2010-cu ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı
Naxçıvan Muxtar Respublikası daha bir quruculuq dövrünə, “Yeniləşmə ili” olan 2010-cu ilə yekun vurdu. Ötən il ilk növbədə sosial-iqtisadi sahədə yeniləşmə və quruculuq tədbirlərinin daha da dərinləşməsi dövrü kimi yadda qalacaqdır. Effektiv islahatların xeyli sürətləndirildiyi “Yeniləşmə ili”ndə iqtisadi və sosial inkişaf üzrə yeni nəticələr təmin olunmuş, insanların həyat səviyyəsinin yüksəldilməsinə diqqət daha da artırılmışdır.
Yola saldığımız 2010-cu il eyni zamanda bir çox əlamətdar hadisələrlə tarixə çevriləcək. 7 noyabr 2010-cu il tarixdə keçirilmiş parlament seçkiləri əlamətdar hadisələr arasında siyasi xarakterinə görə daha böyük əhəmiyyət kəsb edir. Məhz bu tarixdə Azərbaycan Respublikası Milli Məclisinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeni tərkibi seçici hüququna malik olan vətəndaşların yüksək siyasi fəallığı ilə müəyyənləşdirildi.
Muxtar respublikamızın sosial və iqtisadi inkişaf sahəsində qazandığı böyük nailiyyətlər məhz ümummilli liderimiz Heydər Əliyev tərəfindən formalaşdırılmış möhkəm təmələ əsaslanmaqdadır. Bu gün muxtar respublikada mövcud potensialdan səmərəli istifadə etməklə iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafına, istehsal müəssisələrinin fəaliyyətinin daha da genişləndirilməsinə, yerli sahibkarlığın inkişafı yolu ilə əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına, məşğulluq səviyyəsinin, xüsusilə gənclərin faydalı əmək məşğulluğunun artırılmasına və ümumilikdə muxtar respublika iqtisadiyyatının dinamik inkişafına nail olunmuşdur.
Heç şübhəsiz ki, ötən dövrün mühüm hadisələrindən biri ölkə başçısı cənab İlham Əliyevin muxtar respublikaya səfərə gəlməsi oldu. Bu səfər zamanı ölkə başçısı Kəngərli rayonunun mərkəzində ucaldılmış ümummilli liderimiz Heydər Əliyevin möhtəşəm abidəsinin və abadlaşdırılmış rayon mərkəzinin, Şərur rayonunun Yengicə və Maxta kəndlərində orta məktəb binalarının, Naxçıvan-Sədərək avtomobil yolunun ikinci hissəsinin, Sədərək rayonunda mərkəzi xəstəxana və orta məktəb binalarının, sözün əsl mənasında yenidən qurulmuş Heydərabad qəsəbəsinin, Ordubad rayonunda Biləv Su Elektrik Stansiyasının, Naxçıvan şəhərində məhdud fiziki imkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin, Gəmiqaya Daş Məhsulları Sənaye Kompleksinin, Naxçıvan şəhərini içməli su ilə təmin edəcək supaylayıcı qurğunun açılışı mərasimlərində iştirak etmişdir. Həyata keçirilən quruculuq tədbirlərini yüksək qiymətləndirən ölkə başçısı cənab İlham Əliyev demişdir: “Mən çox şadam ki, Naxçıvanda nəzərdə tutduğumuz bütün məsələlər bu gün öz həllini tapır. Muxtar respublika uğurla inkişaf edir, burada quruculuq-abadlıq işləri çox sürətlə gedir. Bütün sosial məsələlər həllini tapır, yeni müəssisələr, fabriklər açılır, yollar çəkilir ”.
Muxtar respublika iqtisadiyyatının bütün sahələrində əldə olunmuş uğurlu nəticələr sosial-iqtisadi inkişafı xarakterizə edən və əsas makroiqtisadi göstərici olan Ümumi Daxili Məhsulun həcminin dinamik artmasına zəmin yaratmışdır. Belə ki, muxtar respublikada ilk dəfə olaraq 2010-cu ildə ümumi daxili məhsulun həcmi 1 milyard manat səviyyəsini üstələmişdir. Ümumilikdə ötən il bu göstərici bir il öncəyə nisbətdə 16,6 faiz artaraq 1 milyard 171 milyon 306 min manata, onun hər bir nəfərə düşən həcmi isə 18,6 faizlik artım üzrə 3 min 592 Amerika Birləşmiş Ştatları dollarına çatmışdır.
Makroiqtisadi göstəricilər
Müqayisə predmeti
2010-cu ildə (min manat)
2010-cu ildə 2009-cu ilə nisbətən, faizlə
Ümumi Daxili Məhsul
1171305,7
116,6 *
Hər bir nəfərə düşən ümumi daxili məhsul, manat
2882,9
118,4
Hər bir nəfərə düşən ümumi daxili məhsul, ABŞ dolları
3591,9
118,6
Sənaye məhsulunun ümumi həcmi
318564,8
144,4 *
Əsas kapitala yönəldilən investisiyalar
501105,5
121,8
Kənd təsərrüfatının ümumi məhsulu
247126,6
113,3 *
Nəqliyyat sektorunda yük daşınması, min tonla
11152,7
114,7
İnformasiya və rabitə xidmətlərinin həcmi
36579,3
117,5
o cümlədən mobil rabitə üzrə
31442,0
118,9
Pərakəndə əmtəə dövriyyəsi
616454,4
119,9*
Əhaliyə göstərilən pullu xidmətlər
107242,3
117,8*
Xarici ticarət dövriyyəsi, min ABŞ dolları
257933,3
117,2
o cümlədən ixracın ümumi həcmi
211714,4
188,5
idxalın ümumi həcmi
46218,9
42,9
Əhalinin gəlirləri
1007483,6
110,3
Hər bir nəfərə düşən gəlirlər, manatla
2479,9
108,6
Bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı, manatla
302,6
111,1
*) müqayisəli qiymətlər üzrə
SƏNAYE
Ötən dövr ərzində muxtar respublikada sənaye sahəsində həyata keçirilən islahatların əsas hədəflərindən biri yeni müəssisələrin yaradılmasından, rəqabətədavamlı sənaye məhsullarının istehsalının dəstəklənməsindən və ixrac yönümlü istehsal sahələrinin səmərəli təşkilindən ibarət olmuşdur. Bu sektorda aparılan uğurlu islahatların nəticəsidir ki, 2010-cu il ərzində sənaye məhsulu istehsalının dinamik artımı davam etmiş və 318 milyon 565 min manatlıq məhsul istehsal edilmişdir. Bu göstərici bir il öncəki səviyyəni 44 faiz üstələyir. Sənaye istehsalının 91 faizi malların, 9 faizi isə xidmətlərin payına düşmüşdür. Sənayenin dövlət sektorunda 39 milyon 105 min manatlıq, qeyri-dövlət sektorunda isə 279 milyon 460 min manatlıq məhsul istehsal olunmuşdur. İstehsal olunan sənaye məhsulunun 88 faizi özəl sektorun payına düşmüşdür.
Sənaye məhsulu istehsalının dinamikası, min manatla
Bu bir faktdır ki, yerli istehsalın inkişaf etdirilməsi daxili bazarın qorunmasında, xaricə valyuta axınının qarşısının alınmasında və idxaldan asılılığın azaldılmasında mühüm rol oynayır. Məhz bu amil əsas götürülərək yeni sənaye müəssisələrinin yaradılması istiqamətində tədbirlər 2010-cu ildə də davam etdirilmişdir. Bunun nəticəsidir ki, 2010-cu il ərzində muxtar respublikada iqtisadiyyatın bütün sahələrində dövlət texniki, maliyyə və innovasiya dəstəyi ilə 78 layihə üzrə istehsal və xidmət obyektləri, o cümlədən sənaye sahəsində elektrik enerjisi, metal boru, metal profil, poliestr materialından daşabənzər üzlük örtüklər, döşəmə üçün parket, asfalt, beton, qum-çınqıl, dekorasiyalı şüşə qab, musiqi alətlərinin istehsalı, nəşriyyat və poliqrafiya, taxıl emalı, ət və süd məhsulları müəssisələri, müxtəlif meyvələrin qurudulması və paketlənməsi, şirniyyat məmulatlarının istehsalı və müxtəlif geyim məhsulları istehsalı sahələri istifadəyə verilmişdir.
Hazırda iqtisadi fəaliyyətin müxtəlif sahələrində 24 layihə üzrə istehsal və xidmət sahələri, o cümlədən sement zavodu, mətbəə, müxtəlif geyim paltarlarının və güzgülərin istehsalı sahələri, parçadan hazırlanmış uşaq oyuncaqları, şirniyyat məhsulları və tara istehsalı sahələri, quşçuluq təsərrüfatları, məişət evləri, soyuducu anbarlar, istixana kompleksləri qurulmaqdadır.
Muxtar respublikamızda sənaye sektorunda mövcud olan cari iqtisadi aktivlik, layihələrin icrası üzrə müşahidə olunan yüksək intensivlik öz növbəsində əsas göstəricilərin əhəmiyyətli dərəcədə yaxşılaşmasını şərtləndirməkdədir. Əgər 01 yanvar 1989-cu il tarixə muxtar respublikada 40 sənaye müəssisəsi mövcud idisə, 01 yanvar 2011-ci il tarixə bu müəssisələrin sayı 11 dəfə artaraq 423-ə çatmış, 239 adda sənaye məhsulunun istehsalı təmin olunmuşdur.
Sənaye müəssisələrinin sayı
Yeni sənaye müəssisələrinin yaradılması həm istehsal olunmuş yeni məhsul növlərinin, həm də bu sektorda işləyən işçilərin say tərkibinin artımına ciddi təsir göstərmişdir. Belə ki, əgər 1988-ci ildə muxtar respublikanın sənaye müəssisələrində 1620 nəfər işçi çalışırdısa, 2010-cu ildə bu göstərici 8 dəfə artaraq 12855-ə çatmışdır. Başqa sözlə, tarixən aqrar region kimi formalaşan muxtar respublikanın aqrar-sənaye regionuna çevrilməsi üçün ciddi əsaslar yaradılmışdır.
Sənaye sahəsində işləyənlərin sayı, nəfərlə
Hərbi quruculuq
Ölkəmizin, o cümlədən muxtar respublikamızın etibarlı müdafiə təminatı prioritet fəaliyyət istiqaməti kimi daim diqqət mərkəzində saxlanılmaqdadır. Ordumuzun qüdrətlənməsi, Vətənimizin müdafiə qabiliyyətinin daha da möhkəmləndirilməsi üçün kompleks tədbirlər həyata keçirilməkdədir. 2010-cu ildə hərbi təmayüllü obyektlərin və ya bu sahənin alt infrastrukturunun təkmilləşdirilməsi işi davam etdirilmiş, Culfa rayonundakı hərbi şəhərcikdə Təlim-Tədris Mərkəzi, uşaq bağçası, Naxçıvan şəhərindəki hərbi hissədə mühafizəçi məntəqəsi, anbar binası, Kəngərli rayonundakı hərbi hissədə xəstəxana, Şahbuz və Culfa rayonlarındakı hərbi hissələrin postları üçün əsgər yataqxanaları tikilərək və ya yenidən qurularaq istifadəyə verilmişdir. Bundan başqa, Naxçıvan şəhərində yeni Qərargah binasının, Şahbuz və Kəngərli rayonlarındakı hərbi hissələrdə əsgər yataqxanalarının tikintisi, Culfa rayonundakı hərbi hissədə avtotəmir sexinin və qazanxana binasının yenidən qurulması, Naxçıvan şəhərində hərbi şəhərcikdə uşaq bağçasının və Mənzil İstismar Hissəsinin əsaslı təmiri davam etdirilir.
Xalqla ordunun birliyinin nəticəsidir ki, 2010-cu il ərzində daxili imkanlar hesabına Heydər Əliyev adına Hərbi Liseydə və hərbi hissələrdə aparılan iş və tədbirlər üçün 1 milyon 511 manatadək vəsait ayrılmış, 437 min manatlıq ərzaq və digər tələbat malları verilmişdir.
Tikinti-quruculuq və su təchizatı tədbirləri
Bu gün muxtar respublikamızda iqtisadi fəallığın yüksəldilməsi, idarəetmənin, iqtisadiyyatın müxtəlif sahələrində çalışan işçilərin əmək şəraitinin müasir standartlar səviyyəsində yaxşılaşdırılması üçün mütəmadi olaraq əsas fondların yaradılması, yeniləşdirilməsi, infrastrukturun, kommunal xidmət təminatının təkmilləşdirilməsi, istehsal, xidmət və sosial təyinatlı obyektlərin inşası hazırkı iqtisadi fəaliyyətin mühüm istiqamətlərindəndir.
Bu baxımdan son illər iqtisadi inkişafda diqqəti cəlb edən əsas amillərdən biri də ümumi daxili məhsulda tikinti-quraşdırma işlərinin xüsusi çəkisinin davamlı olaraq yüksəlməsidir. 2010-cu il ərzində muxtar respublikada bütün maliyyə mənbələri hesabına əsas kapitala 501 milyon 106 min manat həcmində investisiya yönəldilmişdir ki, bu da 2009-cu ildəki müvafiq göstəricidən 22 faiz çoxdur. İnvestisiya qoyuluşlarının 443 milyon 426 min manatı və ya 88 faizi tikinti-quraşdırma işlərində istifadə edilmişdir.
Əsas kapitala yönəldilmiş investisiyanın dinamikası, min manatla
2010-cu il ərzində muxtar respublikada tikinti və ya əsaslı təmirdən sonra ümumilikdə 669 müxtəlif təyinatlı obyekt istifadəyə verilmiş, 128 müxtəlif təyinatlı obyektin inşası davam etdirilmişdir.
Dövlət idarəetməsinin səmərəli təşkili prosesinin ilkin mərhələsi üzrə mühüm element qismində inzibati binaların inşası və yenidən qurulması, iş yerlərinin erqonomik tələblər səviyyəsində təşkili ötən dövr ərzində də diqqət mərkəzində saxlanılmış və ümumilikdə 30 inzibati bina inşa olunaraq istifadəyə verilmiş, 14 inzibati binanın isə inşası hazırda davam etdirilməkdədir.
Tikinti-quruculuq tədbirlərinin həcminin genişləndirilməsi bütün sahələrin inkişafına əlverişli zəmin yaratmaqdadır. Muxtar respublikada aparılan tikinti-quruculuq işləri çərçivəsində investisiyaların şəhər, qəsəbə və kəndlər üzrə proporsional bölgüsü tarazlı inkişafı təmin edən mühüm amillərdəndir. Kənd əhalisinə göstərilən xidmətin səviyyəsini yaxşılaşdırmaq, bu sahədə idarəetməni səmərəliləşdirmək məqsədilə ümumilikdə son dövrlər ərzində 3 qəsəbə və 52 kənd mərkəzi, o cümlədən 2010-cu ildə isə 9 kənd mərkəzi istifadəyə verilmişdir.
Muxtar respublikada mənzil-kommunal təsərrüfatı sektorunda xidmətlərin səviyyəsinin müasir standartlara uyğunlaşdırılması, kommunal xidmətlər sahəsində restrukturizasiya tədbirlərinin sürətləndirilməsi, mövcud istilik sistemlərinin bərpası, modernləşdirilməsi və yenidən qurulması, etibarlı su təchizatının təşkili, su və kanalizasiya sistemlərinin yenilənməsi üzrə mobil mexanizmlər formalaşdırılmışdır. Son dörd ildə muxtar respublikada 284 yaşayış binasında tikinti, yenidənqurma və bərpa işləri aparılmış, 301 yaşayış binasında istilik xətləri yeniləri ilə əvəzlənmiş, 35 lift quraşdırılmışdır. Yaşayış mənzillərində dövlət vəsaiti hesabına daxili istilik xətlərinin çəkilişi və vətəndaşlardan hər hansı bir ödəniş tələb olunmadan panel radiatorların quraşdırılması prosesi davam etdirilməkdədir.
Əhalinin maddi rifah halının yaxşılaşması fərdi yaşayış evlərinin tikintisi üzrə müsbət meylli dinamikanı daha da gücləndirmişdir. 2010-cu ildə muxtar respublikada əhalinin şəxsi vəsaiti hesabına 259 min 414 kvadratmetr yaşayış sahəsi tikilmişdir. Bu isə 1988-ci ildəki 75 min 400 kvadratmetrlik göstərici ilə müqayisədə 184 min 14 kvadratmetr və ya 3 dəfə çoxdur.
Muxtar respublikada su və kanalizasiya sistemlərinin müasir standartlar səviyyəsində qurulması istiqamətində reallaşdırılan tədbirlər davamlı xarakter almışdır. Azərbaycan Hökuməti ilə Asiya İnkişaf Bankı arasında bağlanmış kredit sazişinə uyğun olaraq “Şəhər su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində Naxçıvan şəhərinin içməli su və kanalizasiya sistemləri yenidən qurulur. Layihə çərçivəsində 2880 metr uzunluğunda suqəbuledici qurğunun, həcmi 5 min və 10 min kubmetr olan suqəbuledici anbarların, uzunluğu 6,35 kilometr olan magistral ana xəttin, 7,5 kilometr uzunluğunda qoşa boru xəttinin və şəhərin girəcəyində supaylayıcı kameranın tikintisi başa çatdırılmışdır. Layihə çərçivəsində müvafiq işlər hazırda davam etdirilməkdədir.
Dünya Bankının krediti ilə maliyyələşdirilən “Birinci və ikinci milli su təchizatı və kanalizasiya xidmətləri layihəsi” üzrə muxtar respublikanın bütün rayonlarında geoloji-geotexniki işlər aparılmış və topoqrafik xəritələr hazırlanmışdır.
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 20 iyun tarixli “Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” Sərəncamına uyğun olaraq Araz çayının suyundan istifadə edən yaşayış məntəqələrində modul tipli sutəmizləyici qurğuların quraşdırılması istiqamətində tədbirlər həyata keçirilir.
Kənd təsərrüfatı və yaşıllaşdırma tədbirləri
Son illər aqrar sektorda kompleks tədbirlərin daha da sürətləndirilməsi, əkin sahələrinin və müvafiq infrastrukturun sel və daşqınlardan mühafizəsi, zəruri infrastrukturun, anbarların yaradılması, yeni texnika və avadanlıqların alınıb gətirilməsi, gübrələrin güzəştli şərtlərlə istehsalçılara çatdırılması, genişmiqyaslı kreditləşdirmənin və satış yarmarkalarının təşkili, bu sahədə dövlət maddi yardımlarının davamlılığı aqrar bölmənin inkişafına yeni impulslar vermişdir.
Ərzaq məhsulları istehsalını artırmaq, əhalini keyfiyyətli və təhlükəsiz ərzaqla təmin etmək, sahibkarlıq mühitini yaxşılaşdırmaq məqsədilə 2008-ci il sentyabrın 17-də qəbul olunmuş “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” muxtar respublikada kənd təsərrüfatı məhsulları istehsalının artırılması sahəsində yeni inkişaf istiqamətlərini müəyyənləşdirmişdir.
Muxtar respublikanın iqlim şəraiti və əhalinin əsas hissəsinin kənd təsərrüfatı ilə məşğul olması burada əkinçiliyin üstün inkişafına əlverişli şərait yaratmışdır. 2010-cu ilin məhsulu üçün 59 min 204 hektar sahədə əkin aparılmışdır ki, bu da 1988-ci ilin məhsulu üçün əkilmiş 15 min 328 hektar sahədən 43 min 876 hektar və ya 4 dəfə çoxdur.
Cəmi əkin sahələri, hektarla
Əkinçiliyin dinamik inkişaf etdirilməsi üçün məhsul istehsalçılarının müasir texnika və mineral gübrələrlə vaxtında təchiz edilməsi zəruridir. 2010-cu il ərzində “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə məhsul istehsalçılarına ümumi dəyəri 1 milyon 554 min manata yaxın olan 4 min 33 tondan çox mineral gübrə paylanmışdır. Bundan başqa, 123 ədədi 2010-cu ildə olmaqla cəmi 577 müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası alınaraq muxtar respublikaya gətirilmişdir. Təkcə 2010-cu ildə gətirilən texnikalardan 76-sı lizinq yolu ilə istehsalçılara verilmişdir.
Əvvəlki illərdə olduğu kimi 2010-cu ildə də strateji əhəmiyyəti nəzərə alınaraq taxılçılıq əsas əkinçilik sahəsi kimi diqqət mərkəzində saxlanılmışdır. 2010-cu ilin məhsulu üçün 33 min 954 hektar sahədə yazlıq və payızlıq taxıl əkilmişdir ki, bunun da 25 min 276 hektarını buğda, 8 min 678 hektarını isə arpa təşkil edir. Taxıl zəmilərindən 96 min ton məhsul toplanmışdır ki, bu da 2009-cu illə müqayisədə 1,4 faiz çoxdur. 1988-ci illə müqayisədə taxıl istehsalının həcmi ötən il 67 min ton artmışdır.
Taxıl əkini və məhsul istehsalının dinamikası
Taxıl anbarlarının, elevatorların inşası kənd təsərrüfatının inkişafı naminə aparılan infrastruktur quruculuğunun mühüm bir istiqamətidir. Bu zərurət nəzərə alınaraq 2009-cu ildə 18 min ton taxılı uzun müddətə, 20 min ton taxılı isə qısa müddətə saxlamaq gücünə malik Naxçıvan Muxtar Respublikası Taxıl Ehtiyatı Anbarı yaradılmışdır. Anbar kompleksi bir tərəfdən məhsul istehsalçılarının taxıl tədarükü zamanı rastlaşdıqları problemləri aradan qaldırırsa, digər tərəfdən muxtar respublikada taxıl ehtiyatlarının yaradılmasında müstəsna rol oynayır. Son 3 il ərzində istehsal olunan buğdanın hər kiloqramının orta hesabla 33 qəpikdən mərkəzləşmiş qaydada satın alınması məhsul istehsalçılarının taxıl istehsalına və onun vaxtında itkisiz yığılmasına marağını daha da artırmışdır.
Sovetlər birliyi dönəmində muxtar respublikada kartof əkinləri çox az sahəni əhatə edirdi. Planlı iqtisadiyyatın tələbləri fonunda muxtar respublikada kartofa olan tələbat əsasən müttəfiq respublikalardan idxal olunmuş məhsul hesabına ödənilirdi. Bu gün bu sahənin strateji əhəmiyyəti, mətbəximizdə həmin məhsuldan istifadənin yüksək xüsusi çəkisi, əhalinin səmərəli məşğulluğu və daxili bazarın diktə etdiyi zəruri amillər nəzərə alınmaqla kartof istehsalının artırılması müntəzəm əsasda dəstəklənir. Digər tərəfdən isə bu gün dünya bazarlarına çıxarılan kartofun 80 faizinin transgen məhsul olması yerli istehsalın gücləndirilməsinin ən doğru seçim olduğunu təsdiqləməkdədir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2005-ci il 11 aprel tarixli Sərəncamı ilə təsdiq olunmuş, 2005-2010-cu illəri əhatə edən “Naxçıvan Muxtar Respublikasında kartofçuluğun inkişafı üzrə Dövlət Proqramı”nın icrası ötən il uğurla başa çatdırılmışdır. Proqramda nəzərdə tutulan tədbirlərin icrasının nəticəsidir ki, son illər muxtar respublikada kartof istehsalı üzrə müsbət dinamikaya nail olunmuş və 2010-cu ildə 37 min 901 ton məhsul tədarük edilmişdir ki, bu da 2004-cü illə müqayisədə 2,2 dəfə və ya 20 min 843 ton, 1988-ci illə müqayisədə isə 38 dəfə və ya 36 min 896 ton artım deməkdir.
Kartof əkini və istehsalının dinamikası
Əkinçiliyin inkişafına yönəldilmiş stimullaşdırıcı tədbirlərin nəticəsidir ki, ötən il digər növ əkinçilik məhsullarının yığımı üzrə də müsbət dinamika xarakterik olmuşdur. Belə ki, 2010-cu ildə muxtar respublikada bir il öncəyə nisbətdə şəkər çuğunduru istehsalının həcmi 10 min 992 ton artaraq 26 min 775 tona, tərəvəz məhsulları istehsalının həcmi 1156 ton artaraq 64 min 782 tona, bostan məhsulları istehsalının həcmi 441 ton artaraq 40 min 24 tona, meyvə istehsalının həcmi 447 ton artaraq 38 min 228 tona, üzüm istehsalının həcmi isə 122 ton artaraq 13 min 912 tona çatmışdır.
Muxtar respublikada aqrar sektorun inkişafında mühüm element kimi soyuducu anbarların yaradılması işi üstün istiqamət almışdır. Bu anbarlar bir tərəfdən istehsal olunan məhsulların satışı ilə əlaqədar meydana çıxan problemləri aradan qaldırmaqla meyvə-tərəvəzin yetişdirilməsinə marağı artırırsa, digər tərəfdən əhalinin ilboyu keyfiyyətli yerli məhsullarla təminatına imkan verir. Qeyd olunan amillər nəzərə alınmaqla son dövrlər ərzində ümumi tutumu 7 min 920 ton olan 12 soyuducu anbar istifadəyə verilmiş, ümumi tutumu 500 ton olan 1 soyuducu anbarın qurulması hazırda davam etdirilir.
Kənd təsərrüfatının əsas sahələrindən biri olan heyvandarlığın inkişafı muxtar respublikada müntəzəm əsasda dəstəklənir. Heyvandarlığın inkişaf etdirilməsi ilk növbədə baytarlıq xidmətinin düzgün təşkilindən asılıdır. Mal-qara arasında müxtəlif xəstəliklərə qarşı mübarizə tədbirləri 2010-cu ildə də davam etdirilmişdir. Bu xidmətin keyfiyyətini və səmərəliliyini daha da yaxşılaşdırmaq məqsədilə bir qayda olaraq istifadəyə verilən kənd mərkəzlərində baytarlıq məntəqələri yaradılmışdır.
Muxtar respublikada heyvandarlığın inkişafı ilə bağlı həyata keçirilən məqsədyönlü tədbirlər, xüsusilə bu sahəyə marağın gücləndirilməsi məqsədilə genişmiqyaslı kreditləşmənin və səmərəli qiymətqoyma mexanizminin təşkili iri və xırdabuynuzlu mal-qaranın baş sayının, ət və süd məhsulları istehsalının həcminin artması ilə nəticələnmişdir.
Heyvandarlıqda məhsuldarlığın yüksəldilməsini, mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasını və damazlıq işinin inkişafını təmin etmək üçün son 2 ildə muxtar respublikaya 280 baş cins mal-qara gətirilərək lizinq yolu ilə fermerlərə verilmişdir.
01 yanvar 2011-ci il tarixə muxtar respublikanın bütün təsərrüfat kateqoriyalarında qaramalın sayı 101 min 160 baş, qoyun və keçilərin sayı isə 603 min 18 baş olmuşdur ki, bu da müvafiq olaraq 01 yanvar 2010-cu il tarixə olan göstəriciləri 2,4 və 2,3 faiz üstələmişdir. Bu dövr ərzində ət istehsalı 4 faiz, süd istehsalı isə 3 faiz artmışdır. 01 yanvar 1989-cu ildə isə muxtar respublikamızda saxlanılan qaramalın baş sayı 77 min 301 baş, xırdabuynuzlu heyvanların baş sayı isə 304 min 405 baş səviyyəsində idi.
Heyvandarlıqda baş sayı
Zəruri qida məhsulları qismində ət və yumurtaya olan tələbatın dolğun ödənilməsi, daxili bazarın qorunması, idxalın minimumlaşdırılması və bu sahədə ekoloji təmiz məhsulların yetişdirilməsinin dəstəklənməsi məqsədilə quşçuluğun inkişafına hərtərəfli yardım göstərilməkdədir. 2010-cu ildə quşçuluq sahəsində 7 təsərrüfat subyekti fəaliyyətə başlamış, bundan başqa, ətlik və yumurtalıq istiqamətində daha 5 quşçuluq təsərrüfatının yaradılması istiqamətində isə işlər davam etdirilir. 01 yanvar 2011-ci il tarixə kənd təsərrüfatı quşlarının sayı 01 yanvar 2010-cu il tarixə nisbətdə 9 faiz artaraq 901 min başdan çox olmuşdur. Bu göstərici isə 1989-cu ilin əvvəlindəki müvafiq göstəricini 3 dəfə üstələyir.
Qədim ənənələrə söykənən arıçılıq muxtar respublikamızda perspektivli sahələrdən biridir. Arıçılığın inkişafı ilə bağlı dövlət maliyyə dəstəyinin həcminin ildən-ilə artırılması, balın emalı və qablaşdırılması ilə məşğul olan istehsal sahələrinin istifadəyə verilməsi, satış bazarlarının səmərəli təşviqi bu sahənin yenidən dirçəldilməsində və inkişafında əvəzsiz rol oynamışdır. 01 yanvar 2011-ci il tarixə muxtar respublikada 52 min 685 arı ailəsi mövcud olmuşdur ki, bu da 01 yanvar 2010-cu il tarixə olan göstəricini 52 faiz üstələmişdir. 1988-ci ilin sonuna muxtar respublikada 3 min 512 arı ailəsi mövcud idi.
Arı ailələrinin sayı, min ailə
Sözsüz ki, bu artım bal istehsalının həcminə də öz təsirini göstərmiş, 2010-cu ildə muxtar respublikada 2009-cu ildəkindən 21 faiz çox, 1988-ci ildəkindən isə 17 dəfə çox, yəni 710 ton bal istehsal edilmişdir.
Bal istehsalı, ton
Muxtar respublikanın zəngin su ehtiyatları balıqçılığın inkişafı və qiymətli balıq cinslərinin yetişdirilməsi üçün də əlverişli şərait yaradır. Bu istiqamətdə inkişaf müntəzəm olaraq dövlət tərəfindən dəstəklənmiş və muxtar respublikada 2010-cu ildə 2 balıqyetişdirmə təsərrüfatı istifadəyə verilmişdir. Ümumilikdə isə hazırda muxtar respublikada 10 balıqçılıq təsərrüfatı fəaliyyət göstərir ki, bu da artan əhali tələbatının ödənilməsində mühüm rol oynayır.
Həyata keçirilən kompleks tədbirlər nəticəsində muxtar respublikanın kənd təsərrüfatı sahəsində dinamik artım davam etdirilmişdir. 2010-cu ildə 247 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilmişdir ki, bu da 2009-cu il üzrə müvafiq göstəricini 13 faiz üstələyir.
Kənd təsərrüfatının ümumi məhsulu, milyon manatla
Muxtar respublikada əsasən suvarma əkinçiliyinin geniş yayılması meliorasiya-irriqasiya sistemlərinin davamlı olaraq təkmilləşdirilməsini və yeniləşdirilməsini tələb edir. Bu sahədə tədbirlər intensivləşdirilmiş, 2010-cu il ərzində 2 nasos stansiyası, 24 subartezian quyusu istifadəyə verilmiş, 2 nasos stansiyasının tikintisi isə davam etdirilmişdir.
Muxtar respublikada həyata keçirilən ekoloji siyasətin başlıca istiqamətlərindən biri ekoloji sistemlərin və iqtisadi potensialın paralel şəkildə qorunması və təbii ehtiyatlardan səmərəli istifadə edilməsi ilə davamlı inkişafın təmin olunmasından ibarətdir. Bu istiqamətdə reallaşdırılan tədbirlərə uyğun olaraq 2010-cu ildə yeni yaşıllıq zolaqlarının yaradılması, yaşıllaşdırma tədbirlərinin görülməsi təsdiq olunmuş plan əsasında aparılmış, muxtar respublikada 522,5 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılmış, 585 mindən çox ağac və bəzək kolu əkilmişdir.
Yeni salınmış meşə massivləri və yaşıllıq zolaqları, hektarla
Nəqliyyat, rabitə və energetika
Muxtar respublika iqtisadiyyatının ahəngdar fəaliyyətinin təşkili və əhalinin artan hərəkət dinamikliyinin təmin edilməsində mühüm infrastruktur sahə olan nəqliyyat ictimai həyatda əhəmiyyətli rola malikdir.
Ötən dövr ərzində iqtisadi və nəqliyyat əlaqələri baxımından blokada vəziyyəti ilə bağlı çətinliklərin aradan qaldırılması və ya alternativ variantlar üzrə bu problemin kompensasiya edilməsi üçün əsaslı tədbirlər görülmüş, Naxçıvan Beynəlxalq Hava Limanının, Sədərək, Culfa və Şahtaxtı Gömrük İdarələrinin sərhəd-keçid komplekslərinin, Şahtaxtı Sərhəd Keçid Məntəqəsində yeni körpünün istifadəyə verilməsi, “Bakı-Naxçıvan-Bakı” müntəzəm avtobus marşrutunun açılması nəqliyyat və iqtisadi əlaqələrin genişlənməsində mühüm mərhələ olmuşdur. Bu işlərin davamı kimi hazırda Culfa (Azərbaycan Respublikası) – Culfa (İran İslam Respublikası) yeni avtomobil yolu körpüsünün inşası aparılmaqdadır.
Əvvəlki illərdə olduğu kimi 2010-cu ildə də yol infrastrukturunun inkişafı ilə bağlı əhəmiyyətli tədbirlər həyata keçirilmiş, 277 kilometr uzunluğunda yeni yollar salınmışdır. İstifadəyə verilmiş yolların 167 kilometri magistral, 110 kilometri isə yerli əhəmiyyətli yollardır. Bundan əlavə, 8 yeni körpü tikilmiş, 5 körpü bərpa edilmiş, 1 körpünün isə tikintisi hazırda davam etdirilir.
Nəqliyyat infrastrukturunun müasir tələblər səviyyəsində təşkili, nəqliyyat xidmətinin təkmilləşdirilməsi, sərnişin daşıma işinin keyfiyyətinin yüksəldilməsi muxtar respublikada ümumilikdə nəqliyyatın işinin yaxşılaşmasına zəmin yaratmaqdadır. Nəqliyyat xidmətinin yaxşılaşdırılması tədbirləri çərçivəsində son dövrlərdə Naxçıvan, Şərur, Ordubad, Culfa və Şahbuz şəhərlərində avtovağzal kompleksləri istifadəyə verilmişdir. Sərnişin daşınmasında rahatlığı və təhlükəsizliyi təmin etmək, xidmətin səviyyəsini artırmaq məqsədi ilə 2010-cu ildə muxtar respublikaya 14 yeni avtobus gətirilmiş və istismara buraxılmışdır. Bundan başqa, dəmir yolu infrasturkturunun təkmilləşdirilməsi istiqamətində də tədbirlər görülmüşdür.
Muxtar respublikamızda nəqliyyat kompleksinin ümumi inkişaf templərinə paralel olaraq istifadədə olan avtomobillərin sayı da günbəgün artmaqdadır. 1988-ci ilin sonuna muxtar respublikada 14216 ədəd avtomobil mövcud idisə, 01 yanvar 2011-ci il tarixə bu göstərici 3 dəfə artaraq 38692 ədədə çatmışdır.
Avtomobillərin sayı, ədədlə
Ümumiyyətlə, muxtar respublikada avtomobil yollarının inşasına və əsaslı təmirinə, dəmir yolu nəqliyyatının inkişaf perspektivləri nəzərə alınaraq bu sahədə mövcud infrastrukturun yeniləşdirilməsinə və hava nəqliyyatı işinin təkmilləşdirilməsinə 2010-cu ildə 50 milyon 839 min manatdan artıq investisiya yönəldilmişdir.
Qloballaşan dünyada ölkələrin rəqabət qabiliyyətinin ilk növbədə informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə ilə bağlı olmasını nəzərə alan ölkə başçısı cənab İlham Əliyev informasiya-kommunikasiya texnologiyaları sahəsinin əhəmiyyətini qiymətləndirərək demişdir: “Mən informasiya-kommunikasiya texnologiyalarının Azərbaycanda tətbiqini prioritet məsələ elan edirəm. Bu gələcəkdir”.
Muxtar respublikada informasiya cəmiyyətinə keçid və elektron hökumətin formalaşdırılması sosial-iqtisadi tərəqqinin sürətləndirilməsi üçün zəruri məsələlərdən birinə çevrilmişdir. Bu baxımdan inkişaf etmiş informasiya və kommunikasiya infrastrukturunun yaradılması istiqamətində mühüm tədbir sayılan optik kabel magistrallarının tikintisi işi böyük tutumlu və keyfiyyətli rabitə əlaqəsinin həyata keçirilməsinə geniş imkanlar yaratmış və hazırda bu iş muxtar respublika daxilində davam etdirilməkdədir.
Reallaşdırılan məqsədyönlü islahatlar muxtar respublikada rabitə və informasiya texnologiyalarının inkişafı üzrə əsas göstəricilərin müsbət dinamikasını təmin etməkdədir. İnformasiya texnologiyalarından istifadə qismində mühüm bir göstərici ondan ibarətdir ki, 01 yanvar 1989-cu il tarixə muxtar respublikada əsas telefon aparatlarının sayı 17832 nömrə olduğu halda, 01 yanvar 2011-ci il tarixə bu göstərici 3 dəfə artaraq 60394 nömrəyə çatmışdır.
İnformasiya-kommunikasiya texnologiyalarının inkişafının son nailiyyətlərindən olan mobil telefonlar da müasir həyatımızın ayrılmaz elementlərindəndir. Son dövrlər mobil rabitə sektoru da öz inkişaf dövrünün aktiv mərhələsini yaşamaqdadır. Hazırda muxtar respublikada mobil telefon abunəçilərinə xidmət edən 4 mobil operator fəaliyyət göstərir. Aktiv istifadə olan mobil telefonların sayı 358 min ədəddən çoxdur. Əhalinin hər 100 nəfərinə düşən aktiv mobil telefonların sayı 01 yanvar 2011-ci il tarixə 88 ədəd olmuşdur.
Bu işlərin davamı qismində 2010-cu ilin may ayında Naxçıvan şəhərini, Babək qəsəbəsini və Nehrəm kəndini əhatə edən Yeni Nəsil Telekommunikasiya şəbəkəsi istifadəyə verilmişdir. Yeni Nəsil Telekommunikasiya şəbəkəsinin ənənəvi telefon rabitəsi sistemlərindən əsas üstünlükləri eyni zamanda səs və şəkil siqnallarının ötürülməsi, şəbəkə üzərindən televiziya və geniş zolaqlı internet, video-telefon və çoxlu sayda əlavə servis xidmətləri göstərməkdən ibarətdir.
İnformasiya və rabitə sahəsində yeni texnologiyaların tətbiqi bu sahədə rabitə xidmətlərinin artımına müsbət təsir göstərmişdir. 2010-cu ildə muxtar respublikada informasiya və rabitə xidmətlərinin həcmi 36 milyon 579 min manatdan çox olmuşdur ki, bu da 2009-cu ildəki göstəricini 18 faiz üstələyir. Ümumi rabitə xidmətlərinin 86 faizi və ya 31 milyon 442 min manatı mobil rabitənin payına düşmüşdür.
İnformasiya və rabitə sahəsində göstərilmiş xidmətlərin həcmi, min manatla
Enerji təhlükəsizliyinin təmin olunması ilə bağlı görülən tədbirlərin nəticəsidir ki, bu gün muxtar respublikada yaradılmış elektrik stansiyaları elektrik enerjisinə olan daxili tələbatı tam şəkildə ödəyir. Əgər 1988-ci ildə muxtar respublikada 1 elektrik enerjisi istehsal edən müəssisə mövcud idisə, hazırda bu müəssisələrin sayı 5-ə çatdırılmışdır. 1988-ci ildə muxtar respublikada 86 milyon kilovat saat elektrik enerjisi istehsal olunmuşdursa, 2010-cu ildə bu göstərici 6 dəfə artaraq 534 milyon kilovat saata çatmışdır. Əvvəllər elektrik enerjisinin böyük bir hissəsi qonşu ölkələrdən idxal edildiyi halda, bu gün muxtar respublikamız artıq elektrik enerjisi ixrac edən bir diyara çevrilmişdir.
İstehsalçıların fasiləsiz olaraq elektrik enerjisi ilə təmin olunması, infrastrukturun davamlı olaraq təkmilləşdirilməsi enerjidən istifadə haqlarının tam həcmdə ödənilməsi prosesini də normallaşdırmışdır. Belə ki, 2010-cu ildə istehlak olunan 18 milyon 88 min manat dəyərində 301 milyon 469 min kilovat saat elektrik enerjisinin müqabilində 18 milyon 307 min manat vəsait toplanmış, ödənilmə faizi 101,2 faiz olmuşdur.
Hazırda muxtar respublikada istehlakçıların, ən əsası isə əhali təsərrüfatlarının təbii qazla fasiləsiz təminatı həyata keçirilir. 2005-ci ilin sonundan başlayaraq muxtar respublikamıza təbii qazın nəqlinin bərpası enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynamış, 01 yanvar 2011-ci il tarixə əhali qrupu yüz faiz olmaqla 78 min 157 abonent təbii qazla təmin olunmuşdur. 01 yanvar 1989-cu ildə isə muxtar respublikamızda 32 min 565 abonentə təbii qaz verilirdi ki, bu da hazırkı göstəricidən 2,4 dəfə geri qalır.
2010-cu il ərzində elektrik enerjisi istehsalında istifadə olunmuş təbii qaz sərfiyyatı nəzərə alınmadan istehlak olunan 104 milyon 30 min kubmetr həcmində mavi yanacağın dəyəri 100 faiz ödənilmişdir.
Sahibkarlıq fəaliyyəti, əhalinin gəlirləri və məşğulluq məsələləri
Muxtar respublikada ardıcıl və sistemli olaraq iqtisadi islahatların aparılması, dövlət mülkiyyətində olan müəssisələrin özəlləşdirilməsi və azad sahibkarlığın inkişafı üçün əlverişli şəraitin yaradılması iqtisadiyyatın davamlı inkişafına və əhalinin güzəranının daha da yaxşılaşmasına səbəb olmuşdur.
Ölkədə sahibkarlıq fəaliyyətinin inkişafının daha da sürətləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin “Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin “bir pəncərə” prinsipi üzrə təşkilinin təmin edilməsi tədbirləri haqqında” 2007-ci il 25 oktyabr tarixli Sərəncamına uyğun olaraq muxtar respublikada biznes mühitinin əlverişliliyinin daha da artırılması və biznesə başlama qaydalarının sadələşdirilməsi məqsədi ilə “bir pəncərə” prinsipinin tətbiqi həyata keçirilir. Sərəncamın icrası nəticəsində muxtar respublikada təkcə 2010-cu ildə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən 24 hüquqi və 1185 fiziki şəxs qeydiyyata alınmışdır ki, bu da iqtisadi aktivliyi səciyyələndirən mühüm göstəricilərdəndir.
Kredit resurslarının iqtisadiyyata səmərəli yönəldilməsi, bu proses üzrə proporsional bölgünün tətbiqi iqtisadi aktivliyə güclü pozitiv təsir göstərməkdədir.
Sahibkarlıq subyektlərinə səmərəli maliyyə dəstəyinin göstərilməsi mexanizmi formalaşdırılmış və 2010-cu ildə bank və kredit təşkilatları tərəfindən sahibkarlara 35 milyon 909 min manatdan çox güzəştli kreditlərin verilməsi təmin olunmuşdur.
Muxtar respublikada iqtisadi fəaliyyətin bütün sahələrinin inkişafı diqqət mərkəzində saxlanılmışdır. 2010-cu ildə verilən kreditlərin 7 milyon 143 min manatı sənayenin, 5 milyon 746 min manatı tikinti sektorunun, 11 milyon 61 min manatı kənd təsərrüfatı və balıqçılığın, 11 milyon 959 min manatı isə ticarət, nəqliyyat, kommunal və digər xidmət sahələrinin inkişafına yönəldilmişdir.
Sahibkarlığın inkişafı üçün yaradılmış münbit şəraitin nəticəsidir ki, 2010-cu ildə ümumi daxili məhsulda özəl bölmənin payı 86,4 faiz olmuşdur. Hazırda aqrar sektor, sənaye, ticarət, nəqliyyat, rabitə kimi istehsal və xidmət sahələrində qeyri-dövlət bölməsinin payı 83-99 faiz arasında dəyişir ki, bu da çox yüksək göstəricidir.
Mövcud istehsal müəssisələrinin fəaliyyətinin bərpa edilməsi, yaxud onların yenidən qurulması, yeni emal sahələrinin yaradılması hesabına bu gün muxtar respublikada 108 növdə, 319 çeşiddə ərzaq, 184 növdə, 461 çeşiddə qeyri-ərzaq olmaqla, cəmi 292 növdə, 780 çeşiddə məhsul istehsal olunur. İstehsal olunan 89 növdə ərzaq, 158 növdə qeyri-ərzaq olmaqla, cəmi 247 növdə məhsula olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir.
Muxtar respublika sahibkarlarının beynəlxalq əməkdaşlıq sahəsində əlaqələrinin qurulması, istehsal olunan məhsulların xarici ölkələrdə tanıdılması məqsədilə Azərbaycanda və xarici ölkələrdə keçirilmiş 19 biznes-forum və beynəlxalq sərgilərdə yerli sahibkarların iştirakı təmin edilmişdir. Ötən ilin oktyabr ayında Azərbaycan-Türkiyə Biznes forumunun Naxçıvanda təşkili bu sahədə əməkdaşlığın inkişafı və yerli məhsulların xarici bazarlara çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır.
Sahibkarlıq fəaliyyətinin inkişafı məşğulluq səviyyəsinin yüksəlişinə və əhali gəlirlərinin artmasına müsbət təsir göstərmişdir. Ötən il muxtar respublikada əhalinin gəlirləri bir il öncəyə nisbətdə 10 faiz artaraq 1 milyard 7 milyon 484 min manata, onun hər bir nəfərə düşən həcmi isə 9 faizlik artımla 2 min 480 manata çatmışdır.
Aparılan məqsədyönlü tədbirlər muxtar respublikada əhali rifahının davamlı yüksəlişinə əsaslı zəmin yaratmış, 2010-cu ildə bir işçiyə hesablanmış orta aylıq əməkhaqqının məbləği 303 manata çatmışdır ki, bu da 2009-cu ildəki müvafiq göstəricini 11 faiz üstələmişdir.
Gəlirlərin həcmində müşahidə olunan irəliləyiş əhalinin alıcılıq qabiliyyətinin yüksəlməsində, istehlak bazarında əmtəə dövriyyəsinin və pullu xidmətlərin artımında özünü daha qabarıq şəkildə göstərir. Belə ki, 2010-cu ildə muxtar respublikanın istehlak bazarında əhaliyə 723 milyon manatdan artıq istehlak malları satılmış və pullu xidmətlər göstərilmişdir ki, bu da 2009-cu ildəki göstəricidən 19 faiz çoxdur.
Əldə olunmuş yüksək inkişaf templəri səmərəli məşğulluğun təşkili və yeni iş yerlərinin yaradılması üçün də əlverişli mühit formalaşdırmışdır. 2003-cü il oktyabr ayının 1-dən 2010-cu ilin sonunadək muxtar respublikada 45371 yeni iş yeri yaradılmışdır ki, onun da 29970-i və ya 66,1 faizi daimi iş yerləridir. 2010-cu ildə 3556 yeni iş yerinin 2837-si və ya 79,8 faizi daimi iş yerlərinin payına düşür.
Xarici ticarət və maliyyə sektoru
Muxtar respublikada sahibkarlığın inkişafına yönəldilmiş islahatlar ixrac yönümlü məhsulların istehsalının stimullaşdırılması üçün də geniş imkanlar yaratmışdır.
Son dövrlər ərzində muxtar respublikada sahibkarlıq fəaliyyəti və ticarət üçün yaradılmış münbit şəraitin nəticəsi olaraq xarici ticarət əlaqələrinin coğrafiyası daha da genişlənmiş və ilk dəfə olaraq 2009-cu ildə xarici ticarətdə müsbət saldo yaranmışdır. Bu proses 2010-cu ildə də davam etdirilmiş, xarici ticarət dövriyyəsinin 211 milyon 714 min ABŞ dollarını ixrac, 46 milyon 219 min ABŞ dollarını isə idxal təşkil etməklə xarici ticarət dövriyyəsi 257 milyon 933 min ABŞ dollarına çatmışdır. İdxalın strukturunda isə ciddi dəyişiklik baş vermiş, ərzaq məhsullarının idxalının sonu, texnoloji avadanlıqların idxalının artması müşahidə olunmuşdur. Son bir ildə ixracın həcmi 99 milyon 427 min ABŞ dolları həcmində və ya 88,5 faiz artmış, idxal isə 61 milyon 540 min ABŞ dolları həcmində və ya 57,1 faiz azalmışdır.
Aparılan iqtisadi islahatlar büdcə daxilolmalarının da həcminə müsbət təsir göstərmişdir. 2010-cu il ərzində Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsinə nəzərdə tutulandan 31,9 faiz çox vəsait daxil olmuşdur.
Muxtar respublikada iqtisadiyyatın dinamik inkişafı öz növbəsində bank işinin daha da güclənməsini şərtləndirmiş və nağdsız əməliyyatların həcmi xeyli genişlənmişdir.
2010-cu ildə muxtar respublikada fəaliyyət göstərən bank strukturları tərəfindən dövriyyəyə 445414,8 min manat pul kütləsi buraxılmış, dövriyyədən bankların kassalarına 167267,5 min manat daxil olmuş və fərq 278147,3 min manat olmaqla dövriyyəyə buraxılmış pul kütləsinin 62,4 faizini təşkil etmişdir. 2009-cu ildə isə bu göstərici 63,6 faiz səviyyəsində olmuşdur.
01 yanvar 2011-ci il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 8087-yə çatmışdır ki, bunun da 6218-i və ya 76,9 faizi aktiv hesablardır. Təkcə 2010-cu il ərzində açılmış 3132 bank hesabının 2969-u və ya 94,8 faizi aktiv hesab olmuşdur.
Elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət və turizm
Elmin müasir tələblər səviyyəsində inkişafı, elmi potensialın formalaşdırılması və bu əsasda yüksək səmərəliliyə nail olunması muxtar respublikanın elm müəssisələri qarşısında qoyulan əsas vəzifələrdəndir.
Elmi-tədqiqat müəssisələri üzərinə düşən vəzifənin icrası istiqamətində davamlı olaraq tədbirlər görməkdədir. Ötən il elmi kadrların sayı artmış, 2 nəfər doktorluq, 22 nəfər namizədlik dissertasiyası müdafiə etmişdir. Ali təhsil və elm mərkəzlərində 5 beynəlxalq, 58 respublika və ali məktəb əhəmiyyətli konfrans və simpozium keçirilmişdir. Alim və tədqiqatçılar tərəfindən 117 kitab, monoqrafiya və dərs vəsaiti, 1750-dən çox elmi məqalə və tezis hazırlanaraq çap olunmuşdur.
Bu tədbirlərə uyğun olaraq 2010-cu ildə Ordubad rayonunun Aşağı Əylis kəndində Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun Biokimyəvi Tədqiqatlar Laboratoriyası binasının tikintisi, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya, İncəsənət, Dil və Ədəbiyyat İnstitutlarının, Bölmənin Batabat Astrofizika Rəsədxanasının, Əlyazmalar Fondunun və Təbii Ehtiyatlar İnstitutunun binalarının təmiri başa çatdırılmışdır. Təhsil sahəsində infrastruktur quruculuğu tədbirləri ötən il də davam etdirilmiş, Culfa şəhərində 980, Şərur rayonunun Yengicə kəndində 568, Maxta kəndində 540, Kəngərli rayonunda Təzəkənddə 110, Yeni Kərki kəndində 88, Sədərək rayonunun Sədərək kəndində 594 şagird yerlik orta məktəb binalarının tikintisi, Culfa şəhərində 540, Naxçıvan şəhərində 954, Şərur şəhərində 738, Şərur rayonunun Zeyvə kəndində 612 şagird yerlik orta məktəb binalarının yenidən qurulması, Babək rayonunun Yuxarı Uzunoba kəndində 324 şagird yerlik orta məktəb binasının əsaslı təmiri, Şərur rayonunun Yuxarı Yaycı, Şəhriyar, Ordubad rayonunun Tivi, Aza, Culfa rayonunun Xanəgah, Saltaq, Kəngərli rayonunun Xıncab, Şahbuz rayonunun Ayrınc kəndlərində və Badamlı qəsəbəsində orta məktəb binalarının təmiri başa çatdırılmışdır. Bundan əlavə, Naxçıvan Türk Liseyində yeni tədris kompleksinin tikintisi davam etdirilmişdir.
Bu dövr ərzində Naxçıvan şəhərində 240, Şərur şəhərində 200, Culfa şəhərində 240 yerlik uşaq bağçalarının, Babək qəsəbəsində 367, Şahbuz şəhərində isə 362 yerlik uşaq musiqi məktəbi binalarının tikintisi başa çatdırılmışdır. Eyni zamanda Culfa Rayon Ekoloji Tərbiyə, Texniki Yaradıcılıq, Uşaq Yaradıcılıq, Gənc Turist və Diyarşünaslıq Mərkəzləri üçün ayrılmış binanın yenidən qurulması başa çatdırılmışdır.
Yeni informasiya texnologiyalarından istifadə olunmaqla dünya təhsil sisteminə inteqrasiyaya imkan yaradan, bütövlükdə əhalini informasiya cəmiyyətinə hazırlamaq məqsədi daşıyan “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” üzrə hazırda informasiya texnologiyalarının tətbiqi sahəsində mühüm tədbirlər həyata keçirilir. Bu gün muxtar respublikada bütün təhsil müəssisələrində ən müasir kompyuter avadanlıqlarından istifadə olunur. Muxtar respublikanın ümumtəhsil məktəblərində 2781 dəst kompyuter quraşdırılmış, hər 18 şagird bir dəst kompyuterlə təmin olunmuşdur. Hazırda ümumtəhsil məktəblərində istifadədə olan 2781 dəst kompyuterin 2193-ü və ya 78,9 faizi internetə qoşulmuşdur. Muxtar respublikanın ümumtəhsil məktəblərində təhsilin daha da keyfiyyətlə aparılması məqsədilə 255 elektron lövhə quraşdırılmışdır.
Təhsilə göstərilən bu qayğı özünü ali məktəblərə qəbulun dinamikasında və qəbul imtahanlarında 500-700 bal intervalında nəticə əldə edən abituriyentlərin sayının ilbəil artmasında göstərir. Əgər 2009-cu ildə orta məktəbi bitirən məzunlardan 73 faizi ali məktəblərə sənəd vermişdirsə, ötən il bu göstərici 75 faiz təşkil etmişdir. 2009-cu ildə abituriyentlərin 1348 nəfəri və ya 41 faizi ali məktəblərə qəbul olmuşdursa, 2010-cu ildə ali məktəblərə sənəd verən məzunlardan 1435-i və ya 46 faizi tələbə adını qazanmışdır. Bundan başqa, ötən il 431 nəfər orta ixtisas məktəblərinə qəbul olmuşdur.
Təhsildə keyfiyyət göstəriciləri də artmışdır. Belə ki, yüksək bal toplayaraq ali məktəblərə qəbul olanların sayı 2009-cu ildə 232 nəfər təşkil edirdisə, ötən il 500-dən yuxarı bal toplayanların sayı 280-ə çatmışdır. Ötən il yüksək bal toplayaraq ali təhsil müəssisələrinə qəbul olunan məzunlarımızdan 9-u Prezident təqaüdünə layiq görülmüşdür.
Ali məktəblərə qəbul imtahanlarında 500-700 intervalında bal toplayan abituriyentlərin sayı, nəfərlə
Mühüm göstəricilərdən biri də gənclər arasında hərbi təhsilə marağın güclənməsidir. 2010-cu ildə Heydər Əliyev adına Hərbi Liseyi bitirmiş 190 kursantdan 187-si ali hərbi məktəblərə qəbul olunmuşdur. Muxtar respublikanın ümumtəhsil məktəblərindən də ali hərbi və xüsusi təyinatlı məktəblərə qəbulda artım nəzərə çarpmaqdadır. Əgər 2009-cu ildə orta məktəb məzunlarından 29-u ali hərbi və xüsusi təyinatlı ali məktəblərə qəbul olmuşdursa, ötən ilki məzunlardan 41-i bu məktəblərin tələbəsi adını qazanmışdır. Xarici ölkələrdə təhsil praktikası genişlənmiş, 2010-cu ildə muxtar respublikanın ümumtəhsil məktəblərini bitirən məzunlardan 64-ü xarici ölkələrdəki ali məktəblərdə təhsil almaq hüququ qazanmışdır.
Muxtar respublikada səhiyyə sahəsində dövlət siyasətinin başlıca məqsədi əhalinin sağlamlığının yaxşılaşdırılmasından, orta ömür müddətinin uzadılmasından, əhalinin bütün təbəqələrinin keyfiyyətli tibbi xidmətlə təmin edilməsindən ibarətdir. Bu məqsədlə səhiyyə xidmətlərinin genişləndirilməsi və onun keyfiyyətinin artırılması, səhiyyə müəssisələrinin dərman və avadanlıq təminatının daha da yaxşılaşdırılması, tibbi profilaktika tədbirlərinin əhatəliliyinin və keyfiyyətinin əhəmiyyətli dərəcədə yüksəldilməsi, yeni səhiyyə müəssisələrinin inşası işləri həyata keçirilir.
2010-cu il ərzində Naxçıvan şəhərində məhdud fiziki imkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin, 85 çarpayılıq Naxçıvan Muxtar Respublikası Psixi Xəstəliklər Dispanserinin yeni korpusunun, Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserinin bakterioloji laboratoriyasının, 26 çarpayılıq Sədərək Rayon Mərkəzi Xəstəxanasının, Şərur rayonunun Yengicə, Maxta, Kəngərli rayonunun Qarabağlar və Şahtaxtı kəndlərində həkim ambulatoriyası, Təzəkənddə və Yeni Kərki kəndində feldşer-mama, Babək rayonunun Aşağı Uzunoba kəndində isə tibb məntəqələri binalarının tikintisi, Naxçıvan Muxtar Respublikası Duzdağ Fizioterapiya Xəstəxanasının, Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinin, Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının, Naxçıvan Əlillərin Bərpa Mərkəzinin, Naxçıvan Uşaq Bərpa Mərkəzinin və Ordubad rayonunda Sabirkənddə həkim ambulatoriyası binalarının təmiri başa çatdırılmış, Ordubad Rayon Mərkəzi Xəstəxanasının tikintisi davam etdirilmişdir. Demoqrafik vəziyyətin qənaətbəxş mənzərəsi ilk növbədə iqtisadi inkişafın və sosial vəziyyətin ürəkaçan olmasından daha çox asılı olan bir prosesdir. Bu mütənasiblik muxtar respublikamızda da özünü qabarıq şəkildə büruzə verməkdədir. Heç şübhəsiz ki, durmadan artan əhali sayı, günbəgün yüksələn doğum səviyyəsi muxtar respublikada əldə olunmuş dinamik sosial iqtisadi inkişafın məntiqi nəticəsidir.
Muxtar respublikanın keçmiş sovetlər birliyi dönəmindəki demoqrafik göstəriciləri ilə hazırkı demoqrafik vəziyyətin təhlili bu sahədə ciddi inkişaf meyllərinin mövcudluğunu sübuta yetirməkdədir.
01 yanvar 2011-ci il tarixə muxtar respublikada əhalinin sayı 01 yanvar 1989-cu il tarixə olan göstəriciyə nisbətən 116,2 min nəfər artaraq 410,1 min nəfərdən çox olmuşdur. 1988-ci ildə gün ərzində muxtar respublikada orta hesabla 18 körpə doğulurdusa, hazırda bu göstərici 28-ə çatmışdır. 28 dekabr 2010-cu il tarixdə - muxtar respublikanın tarixində ilk dəfə olaraq il ərzində doğulan körpələrin sayı 10000 nəfəri ötüb keçmiş və ilin sonuna bu göstərici 10116 nəfər olmuşdur.
Muxtar respublikamızda əhali sağlamlığının və rifahının davamlı yüksəlişi, tibbi xidmətlərin keyfiyyətinin və əhatəliliyinin artırılması öz növbəsində 1 yaşa qədər ölən uşaqların sayı üzrə göstəricini kəskin şəkildə aşağı salmışdır. Belə ki, hər 1000 nəfər doğulana hesabı ilə 1 yaşa qədər ölən uşaqların sayı 1988-ci ildə 28,3 nəfər olmuşdursa, 2010-cu ildə bu göstərici azalaraq 1,2 nəfər təşkil etmişdir.
Ötən dövr ərzində ölümün göstəricisi xeyli azalmış və əhalinin hər min nəfərinə hesabı ilə 1988-ci ildəki 7,3 nəfərə qarşı hazırda 5 nəfər olmuşdur.
Muxtar respublikada əhalinin sağlam həyat tərzinin, xüsusən böyüməkdə olan gənc nəslin hərtərəfli inkişafının təmin edilməsi məqsədilə bədən tərbiyəsi və idman sahəsi daim diqqət mərkəzində saxlanılmış və hazırda müvafiq tədbirlər həyata keçirilməkdədir. 2010-cu ildə İlham Əliyev adına Naxçıvan Olimpiya İdman Kompleksinin və Naxçıvan Şəhər Üzgüçülük Mərkəzinin təmiri başa çatdırılmışdır. Əhalinin sosial müdafiəsi sistemində pensiya və müavinətlər əsas sosial kriteriya kimi qəbul olunur. 2010-cu ildə Dövlət Sosial Müdafiə Fondu tərəfindən pensiya və müavinətlərin ödənilməsinə 69 milyon 327 min manatdan çox vəsait yönəldilmişdir. Pensiya və müavinətlərin ödənişi üçün tələb olunan vəsaitin 54,4 faizi məcburi dövlət sosial sığorta haqqı kimi muxtar respublikada toplanmışdır.
Aztəminatlı və sosial müdafiəyə ehtiyacı olan vətəndaşlar da dövlət qayğısından kənarda qalmamış, 1941-1945-ci illər və Azərbaycan Vətən Müharibəsi əlillərinə ümumilikdə 55 ədəd “Slavuta” markalı avtomobil verilmiş, 117 nəfər əlil müxtəlif sanatoriya və pansionatlara putyovkalarla təmin edilmişdir. Bundan əlavə, Azərbaycan Vətən Müharibəsi əlilləri, Azərbaycan Vətən Müharibəsi şəhidlərinin ailələri, Çernobıl qəzasının aradan qaldırılması zamanı sağlamlılığını itirmiş şəxslər və digər bu kimi kateqoriyadan olanlar üçün 2010-cu ildə muxtar respublikada 38 fərdi yaşayış evinin tikintisi başa çatdırılmışdır. 2010-cu ildə muxtar respublikada adambaşına aylıq gəlirləri ehtiyac meyarından aşağı olan ailələrə 3 milyon 491 min manatdan çox ünvanlı dövlət sosial yardımı ödənilmişdir.
2010-cu ildə mədəniyyət sahəsində islahatlar davam etdirilmiş, tarixi-mədəni irsin qorunması və təbliği, mədəni potensialın daha da inkişaf etdirilməsi ilin əvvəlindən üstün istiqamət kimi saxlanılmış, mədəniyyət obyektlərinin inşası və təmiri davamlı xarakter almışdır.
Bu dövr ərzində Naxçıvan şəhərində Naxçıvan Dövlət Xalça Muzeyinin, “Xan sarayı” Dövlət Tarix-Memarlıq Muzeyinin, Sədərək rayonunun Heydərabad qəsəbəsində Tarix-Diyarşünaslıq Muzeyinin, Ordubad şəhərində M.S.Ordubadinin ev muzeyinin, Kəngərli rayonunun Şahtaxtı kəndində Şahtaxtinskilər muzeyinin, Naxçıvan şəhərində Şəhidlər xiyabanının tikintisi və yenidən qurulması başa çatdırılmış, Naxçıvan Dövlət Musiqili Dram Teatrının yenidən qurulması davam etdirilir.
Muxtar respublika ərazisi tarixi memarlıq abidələri ilə zəngindir. Bu günümüzə qədər öz möhtəşəmliyini qorumuş bu abidələrin gələcək nəsillərə də çatdırılmasını təmin etmək üçün həyata keçirilən təmir-bərpa işləri 2010-cu ildə də davam etdirilib. Belə ki, Ordubad şəhərində Tarix-Diyarşünaslıq Muzeyinin yerləşdiyi “Qeysəriyyə” tarixi abidəsi, “Şərq hamamı” tarixi abidə kompleksi, qədim məbəd və 2 abidə təmir-bərpa işlərindən sonra istifadəyə verilmişdir. Naxçıvan şəhərində qədim Qala tarixi abidəsinin bərpa və təmiri davam etdirilir. Mətbuat və kütləvi informasiya vasitələrinin inkişafı da diqqət mərkəzində saxlanmış və ötən dövr ərzində “Şərq Qapısı” qəzeti redaksiyası və “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi üçün yeni redaksiya-nəşriyyat kompleksinin tikintisi başa çatdırılmış, Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsi və “Kanal-35” televiziyasının maddi-texniki bazalarının daha da gücləndirilməsi məqsədilə yeni avadanlıqlar alınıb quraşdırılmışdır.
Muxtar respublikada turizmin inkişafı, bu sahədə genişmiqyaslı infrastruktur quruculuğu tədbirləri iqtisadi fəaliyyətin prioritet istiqamətlərindəndir. Bu sahədə reallaşdırılan islahatlar effektiv nəticələri təmin etməkdədir. Belə ki, ötən il muxtar respublikamıza ümumilikdə 288 minə yaxın turist gəlmişdir ki, bu da iqtisadi aktivliyə pozitiv təsir imkanlarına malikdir.
Hüquq-mühafizə orqanları ilə iş
2010-cu ildə hüquq-mühafizə orqanlarının fəaliyyətinin yaxşılaşdırılması, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində tədbirlər davam etdirilmiş, muxtar respublikada miqrasiya proseslərinin tənzimlənməsi məqsədilə Dövlət Miqrasiya Xidməti yaradılaraq müstəqil qurum kimi fəaliyyətə başlamışdır.
Belə bir fakt mövcuddur ki, iqtisadi inkişafın yüksək templəri ilə hüquqpozmaların sayı arasında subyektiv hallar istisna olmaqla daha çox tərs mütənasiblik mövcuddur. Təcrübədə çox rast gəlinən bu tendensiyanı hazırda Naxçıvan Muxtar Respublikasının timsalında müşahidə etmək mümkündür. Səmərəli məşğulluğunun təmin edilməsi, yüksək əməkhaqqı ödənişli yeni iş yerlərinin açılması, ümumilikdə iqtisadi inkişafın cari səviyyəsi muxtar respublikamızda cinayətkarlıq üzrə hadisələrin minimum həddini şərtləndirməkdədir.
Beləliklə, 2010-cu il muxtar respublikamızın ictimai-iqtisadi, sosial-mədəni həyatında dinamik inkişafın yeni bir mərhələsi kimi tarixə qovuşmaqdadır. Bu inkişafa öz töhfəsini verənlərin əməyi dövlət tərəfindən yüksək qiymətləndirilmiş, Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə 59 nəfər Azərbaycan Respublikasının orden, medal və fəxri adları ilə təltif edilmiş, 1 nəfərə ali xüsusi rütbə, 6 nəfər isə Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görülmüşdür. Eyni zamanda 26 nəfər Naxçıvan Muxtar Respublikasının fəxri adları ilə təltif olunmuşdur.
Bu gün muxtar respublikamızın hərtərəfli inkişafı, sürətli tərəqqisi, durmadan yeniləşməsi və burada həyata keçirilən irimiqyaslı islahatların uğurlu nəticələri, iqtisadi, siyasi, sosial, mədəni sahələrdə əldə olunmuş əsaslı nailiyyətlər doğma diyarımız olan Naxçıvanı dünyaya yeni formada və yeni məzmunda təqdim etməyə imkan verir.