinti-quruculuq və su təchizatı tədbirləri
Muxtar respublikada reallaşdırılan sosial-iqtisadi siyasətin başlıca istiqamətlərindən birini davamlı olaraq intensivləşdirilən inşaat işləri, irimiqyaslı infrastruktur quruculuğu tədbirləri təşkil etməkdədir.
2011-ci il ərzində muxtar respublikada bütün maliyyə mənbələri hesabına əsas kapitala 815 milyon 573 min manat həcmində investisiya yönəldilmişdir ki, bu da 2010-cu ildəki göstəricidən 62,8 faiz çoxdur. İnvestisiya qoyuluşlarının 728 milyon 160 min manatı və ya 89,3 faizi tikinti-quraşdırma işlərində istifadə edilmişdir.
Əsas kapitala yönəldilmiş investisiyanın dinamikası, min manatla
2011-ci il ərzində muxtar respublikada tikinti və ya əsaslı təmirdən sonra ümumilikdə 539 müxtəlif təyinatlı obyekt istifadəyə verilmiş, 92 müxtəlif təyinatlı obyektin isə inşası hazırda davam etdirilməkdədir. İnzibati binaların inşası çərçivəsində 2011-ci il ərzində ümumilikdə 41 inzibati bina inşa olunaraq istifadəyə verilmiş, 12 inzibati binanın isə inşası hazırda davam etdirilməkdədir.
Aparılan irimiqyaslı infrastruktur quruculuğu tədbirləri bütün inzibati ərazimizi, o cümlədən ucqar yaşayış məntəqələrini də əhatə etməkdədir. Ötən il muxtar respublikamızda 15 kənd mərkəzi istifadəyə verilmiş, 1 kənd mərkəzinin inşası isə hazırda davam etdirilməkdədir.
Əvvəlki dövrlərdə olduğu kimi geniş miqyaslı kommunal infrastruktur quruculuğu tədbirləri 2011-ci ildə də üstün istiqamət kimi saxlanılmışdır. Ötən il muxtar respublikada 25 yaşayış binasında tikinti, yenidənqurma və bərpa işləri aparılmış, 4 yaşayış binasında isə müvafiq işlər hazırda davam etdirilməkdədir. Bu dövr ərzində 6 qazanxana tikilmiş, 5 qazanxana isə yenidən qurulmuşdur. Hazırda 3 qazanxananın tikintisi işləri aparılmaqdadır.
Bu gün inşaat işlərinin yüksək dinamikası dövlət sektoru ilə yanaşı əhali təsərrüfatlarında da müşahidə olunmaqdadır. Gəlirlərin davamlı artımı əhalinin həyat tərzinin daha da yaxşılaşmasını şərtləndirməkdədir. Belə ki, 2011-ci il ərzində muxtar respublikada əhalinin şəxsi vəsaiti hesabına ümumilikdə 339 min 468 kvadratmetr yaşayış sahəsi (yaşayış evlərinin təmiri istisna olmaqla) istifadəyə verilmişdir ki, bu da 2010-cu ildəki göstəricidən 80 min 54 kvadratmetr və ya 30,9 faiz çoxdur.
Muxtar respublikada su və kanalizasiya sistemlərinin müasir standartlar səviyyəsində qurulması istiqamətində reallaşdırılan tədbirlər hazırda davam etdirilməkdədir. Azərbaycan Hökuməti ilə Asiya İnkişaf Bankı arasında bağlanmış kredit sazişinə uyğun olaraq “Şəhər su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində Naxçıvan şəhərinin içməli su və kanalizasiya sistemləri yenidən qurulur. Layihə çərçivəsində 01 yanvar 2012-ci il tarixə Naxçıvan şəhərində 40,6 kilometr uzunluğunda kanalizasiya və 34,2 kilometr uzunluğunda içməli su xətləri çəkilmişdir. Bu dövr ərzində yaşayış mənzillərinə su və kanalizasiya xətlərinin çəkilişi işləri davam etdirilmişdir. Layihə başa çatdıqdan sonra Naxçıvan şəhərinin əhalisi fasiləsiz keyfiyyətli içməli su ilə təmin olunacaq, kanalizasiya sistemi isə şəhərin bütün məhəllələrini əhatə etməklə tamamilə yeniləşdiriləcəkdir.
Azərbaycan Hökumətinin vəsaiti hesabına maliyyələşən “Birinci və ikinci milli su təchizatı və kanalizasiya xidmətləri layihəsi” üzrə Babək rayonunun yeddi yaşayış məntəqəsində (Babək qəsəbəsində, Nehrəm, Şəkərabad, Qoşadizə, Araz, Badaşqan və Hacıvar kəndlərində) içməli su, beş yaşayış məntəqəsində (Babək qəsəbəsində, Nehrəm, Şəkərabad, Qoşadizə və Araz kəndlərində) kanalizasiya sistemlərinin, Ordubad rayonunun Şəhriyar qəsəbəsində və Ordubad şəhərində isə içməli su və kanalizasiya sistemlərinin tikintisinə başlanılmışdır.
Bundan əlavə, Şərur rayonunda on yeddi, Culfa rayonunda iki, Kəngərli rayonunda altı, Şahbuz rayonunda dörd, Sədərək rayonunda üç yaşayış məntəqəsində içməli su, Şərur rayonunda on, Culfa rayonunda bir, Kəngərli, Şahbuz və Sədərək rayonlarının hər birində iki yaşayış məntəqəsində kanalizasiya sistemlərinin tikintisi nəzərdə tutulmuşdur.
Bu müddət ərzində muxtar respublikada 43 kəhriz bərpa olunmuş, 11 kəhrizin isə hazırda bərpası davam etdirilir.
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 20 iyun tarixli “Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” Sərəncamına uyğun olaraq Araz çayının suyundan istifadə edən yaşayış məntəqələrində modul tipli sutəmizləyici qurğuların quraşdırılması istiqamətində tədbirlər həyata keçirilir.
Kənd təsərrüfatı və yaşıllaşdırma tədbirləri
Ümumilikdə aqrar sektorda islahatların sürətləndirilməsi, əkin sahələrinin və müvafiq infrastrukturun sel və daşqınlardan səmərəli mühafizəsi, zəruri infrastrukturun, anbarların yaradılması, yeni texnika və avadanlıqların alınıb gətirilməsi, gübrələrin güzəştli şərtlərlə istehsalçılara çatdırılması, genişmiqyaslı kreditləşdirmənin və satış yarmarkalarının təşkili, bu sahədə dövlət maddi yardımlarının davamlılığı aqrar bölmənin inkişafını xeyli sürətləndirmişdir.
Etibarlı ərzaq təminatı iqtisadi sabitliyin və sosial dayanıqlılığın başlıca şərti olmaqla iqtisadi təhlükəsizliyin əsas komponentlərindəndir. Məhz bu baxımdan Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2008-ci il 17 sentyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın da əsas məqsədi muxtar respublikanın hər bir sakininin sağlam və məhsuldar həyat tərzi üçün qəbul edilmiş normalar əsasında ərzaq məhsulları ilə tam təmin edilməsinə nail olmaqdan ibarətdir. Araşdırmalar göstərir ki, Dövlət Proqramının icrasından ötən üç il ərzində bu sahədə ciddi nailiyyətlər əldə olunmuşdur. Belə ki, 2011-ci ildə 2008-ci illə müqayisədə bitkiçilik məhsullarının həcmi 2,1 dəfə artaraq 193 milyon manata, heyvandarlıq məhsullarının həcmi isə 72 faiz artaraq 102 milyon manata çatmışdır.
Məhsul istehsalçılarının texnika ilə təchizatına da diqqət artırılmış, 2011-ci ildə 108 ədəd müxtəlif adda texnika gətirilərək lizinq yolu ilə icarəyə verilmişdir. Bütövlükdə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti yaranandan muxtar respublikaya gətirilmiş kənd təsərrüfatı təyinatlı texnikaların sayı 685-ə çatdırılmışdır.
Məhsuldarlığın artırılmasında üzvi və mineral gübrələrdən səmərəli istifadənin də rolu böyükdür. 2011-ci il ərzində güzəştli şərtlərlə buğda istehsalçılarına 3721 ton azot və 108 ton fosfor gübrəsi, şəkər çuğunduru istehsalçılarına isə 250 ton azot gübrəsi olmaqla cəmi 4079 ton gübrə verilmişdir.
Ötən dövr ərzində “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Ordubad, Kəngərli və Sədərək bazalarının inzibati binaları, anbarları və texniki parkları yaradılmışdır.
Əkinəyararlı torpaq sahələri tam şəkildə əkin dövriyyəsinə cəlb olunmuşdur. 2011-ci ilin məhsulu üçün 60 min 19 hektar sahədə əkin aparılmışdır ki, bu da 2010-cu ilin məhsulu üçün əkilmiş 59 min 204 hektar sahədən 815 hektar və ya 1,4 faiz çoxdur.
Cəmi əkin sahələri, hektarla
Taxılçılığın inkişafı xüsusilə diqqət mərkəzində saxlanılmaqdadır. 2011-ci ilin məhsulu üçün 34 min 751 hektar sahədə yazlıq və payızlıq taxıl əkilmişdir ki, bunun da 25 min 856 hektarını buğda, 8 min 895 hektarını isə arpa təşkil edir. Taxıl zəmilərindən 101 min 28 ton məhsul toplanmışdır ki, bu da 2010-cu illə müqayisədə 5,2 faiz çoxdur.
Taxıl əkini və məhsul istehsalının dinamikası
İstehsal olunan buğdanın hər kiloqramının 30 qəpikdən mərkəzləşmiş qaydada satın alınması istehsalçıların bu sahədə fəaliyyətinin gücləndirilməsinə yönəldilmiş ən əsas stimullardandır. Kartofçuluğun davamlı inkişafı kənd təsərrüfatı sahəsində əsas hədəflərdən biri kimi müəyyənləşdirilmişdir. Daxili bazarın kartofla təminatında idxaldan asılılığı azaltmaq, əhali tələbatının keyfiyyətli yerli məhsul hesabına ödənilməsini təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2005-ci il 11 aprel tarixli Sərəncamı ilə təsdiq olunmuş, 2005-2010-cu illəri əhatə edən “Naxçıvan Muxtar Respublikasında kartofçuluğun inkişafı üzrə Dövlət Proqramı”nın icrası uğurla başa çatdırılmışdır. Proqramda nəzərdə tutulan tədbirlərin səmərəli icrasının nəticəsidir ki, son illər muxtar respublikada kartof istehsalı üzrə artıma nail olunmuşdur. 2011-ci ildə 2764 hektar sahədə kartof əkilmişdir ki, bu da 2010-cu ildə kartof əkilmiş sahədən 23,5 hektar çoxdur. Ötən il 2764 hektar kartof əkini sahəsindən 38309,6 ton məhsul yığılmışdır ki, bu da 2010-ci ildə olan göstəricini 408,6 ton üstələyir.
Kartof əkini və istehsalının dinamikası
Yüksək tələbata uyğun olaraq şəkər çuğunduru əkinlərinin genişləndirilməsi təşviq olunur. 2010-cu illə müqayisədə 2011-ci ildə muxtar respublikada şəkər çuğunduru əkini sahəsi 7,9 faiz artaraq 1852 hektara çatmışdır. Sahələrdən 39042 ton məhsul yığılmışdır ki, bu da 2010-cu illə müqayisədə 12267,4 ton çoxdur.
2011-ci ildə 36835 hektar sahədən 107398 ton dənli və dənli paxlalı (qarğıdalısız), 744 hektar sahədən 2965 ton dən üçün qarğıdalı, 249,5 hektar sahədən 657,4 ton dən üçün günəbaxan, 6044 hektar sahədən 65246,9 ton tərəvəz, 2829 hektar sahədən 40192,9 ton ərzaq üçün bostan məhsulları, bar verən meyvə bağlarından 40309 ton meyvə, bar verən üzüm bağlarından 14313,5 ton üzüm məhsulu toplanmışdır.
Aqrar sektorun inkişafında xüsusi rolu olan soyuducu anbarların yaradılması işi davam etdirilməkdədir. Ötən dövr ərzində ümumi tutumu 3 min ton olan 2 soyuducu anbar istifadəyə verilmişdir.
Muxtar respublikada kənd təsərrüfatının əsas sahələrindən biri olan heyvandarlığın inkişafının davamlı olaraq dəstəklənməsi iribuynuzlu mal-qaranın və xırdabuynuzlu heyvanların baş sayının, ət və süd məhsulları istehsalının həcminin artmasına müsbət təsir göstərmişdir.
Heyvandarlıqda məhsuldarlığın yüksəldilməsi, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması, maldarlıqda qısırlığın ləğv olunması və damazlıq işinin inkişaf etdirilməsi məqsədilə muxtar respublikada mal-qara arasında süni mayalandırma işinin davamlı təşkili daha səmərəli nəticələri təmin etməkdədir. 2011-ci ildə 6248 baş inək və düyə süni yolla mayalandırılmışdır. Əvvəlki ildə mayalandırılmış inək və düyələrdən 4160 baş sağlam buzov alınmışdır. Ötən il muxtar respublikaya 770 baş cins mal-qara gətirilərək lizinq yolu ilə fermerlərə verilmişdir.
01 yanvar 2012-ci il tarixə muxtar respublikanın bütün təsərrüfat kateqoriyalarında qaramalın sayı 102 min 900 baş, qoyun və keçilərin sayı isə 613 min 594 baş olmuşdur ki, bu da 01 yanvar 2011-ci il tarixə olan göstəriciləri müvafiq olaraq 1,7 və 1,8 faiz üstələyir.
Heyvandarlıqda baş sayı
Heyvandarlıq məhsullarının istehsalı üzrə qənaətbəxş artım templəri müşahidə olunmaqdadır. Belə ki, 2011-ci ildə muxtar respublikada diri çəkidə 18244,4 ton ət, 77119,6 ton süd istehsal olunmuşdur ki, bu da 2010-cu illə müqayisədə müvafiq olaraq 2 və 1,5 faiz çoxdur.
Yüksək tələbata uyğun olaraq quşçuluğun da inkişafı davamlı olaraq dəstəklənməkdədir. 2011-ci ildə quşçuluq sahəsində 11 yeni təsərrüfat fəaliyyətə başlamış, 7 quşçuluq təsərrüfatının isə yaradılması istiqamətində işlər hazırda davam etdirilir. 01 yanvar 2012-ci il tarixə kənd təsərrüfatı quşlarının sayı 01 yanvar 2011-ci il tarixə nisbətdə 4,7 faiz artaraq 943 min başdan çox olmuşdur.
Arıçılığın inkişafı ilə bağlı dövlət maliyyə dəstəyinin həcminin ildən-ilə artırılması, balın emalı və qablaşdırılması ilə məşğul olan istehsal sahələrinin istifadəyə verilməsi, satış bazarlarının səmərəli təşviqi bu sahənin yenidən dirçəldilməsində və inkişafında əvəzsiz rol oynamışdır. 01 yanvar 2012-ci il tarixə muxtar respublikada 60 min 627 arı ailəsi mövcud olmuşdur ki, bu da 01 yanvar 2011-ci il tarixə olan göstəricini 15,1 faiz üstələmişdir.
Arı ailələrinin sayı, min ailə
2011-ci ildə muxtar respublikada 2010-cu ildəkindən 45,2 faiz çox, yəni 1031 ton bal istehsal edilmişdir.
Bal istehsalı, ton
Ət istehlakı üzrə tələbatın ödənilməsində mühüm rolu olan balıqçılıq sahəsinin inkişafı davamlı olaraq dəstəklənir. 2011-ci ildə əlavə olaraq 1 yeni balıqyetişdirmə təsərrüfatının yaradılması işləri başa çatdırılmışdır.
Kompleks tədbirlərin səmərəli nəticəsidir ki, muxtar respublikanın kənd təsərrüfatı sahəsində dinamik artım davam etdirilmişdir. 2011-ci ildə 296 milyon 117 min manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilmişdir ki, bu da 2010-cu ildəki müvafiq göstəricini 13 faiz üstələyir.
Meliorasiya-irriqasiya sistemlərinin davamlı olaraq təkmilləşdirilməsi və yeniləşdirilməsi iqtisadi islahatların başlıca istiqamətlərindəndir. Bu sahədə tədbirlər intensivləşdirilmiş, 2011-ci ildə 4 nasos stansiyası, 15 subartezian quyusu istifadəyə verilmiş, 2 nasos stansiyasının yenidən qurulması, 1 subartezian quyusunun tikintisi hazırda davam etdirilir.
Muxtar respublikada təbii ehtiyatlardan səmərəli istifadə və ətraf mühitin mühafizəsi işi davamlı xarakter almaqla iqtisadi potensialın yüksəlişinə paralel aparılmaqdadır. Bu istiqamətdə reallaşdırılan tədbirlərə uyğun olaraq 2011-ci ildə yeni yaşıllıq zolaqlarının yaradılması, yaşıllaşdırma tədbirlərinin görülməsi təsdiq olunmuş plan əsasında aparılmış, muxtar respublikada 527,3 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılmış, 467 mindən çox ağac və bəzək kolu əkilmişdir.
Nəqliyyat, informasiya və rabitə, energetika
Nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi, nəqliyyat infrastrukturunun və nəqliyyat vasitələri parkının müasir tələblər səviyyəsində yeniləşdirilməsi, nəqliyyatda daşınma proseslərinin təhlükəsizliyinin təmin edilməsi, muxtar respublika əhalisinin və iqtisadiyyatın nəqliyyat xidmətlərinə olan tələbatının tam ödənilməsi həyata keçirilən iqtisadi islahatların mühim tərkib hissəsidir.
Əvvəlki illərdə olduğu kimi, 2011-ci il ərzində də yol infrastrukturunun inkişafı ilə bağlı əhəmiyyətli tədbirlər həyata keçirilmiş, 101,2 kilometr uzunluğunda (təmir olunmuş avtomobil yolları istisna olmaqla) yeni yollar salınmışdır. İstifadəyə verilmiş yolların 42,9 kilometrini magistral, 58,3 kilometrini isə yerli əhəmiyyətli yollar təşkil etmişdir. Bundan əlavə, 5 yeni körpü tikilmiş, 3 körpü bərpa edilmişdir.
Ötən il muxtar respublikada nəqliyyat sektorunda yük daşınması 2010-cu illə müqayisədə 14 faiz, sərnişin daşınması isə 20,8 faiz artmışdır. Yük və sərnişin daşınmasından bütövlükdə 39 milyon 262 min manat gəlir əldə edilmişdir ki, bu da 2010-cu illə müqayisədə 14,5 faiz çoxdur.
2011-ci ildə hava nəqliyyatı infrastrukturunun daha da yaxşılaşdırılması, sərnişinlərə göstərilən xidmətin səviyyəsinin yüksəldilməsi məqsədilə Naxçıvan Beynəlxalq Hava Limanına müxtəlif təyinatlı yeni maşın-mexanizmlər gətirilmişdir.
Muxtar respublikada avtomobil yollarının inşasına və əsaslı təmirinə, dəmir yolu nəqliyyatının inkişaf perspektivləri nəzərə alınaraq bu sahədə mövcud infrastrukturun yeniləşdirilməsinə və hava nəqliyyatı işinin təkmilləşdirilməsinə 2011-ci il ərzində 64 milyon 156 min manatdan artıq investisiya yönəldilmişdir.
Muxtar respublikada informasiya və kommunikasiya texnologiyalarından istifadənin genişləndirilməsi, poçt xidmətinin modernləşdirilməsi və yeni xidmət növlərinin istifadəyə verilməsi, yeni texnika və texnologiyaları tətbiq etməklə daha keyfiyyətli radio-televiziya yayımının təmin edilməsi, cəmiyyətin, iqtisadiyyatın, dövlət orqanlarının, hüquqi və fiziki şəxslərin ümumistifadəli informasiya və rabitə texnologiyaları şəbəkələrinə çıxış imkanlarının gücləndirilməsi həyata keçirilməkdədir.
2010-cu ildə Naxçıvan şəhərini, Babək qəsəbəsini və Nehrəm kəndini əhatə edən Yeni Nəsil Telekommunikasiya şəbəkəsi istifadəyə verilmişdir. Yeni Nəsil Telekommunikasiya şəbəkəsinin ənənəvi telefon rabitəsi sistemlərindən əsas üstünlükləri eyni zamanda səs və şəkil siqnallarının ötürülməsi, şəbəkə üzərindən televiziya və geniş zolaqlı internet, video-telefon və çoxlu sayda əlavə servis xidmətləri göstərməkdən ibarətdir. Müvafiq işin Şərur və Sədərək rayonlarının ərazilərində davam etdirilməsi üçün hazırlıq işləri başa çatdırılmış, avadanlıqların quraşdırılması işlərinə yaxın vaxtlarda başlanılması nəzərdə tutulmuşdur.
2011-ci ildə muxtar respublikada 17 poçt bölməsi və 14 avtomat telefon stansiyası yeni binalara köçürülərək istifadəyə verilmişdir. İstifadəyə verilən poçt bölmələrindən 8-i yeni açılmış, avtomat telefon stansiyalardan isə 7-si yeni qurulmuşdur. Ötən dövr ərzində 41 kilometr uzunluğunda Naxçıvan-Şahbuz optik magistralının tikintisi başa çatdırılmışdır.
Muxtar respublikada poçt bölmələri tərəfindən istehlakçılara yeni xidmətlərin göstərilməsi məqsədilə 70 poçt bölməsi üçün kompyuter dəstləri və digər avadanlıqlar quraşdırılmışdır.
“Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2011-ci il 15 iyul tarixli 23-IV FR nömrəli Fərmanının icrası ilə əlaqədar 71 dövlət orqanına elektron poçt ünvanları və domen adları verilmiş, həmin orqanların web səhifələri yaradılmışdır.
Muxtar respublika ərazisində DHL beynəlxalq poçt xidməti fəaliyyətə başlamışdır.
İnformasiya və kommunikasiya texnologiyalarından istifadənin səviyyəsi müntəzəm əsasda gücləndirilməkdədir. Bu istiqamətdə əsaslı tədbirlər davam etdirilmiş və 2011-ci il ərzində muxtar respublikada 2305 ədəd yeni stasionar telefon sabit şəbəkəyə qoşulmuş, 01 yanvar 2012-ci il tarixə hər yüz ailəyə düşən stasionar telefon aparatlarının sayı 65-ə çatmışdır.
01 yanvar 2012-ci il tarixə aktiv istifadə olunan mobil telefonların sayı 422680 ədəd, əhalinin hər 100 nəfərinə düşən mobil telefonlarının sayı isə 102 ədəd olmuşdur.
2011-ci il ərzində muxtar respublikada informasiya və rabitə xidmətlərinin həcmi 2010-cu ildəki göstəricini 7,4 faiz üstələyərək 39 milyon 269 min manat olmuşdur. Ümumi xidmətlərin 85,8 faizi mobil rabitənin payına düşmüşdür ki, bu da 2010-cu ildəki göstəricidən 7,1 faiz çoxdur. Enerji təhlükəsizliyi ilə bağlı görülən tədbirlərin nəticəsidir ki, bu gün muxtar respublikada yaradılmış elektrik stansiyaları elektrik enerjisinə olan daxili tələbatı tam ödəməklə yanaşı elektrik enerjisinin ixracına imkan yaratmışdır.
Ötən il Şərur rayonunda Arpaçay, Ordubad rayonunda Ordubad su elektrik stansiyalarının inşası davam etdirilmiş, Şərur rayonunda 110/35/10 kilovoltluq “Şərur” və Naxçıvan şəhərində 35/10 kilovoltluq “Sənaye qovşağı” elektrik yarımstansiyalarının qurulması başa çatdırılmışdır.
Muxtar respublikada 28 ədəd müxtəlif güclü transformator yarımstansiyasının quraşdırılması və 34,5 kilometr uzunluğunda 10 və 0,4 kilovoltluq yeni elektrik verilişi xətlərinin çəkilişi işləri başa çatdırılmışdır.
İstehlakçıların fasiləsiz elektrik enerjisi ilə təmin olunması, infrastrukturun təkmilləşdirilməsi enerjidən istifadə haqlarının tam həcmdə yığılmasına da müsbət təsir göstərmişdir. Belə ki, 2011-ci ildə istehlak olunan 19 milyon 598 min manat dəyərində 326 milyon 636 min kilovat saat elektrik enerjisinin müqabilində 19 milyon 642 min manat vəsait toplanmış, ödənilmə faizi 100,2 faiz olmuşdur.
Enerji təhlükəsizliyimizin mühüm mərhələsi kimi muxtar respublikanın təbii qazla tam təmin olunması prosesi iqtisadi inkişafı xeyli sürətləndirməkdədir. Muxtar respublika üzrə əhali təsərrüfatlarına qaz çəkilişi prosesi başa çatdırılmış, 01 yanvar 2012-ci il tarixə 78 min 982 əhali abonenti təbii qazla təmin olunmuşdur.
Sahibkarlıq fəaliyyəti, əhalinin gəlirləri və məşğulluq məsələləri
Hazırda muxtar respublikada liberal bazar iqtisadiyyatı prinsiplərinə uyğun olaraq sahibkarlığın inkişafına yönəldilmiş məqsədyönlü islahatlar sahibkarlıq subyektlərinin say tərkibinin davamlı artımını şərtləndirməkdədir. 2011-ci ildə muxtar respublika üzrə 27 hüquqi və 1490 fiziki şəxs qeydiyyata alınıb ki, bu da iqtisadi aktivliyin yüksələn səviyyəsini səciyyələndirməkdədir.
Muxtar respublikada sahibkarlıq subyektlərinə səmərəli maliyyə dəstəyinin göstərilməsi mexanizmi formalaşdırılmış və 2011-ci ildə bank və kredit təşkilatları tərəfindən sahibkarlara 47 milyon 228 min 752 manat həcmində kreditlərin verilməsi təmin olunmuşdur ki, bu da 2010-cu ildəki göstəricidən 31,5 faiz çoxdur. Verilmiş kreditlərin 28 milyon 192 min 246 manatı və yaxud 59,7 faizi qısamüddətli, 19 milyon 36 min 506 manatı və yaxud 40,3 faizi uzunmüddətli kreditlər olmuşdur.
Sahibkarlığın inkişafı üçün yaradılmış münbit şəraitin nəticəsidir ki, 2011-ci ildə ümumi daxili məhsulda özəl bölmənin payı 86,5 faiz olmuşdur.
İstehsal və xidmət infrastrukturunun davamlı inkişafına uyğun olaraq bu gün muxtar respublikada 308 növdə məhsul istehsal olunur. Bu məhsulların 113 növü ərzaq, 195 növü qeyri-ərzaq məhsullarıdır. 93 növdə ərzaq, 166 növdə qeyri-ərzaq məhsulları olmaqla, ümumilikdə 259 növdə məhsula olan tələbatın yerli istehsal hesabına ödənilməsi təmin edilmişdir.
Əldə olunmuş ümumi inkişaf səviyyəsi özünü əhali gəlirlərinin dinamik artımında da təsdiqləməkdədir. 2011-ci ildə muxtar respublikada əhalinin gəlirləri bir il öncəyə nisbətdə 43,5 faiz artaraq 1 milyard 445 milyon 748 min manatdan çox, onun hər bir nəfərə düşən həcmi isə 40,7 faizlik artımla 3 min 490 manata çatmışdır.
Əsas iqtisadi və sosial parametrlərdən hesab olunan orta aylıq əməkhaqqının məbləği ötən il 341,4 manata çatmışdır ki, bu da 2010-cu ildəki göstəricidən 12,8 faiz çoxdur.
Ümumilikdə yüksələn inkişaf templəri məşğulluq səviyyəsinin də qənaətbəxş artımını şərtləndirir. 2003-cü il oktyabr ayının 1-dən 01 yanvar 2012-ci il tarixədək muxtar respublikada 49040 yeni iş yeri yaradılmışdır ki, onun da 33055-i və ya 67,4 faizi daimi iş yerləridir. 2011-ci il ərzində 3669 yeni iş yerinin 3085-i və ya 84,1 faizi daimi iş yerlərinin payına düşür.
İstehlak bazarı
Əhalinin alıcılıq qabiliyyətinin xeyli güclənməsi əldə olunmuş başlıca iqtisadi uğurlardandır. 2011-ci ildə muxtar respublikanın istehlak bazarında əhaliyə 942 milyon manatdan artıq həcmdə istehlak malları satılmış və pullu xidmətlər göstərilmişdir ki, bu da 2010-cu ildəki göstəricidən 19,8 faiz çoxdur.
Əhalinin yaşayış standartlarının daha da yüksəldilməsi məqsədilə 2011-ci il ərzində Naxçıvan şəhərində və Culfa Gömrük İdarəsinin ərazisində ticarət mərkəzlərinin, Şərur rayonunun Siyaqut, Yuxarı Daşarx, Düdəngə, Çomaxtur, Babək rayonunun Nəzərabad, Didivar, Culfa rayonunun Xanəgah, Nəhəcir, Kəngərli rayonunun Qabıllı, Şahbuz rayonunun Aşağı Qışlaq, Yuxarı Qışlaq, Külüs və Keçili kəndlərində xidmət mərkəzlərinin inşası, Şərur rayonunda Mahmudkənddə xidmət mərkəzinin, Şərur şəhərində mebel mağazasının, Naxçıvan şəhərində Mebel Salonunun, qiymətli metal və daşlar mağazasının yenidən qurulması, Tədris-Ticarət Mərkəzinin genişləndirilməsi işləri başa çatdırılmışdır.
Xarici ticarət, maliyyə sektoru və sığorta fəaliyyəti
Muxtar respublika daxilindəki yüksək iqtisadi fəallıq xarici ticarət əlaqələrinin də genişləndirilməsini təmin etməkdədir.
2011-ci ildə muxtar respublikada xarici ticarət dövriyyəsinin həcmi 2010-cu illə müqayisədə 55,4 faiz artaraq 400 milyon 861 min ABŞ dollarına çatmışdır. Xarici ticarət dövriyyəsinin 322 milyon 612 min ABŞ dollarını ixrac, 78 milyon 249 min ABŞ dollarını isə idxal təşkil etmişdir. Son bir ildə ixracın həcmi 52,4 faiz artmışdır.
Bu dövr ərzində büdcə daxilolmalarının da həcmində müsbət dinamika saxlanılmışdır. 2011-ci ildə Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsinə nəzərdə tutulandan 24,3 faiz çox vəsait daxil olmuşdur.
İqtisadi münasibətlərin dərinləşməsi öz növbəsində bank işinin daha da güclənməsini şərtləndirmişdir. 01 yanvar 2012-ci il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 12951-ə çatmışdır ki, bunun da 10246-sı və ya 79,1 faizi aktiv hesablardır. 2011-ci il ərzində açılmış 3810 bank hesabının 3698-i və ya 97,1 faizi aktiv hesab olmuşdur.
İqtisadi inkişafın yüksələn səviyyəsinə uyğun olaraq sığorta işi daha da genişlənməkdədir. 2011-ci ildə muxtar respublikada bütün sığorta növləri üzrə daxilolmalar 2259,8 min manat olmuşdur ki, bu da 2010-cu ildəki müvafiq göstəricidən 804,4 min manat və ya 55,3 faiz çoxdur.
2011-ci ildə sığorta hadisələri ilə əlaqədar sığorta ödəmələrinin həcmi 1333,6 min manat təşkil etmişdir ki, bu da 2010-cu ildəki göstəricini 16,3 faiz üstələyir.
Elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət və turizm
2011-ci ildə elm və ali təhsil müəssisələri tərəfindən elmi kadrların yetişdirilməsinə də diqqət artırılmış, 8 nəfər elmlər doktoru, 11 nəfər fəlsəfə doktoru alimlik dərəcəsi almışdır. Ali təhsil və elm mərkəzlərində 9 beynəlxalq əhəmiyyətli konfrans və simpozium keçirilmişdir. Alim və tədqiqatçılar tərəfindən 67 kitab və monoqrafiya, 147 metodik vəsait, 1000-ə yaxın elmi məqalə və tezis hazırlanaraq çap olunmuşdur.
Əvvəlki dövrlərdə olduğu kimi ötən il ərzində də təhsil sahəsində infrastruktur quruculuğu tədbirləri intensiv xarakterli olmuşdur. 2011-ci il ərzində Naxçıvan Dövlət Universitetinin Magistratura üzrə dekanlığının inzibati və tədris binasının əsaslı təmiri, Naxçıvan Müəllimlər İnstitutunun binasının təmiri başa çatdırılmış, Naxçıvan Dövlət Universitetinin Pedoqoji, Təbiətşünaslıq və Kənd Təsərrüfatı fakültələrinin binasının yenidən qurulması hazırda davam etdirilməkdədir.
Şərur rayonunun Çomaxtur kəndində 468, Siyaqut kəndində 216, Babək rayonunun Didivar kəndində 540, Ordubad rayonunun Gənzə kəndində 306, Culfa rayonunun Nəhəcir kəndində 132, Şahbuz rayonunun Aşağı Qışlaq kəndində 272 şagird yerlik məktəb binalarının tikintisi, Naxçıvan şəhərində 1242 şagird yerlik 12 nömrəli, Şərur rayonunun Yuxarı Daşarx kəndində 288, Kəngərli rayonunun Qabıllı kəndində 234 şagird yerlik məktəb binalarının yenidən qurulması, Şərur rayonunun Düdəngə, Babək rayonunun Hacıvar və Yarımca, Culfa rayonunun Xanəgah və Milax, Ordubad rayonunun Xanağa, Kotam və Bist, Şahbuz rayonunun Yuxarı Qışlaq, Keçili və Külüs kəndlərində məktəb binalarının təmiri başa çatdırılmış, Şahbuz rayonunun Ağbulaq kəndində məktəb binasının tikintisi, Naxçıvan şəhərində 17 nömrəli məktəbin, Naxçıvan Qızlar Liseyinin, Culfa rayonunun Yaycı kəndində 1 nömrəli məktəbin yenidən qurulması işləri isə hazırda davam etdirilməkdədir.
Naxçıvan şəhərində 280 yerlik 3 nömrəli uşaq bağçası, Şərur Şəhər İncəsənət Məktəbi və Culfa şəhərində uşaq musiqi məktəbi binalarının tikintisi başa çatdırılmış, Naxçıvan şəhərində 1 nömrəli uşaq bağçası binasının tikintisi, Naxçıvan Texniki Peşə və Sürücülük Məktəbinin və Şərur rayonunun Yuxarı Daşarx kəndində uşaq musiqi məktəbinin binalarının yenidən qurulması hazırda davam etdirilir.
Yeni informasiya texnologiyalarından istifadə olunmaqla dünya təhsil sisteminə inteqrasiyaya imkan yaradan, bütövlükdə əhalini informasiya cəmiyyətinə hazırlamaq məqsədi daşıyan “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq hazırda informasiya texnologiyalarının tətbiqi sahəsində mühüm tədbirlər həyata keçirilir. Bu gün muxtar respublikada bütün təhsil müəssisələrində ən müasir kompyuter avadanlıqlarından istifadə olunur. Muxtar respublikanın ümumtəhsil məktəblərində 2896 dəst kompyuter quraşdırılmış, hər 17 şagird bir dəst kompyuterlə təmin olunmuşdur. Hazırda ümumtəhsil məktəblərində istifadədə olan 2896 dəst kompyuterin 2365-i və ya 81,7 faizi internetə qoşulmuşdur. Muxtar respublikanın ümumtəhsil məktəblərində təhsilin daha da keyfiyyətlə aparılması məqsədilə 373 elektron lövhə quraşdırılmışdır.
Təhsil sahəsində reallaşdırılan islahatların effektiv nəticələri ali məktəblərə qəbulun dinamikasında və qəbul imtahanlarında 500-700 bal intervalında nəticə əldə edən abituriyentlərin sayının ilbəil artmasında özünü göstərməkdədir. 2010-cu ildə abituriyentlərin 1435 nəfəri və ya 46 faizi ali məktəblərə qəbul olmuşdursa, 2011-ci ildə ali məktəblərə sənəd verən məzunlardan 1764-ü və ya 50,8 faizi tələbə adını qazanmışdır. Bundan başqa, 358 nəfər orta ixtisas məktəblərinə qəbul olmuşdur.
Təhsildə keyfiyyət göstəriciləri üzrə müsbət dinamika müşahidə olunmaqdadır. Belə ki, 2011-ci ildə məktəbi yüksək qiymətlərlə bitirən şagirdlərdən 15-i qızıl, 12-si gümüş medalla təltif edilmişlər. Bu şagirdlərdən hər biri keçirilən qəbul imtahanlarında yüksək bal toplayaraq ali məktəblərə qəbul olunmuşlar. 2010-cu ildə 500-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olanların sayı 280 nəfər təşkil edirdisə, 2011-ci ildə bu göstərici 296 nəfərə çatmışdır.
Hərbi təhsilə maraq ilbəil güclənməkdədir. 2011-ci ildə Heydər Əliyev adına Hərbi Liseyi bitirmiş 216 kursantdan 213-ü ali hərbi məktəblərə qəbul olunmuşdur. Muxtar respublikanın ümumtəhsil məktəblərindən də ali hərbi və xüsusi təyinatlı məktəblərə qəbulda artım mövcuddur. Əgər 2010-cu ildə orta məktəb məzunlarından 41-i ali hərbi və xüsusi təyinatlı ali məktəblərə qəbul olmuşdursa, 2011-ci ilin məzunlardan 46-sı bu məktəblərin tələbəsi adını qazanmışdır.
Səhiyyə sahəsində infrastruktur quruculuğu tədbirləri ötən il ərzində də üstün istiqamət kimi saxlanılmışdır. 2011-ci il ərzində Ordubad şəhərində 66 çarpayılıq Ordubad Rayon Mərkəzi Xəstəxanasının, 8 çarpayılıq Yoluxucu Xəstəliklər Şöbəsinin, Şərur rayonunun Yuxarı Daşarx, Siyaqut, Çomaxtur, Babək rayonunun Didivar, Şahbuz rayonunun Aşağı Qışlaq, Keçili kəndlərində həkim ambulatoriyası binalarının, Culfa rayonunun Nəhəcir, Kəngərli rayonunun Qabıllı kəndlərində feldşer-mama məntəqələrinin tikintisi, Naxçıvan şəhərində Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının və Ordubad rayonunun Gənzə kəndində həkim ambulatoriyası binalarının təmiri başa çatdırılmışdır.
Babək Rayon Mərkəzi Xəstəxanasının binasının tikintisi, Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasının və Naxçıvan Muxtar Respublikası Kardioloji Mərkəzinin yenidən qurulması hazırda davam etdirilir.
Bundan əlavə, Kəngərli rayonundakı hərbi hissədə tibb məntəqəsi binasının tikintisi başa çatdırılmış, Naxçıvan şəhərində hərbi xəstəxana binasının tikintisi aparılmaqdadır.
Aztəminatlı ailələrdən olan xəstələrə yönəldilmiş xüsusi sağlamlıq layihələri ötən il ərzində də intensiv qaydada icra olunmuşdur. 2011-ci ildə 451 nəfər xəstənin yüksək ixtisaslı həkimlərin iştirakı ilə cərrahiyə əməliyyatı təşkil olunmuşdur. Bunlardan 221 nəfər xəstədə göz, 51 nəfər xəstədə açıq ürək, 7 nəfər xəstədə plastik, 11 nəfər xəstədə laporoskopik cərrahiyə əməliyyatı, 109 nəfər xəstədə koronarangioqrafiya manipulyasiyası aparılmış, ehtiyacı olan 6 xəstənin ürək damarlarına stend qoşulmuş, 46 nəfər xəstədə isə digər əməliyyatlar aparılmışdır.
Davamlı olaraq yaxşılaşan əhali rifahı demoqrafik vəziyyətə də öz müsbət təsirini göstərmiş, muxtar respublika əhalisinin sayı bir il öncəyə nisbətdə 8 min 419 nəfər artaraq 418 min 520 nəfər təşkil etmişdir.
2011-ci ildə muxtar respublikada 10 min 404 körpə doğulmuşdur ki, bu da 2010-cu ildəki göstəricini 288 nəfər üstələyir.
Əhalinin sayı və 1 yaşa qədər uşaq ölümü
Göstəricilər
2011-ci il
2010-cu il
artım, azalma
Əhalinin sayı (müqayisə dövrünün sonuna), nəfər
418520
410101
8419 nəfər və ya 2,1 faiz artım
1 yaşa qədər uşaq ölümü (hər 1000 doğulana hesabı ilə), nəfər
1,0
1,2
16,7 faiz azalma
Sosial siyasətin başlıca istiqamətlərindən biri kimi pensiya və müavinətlərin səmərəli maliyyələşdirilməsi təmin olunmaqdadır. 2011-ci ildə Dövlət Sosial Müdafiə Fondu tərəfindən pensiya və müavinətlərin ödənilməsinə 85 milyon 189 min manatdan çox vəsait yönəldilmişdir ki, bu da 2010-cu illə müqayisədə 23 faiz çoxdur. Bu dövr ərzində pensiya və müavinətlərin ödənişi üçün tələb olunan vəsaitin 48,5 faizi məcburi dövlət sosial sığorta haqqı kimi muxtar respublikada toplanmışdır.
Aztəminatlı və sosial müdafiəyə ehtiyacı olan vətəndaşlar xüsusi qayğıyla əhatə olunmuş, 22 nəfər Azərbaycan Vətən müharibəsi əlilinə, 7 nəfər 1941-1945-ci illər müharibəsi əlilinə və Çernobıl qəzasının aradan qaldırılması zamanı sağlamlığını itirmiş 1 nəfər şəxsə “NAZ Lifan-320” markalı və Çernobıl qəzasının aradan qaldırılması zamanı sağlamlığını itirmiş 4 nəfər şəxsə isə “Slavuta” markalı avtomobil verilmişdir. Ümumilikdə bu dövr ərzində 119 nəfər əlil müxtəlif sanatoriya və pansionatlara yollayışlarla təmin edilmişdir. 2011-ci ildə muxtar respublikada adambaşına aylıq gəlirləri ehtiyac meyarından aşağı olan ailələrə 3 milyon 542 min manatdan çox ünvanlı dövlət sosial yardımı ödənilmişdir.
Ötən dövr ərzində təbii fəlakətdən zərərçəkən ailələr üçün Şahbuz rayonunun Külüs və Keçili kəndləri arasındakı ərazidə on iki və sosial qayğıya ehtiyacı olan bir ailə üçün Keçili kəndində fərdi yaşayış evi inşa olunmuşdur.
Muxtar respublikada bədən tərbiyəsi və idman infrastrukturunun yaxşılaşdırılması bir tərəfdən gənc nəslin sağlam böyüməsinə təsir göstərirsə, digər tərəfdən yerli və beynəlxalq səviyyəli müxtəlif idman yarışlarının təşkilinə də şərait yaradır. 2011-ci il ərzində 3 beynəlxalq turnirin, eləcə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 50 illik yubileyi münasibətilə “Prezident mükafatı” uğrunda çempionatların keçirilməsi muxtar respublikada idmanın kütləviliyinin artırılmasının bariz nümunəsidir.
Ötən il ərzində bədən tərbiyəsi və idman infrastrukturunun yaxşılaşdırılması tədbirləri çərçivəsində Ordubad rayonunda şahmat məktəbi binasının inşası başa çatdırılmış, Sədərək rayonunun Heydərabad qəsəbəsində şahmat məktəbi binasının inşası davam etdirilir.
2011-ci ildə mədəniyyət obyektlərinin inşası və bərpası üzrə genişmiqyaslı tədbirlər davam etdirilmiş, Kəngərli Rayon Mədəniyyət Evinin tikintisi, Naxçıvan Dövlət Musiqili Dram Teatrı binasının, Naxçıvan Şəhər Nikah Evinin yenidən qurulması, Ordubad şəhərində Tarix-Diyarşünaslıq Muzeyinin yerləşdiyi “Qeysəriyyə” tarixi abidəsinin, qədim məbəd və digər iki abidənin bərpası başa çatdırılmışdır.
Naxçıvan şəhərində Mustafa Kamal Atatürkün, “Ana və Uşaq” abidələrinin yaradılması, “Dədə Qorqud” abidəsinin bərpası başa çatdırılmışdır.
Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanının tikintisi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Kitabxanası binasının yenidən qurulması, Qədim Qala tarixi abidəsinin bərpası hazırda davam etdirilməkdədir.
Ordubad rayonunda Sabirkənddə məscidin tikintisi, M.T.Sidqi adına Naxçıvan Şəhər Kukla Teatrının binasının təmiri başa çatdırılmış, Şahbuz rayonunun Ağbulaq kəndində Uşaq İstirahət Mərkəzinin tikintisi hazırda davam etdirilir.
Muxtar respublikada kütləvi informasiya vasitələrinin işinin yaxşılaşdırılması istiqamətində aparılan tədbirlərə uyğun olaraq 2011-ci il ərzində Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin inzibati binası yenidən qurulmuş, daha müasir iş və efir şəraiti yaradılmışdır. Yeni televiziya avadanlıqları HD formatlı yüksək keyfiyyətli son texnologiyaya əsaslanır. Bundan başqa, Naxçıvan Dövlət Universitetində Universitet televiziyası, “Nuhçıxan” radiosu üçün yeni studiyalar yaradılmış, avadanlıqlar quraşdırılmışdır.
2011-ci il ərzində muxtar respublikamıza ölkəmizin digər bölgələrindən və xarici ölkələrdən ümumilikdə 343 min 139 nəfər turist gəlmişdir ki, bu da 2010-cu ildəki göstəricini 19,3 faiz və ya 55 min 505 nəfər üstələyir.
Hüquq-mühafizə orqanları ilə iş
2011-ci ildə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin, Culfa Rayon Polis Şöbəsinin inzibati binalarının tikintisi, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Naxçıvan filialının, Naxçıvan Muxtar Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Naxçıvan Şəhər Şöbəsinin inzibati binalarının yenidən qurulması, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin inzibati binasının əsaslı təmiri, Culfa Rayon Prokurorluğunun inzibati binasının təmiri başa çatdırılmış, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Pasport Qeydiyyatı və Miqrasiya Şöbəsinin, Naxçıvan Şəhər və Babək Rayon Prokurorluqlarının inzibati binalarının, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayında avtomobil parkının, Naxçıvan Şəhər Gömrük İdarəsinin inzibati binasının və köməkçi infrastrukturlarının tikintisi hazırda davam etdirilməkdədir.
Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasının tikintisi, Culfa Rayon Məhkəməsinin inzibati binasının yenidən qurulması, Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin inzibati binasının təmiri bu dövr ərzində başa çatdırılmışdır.
Muxtar respublikanın ictimai-siyasi, sosial-mədəni həyatında inkişafa öz töhfəsini verənlərin əməyi yüksək qiymətləndirilmiş, Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə 71 nəfər Azərbaycan Respublikasının orden, medal və fəxri adları ilə təltif edilmiş, 1 nəfərə ali hərbi rütbə verilmiş, 1 nəfər Azərbaycan Respublikası Prezidentinin Fərdi təqaüdünə, 7 nəfər Prezident mükafatına layiq görülmüşdür. Həmçinin 11 nəfər Naxçıvan Muxtar Respublikasının Fəxri adları ilə təltif olunmuşdur.
Qeyd olunanlar deməyə əsas verir ki, bu gün muxtar respublikamızda sosial və iqtisadi sferada dinamik yüksəliş əsas iqtisadi xarakteristikadır. Hazırda qlobal sosial-iqtisadi çağırışlar fonunda, çətin şəraitdə ictimai və iqtisadi yüksəlişin əldə olunması Naxçıvan Muxtar Respublikasının gələcək tərəqqi yolunun daha möhtəşəm uğurlarla zəngin olduğunu təsdiqləməkdədir.